Razılıq alınmalı və qonorar ödənilməlidir
Dövlət İmtahan Mərkəzinin (DİM) onun intellektual
mülkiyyətindən bəzi qruplar tərəfindən qanunsuz istifadə edilməsi barədə
yaydığı açıqlama mediada yer alanda, birmənalı qarşılanmadı. Məsələyə münasibətdə
DİM-i haqlı hesab edənlər də, qurumun konkret fənlər üzrə hazırladığı testləri əqli
mülkiyyət hüququnun obyekti hesab etməyənlər də oldu. Ancaq fəaliyyətinin məqsədi ölkədə əqli mülkiyyət
hüquqları sahəsinin səmərəli fəaliyyətini, dayanıqlı inkişafını və şəffaflığını
təmin etmək, əqli mülkiyyət sahiblərinin hüquqlarını qorumaq, sözügedən sahədə
bilikləri və informasiya cəmiyyətinə təsiri artırmaq və əqli mülkiyyət
hüquqlarının tənzimlənməsi ilə bağlı qabaqcıl prinsip və standartları əsas
götürməkdən ibarət olan Əqli Mülkiyyət Agentliyinin məsələyə münasibəti birmənalıdır.Agentliyin mətbuat katibi Elnur Məmmədli mövzu ilə bağlı "Kaspi”yə
müsahibəsində ötən illər ərzində DİM-in müraciəti əsasında pozulmuş hüquqları
barədə Agentliyin xüsusi rəylərinin də hazırlandığını bildirib.
DİM-dən razılıq alınmalıdır
- Bu günlərdə Dövlət İmtahan Mərkəzi
(DİM) sosial şəbəkələrdə və internet saytlarında DİM-in əməkdaşları və ekspertləri
tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif materiallardan heç bir razılıq
olmadan istifadə olunması hallarından narahatlığını ifadə edib. Hətta Mərkəz
sosial şəbəkələrdə yayılmalara, bəzi qrupların istifadəsinə görə son xəbərdarlığını
bildirib. Sizcə, DİM etirazında nə qədər haqlıdır?
- Əqli Mülkiyyət Agentliyi məsələyə münasibətdə bildirir ki, "Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci
maddəsinə əsasən, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin həmin
qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və
üsulla istifadə etməyə müstəsna hüququ vardır.Əsərdən istifadəyə
müstəsna hüquqlar (əmlak hüquqları) müəllif və ya əsərə müəlliflik hüququnun
digər sahibi tərəfindən əsərin birbaşa və ya dolayısı yolla surətinin
çıxarılması, əsərin orijinalının və ya nüsxələrinin satış, yaxud mülkiyyət
hüququnun başqa cür verilməsi yolu ilə yayılması, kirayəyə verilməsi, idxal edilməsi,
əsərin tərcümə edilməsi, əsərin dəyişdirilməsi, aranjeman edilməsi, yaxud başqa
formada yenidən işlənilməsi və s. formada istifadəsi ilə bağlı hərəkətlərin həyata
keçirilməsi, həyata keçirilməsinə icazə verilməsi, yaxud bu cür hərəkətlərə
qadağa qoyulmasını nəzərdə tutur. Burada
surətçıxarma dedikdə, əsərin bir və ya daha çox nüsxəsinin hər hansı
maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması başa düşülür.
Əsərlərin elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər
formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır.
Deməli, DİM-in əməkdaşları
və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif materialların, o
cümlədən elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə
vasitələrinin surətinin çıxarılması hallarında Dövlət İmtahan Mərkəzindən
razılıq alınmalıdır.Qanunun 30-cu maddəsinə
görə, yuxarıda qeyd etdiyimiz əmlak hüquqları müəlliflər və müəlliflik
hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər.
Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif
müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi
haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə
bilər.Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə
(müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən
müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu
başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür
istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.Qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə
(qeyri-müstəsna lisenziya) isə müəllif və ya müəlliflik hüquqlarının digər
sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa
şəxslə bərabər istifadəyə icazə verir.Onu da qeyd edək ki, "Nəşriyyat işi
haqqında” Azərbaycan
Respublikası Qanununun 20-ci maddəsinə görə, nəşriyyat və nəşriyyat işinin
subyektləri müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflik müqaviləsi
olmadan istehsalına görə inzibati və maddi məsuliyyət daşıyır.
Qonorarın ödənilməsini tələb etmək hüququ
- Hüquqları pozulmuş müəlliflər bu cür vəziyyətlə qarşılaşdıqda, öz hüquqlarını
necə müdafiə edə bilərlər? Yalnız məhkəməyə müraciət etməkləmi?
- Hüquqları pozulmuş
müəlliflər və hüquq sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət
edə bilərlər. "Dövlət rüsumu haqqında” Qanunun 9.1.4-cü maddəsinə görə, müəlliflik hüququ üzrə məhkəməyə verilən iddia ərizələrinin
verilməsinə görə iddiaçılar dövlət rüsumundan azad olunub."Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci
maddəsinə əsasən, məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə
baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi
ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun
və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min
manatadək məbləğdə kompensasiya ödənilməsi; hüquq pozuntusunun ağırlıq dərəcəsi
və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən
pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş
material və avadanlıqların müsadirə olunması; pirat nüsxələrin hüquqları pozan
tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və
ya məhv edilməsi barədə qərar qəbul edə bilər.Eyni zamanda, məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda,
vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan
xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin
hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq,
pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli
hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Müəllifin
və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən
kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət
hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın
ödənilməsini də tələb etmək hüququ var.Qanunun 47-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli
hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun
mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinin (İXM) 185-ci maddəsinə
görə, müəlliflik hüququnu və əlaqəli
hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda (min manatadək olan
məbləğ) pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal
edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və
hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz
əlli manatadək məbləğdə cərimə edilir.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
165-ci maddəsinə
görə isə, müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə
etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr
etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz
olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər
bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa (min manatdan artıq olan
məbləğ) min manatdan iki min manatadək
miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai
işlər ilə cəzalandırılır. Eyni əməllər
təkrar törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.Təəssüf ki, cəmiyyətdə, o cümlədən bəzi
hüquqşünaslarda DİM-in materiallarının qorunması üçün hər hansı qeydiyyatın
aparılmasına, həmin məhsullara müəllif hüququnun tanıtdırılmalı olmasına
ehtiyac gəldiyi düşünülür, sosial şəbəkələrdə əsərlərin icazə almadan
yayılmasının mümkünlüyü təsəvvürü yaranır. Belə rəylərə hörmətlə yanaşaraq, öz
növbəmizdə bildiririk ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”
Qanunun 5-ci maddəsinə əsasən, müəlliflik hüququnun yaranması və həyata keçirilməsi
üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi
tələb olunmur. Bu o deməkdir ki, qeyd olunan materiallar DİM tərəfindən
hazırlanan (dərc edilən) andan qorunur.
Hüquqi
maarifləndirilmə məqsədi ilə
- Mübahisələrin yaranmaması, işin məhkəmələrə qədər
gedib çıxmaması üçün müəlliflər və hüquq sahibləri öz əsərlərini öncədən Əqli
Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və şəhadətnamə ala bilməzlərmi?
- Əlbəttə, müəlliflər və hüquq sahibləri əsərlərini Əqli Mülkiyyət
Agentliyində qeydiyyatdan keçirə və şəhadətnamə ala bilərlər. Əsərlərin
Agentlikdə qeydiyyatının məhz müəlliflər və hüquq sahibləri üçün böyük faydası
var. Qanunun 9-cu maddəsinə görə, mübahisə yaranan hallarda, digər sübutlar
olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik
prezumpsiyası kimi tanınır. Məhkəmə praktikası onu göstərir ki, Agentlikdə əsərə müəllifliyi
qeydiyyatdan keçirmə əksər hallarda məhz bunu edən tərəfin məhkəmə tərəfindən
müəllif kimi tanınması ilə bitir. Yəni, digər bir şəxs həmin əsərin müəllifi
olması barədə iddia qaldırdıqda, o, bunu təsdiq edə biləcək əsaslı sübutlar təqdim
etməlidir. Əks halda, əsəri qeydiyyatdan keçirmiş şəxs onun müəllifi kimi qəbul
olunur.Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin dərc etdirdiyi
"Abituriyent” jurnalının hər nömrəsi Agentliyə təqdim edilir və müvafiq qaydada
qeydiyyatdan keçirilir. Ötən illər ərzində DİM-in müraciəti əsasında pozulmuş
hüquqları barədə Agentliyin xüsusi rəyləri də hazırlanmışdır.Xüsusilə vurğulamaq istərdik
ki, Qanunun 17-ci maddəsinə əsasən, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı
olmadan və müəllif qonorarı ödəmədən fiziki şəxsin qanuni dərc edilmiş əsərdən,
gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlamasına yol
verilir. Qanunla nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda əsərlərdən
istifadəyə görə razılıq alınmalı və qonorar ödənilməlidir.
- İctimaiyyətin bu istiqamətdə maariflənməsi üçün Agentlik hansı
addımları atır? Çünki problemlər bəzən məlumatsızlıqdan yaranır.
- Əqli Mülkiyyət
Agentliyi ictimaiyyətin bu sahədə maarifləndirilməsi işinə xüsusi diqqət verir.
Agentliyin 960 nömrəli "Qaynar xətt”i və ictimai əsaslarla
"Hüquq məsləhətxanası” fəaliyyət göstərir. Vətəndaşlar bundan əlavə, elektron
poçtumuza məktub ünvanlaya, Agentliyin internet səhifəsindən istifadə edərək
onlayn məktub yaza, sosial şəbəkələrdəki səhifələrimiz vasitəsilə də müraciət
edə bilər. Yalnız 2018-ci il ərzində müəlliflərin və digər hüquq sahiblərinin
müəllif-hüquq məsələləri üzrə 1500-dən artıq müraciət və sorğusuna baxılmış və
qaldırdıqları məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində
köməklik göstərilmişdir. Agentliyin nümayəndələri əqli mülkiyyət hüquqları ilə
bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 21 iş üzrə 40-dan çox məhkəmə
iclasında iştirak etmiş, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin
sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi
hazırlanmış, maarifləndirmə tədbirləri keçirilmişdir.Hüquqi maarifləndirilmə məqsədi ilə Agentliyin
təşkilatçılığı və iştirakı ilə 10 beynəlxalq
və milli tədbir keçirilmiş, KİV-lərdə 300-ə yaxın informasiya, maarifləndirici
və təbliğat xarakterli material dərc olunmuş, TV və radio kanallarında çoxsaylı
veriliş və süjetlər göstərilmiş, Agentliyin təşkil etdiyi tədbirlərdə Azərbaycanı,
xarici ölkələri və beynəlxalq təşkilatları təmsil edən peşəkar mütəxəssislər,
alimlər, beynəlxalq ekspertlər, tarixçilər və qeyri-hökumət təşkilatlarının
nümayəndələri tərəfindən əqli mülkiyyət məsələlərinə dair 80-ə yaxın
prezentasiya edilmiş, həmçinin Agentliyin nümayəndələri müxtəlif beynəlxalq tədbirlərdə
20-yə yaxın təqdimatla çıxış etmişlər.
Təranə Məhərrəmova