• çərşənbə, 24 Aprel, 12:38
  • Baku Bakı 27°C

Qəpik söhbəti Araşdırma

31.05.13 08:30 2549
Qəpik söhbəti Araşdırma
Bu gün bir çox ölkələrdə maliyyə əməliyyatı zamanı yaşanan problemlərdən biri də kiçik nominallı sikkələrin işlək olmamasıdır. Bu vəziyyət hazırda ölkəmizdə də xarakterikdir. Belə ki, istər ictimai nəqliyyatda, istərsə də alış-veriş mərkəzlərində kiçik pullardan istifadə edən şəxslər qınaq obyektinə çevrilir və “xırdaçılıq edən insan” kimi qiymətləndirilirlər. Əksər hallarda isə istehlakçılara qaytarmaq üçün kiçik nominallı sikkələr “tapılmır”.
“Qəpiklər istifadəyə yararsızdır”
İctimai nəqliyyatdan tez-tez istifadə edən Cavid Həsənov 1, 3, 5 qəpiklərin istifadəyə yararsız olduğunu bildirdi və alış veriş zamanı marketlərin qalıq kimi qaytardığı bu qəpikləri lazımsız bir əşya kimi kənara atdığını söylədi: “Bəzi marketlərdə pulun qalığı kimi 1, 3 qəpik qaytarırlar, lakin bu qəpiklərdən başqa yerlərdə istifadə etmək mümkün deyil. İctimai nəqliyyatda isə bu pullar birmənalı şəkildə qəbul edilmir. Pulu onlara təqdim etdikdə yüksək səslə sanki səhv iş görürmüşük kimi “Bu pullardan istifadə edilmir, başqa pul verin”, yaxud kobud şəkildə “məni ələ salırsan, mən bu qəpiyi neynirəm” kimi ifadələr işlədirlər”.
Apardığımız müşahidələr də göstərir ki, 1, 3, 5 qəpiklər yalnız böyük alış-veriş mərkəzlərində istifadə edilir. Burada da bu qəpiklərdən çox istifadə olunmadığı üçün əksər hallarda müştərilər ya pulun qalığından imtina edir, ya da pullarının əvəzinə kibrit, saqqız almağa üstünlük verirlər. Kiçik mağazalarda isə bu qəpiklərdən yalnız 5 qəpik nisbətən çox istifadə olunur. 1,3 qəpiyə isə ümumiyyətlə rast gəlmək mümkün deyil. Belə marketlər bu qəpiklərin istifadəsinə ehtiyac qalmaması üçün qiymətləri yuvarlaqlaşdıraraq alıcılara təqdim edirlər.
Xatırladaq ki, Azərbaycanda kiçik nominasiyalı pul nişanları ilk dəfə 1992-ci ildə dövriyyəyə buraxılsa da, özünü doğrultmadığından çox keçmədi ki, yığışdırıldı. Az nominallı qəpiklərin kinci dəfə dövriyyəyə buraxılması isə 2006-ci ildə manatın denominasiyasından sonra mümkün oldu. Amma görünür, bu pul nişanları hələ də özünü doğrulda bilməyib.
Bu problemlə qarşılaşan qonşu ölkə Rusiya artıq kiçik nominallı pulların dövriyyəsinin dayandırılması haqqında qərar qəbul edib. Bəs ölkəmizdə necə? İstifadə edilməyən 1, 3, 5 qəpiklər dövriyyədən çıxarıla bilərmi?
Qiymətlər bahalaşa bilər
İqtisadi resursların öyrənilməsi mərkəzinin sədri Ruslan Atakişiyev bizimlə söhbətində kiçik nominasiyalı qəpiklərin dövriyyədən çıxarılmasının bazarda qiymət dəyişkənliyinə gətirib çıxaracağını bildirdi: “Xırda qəpiklərin olması müəyyən hesablamalarda dürüstlük və şəffaflıq baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələn, sizə hər hansı bir çek təqdim olunur və ödəniş məbləği 17 manat 23 qəpik yazılırsa, siz 25 qəpik ödədiyiniz zaman artıq bu, mühasibatlıqda düzgün sayılmır. Bu baxımdan bu kimi hesablamalarda xırda qəpiklərdən istifadə olunmasına ehtiyac duyulur. Bundan əlavə, 1, 3, 5 qəpiklərin dövriyyədən çıxarılması bazarda bahalaşmaya da gətirə bilər. Məsələn, bir yumurtanın qiyməti 15 qəpikdirsə, pul dövriyyədən çıxdıqdan sonra bu, ya 10 qəpik göstəriləcək, ya da 20 qəpik. Bu, bir yumurtada 2 dəfə bahalaşmaya təkan verə bilər”. Ekspert vurğuladı ki, ölkəmizdə qəpiklərin dövriyyədən çıxarılması Mərkəzi Bankın səlahiyyətindədir: “Müşahidələrimə əsasən deyə bilərəm ki, bu gün bəzi böyük marketlərdə 3 və 5 qəpiklərdən az da olsa istifadə olunur, lakin 1 qəpiyin istifadəsi demək olar ki, tamamilə dayandırılıb. Artıq ölkəmizdə 1 qəpik öz rolunu və mahiyyətini demək olar ki itirib. Mərkəzi Bank dövriyyəyə istər kağız, istərsə də dəmir pul buraxan zaman ona olan tələbata uyğun olaraq hərəkət edir. Bu gün əgər 1 qəpikdən istifadə olunmursa, təbii olaraq 1 qəpiklərin dövriyyəyə buraxılması azalacaq. Bu tamamilə Mərkəzi Bankın səlahiyyətindədir. Amma hesab edirəm ki, Mərkəzi Bank kiçik nominallı pulların dövriyyədən çıxarılması və ya qalması ilə bağlı ictimai rəyi öyrənməli və sonda müvafiq qanunvericiliyə uyğun olaraq qərar verməlidir”.
Dünya təcrübəsi
Dünya təcrübəsi haqqında məlumat verən ekspert bildirdi ki, son dövrlər kiçik nominallı pulların dövriyyədən çıxarılması Rusiyada və Avropa Birliyində çox geniş şəkildə müzakirə edilib. Onun sözlərinə görə, hətta bəzi ölkələrdə qəpiklərin toplanılması makinaları yerləşdirilib: “Rusiyada son dövrlər qəpiklərdən imtina olunması ilə bağlı müzakirələrdə əsasən həmin qəpiklərin insanın cibində daşınmasının çətin olması və dəyərinin az olması irəli sürülüb. Avropada isə iqtisadçılar qəpiklərin dövriyyədən çıxarılmasına səbəb kimi Avropa bazarında dövriyyədə olan 46 milyard ədəd 1 və 2 yevro qəpiklərin kağız pullara nisbətən daha çox xərc tələb etməsi ilə əlaqələndiriblər və bildirilib ki, bu qədər xərclərin çəkilməsinə baxmayaraq, qəpiklərin kağız pulla nisbətdə dəyərləri çox aşağıdır”.
Sonda ekspert vurğuladı ki, qanunvericiliyə əsasən hər hansı bir şəxs fərdi qaydada bu pulların qəbul edilməsindən imtina edirsə, bu zaman qanunu pozmuş hesab olunur və həmin müəssisə və ya ticarət obyekti qanunvericiliyə uyğun olaraq müvafiq qurumlar tərəfindən cəzalandırılır.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər