AZE | RUS | ENG |

Qlobal enerji təhlükəsizliyi problemi və “Əsrin müqaviləsi”

Qlobal enerji təhlükəsizliyi problemi və “Əsrin müqaviləsi”
Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin "müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olmaq və olmamaq üzrə bölgü ilə müəyyən ediləcək” fikri təsadüfi sayılmamalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun "Qlobal enerji təhlükəsizliyi problemi və "Əsrin müqaviləsi” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir: "Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onların bir çoxunun, ümumiyyətlə, karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.), digərlərinin malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük Britaniya, Norveç, Niderland). ABŞ isə dünya neft hasilatında 8 faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft Şurasının statistik məlumatlarında qeyd olunur ki, 1996-cı ildə neftə olan sutkalıq tələbat 71 milyon barrel təşkil edirdisə, 2030-cu ildə bu göstəricinin 138 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır və onun da 30 milyon barreli təkcə ABŞ-ın payına düşəcək.

Dünya neft-qaz bazarı istehlakçılarının strukturunda da dəyişiklik baş vermişdir. Əvvəllər 3 yüksək inkişaf etmiş region neft və qazın əsas istehlakçıları hesab olunurdu: Şimali Amerika (ilk növbədə, ABŞ), Avropa İttifaqı (ilk növbədə, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və Şimal-Şərqi Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan). Hazırda dinamik iqtisadi inkişaf tempi ilə bağlı olaraq Çin, Hindistan, Braziliya, Tailand və bir sıra digər dövlətlərin karbohidrogen ehtiyatlarına olan tələbatı xeyli dərəcədə artmışdır. Çin, hətta Yaponiyanı bu sahədə ötərək dünya neft istehlakında 9 faizlik göstəriciyə malik olmuşdur və yalnız ABŞ-dan geri qalır.

Başqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında 80 faizlik paya malik olan böyük dövlətlər təxminən 20 faizə bərabər enerji ehtiyatlarına malikdirlər. Bir çox hallarda onlar bunu tarixi ədalətsizlik kimi dəyərləndirir və belə bölgünün aradan qaldırılmasının vacibliyini vurğulayırlar.

Bir sıra mütəxəssislərin fikrincə, gələcəkdə bu tələbə etiraz edən neft-qaz ölkələrinin "enerji millətçiliyi”ndə və hətta "enerji terrorizmi”ndə ittiham ediləcəkləri istisna deyil.

Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə təsdiqləyir ki, dünyada enerji resurslarına olan tələbat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi var.

Bu, bir həqiqətdir ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. Hələ 1846-cı ildə, yəni, Pensilvaniyada neft yataqlarının aşkar olunmasından (1859-cu il) 10 ildən də artıq bir müddətdə Azərbaycanda, Bibiheybət ərazisində ilk neft quyusu fontan vurmuşdur. Yeri gəlmişkən, dünyada sənaye üsulu ilə neft hasilatı ilk dəfə XIX əsrdə məhz Azərbaycanda həyata keçirilmişdir. Dünyada dəniz yataqlarından da ilk dəfə neft 1949-cu ildə Azərbaycanda çıxarılmışdır.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin enerji hasilatı tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Azərbaycan öz sərvətlərinin real sahibi olmaq hüququ əldə etdi. Təəssüf ki, 1993-cü ilədək hakimiyyətdə olmuş iqtidarların səriştəsiz və bacarıqsız siyasəti nəticəsində, faktiki olaraq, Azərbaycanın müstəqil və səmərəli enerji siyasəti formalaşmadı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın xahiş və tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə, o cümlədən enerji sektorunda milli maraqlara söykənən siyasət həyata keçirməyə başladı.

Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu mühüm siyasi qərar - "Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin neft-qaz siyasətinin formalaşmasına həlledici əhəmiyyətə malik olmuş, eyni zamanda, respublikamızın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazır olduğunu nümayiş etdirmişdir.

Bu, bir həqiqətdir ki, "Əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xaos və anarxiyanın hökm sürdüyü, hakimiyyətdə "Xalq cəbhəsi-Müsavat” kimi antimilli, hakimiyyəti zəbt etmiş, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış, səriştəsiz və bacarıqsız cütlüyün olduğu bir reallıqda heç bir transmilli neft şirkəti Azərbaycana investisiya qoymazdı. "Təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir” məntiqindən çıxış edən iri xarici neft kompaniyaları üçün qoyacaqları sərmayənin təhlükəsizliyinə və gəlirli olmasına təminat əsas məsələ idi. Bu təminatı verə biləcək yeganə şəxs məhz zəmanəmizin dühası Heydər Əliyev idi.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənilməsi haqqında hasilatın pay bölgüsü tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) ən məşhur neft şirkətləri (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da yeni neft strategiyası uğurla həyata keçirilməyə başlanmışdır. Yaponiyanın İtoçu, ABŞ-ın Eksson və Amerada Hess şirkətləri müqaviləyə sonradan qoşulmuşdur. 2007-ci ilin avqustunda Cənubi Koreyanın neft şirkəti də bu müqavilədə iştirak etməyə başlamışdır. "Əsrin müqaviləsi”nin imzalanması mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təbrik nitqində demişdir: "Biz ötən dövrlərdə nə qədər neft çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir həqiqəti nəzərə çatdırmalıyıq ki, son vaxtlaradək, yəni, Azərbaycanın müstəqilliyi əldə olunan dövrlərədək xalqımız heç vaxt öz təbii sərvətinin sahibi olmamışdır. İndi isə biz yeni bir mərhələdə yaşayırıq. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir”.

Bu müqavilə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqil və sərbəst daxili və xarici siyasət yeritməsinin bariz nümunəsi olan və 30 illik müddətə bağladığı ilk beynəlxalq müqavilə idi. Müqavilənin imzalanmasından iki gün sonra, yəni, 1994- cü il sentyabrın 22-də Azərbaycan televiziyası və radiosu ilə çıxışında bu müqavilənin böyük tarixi əhəmiyyətə malik olduğundan bəhs edən Heydər Əliyev demişdir: "O, ötən 150 ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə, ümumiyyətlə, öz xüsusiyyətlərinə görə bu, nadir bir müqavilədir, dünyada oxşarı olmayan bir müqavilədir. Bu da ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti dünyanın yeddi böyük neft şirkətlərinin daxil olduğu konsorsium ilə müqavilə bağlayıb. Həmin şirkətlər ABŞ, Böyük Britaniya, Rusiya, Norveç və Türkiyəyə mənsubdur, sonradan Səudiyyə Ərəbistanının Delta neft şirkəti də onlara qoşulub. Yeddi neft şirkəti bir konsorsiuma daxil olub. Azərbaycan Dövlət Neft Şirkəti ilə 30 il müddətinə müqavilə imzalayıb. Demək, bu konsorsium həm yeddi neft şirkəti, həm də Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı kimi ölkələri təmsil edir. Biz həm neft şirkətləri ilə müqavilə bağlamışıq, həm də bu şirkətlər bizim həmin dövlətlərlə iqtisadi və digər əlaqələrimizin gələcək inkişafı üçün əsas yaratmışlar”. "Əsrin müqaviləsi”nin imzalanması münasibətilə ABŞ prezidenti Bill Klinton 1994-cü il sentyabrın 20-də göndərdiyi teleqramda yazırdı: "Birləşmiş Ştatlar tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O bütün tərəflər üçün mənfəətli olacaq və ölkələrimiz arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan neftinin işlənilməsi Dağlıq Qarabağ regionu daxilində və onun ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində mühüm rol oynaya bilər. Biz çox şadıq ki, siz qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız”. Müqavilənin imzalanmasından sonra Türkiyənin dövlət naziri Nəcməddin Cövdət Prezident Heydər Əliyev tərəfindən qəbul olunarkən o, böyük bir tarixi hadisənin şahidi olduğunu qeyd etmiş, heyrətamiz bir ifadə ilə öz fikrini açıqlayaraq demişdi: "Əgər istiqlaliyyətiniz əlinizdə olmasaydı, bu imza bu gün Bakıda atılmazdı… Neft müqaviləsinə atdığınız bugünkü imza əslində üçrəngli bayrağınızın təsdiqinə atılmış imzadır”.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu enerji diplomatiyasının formalaşmasında yaxından iştirak etmiş Prezident İlham Əliyev bu sahəni yeni inkişaf mərhələsinə yüksəldə bilmişdir. "Əsrin müqaviləsi-2”nin imzalanması məhz möhtərəm Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan Mərkəzdə "Azəri”, "Çıraq” və "Günəşli” yataqları üzrə yeni müqavilənin imzalanması mərasimi oldu. İmzalanmış müqavilənin ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev onun bir sıra əsas parametrlərinə diqqəti cəlb etmişdir: "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın AzAÇG şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.
Dövlət başçısı vurğuladı ki, bu illər ərzində "Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir: "Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq”.

Bu yerdə onu da xatırladaq ki, ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktın imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.

Beləliklə, yuxarıda apardığımız təhlillər belə bir qənaətə gəlməyə əsas verir ki, 25 il bundan əvvəl ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətlərindən biri olan "Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin bugünkü inkişafı və tərəqqisi üçün mühüm baza yaradıldı və Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin şah əsəri olan müasir Azərbaycanın daha da çiçəklənməsi və dünya dövlətləri sırasında ləyaqətli mövqe qazanması üçün mühüm addımlar atıldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də mübarizələr, münaqişələr gedib, hazırda da gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Böyük fransız mütəfəkkiri Volter insana xas olan ən pis xüsusiyyət kimi, biganəlik və laqeydliyi, insana hörmət və şərəf gətirən xarakter kimi isə minnətdarlıq hissini qeyd etmişdir. Elə bu məntiqlə də xalqımız özünün və dövlətinin taleyində xilaskarlıq missiyasını həyata keçirən ulu öndər Heydər Əliyevə qəlbində əbədi heykəl qoymuş və onun misilsiz xidmətlərini hər zaman dərin minnətdarlıq hissi ilə yad edir. Eyni zamanda, xalqımız Ulu Öndərin Azərbaycana sabitlik və inkişaf gətirmiş siyasi kursunu çox sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirən, ona çeviklik, novatorluq və hücum taktikası əlavə edən Prezident İlham Əliyevə eyni hisslərini ifadə edir”.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908