• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

«Rəqəmsal bacarıqlar»ın nəticəsi və qalibləri

12.06.19 17:13 2000
«Rəqəmsal bacarıqlar»ın nəticəsi və qalibləri
"İnformatika fənninin yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir, uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir”. 6 nömrəli məktəb-liseydə keçirilən «Rəqəmsal bacarıqlar» pilot layihəsi çərçivəsində görülən işlərə həsr olunan tədbirdə səslənən bu fikirlər, müasir dövrdə təhsil sistemində texnologiyalardan istifadənin nə qədər əhəmiyyətli olduğunu bir daha gündəmə gətirdi. Belə ki, beynəlxalq təcrübə öyrənilməklə, müasir informasiya texnologiyalarının tədris prosesində tətbiqi «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda və bir neçə dövlət proqramında öz əksini tapıb.
Təhsil Nazirliyi və «Alqoritmika» beynəlxalq şirkəti ilə birgə keçirilən «Marsiada-2019» müsabiqəsi də "Scratch” proqramlaşdırma mühitində 5 və 6-cı sinif şagirdlərinin yaradıcı qabiliyyətlərinin aşkarlanması, bilik səviyyəsinin qiymətləndirilməsi, onların marağında olan mövzu və qəhrəmanların müəyyən edilməsi məqsədi ilə həyata keçirilib.
Müsabiqədə Bakı, Gəncə və Biləsuvar şəhərlərində yerləşən 73 məktəbdən 1024 şagird iştirak edib. «Alqoritmika»nın platformasında "Scratch” proqramlaşdırma mühitində hazırlanan məktəblilərin orijinal layihələri müsabiqəyə qəbul edilib. İştirakçıların işləri 5 meyara əsasən - layihənin məzmunu, texniki reallaşdırma, yaradıcılıq, qrafik keyfiyyəti, səsin keyfiyyətinə görə qiymətləndirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil sahəsində informatika texnologiyalarının geniş tətbiq olunmasının istənilən ölkənin rəqabət qabiliyyəti, eyni zamanda intellektual potensialının qiymətləndirilməsi üçün vacib amillərdən biri olduğunu qeyd etdi. Belə ki, ölkə prezidenti İlham Əliyevin 7 sentyabr 2016-cı il tarixi sərəncamına əsasən, respublikamızda "İnformasiya texnologiyalarının tətbiqi ilə bağlı Milli Strategiya üzrə Dövlət Proqramı” tətbiq olunub. Həmin proqramdan irəli gələn məsələlərin icrası ilə bağlı təhsil sahəsində bir çox proqram və layihələr həyata keçirilib: "Təbii ki, həyata keçirilən ən böyük layihələrdən biri kimi, ölkəmizdə son 10 il ərzində yenidən tikilən və müasir infrastrukturla təmin olunan 3000-dən artıq məktəblərimizi qeyd etmək olar. Biz təkcə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi dedikdə müasir tələblər baxımından daha yaxşı infrastrukturdan danışmırıq, eyni zamanda, məktəblərin internet şəbəkəsinə qoşulması və informasiya texnologiyaları ilə təchiz olunması məsələsi qeyd etdiyimiz sahədə daha yaxşı nəticələr əldə etmək üçün imkanlar yaradır. Son illər məktəblərimizdə internet təminatı müasir avadanlıqla təmin olunmaqla yanaşı, eyni zamanda, təhsilin informasiya təmininin təkmilləşdirilməsi Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir. Bu baxımdan bir çox layihələr həyata keçirilir. Qısamüddətli layihələr təbii ki, bu sahədə müəyyən uğurların əldə olunmasına kömək edir”. Nazir müavini bildirdi ki, həyata keçirilən layihələr arasında yer alan digər bir amil kadr hazırlığı məsələsidir: "Son illərdə 130 mindən artıq müəllim məhz informasiya texnologiyalarından istifadə baxımından təkmilləşdirilmək üçün müasir məzmunlu təkmilləşdirmə və ixtisasartırma təlimlərinə cəlb olunublar. Bu gün Azərbaycanın bölgələrində də yalnız informatika müəllimləri deyil, tədris etdiyi fəndən asılı olmayaraq, bütün müəllimlər informasiya texnologiyalarından istifadə edirlər. Bununla da onlar dərsləri müasir tələblər baxımından daha faydalı və səmərəli qura bilirlər”. Nazir müavini qeyd etdi ki, məzmunla bağlı həyata keçirilən islahat tədbirlərindən biri də Təhsil Nazirliyi ilə «Alqoritmika» beynəlxalq şirkəti ilə birgə keçirilən «Marsiada-2019» müsabiqəsidir: "Bu layihənin tətbiqi nəticəsində şagirdlər intellektual bacarıqlara nail olacaqlar. Müəllim-şagird münasibətlərinin qurulması baxımından da layihənin əhəmiyyəti böyükdür. Biz hazırda texniki tərəqqi dövründə yaşayırıq. Öz üzərində işləyən şagirdlərin dünyagörüşü, texniki bacarıqları inkişaf edir». Nazir müavini qeyd etdi ki, uşaqların nəticələrinin yüksək olmasında valideyn-müəllim amili də rol oynayır: «Valideynin uşaqla ciddi məşğul olması, eləcə də uşağın məktəbdə nizam-intizamı, dərslərinə ciddi yanaşması və valideyn və müəllimlərin mütəmadi əlaqəsi uşağın hərtərəfli inkişafına təsir edir”.
Layihənin uğurları və dünyada təhsil sahəsində aparılan yeniliklər barədə danışan «Alqoritmika» şirkətinin baş direktoru Andrey Lobanov layihənin tətbiq edilməsinin səbəblərini açıqladı: «Biz dinamik dəyişikliklər dövründə yaşayırıq. Bir gün ərzində əldə etdiyimiz məlumatlar həyatımız boyu əldə etdiyimiz məlumatlardan çoxdur. Elmi araşdırmalara görə, uşaqlar gələcəkdə 5 dəfə karyera dəyişiklikləri edə biləcəklər. Bu dəyişikliklərə hazır olmaq üçün bugünkü bacarıqlar keçmişdəkindən fərqli olmalıdır. Bu gün onların arasında rəqəmsal bacarıqlar mühüm rol oynayır. Yeni dövr 150 il əvvəl düşünülmüş təhsil sisteminin yenidən formalaşmasını tələb edir. Dünya dəyişir. İndiki dövrdə innovasiyalar həyatın hər bir sahəsini, xüsusən də təhsili əhatə etməlidir. Süni intellekt, kompüter bacarıqları, şagirdlərin dərs prosesi zamanı növbəti tapşırıqları həyata keçirməsinə kömək edir”. Baş direktor «Alqoritmika» təhsil şirkəti olaraq bir çox beynəlxalq təhsil şirkətləri ilə əlaqə qurduqlarını dedi.
Layihə rəhbəri Fəxri Qurbanov son illər ərzində layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək əldə olunan nailiyyətləri sadaladı: "Yeni tədris ilinin başlanğıcından etibarən, layihə, ümumilikdə 6 şəhərdə (Bakı, Gəncə, Biləsuvar, Sumqayıt, Mingəçevir, Şamaxı) həyata keçiriləcək və 120 məktəbin 4-8-ci sinif şagirdlərini əhatə edəcək”.
Müsabiqə 2 əsas – ən yaxşı cizgi filmi və ən yaxşı oyun və 2 xüsusi – ən yaxşı qrafik və səs dizaynları nominasiyaları üzrə keçirilib. İştirakçılardan 28 nəfər qalib olub, 5 nəfər isə müsabiqənin beynəlxalq mərhələsində yer tutub. Qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırıldılar.
Tədbirdə həmçinin ilin yekunlarına əsasən, layihənin 15 ən yaxşı müəllimi və 3 ən yaxşı məktəbi mükafatı layiq görüldü.

Təranə Məhərrəmova




banner

Oxşar Xəbərlər