Rasim Əliquliyev: “Orta və ali məktəb dərsliklərinin yazılması üçün motivasiya yoxdur”

Rasim Əliquliyev: “Orta və ali məktəb dərsliklərinin yazılması üçün motivasiya yoxdur”

Cəmiyyət
28 Aprel 2017, 14:15 740
"AMEA-nın üzvlərinə Rəyasət Heyətində dəfələrlə müraciət edilir ki, orta və ali məktəb dərslikləri yazanlar çatışmır. Bu iş üçün heç bir motivasiya yoxdur. Çünki bu dəqiqə aparıcıların, elmi işçilərin fikri-zikri istinad, FİŞ indeksinin yanındadır”.
 
APA-nın xəbərinə görə, bunu AMEA-nın akademik-katibi Rasim Əliquliyev qurumun ümumi yığıncağında deyib. O qeyd edib ki, bu işləri aşağılamır, əksinə dəstək verir. Akademiyanın Tomson Reyterslə müqavilə bağladığını xatırladan R. Əliquliyev bildirib ki, onlara illik hesabat vermək şərti qoyulub: "Çünki bu gün hər kəs özü üçün bir reytinq çıxarır. Kimə necə sərf edirsə, müxtəlif reytinqlər verir, özünü qabağa çəkir və s. Amma bu qiymətləndirmə Tomson Reytersdən gəlməlidir”.
 
Akademik-katib qeyd edib ki, bu gün Azərbaycan alimləri yalnız Tomson naminə işləməli deyillər. Onlar Azərbaycan üçün elmi kadr hazırlamalı, elmi inkişaf etdirməlidir.
 
"Hər bir alimin fəaliyyəti tək FİŞ indeksinə görə müəyyənləşməli deyil. O dəstəklənir və lazımı qiymətini alır, amma digər istiqamətlər üzrə alimlərimiz maraq göstərmirlər. Tomson Reytersdə elmi əsərləri nəşr olunan alimlər deyir ki, Tomson perspektivi olan problemlə məşğul olmaq istəyir. Azərbaycanın problemi ilə kim məşğul olmalı, Azərbaycan təhsilinə kim dəstək verməlidir?” – deyə, o əlavə edib.