"İnformatika fənninin
yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə,
proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir, uşaqlara təkcə
proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir”.
6 nömrəli məktəb-liseydə keçirilən «Rəqəmsal bacarıqlar» pilot layihəsi çərçivəsində
görülən işlərə həsr olunan tədbirdə səslənən bu fikirlər, müasir dövrdə təhsil
sistemində texnologiyalardan istifadənin nə qədər əhəmiyyətli olduğunu bir daha
gündəmə gətirdi. Belə ki, beynəlxalq təcrübə öyrənilməklə, müasir informasiya
texnologiyalarının tədris prosesində tətbiqi «Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası»nda və bir neçə dövlət proqramında öz əksini
tapıb.
Təhsil Nazirliyi
və «Alqoritmika» beynəlxalq şirkəti ilə birgə keçirilən «Marsiada-2019» müsabiqəsi
də "Scratch” proqramlaşdırma mühitində 5 və 6-cı sinif şagirdlərinin yaradıcı
qabiliyyətlərinin aşkarlanması, bilik səviyyəsinin qiymətləndirilməsi, onların
marağında olan mövzu və qəhrəmanların müəyyən edilməsi məqsədi ilə həyata
keçirilib.
Müsabiqədə Bakı,
Gəncə və Biləsuvar şəhərlərində yerləşən 73 məktəbdən 1024 şagird iştirak edib.
«Alqoritmika»nın platformasında "Scratch” proqramlaşdırma mühitində hazırlanan
məktəblilərin orijinal layihələri müsabiqəyə qəbul edilib. İştirakçıların işləri
5 meyara əsasən - layihənin məzmunu, texniki reallaşdırma, yaradıcılıq, qrafik
keyfiyyəti, səsin keyfiyyətinə görə qiymətləndirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət
Vəliyeva təhsil sahəsində
informatika texnologiyalarının geniş tətbiq olunmasının istənilən ölkənin rəqabət
qabiliyyəti, eyni zamanda intellektual potensialının qiymətləndirilməsi üçün
vacib amillərdən biri olduğunu qeyd etdi. Belə ki, ölkə prezidenti İlham Əliyevin
7 sentyabr 2016-cı il tarixi sərəncamına əsasən, respublikamızda "İnformasiya
texnologiyalarının tətbiqi ilə bağlı Milli Strategiya üzrə Dövlət Proqramı” tətbiq
olunub. Həmin proqramdan irəli gələn məsələlərin icrası ilə bağlı təhsil sahəsində
bir çox proqram və layihələr həyata keçirilib: "Təbii ki, həyata keçirilən ən
böyük layihələrdən biri kimi, ölkəmizdə son 10 il ərzində yenidən tikilən və
müasir infrastrukturla təmin olunan 3000-dən artıq məktəblərimizi qeyd etmək
olar. Biz təkcə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi dedikdə
müasir tələblər baxımından daha yaxşı infrastrukturdan danışmırıq, eyni zamanda,
məktəblərin internet şəbəkəsinə qoşulması və informasiya texnologiyaları ilə təchiz
olunması məsələsi qeyd etdiyimiz sahədə daha yaxşı nəticələr əldə etmək üçün
imkanlar yaradır. Son illər məktəblərimizdə internet təminatı müasir
avadanlıqla təmin olunmaqla yanaşı, eyni zamanda, təhsilin informasiya təmininin
təkmilləşdirilməsi Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir.
Bu baxımdan bir çox layihələr həyata keçirilir. Qısamüddətli layihələr təbii
ki, bu sahədə müəyyən uğurların əldə olunmasına kömək edir”. Nazir müavini
bildirdi ki, həyata keçirilən layihələr arasında yer alan digər bir amil kadr
hazırlığı məsələsidir: "Son illərdə 130 mindən artıq müəllim məhz informasiya
texnologiyalarından istifadə baxımından təkmilləşdirilmək üçün müasir məzmunlu
təkmilləşdirmə və ixtisasartırma təlimlərinə cəlb olunublar. Bu gün Azərbaycanın
bölgələrində də yalnız informatika müəllimləri deyil, tədris etdiyi fəndən
asılı olmayaraq, bütün müəllimlər informasiya texnologiyalarından istifadə
edirlər. Bununla da onlar dərsləri müasir tələblər baxımından daha faydalı və səmərəli
qura bilirlər”. Nazir müavini qeyd etdi ki, məzmunla bağlı həyata keçirilən
islahat tədbirlərindən biri də Təhsil Nazirliyi ilə «Alqoritmika» beynəlxalq
şirkəti ilə birgə keçirilən «Marsiada-2019» müsabiqəsidir: "Bu layihənin tətbiqi
nəticəsində şagirdlər intellektual bacarıqlara nail olacaqlar. Müəllim-şagird
münasibətlərinin qurulması baxımından da layihənin əhəmiyyəti böyükdür. Biz
hazırda texniki tərəqqi dövründə yaşayırıq. Öz üzərində işləyən şagirdlərin
dünyagörüşü, texniki bacarıqları inkişaf edir». Nazir müavini qeyd etdi ki,
uşaqların nəticələrinin yüksək olmasında valideyn-müəllim amili də rol oynayır:
«Valideynin uşaqla ciddi məşğul olması, eləcə də uşağın məktəbdə nizam-intizamı,
dərslərinə ciddi yanaşması və valideyn və müəllimlərin mütəmadi əlaqəsi uşağın
hərtərəfli inkişafına təsir edir”.
Layihənin
uğurları və dünyada təhsil sahəsində aparılan yeniliklər barədə danışan «Alqoritmika» şirkətinin baş direktoru
Andrey Lobanov layihənin tətbiq edilməsinin səbəblərini açıqladı: «Biz
dinamik dəyişikliklər dövründə yaşayırıq. Bir gün ərzində əldə etdiyimiz məlumatlar
həyatımız boyu əldə etdiyimiz məlumatlardan çoxdur. Elmi araşdırmalara görə,
uşaqlar gələcəkdə 5 dəfə karyera dəyişiklikləri edə biləcəklər. Bu dəyişikliklərə
hazır olmaq üçün bugünkü bacarıqlar keçmişdəkindən fərqli olmalıdır. Bu gün
onların arasında rəqəmsal bacarıqlar mühüm rol oynayır. Yeni dövr 150 il əvvəl
düşünülmüş təhsil sisteminin yenidən formalaşmasını tələb edir. Dünya dəyişir.
İndiki dövrdə innovasiyalar həyatın hər bir sahəsini, xüsusən də təhsili əhatə
etməlidir. Süni intellekt, kompüter bacarıqları, şagirdlərin dərs prosesi
zamanı növbəti tapşırıqları həyata keçirməsinə kömək edir”. Baş direktor «Alqoritmika»
təhsil şirkəti olaraq bir çox beynəlxalq təhsil şirkətləri ilə əlaqə
qurduqlarını dedi.
Layihə rəhbəri Fəxri Qurbanov son illər ərzində layihə çərçivəsində həyata
keçirilən tədbirlər barədə məlumat verərək əldə olunan nailiyyətləri sadaladı: "Yeni
tədris ilinin başlanğıcından etibarən, layihə, ümumilikdə 6 şəhərdə (Bakı, Gəncə,
Biləsuvar, Sumqayıt, Mingəçevir, Şamaxı) həyata keçiriləcək və 120 məktəbin 4-8-ci
sinif şagirdlərini əhatə edəcək”.
Müsabiqə 2 əsas
– ən yaxşı cizgi filmi və ən yaxşı oyun və 2 xüsusi – ən yaxşı qrafik və səs dizaynları
nominasiyaları üzrə keçirilib. İştirakçılardan 28 nəfər qalib olub, 5 nəfər isə
müsabiqənin beynəlxalq mərhələsində yer tutub. Qaliblər müxtəlif hədiyyə və
diplomlarla mükafatlandırıldılar.
Tədbirdə həmçinin
ilin yekunlarına əsasən, layihənin 15 ən yaxşı müəllimi və 3 ən yaxşı məktəbi
mükafatı layiq görüldü.