• şənbə, 27 Aprel, 04:21
  • Baku Bakı 14°C

Qeyri-ciddi və əməkdaşlıq ruhuna zidd addım

08.09.16 11:41 882
Qeyri-ciddi və əməkdaşlıq ruhuna zidd addım
DESFA-nın (Yunanıstanın qaz nəqli operatoru) özəlləşdirilməsi ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Buna səbəb isə sözügedən dövlətin energetika naziri Panos Skurletisin "Azərbaycan tərəfi iqtisadiyyatdakı durğunluq səbəbindən DESFA-nın özəlləşdirilməsindən imtina etmək istəyir” açıqlaması olub. Nazirin fikirləri birmənalı qarşılanmayıb və ölkəmizə hörmətsizlik kimi qiymətləndirilib. Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev yunan nazirin açıqlamasına cavabında deyib ki, bu cür bəyanatlar qəbulolunmazdır və təəccüb doğurur: "Nazir Azərbaycana qarşı hörmətsizlik etməməli idi. İki dost ölkənin rəsmiləri özünü bu cür aparmamalıdır. Bəyanatın mahiyyətinə gəldikdə, səslənən fikirlər həqiqəti əks etdirmir. Azərbaycan, o cümlədən SOCAR bir çox ölkələrə, məsələn, Rusiya, Türkiyə, İran, Gürcüstan, İsveçrə, Malta, Bolqarıstan, Çernoqoriya, Serbiya və s ölkələrə iri investisiyalar yatırıb və etibarlı tərəfdaş olduğunu sübut edib. İctimaiyyətin diqqətinə bir məqamı da çatdırmaq istərdim. 2013-cü ildə SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderi udub. Qiyməti 325 mln. avro idi. Lakin o zaman baş nazir Azərbaycan prezidentinə müraciət edərək bildirdi ki, ölkənin iqtisadi durumu çətindir və DESFA-nın bazar dəyəri 400 mln. avroyadək artırılıb. Biz tərəfdaşlarımızın təklifinə müsbət reaksiya verdik, onlarla həmrəyliyimizi göstərdik. Hər hansı bir ölkə və ya investor göstərin ki, bir məhsulu bazar dəyərindən 20% artıq qiymətə alsın. Halbuki, DESFA-nın özəlləşdirilməsinə heç bir Avropa şirkəti maraq göstərməyib. Anlaşılmazlığa baxmayaraq, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsində maraqlıdır və proseduru yekunlaşdırmaq istəyir. Şirkətin bazar dəyəri azalıb, risklər artıb. Potensial investor olan SOCAR-a hörmətlə yanaşmaq lazımdır".

Qeyd edək ki, Yunanıstan tərəfinin bu cür davranışları səbəbsiz hesab olunmur və razılaşdırılmış tərəflə danışmadan belə açıqlamalar vermək məsuliyyətsiz, qeyri-ciddi addım kimi qiymətləndirilir. Prosesin bundan sonrakı gedişatı barədə ekspertlərlə danışıb Azərbaycanın nə etməli olduğunu müzakirə etdik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Kaspi”yə açıqlamasında dedi ki, razılaşma sərfəli olmasa, ölkəmiz layihədən imtina edə bilər: "Əgər o, bizə sərf etmirsə, onu almağa nə lüzum var? Yunanıstanın qaz şəbəkəsinə pul xərcləməyə bəlkə də, ümumiyyətlə ehtiyac yoxdur. Ancaq bu, iqtisadi məsələdir. Düşünürəm ki, mütəxəssislər mövzunu müzakirə edib düzgün qərar çıxaracaqlar. Yunanlar Azərbaycanla qaz məsələsində əməkdaşlığa maraqlıdırlarsa və burada ölkəmizin öz iqtisadi maraqları təmin olunursa, o zaman hər iki tərəfi razı salan kompromisə getmək mümkündür. Əks halda, ölkəmiz layihədən imtina edə bilər. SOCAR-ın maraqları təkcə Yunanıstana bağlı deyil. Biz ölkənin zərərləri qarşılığında hansısa anlaşmaya getməyəcəyik. Burada əsas məsələ iki ölkə arasındakı beynəlxalq əlaqələr, siyasi məsələlər, qarşılıqlı anlaşmalar deyil. Bu, daha çox iqtisadi mövzudur. Bəlkə də, yunan hökumət oyun oynamaq istəyir. Rusiyadan dəstək alaraq TAP layihəsinə mane olmağa çalışa bilərlər. Birincisi, bunun nəticəsində itirən Yunanıstan özü olacaq. İkincisi, TAP layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir. Ona görə də yunanlar onu pozmaq gücündə deyillər”.

Millət vəkilinin fikrincə, Yunanıstanın qaz şəbəkəsi SOCAR üçün xüsusi əhəmiyyətli layihə deyil. Buna görə də şərtlər Azərbaycanı qane etməsə, rahatlıqla geri çəkilə bilərik: "Onlara deyərik ki, gedin kimə istəyirsiniz, satın. Yunanıstan hökuməti kifayət qədər qeyri-ciddidir - solçulardan və bir çox hallarda məsuliyyətsiz davranan şəxslərdən ibarətdir. Belə bir hökumətlə davamlı iş qurmaq mümkündürmü? Riskləri ölçüb-biçmək konkret olaraq, SOCAR-ın vəzifəsidir. Avropa qurumlarının sövdələşməni təsdiq etməməsinə gəlincə, onlar hesab edirlər ki, SOCAR 66 faizə sahiblənməklə inhisarçılıq yaradacaq. Ona görə təklif edirlər ki, faiz 49-a ensin və monopoliya olmasın. SOCAR İtaliyadan partnyor şirkət tapıb, amma yunanlar indi də elə qiymətlərdən danışırlar ki, layihənin sərfəli tərəfi qalmır. Belə olan halda, kim gedib ora sərmayə yatırar? Kim zərərlə işləyər? Ona görə danışıqlar getməli, SOCAR-ın iqtisadi maraqları önə çıxmalıdır. Çünki SOCAR-ın pulu hara gəldi xərcləyəcək səviyyədə deyil. Layihəni maliyyələşdirmək üçün kredit götürülməlidir. Sonra isə kreditin faizini də, özünü də qaytarmaq lazımdır. Əgər səmərə olmayacaqsa, layihə nəyimizə lazımdır? Bütün bunların həllini tapması üçün danışıqlar aparılmalıdır”.

İqtisadçı ekspert Vüqar Bayramov da Yunanıstanın qeyri-ciddi davranışlarını pislədi və bunun nə biznes etikasına, nə də ölkələr arasındakı münasibətlərə uyğun gəldiyini söylədi. Bildirdi ki, Azərbaycan Yunanıstanla strateji əməkdaşlığa malik ölkədir. Ona görə də onlar öhdəliklərinə ciddi yanaşmalıdırlar, bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdirməlidirlər: "Azərbaycan tərəfinin özəlləşdirmədə iştirakı və səhmlərin alınması ilə bağlı problemi yoxdursa, o zaman əməkdaşlıq niyə dayandırılsın ki? Təəssüf ki, Yunanıstan tərəfi bu addım barədə danışır. Onlar qeyri-ciddi addımlar atırlar. Bundan sonra ölkəmizin nə edə biləcəyinə gəlincə, Azərbaycan beynəlxalq hüququn tanıdığı imkanlar çərçivəsində, qanunlara sığınaraq hüquqlarını qorumağa çalışmalıdır. Hüquqların bərpa edilməsi və özəlləşdirmə prosesinin davam etdirilməsinə nail olmalıdır”.

Ekspertdən Yunanıstanın mövqe dəyişməsində Rusiyanın "pay”ının olub-olmadığını da soruşduq. Bildirdi ki, bu haqda qəti danışmaq çətindir. Hazırda Rusiya ilə Yunanıstan arasında münasibətlər yüksək səviyyədədir və bəzi hallarda Rusiyanın Yunanıstana təsiri görünür. Sırf bu məsələdə isə Rusiyanın əli olduğunu, qərarın qəbulunda iştirak etdiyini demək çətindir: "Faktiki olaraq, Yunanıstan müstəqil dövlətdir. Hansısa bir ölkənin təsiri və ya təzyiqi olsa da belə, bu tip qərarın qəbul edilməsi arzuolunan deyil. Yunanıstan belə bir addım atmamalıdır. Anlaşma pozularsa kimin daha çox itirəcəyinə gəlincə, bu, Azərbaycan üçün strateji layihələrdən biridir. Bildiyiniz kimi, ölkəmiz öz qazını TAP layihəsi ilə Cənubi Avropaya çıxarmaq istəyir. Bunun alınmaması, anlaşmanın pozulması o demək deyil ki, Azərbaycanın xaricdəki layihələrinə son verilir. Yəni layihənin alınmaması Azərbaycan üçün ciddi təsirlə nəticələnməyəcək. Əgər bu anlaşma dayandırılarsa və Yunanıstana daha yaxşı şərtlərlə əməkdaşlıq təklifi olarsa, o zaman məsələnin arxasında kimin iqtisadi maraqlarının durduğu müəyyən olacaq. Bütün hallarda, bu anlaşma nə Azərbaycan şirkətlərinin biznesinin sonu deməkdir, nə də ölkəmizin Avropadakı layihələrinə ciddi təsir edəcək”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər