AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

QHT-lər koronavirusla mübarizədə hansı dəstəyi verə bilərlər?

QHT-lər koronavirusla mübarizədə hansı dəstəyi verə bilərlər?

Cəmiyyət
31 Mart 2020, 18:10 622
"Qeyri-hökumət təşkilatları bu çətin anda dövətin yanında olmalı, vətəndaşla dövlət arasında körpü rolunu oynamalıdır”
 
Dünyada yayılan koronavirus pandemiyası təhlükəsi Azərbaycanda da mövcuddur. Bu təhlükənin qarşısının alınması istiqamətində dövlət qurumları, səhiyyə müəssisələri və digər əlaqədar qurumlar əlindən gələni edir. Hətta Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq vətəndaşların özünütəcrdi qaydalarına əməl edilməsi, gigiyenanı qoruması və mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması ilə bağlı mövcud qaydalar tətbiq edilib. Lakin çox təəssüflə bildirmək lazımdır ki, sosial məsuliyyətsizlikdən irəli gələrək, bir sıra insanlar qaydaları pozur və özü ilə yanaşı digərlərini də təhlükə ilə üz-üzə qoyur. Bu baxımdan əhali arasında məlumatlandırma və təbliğat-təşviqat işinin gücləndirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının rolu önə çıxmış olur. Bəs görəsən qeyri-hökumət təşkilatları koronavirusla mübarizə işinə hansı dəstəyi verə bilərlər?
 
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov bildirdi ki, bu gün başda cənab Prezident olmaqla Azərbaycan hökuməti koronovirus təhlükəsinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri atır: "Hətta mən deyərdim ki, bu dünyanın bir çox inkişaf etmiş ölkələrinə nümunə ola bilər. Bunu artıq tək biz yox, dünyanın bir çox tanınmış mütəxəssisləri dilə gətirir. Bu gün Azərbaycan vətəndaşının da əsas vəzifələrindən biri tələb olunan qaydalara əməl etməklə, dövlətə bu işdə yardımçı olmaqdır. Əlbəttə ki, vətəndaşların məsuliyyətli olmağı bizi bu bəladan tez bir zamanda xilas edəcək. Bu gün eyni zamanda vətəndaş cəmiyyətinin də nümayəndələrinin çiyninə çox böyük məsuliyyət düşür. Qeyri-hökumət təşkilatları bu çətin anda dövətin yanında olmalı, vətəndaşla dövlət arasında körpü rolunu oynamalıdır. Xüsisilə də, əhali arasında maarifləndirmə işlərinin aparılması, psixoloji yardım, sosial şəbəkələrdə müxtəlif kampaniyalar, çağırışlar və s. edilməlidir. İnamla deyərdim ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bu işin öhdəsindən uğurla, məsuliyyətlə gəlir. Sosial şəbəkələrdən tutmuş, küçə və prospektlərə qədər bütün maarifləndirmə işləri aparılır”.

A.Xəlilov qeyd etdi ki, QHT-lər dövlət başçısının təşəbbüsünə qoşularaq yaradılmış fonda ianələr köçürür: "Xüsusilə, bu çətin günlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini qeyd etmək istəyirəm. İlk günlərdən Şura bu istiqamətdə dövlətin apardığı işlərin yanında olub və qeyri-hökumət təşkilatlarını bu istiqamətdə səfərbər edərək geniş maarifləndirmə kampaniyasına start verib. "Real” TV ilə birgə "Evdə qal” kampaniyası, Şura üzvlərinin və katibliyin ianə köçürməsi, Şuranın birinci müsabiqəsinin qalibi olmuş ixtisaslı qeyri-hökumət təşkilatlarının layihələrinin koronavirusa qarşı mübarizə istiqamətinə yönləndirilməsi qeyd etdiklərimə misaldır. Vətəndaş cəmiyyəti institutları da təşəbbüsü böyük məmnunluqla qəbul etdilər və artıq bu istiqamətdə fəaliyyətə başlayıblar. Hesab edirəm ki, Azərbaycan QHT-ləri bu gün öz üzərlərinə düşən missiyanı ləyaqətlə və həvəslə yerinə yetirir, dövlətin yanında olaraq onun qoyduğu tələblər əsasında əhali ilə sıx maarifləndimrə işlər aparırlar. İnanıram ki, dövlətimizin bu bəla ilə apardığı mübarizə metodları və vətəndaşlarımızın da məsuliyyətli davranması sayəsində ölkəmiz bu təhlükədən qurtulacaq. Tanrı Azərbaycanımızı qorusun!”
 
 

"ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova bildirdi ki, rəhbərlik etdiyi təşkilat "Real” TV və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdiyi layihə qoşulub: "Ümumiyyətlə, əvvəldən qeyri-hökumət təşkilatlarının əsas funksiyası maarifləndirmədir. Nəzərə alsaq ki, bizə karantin rejimi ilə bağlı qadağalar şamildir. Əlbəttə ki, ilk növbədə həmin maarifləndirmə işləri sosial şəbəkə üzərindən həyata keçirilir. Həm də ki, qohumlar, tanışlar, qonşuların hamısı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayırıq. Onu da qeyd edim ki, hər qeyri-hökumət təşkilatının özünün əhatə dairəsi var və orada müəyyən informasiya mübadiləsi və maarifləndirmə işlərini aparmaq mümkündür. Odur ki, ilk növbədə məqsədyönlü şəkildə dövlətin, ölkə rəhbərliyinin virusla mübarizəyə həsr olunmuş tədbirlərinin əhaliyə izah olunmasına, yəni təbliğat-təşviqat kampaniyasına və təşvişin yaranmaması üçün əhali arasında lazımi məlumatların yayılmasına dəstək olmalıyıq”.
 


Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ) Müşfiq Ələsgərli bildirdi ki, koronavirusa qarşı qlobal səviyyədə aparılan mübarizə bir faktı ortaya qoydu ki, mübarizənin effektli olması üçün dövlətlərin gördüyü işlər yetərli deyil: "Dövlət, səhiyyə müəssisələri əllərindən gələni edirlər. İnzibati tətbiqlər var, həkimlər əlindən gələni edir, amma bunun yetərli olmadığı özünü göstərir. Çünki yoluxma o qədər sürətlidir ki, səhiyyə müəssisələri bunun qarşısını ala bilmirlər, bundan başqa müəyyən vəsait, texniki çatışmazlıqlar olur və s. Yəni burada ilk məsələ yoluxma hallarının tempinin aşağı salınmasıdır. Bu da dövlətdən yox, cəmiyyətdən asılı olan məsələdir. Yəni indiyə qədər qlobal səviyyədə əldə olunmuş nəticə odur ki, insanlar nə qədər çox az gəzsələr, başqaları ilə təmasda olsalar, yoluxma halları aşağı düşər. Bu baş verərsə, dövlətlər də, səhiyyə müəssisələri də virusa qarşı effektiv iş görə bilərlər. Sözü ona gətirirəm ki, yoluxmanın sürətinin artması birbaşa cəmiyyətdən, fərdlərdən asılıdır. Ona görə də çox ciddi şəkildə təbliğat-təşviqat aparılmalıdır və bu da aparılır. Bununda nəticəsində insanlar özlərini təcrid etməlidirlər ki, yoluxmanın səviyyəsi aşağı düşsün və dövlət də qabaqlayıcı addımlar ata bilsin”.

M.Ələsgərli bildirdi ki, cəmiyyətin səfərbər olunması və özünütəcrid statusuna keçməsi üçün ən yaxşı vasitə cəmiyyət institutlarıdır: " Vətəndaş cəmiyyəti institutları da kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarıdır. Bu baxımdan onların hər ikisi cəmiyyət arasında təbliğat-təşviqat işinin, maarifləndirmənin aparılmasında çox mühüm rol oynaya bilərlər. Düzdür, kütləvi informasiya vasitələri burada ötürücü faktordur. Amma bu sahədə ciddi ekspertlərə, məlumat bazasına, çoxlu vəsaitlərə ehtiyac var ki, bu məsələdə qeyri-hökumət təşkilatları bunu təmin edə bilərlər. Ona görə də hesab edirəm ki, bu məsələdə vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi çox ağlabatan versiyadır. Bu baxımdan vətəndaş cəmiyyətinin iki komponentinin, yəni kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının üzərinə çox mühüm missiya düşür. Media əvvəldən prosesin içindədir və məlumatlandırma, maarifləndirmə işi aparır. Amma bununla yanaşı, o qədər danışırlar ki, artıq məsələ şüarçılıq səviyyəsinə keçir. Ona görə də, bir az yeni tətbiqlər etmək, metodologiyalar tapmaq lazımdır. Yeni metodologiyanın da tapılmasında, Azərbaycan cəmiyyətinə çatdırılmasında qeyri-hökumət təşkilatlarının müstəsna rolu ola bilər. Çox yaxşı haldır ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası artıq bu təşəbbüslə çıxış edib”.
 


"XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirdi ki, rəhbərlik etdiyi təşkilat "Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub: "Bununla əlaqədar olaraq, bu gün biz Bakının Nərimanov, Nəsimi və Səbail rayonlarında monitorinq və məlumatlandırma kampaniyası apardıq. Müşahidələr onu göstərdi ki, hələ də əhalinin bir qismi küçələrdədir, uşaqlar velosiped sürür, valideynlər övladlarını gəzdirir, əhalinin çox hissəsi maskasızdır. Bundan əlavə olaraq, əhalinin çoxu bu barədə tam məlumatlı deyil, məsələyə ciddi yanaşmırlar, adi qrip kimi anlayırlar. Fikrimcə, ilk növbədə valideynlərlə maarifləndirici iş aparmalıdır ki, uşaqları evdən çölə buraxmasınlar. Dayanacaqlarda dezinfeksiya maddələri, spirt qoyularsa, daha yaxşı olar”.

M.Əmirhüseynova hesab edir ki, maarifləndirici bukletlər olmalıdır: "Plakatlar hazırlanıb marketlərdə, dayanacaqlarda və iş yerlərində yerləşdirilərsə, məlumatlandırma daha effektli olar. İnanıram ki, həmişə ölkəmizin milli maraqlarını üstün tutan QHT-lər və tərəfdaş qurumlarla birgə bizi ciddi şəkildə təhdid edən koronavirusla mübarizədə bütün resursları səfərbər edərək Şuranın başlatdığı layihəni dəstəkləyəcək, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.

BƏXTİYAR