Rusiya nəşri Paşinyanı rüsvay etdi

Rusiya nəşri Paşinyanı rüsvay etdi

Siyasət
29 Yanvar 2020, 16:17 3371
Arqumentı nedeli: "Baş nazir vətəndaşların gözündə sehrbaza çevrilmək istəyib - lakin sözdə”

Nikol Paşinyan kütləyə hesablanmış populist ruhlu bəyanat və açıqlamaları ilə ölkədə deyil, onun hüdudlarından kənarda da gülüş və istehza ilə qarşılanır. Daha çox da Rusiya mediasında Ermənistan baş nazirinin açıqlamaları ciddi tənqid və lağ obyekti olur. Bu ölkənin "Arqumentı nedeli” nəşri "Ermənistan baş nazirindən "halva”” başlıqlı məqalədə Paşinyanın Yeni il tədbirlərində səsləndirdiyi bəyanatdan bəhs edilib. "Yeni il gecəsi - sehrbazlıq vaxtıdır. Bu səbəbdən də Ermənistanın baş naziri vətəndaşları üçün əsl sehrbaza çevrilmək istəyib. Lakin sözdə. "Respublika” meydanında bir neçə bəyanatı ilə yadda qalan baş nazirin fikirləri hiyləgərlikdən başqa bir şey deyil. Məsələn, Paşinyan bəyan edib ki, ötən ilin yekunlarına görə, Ermənistanda tək MDB məkanında deyil, bütövlükdə Avropada ən yüksək iqtisadi artım qeydə alınıb. Üstündən bir neçə gün keçmiş isə sosial şəbəkədə statusunda bildirib ki, Ermənistan artıq adambaşına düşən ümumdaxili məhsulun həcminə görə, Azərbaycan və Gürcüstanı üstələyib. Baş nazirin bu açıqlaması isə tək ölkə daxilində deyil, onun hüdudlarından kənarda da həddən artıq şişirdilmiş hesab edilib”. Rusiya nəşri xatırladır ki, 2020-ci ilin yanvarın 10-da bu məsələyə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri nöqtə qoymuş olub. "Bu düzgün olmayan yanaşmadır, çünki, burada adi elementar metodoloji məsələlər nəzərə alınmayıb”, - deyə qəzet gürcü nazirin sözlərini sitat gətirib. N.Paşinyanın növbəti qeyri dəqiq və real olmayan fikirlərini onun Yeni il müraciətində də müşahidə etmək mümkündür. O bildirib ki, "2018-ci ilin may ayından etibarən ölkədə 84 min yeni iş yeri açılıb, işsizlərin sayı isə kəskin şəkildə aşağı düşüb. Bundan əlavə deyib ki, bu gün Ermənistanda minlərlə iş yeri vakansiyası var”. Rusiya nəşri N.Paşinyanın bu fikirlərinin də yalan olduğunu yazır. Nəşr bunun həqiqətə uyğun olmadığını, reallığı əks etdirmədiyini yazır: "Heç olmasa ona görə ki, söhbət yeni iş yerlərinin yaradılmasından yox, mövcud kölgə iş yerlərinin təkrarən qeydiyyatından gedir. Bu proses tam həcmdə deyil, müəyyən hissələr üzrə gedib. Erməni baş nazir ölkəyə guya milyonlarla dollar investisiya axını məsələsində də şişirtmələrə yol verib. Deyib ki, inqilabdan sonra Ermənistana yüz milyonlarla dollar investisiya axını baş verib”. Rusiya nəşri "aydın deyil ki, baş nazir hansı milyonlarla dollardan danışır. Rəsmi statistika  göstərir ki, Ermənistanda inqilabdan sonra investisiya axını kəskin şəkildə azalıb. Bundan əlavə, yeni hökumətin dövründə ölkəyə hər hansı ciddi investisiya proqramı yeridilməyib. Bu isə Ermənistanın aprel-may aylarından sonra investisiya üçün cəlbediciliyi imkanlarının necə dəyişdiyini göstərir. Əgər diqqətlə baxsaq, onda sehrbaz Paşinyanın mövcud reallığı nə qədər rəngləməyə çalışdığını görmək olar. Nahaq yerə demirlər ki, "halva-halva deməklə ağız şirin olmaz”, - deyə müəllif fikrini tamamlayıb.
Yeri gəlmişkən, Rusiya mediasında həmçinin hakimiyyətin sabiq rəhbərlərə qarşı aparılan təqib kampaniyasında da bəhs edilir. Bildirilib ki, Paşinynanın xeyir-duası ilə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan haqqında cinayət işi məhkəməyə göndərilib. Sarkisyan yarım milyard dramlıq (1 milyon dollardan artıq) dövlət vəsaitini oğurlamaqda ittiham olunur. İstintaq onun korrupsiya sxeminin təşkilatçısı olduğunu güman edir. Sxem çərçivəsində fermerlərə dizel yanacağı üçün subsidiya ayrılıb. Keçmiş prezident və digərlərinə mənimsəmə, yaxud israfçılıq ittihamı irəli sürülüb. Bu maddədə dörd ildən səkkiz ilədək həbs nəzərdə tutulub, əmlak da müsadirə oluna bilər. Sarkisyan ittihamları rədd edir. Vəkilləri keçmiş prezidentin siyasi təqibə məruz qaldığını bildirirlər. Sarkisyan iki müddətə, 10 ildən artıq Ermənistan prezidenti olub. O, hakimiyyəti əlində saxlamaq məqsədilə 2015-ci ildə Konstitusiyaya dəyişiklik edib və ölkədə hakimiyyət tamamilə baş nazirin səlahiyyətinə keçib. Sarkisyan əvvəlcə baş nazirliyə namizədliyini verməyəcəyini desə də, vədinə əməl etməyib. 2018-ci ilin aprelində parlament onu baş nazir postuna təsdiqləyib. Ancaq bu qərar ölkədə kütləvi etirazlara səbəb olub. Kütləvi etirazlar nəticəsində istefa verən Sarkisyan "səhv etdiyini” bildirib. Rəhbərlik etdiyi Respublika Partiyası yeni seçkilərdə parlamentə düşə bilməyib, N.Paşinyanın başçılıq etdiyi bloka uduzub. Paşinyan hakimiyyətə gələndən sonra Sarkisyanın bir çox qohumlarına və məsləkdaşlarına cinayət işi başladılıb. Hazırda eks-prezidentin qardaşı Aleksandr Sarkisyanın ikinci oğlu Ayk Sarkisyan adam öldürməyə cəhddə ittiham olunur, zaminə buraxılıb. Sarkisyanın ikinci qardaşı Levon Sarkisyan vergidən yayınmada, qanunsuz varlanmada ittiham olunur, axtarışa verilib. Onun oğlu Narek isə bu yaxınlarda Çexiyadan Ermənistana ekstradisiya olunub. Ona qanunsuz silah saxlamaq və dövriyyəyə buraxmaq, eləcə də sursat və narkotik maddə saxlamaq ittihamları irəli sürülüb. Levonun qızı Aniyə ittiham irəli sürülüb, ondan heç yerə getməməklə bağlı iltizam alınıb.

Azər