• cümə, 26 Aprel, 06:59
  • Baku Bakı 12°C

Real sektorun maliyyələşməsi üçün sərmayə fondları

05.02.20 12:00 3109
Real sektorun maliyyələşməsi üçün sərmayə fondları
Ekspertlər bu fondların yaradılmasını əhəmiyyətli hesab edir
"Sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi mexanizminin səmərəli olmasına baxmayaraq, dövlət bütün kreditləşməni tam üzərinə götürməli deyil. Bank sektoru bu sahədə əsas mənbə rolunda çıxış etməli olsa da, uzunmüddətli maliyyələşmədə onun payı aşağıdır”.
Bu sözləri fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir daha sonra deyib ki, hazırda Mərkəzi Bankdan olan həmkarlarımızla real sektora bank kreditlərinin yönəldilməsi üçün atıla biləcək addımlar müzakirə edilir. Burada dövlətin mülkiyyətində olan bankların rolu daha yüksək ola bilər. Eyni zamanda, biznesin maliyyələşməsi ehtiyacının qarşılanmasının yeni istiqaməti kimi ölkədə kapital bazarının, o cümlədən fond bazarının inkişafının sürətləndirilməsi və sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır.
Görəsən sərmayə fondlarının yaradılmasının hansı əhəmiyyəti var? Ümumiyyətlə, bu fondlar hansı formada yaradılacaq?
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, bankların real sektoru maliyyələşdirməsi üçün bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var: "Hansısa inzibati üsulla bankları biznes kreditləri verməyə məcbur etmək olmaz. Yəni banklar real sektoru maliyyələşdirməyə məcbur edilə bilməz. Buna görə də elə bir mexanizm təşkil olunmalıdır ki, banklar özləri real sektora yatırım etməkdə maraqlı olsun. Bunun üçün bankların ilk növbədə kifayət qədər maliyyə resursları olmalıdır. Digər tərəfdən, real sektorda risklər minimuma endirilməlidir. Həmçinin gəlir əldə etmək imkanları qısamüddətli xarakter daşımalıdır. Bütün bunlar isə zəmanət tələb edir. Qeyd olunan məsələlərin reallaşdırılmasına nail olmaq üçün belə sərmayə fondlarının və digər mexanizmlərin yaradılmasına ehtiyac var. Bu sərmayə fondlarının yaradılması həm sərfəli, həm də məqsədəuyğun hesab olunur. Əgər bu təklif tələblərə uyğun şəkildə reallaşdırılarsa, bankların real sektoru maliyyələşdirməsinə qısa müddətdə nail oluna bilər”.
Maliyyə məsələləri üzrə ekspert Cəfər İbrahimli deyir ki, faizlərin aşağı olması və bankların daha çox istehlak krediti verməsi məsələsi təkcə banklardan asılı deyil: "Bu, iqtisadiyyatın ümumi vəziyyəti ilə bağlı olan bir reallıqdır. Həmçinin biznes strukturlarının da bu məsələdə payı var. Hazırda bəlli bir faiz dərəcəsi müəyyən edilib. Bu gün banklar sahibkarlara müxtəlif adda kreditlər verir. Azərbaycanda sahibkarlar və şirkətlər korporativ idarəetmə standartları yüksək olmadığına görə biznes kreditləri ala bilmir. Yəni, kredit cəlb edə bilməmək əslində şirkətlərin öz günahıdır. Qeyd etdiyim kimi, şirkətlər və biznes strukturları öz fəaliyyətini
nəzərdə keçirməlidir. Yəni, burada təkcə bankları günahlandırmaq mümkün deyil. Banklar kredit verməyə hazırdır, amma onların kredit parametrlərinə uyğun olan biznes subyektlərinə kredit verilir. Şirkətin maliyyə vəziyyəti bankın tələblərinə cavab vermirsə, bank kredit verməməkdə haqlıdır. İstehlak krediti banklar üçün daha əlverişlidir. Bu kreditlər yuxarı faizlə də verilə bilir. Vətəndaşın krediti az olduğuna görə bu ona böyük yük kimi gəlmir. Ona görə də vətəndaş kredit almaqda maraqlı olur. Əslində, istehlak kreditlərinin verilməsi mənfi tendensiya kimi qiymətləndirilməməlidir. Düzdür, əhalinin borc yükü artır. Amma hal-hazırda vətəndaşların borc yükü elə də yüksək deyil. Bank istehlak krediti verdikcə, vətəndaş götürdüyü krediti istehlaka yönəldir. Nəticədə ticarətdə alqı-satqının dövriyyəsi artır. Bu, biznes strukturlarını dolayı yolla da olsa təşviq edir. Bu mənada istehlak kreditlərinin müsbət tərəfi də var. Sadəcə olaraq, borc yükünü müəyyən limitdə saxlamaq lazımdır”.
Ekspert sərmayə fondlarının yaradılması haqda da söz açdı: "Sərmayə fondlarının yaradılmasına gəlincə isə, bu fondlar müxtəlif formada yaradıla bilər. Bu fondlar səhmdar cəmiyyət və ya payçı investisiya fondları olaraq yaradıla bilər. Bu fondlar qiymətli kağızlar və səhmlər əsasında yaradılır. İnvestorlar tərəfindən ayrılan pul bu və ya digər şəkildə iqtisadiyyatın müxtəlif sahələrinə vəsait qoyuluşu ola bilər. Bu, bir növ kredit yox, sərmayə forması hesab olunur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər