• şənbə, 27 Aprel, 01:06
  • Baku Bakı 14°C

Qeyri-neft sektoru – iqtisadiyyatın gələcəyi

15.01.14 10:55 1807
Qeyri-neft sektoru – iqtisadiyyatın gələcəyi
“Ötən il qeyri-neft sektoru 9,8 faiz artıb. Bu da son illərdə aparılan islahatların nəticəsidir”. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına, 2014-cü ildə qarşıda duran məsələlərə həsr olunmuş müşavirəsində deyib. Onun sözlərinə görə, qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcək: “Əminəm ki, biz bu dinamikanı saxlayacağıq”.
Prezident qeyd edib ki, 2014-cü ildə sahibkarlara dəstək davam etdiriləcək. Konkret layihələr üzrə sahibkarlara dövlət tərəfindən köməyin davam etdiriləcəyini vurğulayan ölkə başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı da prioritet olacaq: “Kənd təsərrüfatının inkişafı növbəti illər üçün qeyri-neft sektorunun inkişafı istiqamətində prioritetlərdən biri olacaq. Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramı da icra edilir. Son illərdə bu istiqamətdə böyük addımlar atılıb, idxaldan asılılığımız böyük dərəcədə azalıb”.
Müşavirədə dövlət başçısı bu il qeyri-neft sektorunun xüsusilə prioritet təşkil edəcəyini vurğulayıb. Bəs bu sahədə indiyədək hansı işlər görülüb? Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı son illərdə inkişaf dinamikasına və artım meyillərinə görə fərqlənməklə bərabər, həm də iqtisadi və sosial idarəetmədə yeni elementlərin tətbiq olunması ilə diqqəti cəlb edir. Bu tendensiya iqtisadiyyatın strukturunda yeniləşmənin bütün təzahürlərinin meydana çıxmasına səbəb olub. Yəni ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub. Burada, ilk növbədə, zəngin neft-qaz ehtiyatlarından əldə olunan gəlirlərin digər iqtisadi sahələrə yönəldilməsi ilə qeyri-neft sahələrinin inkişafını xüsusi qeyd etmək olar. Son illər qeyri-neft sektorunda baş verən artım dinamikası da enerji resurslarının şaxələndirilməsi ilə bağlı siyasətin nəticəsi sayıla bilər.
Azərbaycan hökumətinin müəyyən etdiyi uzunmüddətli strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominantlığını möhkəmləndirməkdir. Prezident İlham Əliyev növbəti 10 il ərzində neft və qaz hasilatını sabit saxlamaqla iqtisadiyyatın artımının qeyri-neft sektoru hesabına təmin edilməsinin başlıca məqsədlərdən olduğunu bildirib: “Biz neft hasilatının yüksək həddinə çatmışıq, ondan çox artırmaq da lazım deyildir. Mən hesab edirəm ki, hasilatı bu səviyyədə saxlamalıyıq ki, daha da uzun müddət ərzində insanlarımız bundan istifadə etsinlər. Ancaq biz buna qeyri-neft sektorunun hesabına nail ola bilərik”.
Qeyri-neft-qaz sektoru sırasında gələcək inkişafın əsasını təşkil edən təməllərdən biri kimi sənayeləşmənin xüsusi yer tutacağını qeyd etmək olar. Proqnozlara görə, orta müddətli inkişaf proqramlarının icrası sayəsində sənaye potensialı ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutacaq, sənayeləşmənin bu cür yüksək sürətlə davam etməsinə ölkənin zəngin valyuta ehtiyatları əlverişli impuls verəcək. Bu ilin “Sənaye ili” elan edilməsi də proqnozların reallığından xəbər verir.
“İKT ili”ndə olanlar
Hökumət digər bir sahəni - İKT sektorundan əldə olunacaq gəlirləri ölkə iqtisadiyyatının inkişafının əsas maliyyə mənbələrindən biri hesab edir. Hazırda bu sahədən əldə olunan gəlirlərin həcmi illik 15 faizdən çox təşkil edir və bu göstərici ümumdünya orta göstəricisindən təxminən iki dəfə çoxdur. Yeri gəlmişkən, ötən il “İKT ili” kimi tarixə düşdü və il ərzində bu sahədə xeyli irimiqyaslı tədbirlər reallaşdırıldı. Elə Azərbaycanın ilk milli peyki də ötən il orbitə buraxıldı. Hansı ki, ölkəmizə milyardlarla manat gəlir gətirəcəyi prqnozlaşdırılır.
Ümumiyyətlə İKT üzrə ümumi gəlirlər 2 milyard dolları ötüb. Bütün bunlar isə görülmüş işlər nəticəsində əldə edilən nailiyyətlərin göstəricisidir.
Ölkəmizdə 3-cü nəsil texnologiya tamamilə, Bakı və Abşeronda isə 4-cü nəsil rabitə texnologiyaları tətbiq olunmağa başlanılıb. Mobil nömrələrin operatorlar arasında avtomatik daşınma sistemi yaradılıb. Mobil və stasionar rabitə ilə əlaqədar görülən işlər ölkəmizin öncül yerlərə çıxmasına səbəb olub. Radio və televiziya texniki yayım infrastrukturunun inkişafında hesabat ili rəqəmli efirə keçidlə yadda qalıb. 2013-cü ildə bütün ölkə əhalisinin 95-98 faizi rəqəmli televiziya ilə əhatə olunub və ölkəmiz analoq efiri ilə vidalaşmağa hazırdır. Hesabat ilində poçt sektorunda gəlirlər 5,5 faiz artıb. Həmçinin “Elektron hökumət” portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi genişlənib, hesabat ilində portala yeni xidmətlər əlavə olunub. Beləliklə, Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmətdən 281-i hökumət portalı vasitəsi ilə rəsmi verilir. Kosmik fəaliyyət sahəsində “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılaraq 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlayıb. Peykdə 60-dan çox televiziya kanalının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac xidmətləri göstərilib və bu vəsait “Azərkosmos ASC” tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60–65 faizinin ödənilməsinə yönəlib.
2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri başa çatmışdır və yaxın vaxtlarda tender elan olunacaq. Qeyd edək ki, bütün bunları rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov müşavirədəki çıxışında bildirib.
Turizm sahəsində görülən işlər
Diqqətə çatdıraq ki, ölkəmizin qeyri-neft sektorunda prioritet sahələrdən biri də turizmdir. Elə bu səbəbdən də 2011-ci il “Turizm ili” elan edilmişdi və həmin ildə, ondan sonrakı illərdə bu sahədə görülən işlər artıq bəhrəsini verməkdədir. Bu müddət ərzində ölkənin turizm potensialının təbliği sahəsində mühüm işlər görülüb. Turizm sektorunda ən vacib amillərdən olan infrastruktur ötən illər ərzində turistlərə keyfiyyətli xidmət edəcək səviyyədə qurulub. Ölkədə yeni istifadəyə verilən hotellər də buna nümunədir. Təkcə Bakıda 5-6 yeni 5 ulduzlu hotelin açılması görülmüş işlərin həcmindən xəbər verir. Məlumat üçün bildirək ki, ölkədə 10 il bundan öncə cəmi 6 min turistin yerləşdirmə yeri var idisə, bu gün isə 31 mindən artıq yataq yeri mövcuddur. Onların 11 mini isə Bakı yerləşir.
Qeyd edək ki, qış turizminin inkişafı məqsədilə Qusar rayonunun Ləzə kəndi yaxınlığında, Şahdağın ətəklərində salınan “Şahdağ qış-yay turizm kompleksi” artıq istifadəyə verilib. Gündəlik beş min turist qəbul etmək iqtidarında olan kompleksdə müxtəlif həcmdə üç, dörd, beş ulduzlu hotellərin, kiçik yaylaq evlərinin və kotteclərin eləcə də, ticarət mərkəzləri, restoranlar, əyləncə xidməti və məişət obyektlərinin tikintisi də nəzərdə tutulub. Dəniz səviyyəsindən 1300 metrlə 2554 metr arasındakı hündürlükdə yerləşən “Şahdağ qış-yay turizm kompleksi”nin ərazisi 2045 hektardan artıq sahəni əhatə edir ki, bu da turistlərin rahat istirahətinə geniş imkanlar yaradır.
Kənd təsərrüfatı-həmişə prioritetdir
Qeyri-neft sektorunda prioritet sahələrdən biri də aqrar bölmədir. Dövlət səviyyəsində bu sahədə fəaliyyət göstərən fermerlərə edilən yardımlar, suvarma problemlərinin həlli istiqamətində həyata keçirilən layihələr deməyə əsas verir ki, bu potensialdan istifadə olunur. İqtisadi məşğul əhalinin ən çox çalışdığı (45%) bu sektor hazırda inkişaf tempinə görə xüsusi fərqlənir. Aqrar bölmədə isə illik inkişaf tempi 10%-i ötüb. Dövlətin bu sahəyə dəstəyinin gücləndirilməsi kənd təsərrüfatının ÜDM-də payının artmasına gətirib çıxarmaqla yanaşı, iqtisadi fəal əhalinin də sayının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq. Elə İlham Əliyev son müşavirədəki çıxışı zamanı kənd təsərrüfatında geniş miqyaslı işlərin görüləcəyini bildirib.
Bütün bunlardan əlavə, iqtisadiyyatın digər sahələrində də böyük işlər görülüb, yol-nəqliyyat, təhsil, səhiyyə və s. digər sahələrdə də ciddi uğurlara nail olunub. Bir neçə il əvvəl ciddi problemə çevrilən məsələlər artıq öz həllini tapıb.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər