• şənbə, 27 Aprel, 01:02
  • Baku Bakı 14°C

Çörək bol olarsa, basılmaz Vətən

08.10.14 18:30 6031
Çörək bol olarsa, basılmaz Vətən
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsasında insan amili dayanır. İqtisadi siyasətə uyğun olaraq, əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Bu istiqamətdə keyfiyyətli çörək və çörək məmulatı istehsalı isə ən əhəmiyyətli sahələrdən biri sayılır. Məhz buna görə ölkəmizdə digər sahələrdə olduğu kimi, çörəkbişirmə sənayesinin inkişafına da xüsusi diqqət və qayğı göstərilir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə ən müasir texnologiya və avadanlıq tətbiq edilir. Müasir və qabaqcıl texnologiyaların tətbiqi isə çörəkbişirmə sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin, çoxçeşidliliyin təmin olunmasına imkan yaradır. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən təkcə ötən ilin sonuna kimi ümumi dəyəri 108,2 milyon manat, gündəlik istehsal gücü 721 ton olan 25 çörək zavodunun tikintisinə, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 38,1 milyon manat güzəştli kredit verilib. Dövlətin sahibkarlara dəstəyi nəticəsində Türkiyə, Almaniya, Çex, Rusiya, Ukrayna respublikaları, eləcə də digər ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş, gündəlik istehsal gücü 650 tona yaxın olan 20-dək çörək zavodu artıq istifadəyə verilib.
Gündəlik istehsal gücü 650 tona yaxın olan 20-dək çörək zavodu

Belə istehsal müəssisələrinə misal olaraq, Ağsu rayonunda inşa olunan və 2011-ci ildə istifadəyə verilən çörək zavodunu göstərmək olar. Əsas sexdən və yardımçı sahələrdən ibarət olan zavodda Rusiya və Ukraynanın bu sahə üzrə ixtisaslaşmış müəssisələrində buraxılan ən müasir çörəkbişirmə sobası, qıcqırtma avadanlığı və digər qurğular quraşdırılıb. Bu da yüksək keyfiyyətli məhsul hazırlamağa imkan verir. Mühəndis kommunikasiyaları ilə tam təmin olunan, 12 nəfəri daimi iş yeri ilə təmin edən zavodda indi sutka ərzində 5 ton çörək bişirilərək istehlakçılara çatdırılır.
Çörəyin və un məmulatlarının maya dəyərinə təsir edən amil

Vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində vacib addımlardan biri də 2012-ci ildə Bərdə rayonunda “Qarabağ” çörək zavodunun istifadəyə verilməsidir. Zavod “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bərdə şəhərinin mərkəzində ən müasir standartlar səviyyəsində tikilib. Bu layihənin də həyata keçirilməsinə SKMF tərəfindən güzəştli kredit ayrılıb. Ümumi dəyəri 4 milyon manat olan çörək zavodunun yaradılması məqsədilə Fond tərəfindən 2,7 milyon manat güzəştli kredit verilib.
Zavodun xammal bazasının yaradılması üçün SKMF tərəfindən ayrılan 680 min manat güzəştli kredit hesabına taxıl sahəsi, tutumu 10 min ton olan taxıl anbarı və gündəlik istehsal gücü 70 ton olan dəyirman kompleksi də inşa edilib. Bu da istehsal olunan çörəyin və un məmulatlarının maya dəyərinin aşağı olmasını şərtləndirir.
Müasir aqrar-sənaye kompleksi

Sumqayıt sənaye zonasında 2013-cü ildə istifadəyə verilən “Sağlam qida” aqrar-sənaye kompleksi isə regionlarda fəaliyyət göstərən çörək zavodlarından tamamilə fərqlənir. İlk növbədə onu qeyd edək ki, bu iqtisadi qurum Sumqayıtda 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. Respublika əhəmiyyətli kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir. Dəyəri 28, 9 milyon manat olan çörək zavodunun yaradılmasına SKMF tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə zavod Almaniyanın bu sahədə böyük təcrübəyə malik şirkətinin son texnologiyası əsasında qurulub.
Yüksək keyfiyyət və aşağı qiymət

Gündəlik istehsal gücü 150 ton olan çörək zavodunda məhsul hazırlanması prosesi tam avtomatlaşdırılıb. İstehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunub ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verib. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradıb. Bu da istehlakçılara keyfiyyətcə yüksək və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradıb.
Çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi isə istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. Zavodda dörd çörəkbişirmə və bir müxtəlif növ un məmulatlarının istehsalı xətləri, xüsusi növ çörəklərin bişirilməsi üçün altı soba quraşdırılıb. Hazırda burada 45 çeşiddə 12 növ çörək məhsulları və un məmulatları istehsal olunur. Çörək məhsulları qablaşdırılaraq “Çörəkçi” brendi altında satışa çıxarılır. Məmulatlar Sumqayıtla yanaşı, Bakı şəhərlərinə və respublikanın digər rayonlarına da çatdırılır.
Daha geniş həcmdə əla növ un istehsalı

Özəl sektorun inkişafına ölkədə göstərilən qayğının daha bir bariz nümunəsi sayılan aqrar-sənaye kompleksinin tərkibindəki taxıl anbarı və un dəyirmanı isə Türkiyənin aparıcı şirkətinin texnologiyası əsasında qurulub. Dəyəri 10 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin tikintisinə SKMF tərəfindən 6 milyon manat güzəştli kredit ayrılıb. Taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar inşa olunub. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunan taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir. Kompleksin tərkibində taxıl anbarının olması xammal bazasının yaradılması baxımından əhəmiyyətli rola malikdir. Taxıl anbarı kompleksə daxil olan un dəyirmanı və çörək zavodunun fasiləsiz fəaliyyətini təmin edir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksində ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə və əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.
Az məsrəflə və qısa müddətdə xarici bazarlara çıxış

Onu da qeyd edək ki, ölkə daxilində və ölkədən kənarda istehsal olunan məhsulların müştərilərin tələblərinə istəklərinə uyğun olaraq keyfiyyətini itirmədən, təhlükəsiz şəkildə uzun müddət saxlanması və istehlakçılara çatdırılması üçün burada logistika mərkəzi də yaradılıb. Dəyəri 8 milyon manat olan və qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə ən müasir texnologiyalara əsaslanan logistika mərkəzinin yaradılmasına da SKMF tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Bu mərkəzin tərkibinə tutumu 5 min ton olan soyuducu və 4 min tonluq quru anbarlar, beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri üçün dayanacaq meydançası daxildir. Soyuducu anbar İtaliyanın tanınmış şirkətinin avadanlığı ilə təchiz olunub.
Logistika mərkəzində sifarişlərin qəbulu, məhsulların qeydiyyat və uçotunun aparılması, anbarlama, çeşidləmə, qablaşdırma, daşıma və digər xidmətlərin göstərilməsi həyata keçirilir. Mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiqi müştərilərə qısa zamanda keyfiyyətli xidmətlərin göstərilməsinə imkan verir. Ümumiyyətlə, bu mərkəzin qurulması yerli istehsalçıların öz məhsullarının xarici bazarlara az məsrəflə və qısa müddətdə çıxarılmasını stimullaşdırır. Dövlətin güzəştli kreditlərindən istifadə edilməklə inşa olunan aqrar-sənaye kompleksində bütövlükdə 600-dək vətəndaş yeni iş yeri ilə təmin edilib.
Tam avtomatlaşdırılmış istehsal prosesi

Çörək istehsalı sahəsində istifadəyə verilən hələlik sonuncu nəhəng müəssisə paytaxt Bakının Xətai rayonu ərazisində “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1 nömrəli çörək zavodudur. Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlar səviyyəsində qurulan müəssisənin ümumi dəyəri 48,7 milyon manatdır. Bu layihənin də reallaşdırılması üçün SKMF tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi əsas hədəf seçilən zavodda Almaniyanın ən son texnologiyası qurulub. Müəssisədə beş çörək istehsalı xətti, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü olan anbar sistemləri quraşdırılıb. Burada 50-dək çeşiddə çörək və çörək-bulka məmulatı istehsal olunur. Gündəlik məhsul buraxılışı gücü 168 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılıb. Xüsusi nəqliyyat vasitələri ilə un zavoda gətirilərək burada quraşdırılan və hər birinin tutumu 40 ton olan 7 anbara boşaldılır. Un metal detektorlardan keçdikdən sonra çəki stansiyalarına ötürülür. Reseptlərə uyğun olaraq tərkiblər xəmir çənlərinə avtomatik tökülür və mikserlə yoğurulur.
İstehsalda çəkiyə avtomatik nəzarət

Zavoddakı bütün xəmir çənləri çiplərlə təchiz olunub ki, bu da işin rahat aparılmasına kömək edir. İstehsalda çəkiyə avtomatik nəzarət qaydaları da tətbiq olunub. Çörəyin növündən asılı olaraq acıtma müddəti, temperatur və rütubət avtomatik müəyyən olunur, hər növ çörəyin göstəriciləri fərqlidir. Bişirmə prosesi isə yüksək keyfiyyətli Avropa standartlarına uyğun sobalarda həyata keçirilir. Çörəyin bişmə prosesini sobanın üzərində yerləşən xüsusi pəncərələrdən izləmək olur. Hər bir sobanın çıxışı videosayğacla təchiz olunub. Çörək bişdikdən sonra soyutma mərhələsinə keçir. Zavodda istehsal olunan çörəklər növündən asılı olaraq, burada quraşdırılan xüsusi soyutma xətti vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır. Bu da məhsulun istifadə müddətini 48 saatadək artırır. Qablaşdırılan məhsullar qutulara yığılaraq satış anbarına ötürülür. İstifadə olunan qutular avtomatik yuyularaq qurudulur və yenidən istehsal xəttinə yönəldilir.
Satışda “Nömrə 1” brendi

Ümumilikdə 420-dək vətəndaşın yeni iş yeri ilə təmin olunduğu müəssisədə istehsal prosesi zamanı istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirilir. Su, un, duz, şəkər, maya və digər xammal zavodda quraşdırılan xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsala buraxılır. Həmçinin istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur. Bütün bunlar da sanitar-gigiyenik normalara əməl olunmaqla yüksək keyfiyyət standartlarına cavab verən çörək və çörək-bulka məmulatlarının istehsalına şərait yaradır. Çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. İstehsal olunan bütün məhsullar qablaşdırıldıqdan sonra üzərində istehsal tarixi, istifadə müddəti və istehsal olunan partiya nömrəsi qeyd edilir. Müəssisənin məhsulları “Nömrə 1” brendi altında satışa çıxarılır. Zavodun müasir texnologiyalar əsasında yaradılması və istehsal prosesinin müvafiq normalara uyğun aparılması ərzaq təhlükəsizliyinin və əhalinin yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsulları ilə təmin edilməsinə şərait yaradır. Zavodda istehsal olunan məhsulların Bakı şəhəri və ətraf qəsəbələrdən olan istehlakçılara çatdırılır.
Ərzaq təhlükəsizliyinin təmin edilməsində yüksək nailiyyət

Son olaraq qeyd edək ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edib.
İqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunub. Dövlət başçısı İ.Əliyevin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş siyasəti nəticəsində hazırda ölkəmiz bir çox sahələrdə daxili tələbatın təmin edilməsi istiqamətində böyük uğurlar əldə edib. Bu gün çörək, ət, süd, bitki yağları, şəkər və digər əsas məhsullara olan tələbatın 95 faizini Azərbaycan özü ödəyir ki, bu da ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində yüksək nailiyyətdir. Bu yazımızda adlarını çəkdiyimiz obyektlərin istifadəyə verilməsi də ilk növbədə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində atılan vacib addımlardandır. Adları sadalanan çörək zavodların yaradılması həm də ölkədə özəl sektorun, xüsusən də sənayenin bu sahəsinin inkişafına göstərilən qayğının əyani təsdiqidir.
Rufik İSMAYILOV

Yazı İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə jurnalistlər arasında elan etdiyi “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” adlı yaradıcılıq müsabiqəsinə təqdim edilir

banner

Oxşar Xəbərlər