• cümə axşamı, 18 aprel, 07:00
  • Baku Bakı 12°C

Rusiya Paşinyanı himayə edəcək?

27.11.20 18:15 1939
Rusiya Paşinyanı himayə edəcək?
Politoloqların fikrincə, baş nazir öz postunu qorumaq üçün kadrlarını qurban verir

Qərbin dəstəyinə arxalanaraq hakimiyyətə gələn Nikol Paşinyanın, II Qarabağ müharibəsindən sonra siyasi qərarlarında düzəlişlər etməsi özünü büruzə verir. Belə ki, Paşinyan əvvəllər nazir postuna ancaq qərbpərəst qüvvələri gətirirdi və Rusiyaya yaxın adamları uzaqlaşdırırdı. Hətta Paşinyan ölkədə Rusiyaya məxsus telekanalların yayımını dayandırmışdı, rusdilli məktəblər ləğv edilmişdi. Məhz II Qarabağ müharibəsindən sonra Ermənistanda bunun tam əksi müşahidə edilməyə başlayıb. Ən maraqlı məqam isə hakimiyyətdəki qərbpərəst şəxslərin istefaya göndərilməsi oldu. Bəs görəsən, Rusiya Paşinyanı qəbul edəcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, bu məsələdə iki əsas amil rol oynaya bilər: "Birincisi, Paşinyan Rusiyanın təzyiqlərinə məruz qalaraq bəzi kadrları uzaqlaşdırmaq məcburiyyətində qalır. Digər tərəfdən, həmin kadrlar onun etimadını doğrulda bilmir, yəni onların tam sadiqliyinə dair müəyyən şübhələr yaranır və məhz buna görə Paşinyan onları uzaqlaşdırır. Bu iki səbəbdən həmin kadrlar Ermənistan siyasi elitasından uzaqlaşdırılır. Paşinyanın Rusiya qarşısından geri çəkildiyini demək doğru olmaz. Çünki hakimiyyətə gəldiyi dövrdən indiyədək sərt anti-Rusiya xəttini davam etdirir. Biz bunu Lavrovun və Şoyqunun Yerevana səfəri zamanı gördük. Yəni Paşinyan özünü elə göstərir ki, sanki məğlub olmuş ölkənin baş naziri deyil və bu səbəbdən də o, Rusiya rəsmiləri ilə görüşündə geri çəkilməməyə çalışır. Fikrimcə, Paşinyana qərbdən müəyyən vədlər verilib və buna görə də o, həmin vədlərin yerinə yetirilməsini gözləyir. Hesab edirəm ki, bu da ABŞ və Fransadan Paşinyana yardım vədləridir. Yəqin ki, Paşinyan Baydenin hakimiyyətə gəlişini gözləyir. Ola bilər ki, həmin müddətdə Paşinyan müvəqqəti olaraq Rusiyanın təzyiqi ilə rusiyapərəst kadrları hökumətdə yerləşdirsin. Bu da təbii ki, özünü qorumaq məqsədi ilə atılacaq addımdır. Paşinyan başa düşür ki, öz komandası ilə müqavimət göstərə bilməyəcək. Onu öz komandası ilə ya xalq, ya da Rusiya hakimiyyətdən devirə bilər. Ona görə də Paşinyan öz postunu qorumaq üçün kadrlarını qurban verir. O başa düşür ki, hakimiyyəti xalq arasında nüfuzdan düşüb, ermənilər əvvəlki kimi ona etimad göstərmir. Bu səbəbdən də günahı komandasının üzərinə atır və onları qurban verir”.

Politoloq qeyd etdi ki, Gürcüstan və Ermənistandakı qərbpərəst qüvvələr səbirsizliklə Baydenin qələbəsinin rəsmi şəkildə tanınmasını, prezident postuna keçməsini və proseslərə rəsmi şəkildə müdaxilə etmək səlahiyyəti qazanmasını gözləyirlər: "Məsələn, Gürcüstanda seçkilər oldu, amma qərbpərəst müxalifət üçüncü yeri tutduğu üçün öz mandatından imtina edib, növbəti tutun keçirilməsini tələbə edir. Onlar istəyirlər ki, vaxt uzansın, nəticələr qəbul edilməsin və Bayden prezident postuna otursun, okeanın o tayından bunlara dəstək olsun. Ermənistanda da eyni vəziyyətdir. Paşinyan da gözləyir ki, Bayden hakimiyyətini bərqərar eləsin və bundan sonra ona yardım göndərilsin, Rusiyaya, Putinə hansısa formada təsir və təzyiq edilsin. Beləliklə də, Paşinyan uğursuz hakimiyyətini xilas etməyə çalışır. Bu baxımdan düşünürəm ki, Paşinyan revanş götürmək üçün müvəqqəti olaraq öz kadrlarını qurban verir. Bununla bərabər, rəqiblərini də həbs edir. Yəni hiss edilir ki, Paşinyanda bir maniya yaranıb və hər kəsdən şübhələnir, öz adamlarına etibar eləmir. Aydındır ki, rəqibləri ilə çox sərt şəkildə haqq-hesab aparır. Bütün bunlara rəğmən, Paşinyanın tamamilə geri çəkilib təslim olduğunu demək olmaz”.
N.Məmmədova vurğuladı ki, Paşinyan indiki halda məğlubiyyəti qəbul etmək istəmir və "Qarabağ klanı”nı ittiham edir: "Əlbəttə ki, son 30 ilə yaxın dövrdə hakimiyyətdə olan quldur "Qarabağ klanı”nın gördüyü işlərin nəticəsidir ki, Ermənistan bu gün rəzil durumdadır. Eyni zamanda burada Paşinyanın da məsuliyyəti var. O, Azərbaycan xalqına hörmətsizlik etməklə müharibəyə şərait yaratdı. Düşünürəm ki, Qarabağ hadisələrində 1988-ci ildən bu yana Ermənistanda hakimiyyətdə olanların məsuliyyəti var. Ancaq Paşinyan çalışır ki, bütün ittihamları öz boynundan atsın”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, İkinci Qarabağ müharibəsinə qədər deyə bilərdik ki, Rusiya hakimiyyətinin Paşinyandan xoşu gəlmir: "Çünki o, qərbpərəstləri, Sorosun adamlarını müxtəlif vəzifələrə təyin edib. O cümlədən, deyə bilərdik ki, Rusiya Paşinyanı devirmək üçün müxtəlif yollar axtarır. Amma müharibədən sonra məndə belə bir təəssürat yaranıb ki, Rusiya hakimiyyət dairələri Paşinyanın devrilməsini istəmirlər. Çünki Paşinyan üçtərəfli bəyanata qol çəkib. Onu devirmək istəyən daxili qüvvələr isə təxribatçı bəyanatlar verirlər ki, bu razılaşmanı tanımayacaqlar, Azərbaycanla müharibəni davam etdirmək istəyirlər. Haşiyəyə çıxaraq onu deyə bilərəm ki, bu qüvvələr hələ bunu bacarmırlar, parlamentdə hələ ki, Paşinyanın tərəfdarları üstünlük təşkil edir. Belə açıqlamalar Rusiyanın maraqlarına ziddir. Rusiya bu məsələdə öz nüfuzunu ortaya qoyub, bəyanatı imzalatdırıb və bunun reallaşmasını istəyir. Əgər bu sənədi Paşinyan imzalayıbsa, ona riayət etməlidir və o da bunu edir. Rusiya əmin deyil ki, Paşinyanı devirmək istəyən qüvvələr bəyanata riayət edəcəklər. Onlar xaos yaradar və bu hal həm Ermənistana, həm də Rusiyaya da baha başa gələ bilər. Azərbaycan müharibəni davam etdirə bilər. Amma bu, Rusiyaya problem yaradacaq”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın dəstək verdiyi "Qarabağ klanı” indi çox zəifləyib: "Baxmayaraq ki, "Qarabağ klanı” Paşinyanın əleyhinədir, amma onların Ermənistanda olan-qalan nüfuza da itib. Çünki "Qarabağ klanı” öz nüfuzunu birinci Qarabağ savaşında qazandıqları "qələbə” ilə saxlayırdı. İndi isə nə "qələbə”, nə də nəticə var. Azərbaycan o nəticəni ikinci Qarabağ savaşında darmadağın etdi. Yəni Ermənistanda hazırda elə bir qüvvə yoxdur ki, Paşinyanı devirə bilsin. Bilirik ki, parlament yolu ilə bu plan alınmadı, çünki bir-iki nəfərin istefasını çıxmaq şərtilə Paşinyanın partiyası səs çoxluğuna malikdir. Açığını desək, Paşinyanın reytinqi düşsə də, Ermənistanın ən az 30 faizi onu dəstəkləyir. Ermənistan üçün 30 faiz kiçik bir rəqəm deyil. Paşinyan hansısa nazirləri qurban verib işdən çıxara bilər, amma özü hakimiyyətdən bərk-bərk yapışacaq. Ən az altı ay qalmağa səy göstərəcək. Çünki özü başa düşür ki, əgər hakimiyyəti təhvil versə, ona qarşı cinayət işi açılacaq və ölkədən qaçmaq məcburiyyətində qalacaq. Həm də üçtərəfli bəyanatı Ermənistan cəmiyyətinə həzm etdirməsi üçün ona zaman lazımdır. Bir məqamı da qeyd edim ki, əslində Ermənistan cəmiyyəti etiraf etməsə də, bunu səsləndirməsə də, Qarabağ yükündən qurtulmasına sevinir. Təsadüfi deyil ki, Paşinyan əleyhinə mitinqlərə 5-6 mindən çox insan çıxmırdı”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər