AZE | RUS | ENG |


Quş südü, can dərmanı - Qida Sərgisindən reportaj - Fotolar

Quş südü, can dərmanı - Qida Sərgisindən reportaj - Fotolar
Mayın17-dən başlayaraq "Baku Ekspo Mərkəzi”ndə 23-cü Azərbaycan Beynəlxalq  Qida Sənayesi "WorldFood”  və 11-ci Kənd Təsərrüfatı  "CaspianAgro 2017” sərgiləri keçirilir. Keçirildiyi ildən başlayaraq böyük maraqla qarşılanan bu sərgilərə hər il olduğu kimi, bu il də diqqət və maraq xeyli  yüksəkdir. Yerli istehsalçılara yeni satış bazarlarına çıxış imkanı təmin edən sərginin ikinci günündə mərkəzə baş çəkərək  gördüklərimizi sizinlə paylaşmaq  qərarına gəldik. Əvvəlcə qeyd edək ki, sərginin təşkilatçı qismində "İteca Caspian” və "CEO” (Caspian Event Organisers”) şirkətləri çıxış edirlər. Mərkəzin iki zalını və xarici meydançasını əhatə edən sərgidə ilk olaraq diqqətimizi "Made in Azerbaijan”  brendi ilə çıxış edən  yerli şirkətlərin fəallığı cəlb etdi. Onu da qeyd etmək yerinə düşər ki, bu il  dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət öz məhsulu ilə burada iştirak edir. Şirkətlərin 70 faizi xarici, 30 faizi isə yerli istehsalçıların payına düşür. Stendləri bir-bir gəzərək, təqdim olunan məhsullarla yaxından tanış olduq. 
 
Oğuzda qarğıdalıdan alınan məhsullar 
 
Oğuz Qarğıdalı Emalı MMC-nin stendi də sərgi iştirakçılarının diqqət mərkəzində idi. Şirkətin satış müdiri Elşən Canıyev bildirdi ki, onlar qarğıdalıdan alınan məhsullarla sərgiyə qatılıblar: "Bizim istehsal etdiyimiz məhsullar qarğıdalıdan alınır. Qarğıdalının nişasta südü ayrıldıqdan sonra quru nişasta, qlükoza, fruktoza və bir də onun quşçuluqda və heyvandarlıqda yem məqsədilə istifadə edilən yan məhsulları var. Onlardan özək məhsullara misal olaraq qlüoten və kəpəyi misal göstərə bilərəm. Adətən, şirniyyat və qənnadı istehsalçılarının demək olar ki, 99 faizi qlükoza almaq üçün bizimlə əməkdaşlıq edirlər. Qlükoza şəkərin əvəzedicisi hesab olunur. Şəkərdən üstün cəhəti məhsulda yumşaqlığı uzun müddət saxlaması və məhsulun uzunömürlülüyüdür. Eynilə nişasta da bir çox şirniyyat  növlərində də istifadə edilir”.

E.Canıyevin sözlərinə görə, stendə yaxınlaşıb maraqlananlar daha çox fərdi şəxslərdir: "Dünəndən başlayaraq sərgidə iştirak edirik. Daha çox fərdi şəxslər məhsullarla maraqlanır. Şirkətlərin demək olar ki, hamısı bizi artıq tanıyır. Maraq dairəmizdə olan xarici şirkətlərin bir neçəsi ilə burada görüşmüşük”. 
 
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini, qida texnoloqu Ceyran Əsgərova bildirdi ki, digər ölkələrdə də bu kimi sərgilərdə iştirak edir. Azərbaycanda keçirilən sərgi başqa ölkələrdə keçirilənlərdən heç də geri qalmır: "Mütəmadi olaraq belə sərgilərdə iştirak edirəm. Başqa ölkələrdə də sərgilərdə iştirak etmişəm. Çox yüksək səviyyədə təşkil olunub. Demək olar ki, çatışmayan heç bir cəhəti yoxdur. Ən xırda detalına kimi nəzərə alınıb. Ölkəmizdə belə bir sərginin keçirilməsi çox qürurvericidir. "Baku Expo  Centre” bütün Qafqazın ən böyük sərgi mərkəzi hesab olunur. Qatılan ölkələrin və iştirakçıların sayında artım var”. 

Ölkəmizdə yaşayıb, burada işləyən Zülfüqar Kavalcı deyir ki, Azərbaycanda istehsal olunan bəzi məhsulların etiketləri onların şirkətləri tərəfindən hazırlanıb: "Hazırda Azərbaycanda yaşayır və işləyirəm. Etiket istehsalı ilə məşğuluq. Sərgiyə hələ ki, yeni gəlmişik, amma burada xeyli iştirakçı var. Sərgi çox gözəl təşkil edilib. Stendlər çox gözəl hazırlanıb. Bizi daha çox Azərbaycanda hansı məhsulların istehsal olunduğu maraqlanadırır”.

"Brinkman” Kənd Təsərrüfatı şirkətinin şöbə müdiri Tansel Bukulen 4-5 ildir ki, davamlı olaraq bu sərgiyə qatıldıqlarını dedi: "Brinkman” Hollandiya firmasıdır. Türkiyədə də filialımız var. Biz pomidor istehsal edən istilikxanalara  hər cür ləvazimat veririk. Azərbaycanda hələ ki, filialımız yoxdur, amma uzun zamandır ölkənizlə əlaqə saxlayırıq. Təqribən 4-5 ildir ki, bu sərgilərdə iştirak edirik. Sərgi bizi qane edir. Getdikcə bazar böyüyür və bu, bizi məmnun edir. Bazar böyüdükcə, daha fərqli və daha çox iş görə bilərik. İstilikxana işi ilə məşğul olan şəxslər bizimlə maraqlanır”. 
 
Rəngli və meyvəli bal...  
 
Sərgi iştirakçılarının təəccübünə səbəb olan məhsullardan biri də rəngli bal idi. Biz adətən, şəffaf olan balı görməyə alışsaq da, Rusiyanın "Musikhin” World of Honey şirkəti stendində müxtəlif rəngdə olan bal təqdim edirdi. Şirkətin nümayəndəsi Okan Kibar bildirdi ki, stenddə 48 çeşiddə bal məhsulu sərgi iştirakçılarına təqdim olunur: "Balın çeşidlərinə uyğun olaraq, rənglərinin də sayı çoxdur. Meyvəli bal da var. Onların tərkibində müxtəlif qatqılar əlavə edilərək, fərqli rənglərini əldə edirik. Azərbaycanda şirkətin bir qolu fəaliyyət göstərir və mağazamız var. Sərgidə məhsullarımız  həm iştirakçılara təqdim olunur, həm də  satışı həyata keçirilir. Məhsulların qiyməti fərqlidir. 12, 15, 20  manat arası dəyişir”. 

"Şri Lanka Tea Board” şirkətinin stendindən bildirildi ki, Azərbaycanda çaya xüsusi yanaşma olduğu üçün onların məhsullarına maraq da böyükdür: "Şri-Lankanın Seylon çayını Azərbaycanda təmsil edirik. Sərgi vasitəsilə şirkətin nümayəndələri bazarı araşdırmaq və məhsullarını bazara təqdim etmək üçün Azərbaycana gəliblər. Təqribən 100-dən artıq çay növü təqdim olunur. Məhsullara maraq səviyyəsi çox yüksəkdir. Çünki təmiz çaya tələbat çoxdur”.
 
Və Antalyadan gələn arılar
 
Yunanıstanın stendində isə iki şərab zavodunun məhsulları təqdim olunurdu. Onlar "Lalikos” və "Kelari Dialekto” zavodları idi. Bu stendin yanında da digərləri ilə müqayisədə iştirakçı çox idi. Tərcüməçi Salima Qasımova bildirdi ki, yaxınlaşanlar daha çox şərab içmək üçün gəlirlər: "Kavala şərabları özünəməxsus dadı ilə digərlərindən seçilir və illər boyu nüfuzlu beynəlxalq şərab müsabiqələrində çoxsaylı mükafatlara layiq görülüb. Stendə gəlincə, daha çox şərabla maraqlanan və şərabla bağlı bilgiyə sahib olan insanlar məhsullarımızla maraqlanır. Lakin belə insanların sayının çox olduğunu deyə bilmərəm. İştirakçılar daha çox məhsulun dadına baxmaq üçün yaxınlaşırlar. Stenddə 7 növ məhsul təqdim edilir. Azərbaycandan hələ filialı olmayan şirkət sərgiyə təqdimat üçün qatılıb. Sərgidə məhsullar satılmır. Azərbaycanda bazarı öyrənirik. Avropanın bir çox ölkəsinə məhsul satılsa da, Azərbaycana ilk dəfədir gəlirik. Maraq yaxşı olsa, Azərbaycan bazarında da məhsullarımızı görəcəksiniz”. 

"Biobest” şirkətinin Bombus Arısı da sərginin kənd təsərrüfatı bölməsində iştirakçılara təqdim olunurdu. Arıçılıq ölkəmizdə varsa, bəs bu arıların bizdəkilərdən fərqi nədir? Şirkətin nümayəndələri bildirdilər ki, bu arılar istixanalarda tozlanmanı həyata keçirmək üçün istifadə edilir: "Arılar Antalyadan gətirilib. Bu arılardan istixanalarda tozlanma üçün istifadə edilir. Eyni zamanda, açıq sahələrdə, alma, gilənar, gilas, ərik, alça ağaclarının tozlanmasında da istifadə edə bilirik. Azərbaycanda firmanın rəsmi distributoru da var. Bir-iki həftədən bir, sifarişlər Bakıya çatdırılır. Bəlli bir tutum əldə olunduqdan sonra burada da istehsal etməyi fikirləşirik. Sərgidə də arıların satışı həyata keçirilir. Bir qutunun qiyməti 90 dollardır. İçində 60-80-ə yaxın arı olur. Qutuda bir kraliça arı olur, qalanları işçi arı olur”.
 
Yerli içkiləri fərqləndirən amil 
 
Gilan Holdingin qida bölməsinin marketinq meneceri Tamella Abdullayeva bildirdi ki, şirkətin istehsal etdiyi bütün qida məhsulları sərgidə nümayiş olunur: "Dünəndən etibarən məhsullarımız sərgidə təqdim olunur. Bu gün aktivlik daha çoxdur. Həm yeni, həm də uzun illər ərzində məşhurlaşan bütün brendlərimiz demək olar ki, burda var. Artıq 7-ci ildir ki, biz bu sərgidə iştirakçı oluruq. Əvvəlki illərdən fərqli olaraq, bu il daha çox xarici şirkətlər məhsullarımızla maraqlanırlar. Gürcüstan, Belarus, Sloveniya, Slovakiya və digər Avropa ölkələrindən məhsullarımızla maraqlananlar var. Onlar bizim məhsullarımızı ölkələrinə idxal etməkdə maraqlıdırlar. Holdinqimizin məhsulları dünyanın 30 ölkəsinə ixrac olunur. Amma elə ölkələr var ki, biz orada yoxuq. Ümidvaram ki, sərgidən sonra həmin ölkələrə də məhsul ixrac edə biləcəyik”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da sərgi iştirakçıları arasında idi. Sərginin gözəl təşkil olunduğunu deyən E.Hüseynov çatışmayan məqamlar olduğunu da bildirdi: "Məsələn, bəzi alkoqollu içkilərin üstündə buraxılma tarixi və yararlılıq müddəti olmalıdır. Maraqlı odur ki, yerli istehsalçılar hər iki tarixi qeyd ediblər. Bu, çox üstün bir məqamdır. Çünki çox adam elə bilir ki, içkinin yararlılıq müddəti olmur. Məsələn, belaruslar və gürcülər içkilərin yararlılıq tarixinin sonsuz olduğunu düşünürlər. Ancaq araqların yararlılıq müddəti bir ildən, şərabların 6 aydan, konyakların isə üç ildən çox deyil. Sərgidə təqdim olunan xarici və bəzi yerli içkilərin təqribən 80 faizinin üzərində tarix yoxdur”.

Şəbnəm Mehdizadə
Aygün Əhmədova
















 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002