Qiymət bahalaşır, amma qeyri-müəyyənlik də qalır
Ekspertlər yaxın gələcək
üçün neft qiymətlərini proqnozlaşdırmaqda tərəddüd edirlər
Neft Azərbaycan iqtisadiyyatının əhəmiyyətli bir
hissəsini təşkil edir və ölkənin ümumi ixracatının yarısını üstələyir. Düzdür,
hökumətin iqtisadiyyatı şaxələndirmək üçün gördüyü tədbirlər bu vəziyyəti dəyişdirməyə
başlayıb. Neft faktorundan asılılıq getdikcə azalır, lakin neft hələ ki, iqtisadiyyatımızın
lider sahəsi olaraq qalır və bu sahədə kiçik da olsa bütün dalğalanmalar
bütövlükdə iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir edir.
Son günlər dünya bazarında neftin qiyməti artır.
Artıq qara qızılın bir barelinin qiyməti 70 dollara yaxınlaşır. Belə ki, Azərbaycan
neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,5 faiz artaraq 69,59
dollar təşkil edib.
Bəs görəsən
qarşıdakı dövrdə "qara qızıl”ın taleyi necə olacaq? OPEK+ ölkələrinin
razılığından sonra yayda neft bazarını nə gözləyir? Ümumiyyətlə, hazırkı qiyməti
reallığa uyğundurmu?
Hamıya məlumdur ki, 2020-ci ildə neft sahəsi bir
neçə dəfə enmə dalğası yaşayıb. Buna səbəb tələbatın kəskin azalması şəraitində
istehsalın həddən artıq yüksək olması və dünya ölkələrində pandemiya ilə əlaqədar
tətbiq olunan lokdaun idi. Ötən ilin mart ayında neftin qiyməti iki dəfədən
artıq ucuzlaşaraq bir barel üçün 20 dollara qədər düşüb.
Lakin payızın sonlarında koronavirusa qarşı peyvəndlərin
uğurla sınaqdan çıxarılması və ABŞ-da keçirilən prezident seçkilərində Co
Baydenin qələbəsi bazarda qiymətlərin artımına səbəb olub. Qiymət yanvar ayında
son səkkiz ayda maksimum həddə çatıb və bu artım OPEC ölkələrinin növbəti qərarları
və neft hasilatının məhdudlaşdırılması fonunda baş verib. Beləliklə, fevral
ayında Brent markalı neftin bir barelinin qiyməti 65 dollara – böhrandan əvvəlki
səviyyəyə çatıb.
Avropada koronavirusun üçüncü dalğası və lokdaun
elan olunduqdan sonra mart ayında neftin qiyməti 61 dollara düşüb. Məhdudiyyətlər
bitdikdən sonra isə, yenidən artım müşahidə olunub.
"Bloomberg”
agentliyinin
araşdırmasında qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) hasilat
artırma planlarına başlamazdan əvvəl aprel ayında neft hasilatını sabit
saxlayıb. Agentliyə görə, OPEC ölkələrinin ortalama neft hasilatı keçən ay gündəlik
25,27 milyon barel olub. Bu, mart ayındakı göstəricidən sutkalıq təxminən 50
min barel azdır.
"Citigroup”a görə isə, qlobal neft tələbatı bu yay
pandemiyadan əvvəlki səviyyəyə yüksələcək: "Dünya Çin və ABŞ başda olmaqla
pandemiyanın qlobal yanacaq istehlakına da təsir etdiyi böhrandan çıxmaq ərəfəsindədir.
Tələbat artmaqda davam etdikcə xammalın ehtiyatları sutkada 2,2 milyon barel
azalmaqda davam edəcək. Nəticədə Brent markalı neftin cari ildə qiyməti 74
dollar və daha artıq olacaq.
Enerji məsələləri
üzrə ekspert Zəfər Vəliyevdeyir
ki,əgər fiziki bazarlar hazırkı qiyməti qəbul etməsə, onda neftin qiyməti 67-68
dollar civarında dəyişəcək: "Brent markalı neftin qiymətinin 70 dollara
yaxınlaşması ilə biz ilin əvvəlində də rastlaşdıq.Amma çox qısa müddətdə fiziki
bazarlar bu qiyməti qəbul etmədi və neftin qiyməti 70 dollardan aşağı düşdü.
Birinci rübdə neftə olan tələbatla ikinci rüb arasında fərq var. Yəni cari ilin
birinci rübündə neftə olan tələbat 93,4 milyon barel civarında dəyərləndirilir.
Bu,OPEC və kənar müttəfiq ölkələrin yaratdığı rəylərə əsasən formalaşıb. Eyni
zamanda Beynəlxalq Enerji Agentliyinin də məlumatında göstərilir ki, cari ilin
birinci rübündə neftə olan gündəlik tələbat 93 milyon 430 min barel civarında
olacaqdır. İkinci rübündə artıq neftə olan tələbatda dəyişiklik baş verir. Yəni
ikinci rübdə neftə olan tələbat ortalama 95 milyon barel civarında dəyərləndirilir.
Deməli kifayət qədər artım var. İndi neftin qiyməti artıq 70 dollar
civarındadır. Əgər fiziki bazarda neftin bu qiymətini qəbul edəcəklərsə, deməli,
neftin qiyməti ikinci rübdə də70 dollar civarında qərar tutacaq. Yox əgər
fiziki bazarlar bu qiyməti qəbul etməsə, onda neftin qiyməti 67-68 dollar
civarında dəyişəcək. Bu qiymət həm neft hasil edən dövlətləri, həm də
istehlakçıları qane edir. Əsas məsələ odur ki, qlobal neft bazarında neft qiymətlərindəsabitlik
təmin edilib. Bu da bazarın düzgün tənzimlənməsi ilə bağlıdır.May ayından
başlayaraq iyul ayının sonuna kimi OPEC və müttəfiq dövlətlər hasilatın artırılması
ilə bağlı qərar qəbul ediblər. Bu ay qlobal neft bazarlarına əlavə olaraq, gündəlik
3ay ərzində 2,1 milyon barel neft daxil olacaq. OPEC+ və eyni zamanda Səudiyyə
Ərəbistanı 3 ay müddətində neft bazarlarına əlavə 2milyon 140 min barel neft
daxil edəcəklər. Əgər bu neft fiziki bazarlar tərəfindən qəbul ediləcəksə, onda
neftin qiymətində müəyyən dəyişikliklər olacaq”.
Ekspert vurğulayır ki, neftin qiymətinə təsir edən
digər bir amil pandemiya ilə bağlı ayır-ayrı dövlətlərdə sosial stimullaşdırma
tədbirləridir: "Ayrı-ayrı ölkə hökumətlərinin fiskal stimullaşdırılma tədbirləri və koronavirus
peyvəndinin tətbiq dinamikası bir çox ölkələrin, məxsusən də inkişaf etmiş ölkələrin
iqtisadi perspektivlərini yaxşılaşdırdı və qlobal ÜDM-in artım tempinə təkan
verdi. Bu isə neftə olan tələbatın artmasına bir işarədir. Bu, dünyada mövcud
olan neft emalı zavodlarının gündəlik xammalla yüklənməsində artımın baş verməsinə
səbəb olacaq. Gələcək aylarda yol-nəqliyyat yanacağının növlərinə tələbat
müşahidə olunacaq. Amma Azərbaycan nefti bu tələbatı ödəmək qabiliyyətindədir.
Məsələn, 2020-cil ildə dünyanın gündəlik avtomobil benzininə olan tələbatı 41
milyon 300 min barel civarında dəyərləndirilirdisə, bu il o göstərici 45 milyon
100 min bareldir. Artım o deməkdir ki, artıq neft emal zavodlarının gündəlik
xammalla yüklənməsi keçən illə müqayisədə bu il daha artıq olacaq. Hesab edirəm
ki, ikinci rübdə də neftin qiymətləri 67-68 dollar bareldə sabit qalarsa, bu,
fiziki bazarlara daha çox üstünlük verər. Neftin qiymətinin süni şəkildə artırılması fiziki
bazarlar tərəfindən qəbul edilmir. Çünki balans var. O balans qorunub
saxlanılmalıdır. Biz gördük ki, neft bazarlarında qiymətin 67,68 dollar
civarında olması daha yaxşıdır”.
İqtisadçı
ekspert Pərviz Heydərov isə deyir ki, neftin dünya bazarlarında tələb və tətbiq nöqteyi nəzərindən
mövcud durumu kifayət qədər uzaqmənzilli rəy bildirməyə imkan vermir: "Neftin
qiyməti ilə bağlı uzunmüddətli proqnoz vermək mümkün deyil. Həm qlobal
iqtisadiyyatda vəziyyət qeyri-müəyyəndir, həm pandemiya şəraiti ilə əlaqədar
olaraq vəziyyət o qədər də aydın deyil, həm də ümumiyyətlə neftin dünya
bazarlarında tələb və tətbiq nöqteyi-nəzərindən mövcud durumu kifayət qədər
uzaqmənzilli rəy bildirməyə imkan vermir. Qlobal iqtisadiyyatda hazırda tədricən
iqtisadi aktivlik, fəallıq bərpa olunmağa başlayıb. Yəni ilkin müşahidələr söyləməyə
əsas verir ki, bu sahədə müəyyən işartılar görünür. Amma vaksinasiya prosesi ilə
bağlı olaraq, mövcud durum hələki, tam nikbin olmağa əsas vermir. Məsələn, ən
çox neft idxal edən ölkələrdən biri sayılan Hindistanda pandemiya pik həddədir.
Bu da o deməkdir ki, bu ölkədə iqtisadiyyatın bərpa olunmasından, iqtisadi
aktivlikdən söhbət gedə bilməz. Belə bir durumda Hindistan kimi ölkənin neft
alışı zəifləyəcək. Bu isə tələbin aşağı düşməsi deməkdir. Amma ümumiyyətlə
götürdükdə Amerika, Çin iqtisadiyyatında gedən prosesləri nəzərə alsaq, bu ölkələrdə
iqtisadiyyat bərpa olunmaq istəyir və neftə tələbat getdikcə artır. Üçüncü amil
ondan ibarətdir ki, Amerikada dolların kursu digər valyutalara nisbətdə, məsələn
avroya qarşı nisbətdə ucuzlaşma meyli nümayiş etdirir. Dolların ucuzlaşması isə
adətən neftin bahalaşması ilə nəticələnir. Ona görə də hazırda neftin 70
dollara yaxın qiymət nümayiş etdirməsi haradasa başadüşüləndir. Amma yay
aylarında əgər pandemiya zəifləməkdə davam edərsə və turizmin bərpası istiqamətində
müəyyən işartılar nümayiş olunarsa, bu, neftə olan tələbin artması ilə nəticələnəcək.
Bunun nəticəsində qiymətlərin ucuzlaşması ehtimalı sıfırlanacaq”.
Ekspert vurğulayır ki, yaxın müddətdə neftin qiymətində
ucuzlaşma gözləmir: "Lakin kəskin bahalaşma da gözlənilən deyil. Bu nöqteyi-nəzərdən
Azərbaycan iqtisadiyyatı üçün cari ildə heç bir ciddi, mənfi mənada təzyiq və təsir
amilləri gözlənilmir. Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 40
dollardan götürülür. Hazırda isə qiymət 70 dollara yaxın səviyyədədir. İlin
sonuna qədər bu vəziyyətin qalacağı ehtimal böyükdür”.
Birja
eksperti Nikolay Podlevskikh deyir ki, neftin qiyməti hələ də çox dəyişkəndir və gələcəkdə onun
başına nə gələcəyini təxmin etmək çətindir. Yeni nəqliyyat növlərinə keçid,
elektrik enerjisi istehsalının yeni üsulları sayəsində neftə olan tələbin
azalması - bütün bunlar neft qiymətlərini bir barel üçün 10 dollara qədər
çökdürə bilər. Lakin, mütəxəssislərə görə, bunun yaxın 10-20 ildə baş verəcəyi
ehtimalı azdır: "Bu il ərzində neft qiymətləri keçən yaz ərzində sarsılmış səviyyələri
tamamilə düzəltdi. Həmin vaxt, nəqliyyat kollapsı və OPEC + içindəki fikir
ayrılıqları səbəbindən, neft qiymətləri demək olar ki, kəskin bir eniş göstərdi.Tarixə
baxsaq görərik ki, neft qiymətləri bu gün rifahımız üçün ölümcül görünən bir
barel üçün təxminən 10 dollar səviyyəsini dəfələrlə aşıb. Aşağı neft qiymətlərinin
neft ölkələrinin iqtisadiyyatını "metodik olaraq öldürdüyü"ni görmək
üçün 90-cı illərdə qiymətlərin düşməsini xatırlamaq kifayətdir. O vaxtdan bəri dünyada neftə olan tələb və təklif
tarazlığı ilə bağlı vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Ancaq bu gün də neft
qiymətləri çox dəyişkən olaraq qalır və onların hətta 2 dəfəyədək enməsini
istisna etmək çətindir”.
Aygün ƏZİZ