AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sahib Alıyev: “Uydurma soyqırımı haqda qətnamə heç də erməni lobbisinin xidməti deyil”

Sahib Alıyev: “Uydurma soyqırımı haqda qətnamə heç də erməni lobbisinin xidməti deyil”

Cəmiyyət
13 Dekabr 2019, 17:45 1090
Deputat: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil siyasət aparması ABŞ-ı qane etmir”
 
"ABŞ Senatının qəbul etdiyi və 1915-ci il hadisələrini "erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsi reallığa dayanmır və ədalətə xidmət məqsədi daşımır. Əksinə ədalətsizliyin, tarixlə riyakarcasına oynamanın və ikili standartın növbəti təzahürüdür”.
 
Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev "Kaspi” qəzetinə açıqlamasında bildirib. Qeyd edib ki, ABŞ özü məhz oradakı aborigenlərin soyqırımı nəticəsində yarandığından onun soyqırımı haqqında danışmağa və bunda kimisə suçlandırmağa mənəvi haqqı yoxdur. 
 
Başlıca məqsəd Türkiyəni cəzalandırmaqdır
 
Millət vəkili ABŞ Senatının məlum qətnaməni nə üçün məhz indi qəbul etməsinə də aydınlıq gətirib: "Uydurma soyqırımı ilə yanaşı, eyni vaxtda Türkiyəyə qarşı sanksiya tətbiqinin yer aldığı başqa bir qanun layihəsi də ABŞ Konqresinin aşağı palatasında qəbul edilmişdi. Və bu layihəni də dəstəkləyənlərin sayı 403, əleyhinə çıxanlar 16 nəfər idi. Bu, bilirsinizmi nə deməkdir? Bu həm də o deməkdir ki, burada erməni lobbisinin rolu cəmisi iki nəfərlə məhdudlaşır. Yəni onların uydurma soyqırımlarına 405 nəfər, Türkiyəyə qarşı sanksiyaya 403 nəfər səs verib. Demək burada məqsəd az öncə də dediyim kimi reallığı ortaya qoymaq, tarixdə baş verənləri necə var elə təsbit etmək yox, Türkiyəni cəzalandırmaqdır. Türkiyə niyə cəzalandırılmalıdır, bunu da amerikalı konqresmenlər gizlətmirlər. Açıq deyirlər ki, rəsmi Ankaranın Yaxın Şərqdəki addımları, Rusiya ilə sıx əməkdaşlıq və ümumiyyətlə cənab Ərdoğanın müstəqil siyasət aparması onları qane etmir. Amma səbəb təkcə bu deyil. Gəlin unutmayaq ki, biz uydurma hay soyqırımını inkara görə cinayət cəzası tətbiq edən, onu təsdiqləyən Orxan Pamuka və Bosniya müsəlmanlarının Srebrenitsada soyqırıma uğramadığını deyən avstriyalı yazıçı Peter Handkeyə Nobel mükafatı verənlərin dünyasında yaşayırıq. Bura digər bir Nobel mükafatçısı Myanmarın başında duran və ölkəsindəki müsəlmanlara qarşı soyqırımı törədən Aun San Sunu da əlavə etsək görürük ki, hazırda beynəlxalq konyuktura sivilizasiyalararası qarşıdurma məntiqindən çıxış edilərək formalaşdırılır”.
 
Erməni lobbisi də bütövlükdə haylar kimi sadəcə alət rolunda çıxış edirlər
 
S.Alıyev bildirib ki, ABŞ Konqresinin məlum və məlun qərarında da sözügedən amil az rol oynamır: "Qətnamənin mətninə diqqət yetirsəniz görəcəksiniz ki, orada təkcə ermənilərə deyil, eyni zamanda yunan, aysoru və xristian maronitlərə qarşı törədilmiş uydurma soyqırımından bəhs olunur. Yəni din amili qabardılır. Bir sözlə, mən bu qətnaməni erməni lobbisinin xidmətlərinin nəticəsi kimi qiymətləndirməzdim. Onlar 1975, 1984, 1990, 2007 və 2010-cu illərdə belə bir təşəbbüsdə bulunaraq onun qanun şəkli almasına çalışsalar da məqsədlərinə çatmayıblar. İndiki uğurlarının kökündə bütövlükdə ABŞ siyasi isteblişmentinin Türkiyənin yeritdiyi siyasətdən narazılığı, Konqresdə rəsmi Ankaranın onları göz ardına alaraq ancaq Prezident Trampla əməkdaşlığa üstünlük verməsi düşüncəsi, bir də yəhudi lobbisinin oynadığı rol durur. Əvvəllər irəli sürülən qətnamələrin arxasında Amerika Erməni Assambleyası və Amerika Erməni Milli Komitəsi dururdusa, indi Amerika Yəhudi Komitəsi və Antidiffamasiya liqası da burada əhəmiyyətli rol oynayıblar. Bu da Türkiyə ilə İsrail arasındakı gərginlikdən qaynaqlanır. Məhz elə bu səbəbdən ilk dəfədir ki, uydurma soyqırımı ilə bağlı qətnamə senatda da təsdiqləndi. Ona görə də bir daha vurğulayıram, bu qtanamə reallığı əks etdirmədiyi, ədalətə dayanmadığı kimi, erməni lobbisinin də rolu burada həlledici deyil. Erməni lobbisi də bütövlükdə hayların hamısı kimi sadəcə alət rolunda çıxış edirlər”.
 
Bu cür riyakar addımlarla Türkiyəni yolundan döndərə bilməyəcəklər
 
Milli Məclisin deputatı qeyd edib ki, məlum qətnamə Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir edəcək: "Prezident Tramp bu qətnaməni təsdiqləyərək onun qanun qüvvəsinə minməsinə şərait yaradacaq. Bax, əgər belə bir addım atılsa, onda Türkiyə-Amerika əlaqələri uzun illər boyu bundan zərər görəcək. Və Amerikaya qarşı əsas addımları da rəsmi Ankara o zaman atacaq. Amma mən ümid edirəm ki, indinin özündə belə bu yöndə müəyyən addımlar atıla bilər. Amerikaya qarşı deyil, bu uydurma soyqırımından öz məqsədləri üçün faydalanmağa çalışan haylara qarşı. Türkiyəni lənətləyən, qardaş ölkəyə düşmən gözüylə baxan onlar deyillər? Elə isə cənab Ərdoöğanın da vurğuladığı kimi, 100 mindən artıq Ermənistan vətəndaşı niyə gedib ora sığınıblar. Məncə, onları Türkiyədən göndərməyin vaxtıdır. Görək Ameika elələrinə yiyə duracaqmı, qəbul etmək üçün viza verəcəkmi. Xatırladıram ki, Dövlət Departamentinin bu il üçün açıqladığı statistikaya görə, Amerikaya getmək üçün viza müraciəti edən hər 4 azərbaycanlıdan birinə rədd cavabı verildiyi halda, hər iki haydan biri eyni cavabla üzləşib. Fikrimcə, bu cür riyakar addımlarla Türkiyəni yolundan döndərə bilməyəcəklər və vəziyyət bu cür davam edərsə, qardaş ölkə təkcə Rusiya ilə deyil, daha çox Çinlə də əlaqələri yaxşılaşdıracaq. Azərbaycana gəldikdə, biz ilk növbədə ona çalışmalıyıq ki, bu uydurma soyqırımı ilə bağlı qətnamələr ABŞ-ın bizim regionla bağlı gündəliyində hayların marağına cavab verən hansısa bir dəyişikliklərə aparıb çıxarmasın. Erməni lobbisinin indən sonra məhz bu yöndə cəhdlər edəcəyi şübhəsizdir”.
 
Alpər TURAN