• cümə axşamı, 28 mart, 14:36
  • Baku Bakı 16°C

Qələbənin dəyişdiyi düzən

30.10.20 19:01 597
Qələbənin dəyişdiyi düzən
Politoloqlar hesab edir ki, artıq regionun taleyi, siyasi coğrafiyası dəyişir


Azərbaycan işğal altında torpaqlarını azad etməyə başlaması bir sıra ölkələri nədənsə narahat etməyə başlayıb. Amma Ermənistana birbaşa və dolayı yolla yardım göstərən ölkələr Azərbaycanın hərbi qələbələri qarşısında aciz qalıblar. İndi həmin qüvvələr Azərbaycana təzyiqləri davam etdirməklə Ermənistanı qorumaq qərarına gəliblər. Bütün bunlar isə heç şübhəsiz nə Azərbaycanın siyasi rəhbərliyi tərəfindən, nə də xalqı tərəfindən diqqətdə kənarda qalmayacaq. Ali Baş Komandan İlham Əliyevin də vurğuladı kimi, Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərimizin bütövlüyünü bərpa edirik: "Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs, hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları səfərbər ediblər bizə qarşı”.
Görünən odur ki, Azərbaycan uğurlu hərbi əməliyyatlara başlamaqla Cənubi Qafqaz bölgəsində vəziyyəti dəyişib. Bəs görəsən müharibə bitdikdən sonra qələbənin gətirdiyi düzən necə olacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, Azərbaycanın qələbəsiregionda vəziyyəti dəyişə, regiondakı vəziyyət isə beynəlxalq münasibətlərə təsir edə bilər: "Çünki Qafqaz bölgəsi dünyanın diqqət mərkəzində olan regionlardandır. Hazırda yeni dünya düzəninin formalaşması prosesi davam edir və bu cür lokal müharibələrin nəticəsi dünyadakı qlobal düzənə təsir edə bilər. Azərbaycanın qələbəsi isə indiki halda bir sıra presedentləri ortaya çıxartdı. Bunlardan biri BMT qətnamələrinin dövlətin özü tərəfindən icra edilməsidir. Azərbaycan Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu qətnamələri özü həyata keçirir. Çünki 27 il ərzində dünyanın ən nüfuzlu təşkilatının qətnamələri kağız üzərində qalıb. Digər tərəfdən, yeni dünya düzənində yeni güc mərkəzləri meydana gəlməkdədir ki, onlardan da biri Türkiyədir. İndiki halda Türkiyə Türk və İslam dünyasının mərkəzi olmaq potensialına malikdir”.
Politoloq qeyd etdi ki, bu, bölgəmizdə yeni siyasi şərait yaradır və Azərbaycan da bu məsələdə aktiv, balanslaşdırıcı rol oynamaqdadır: "Azərbaycanın konstruktiv, ədalətli, qanuna müvafiq mövqeyi bölgəni dünyanın konstruktiv əməkdaşlıq mühitinin hökm sürdüyü sabitlik adasına çevirməyə yönəlib. Hərçənd Ermənistanın işğalçı siyasəti 30 ildən çoxdur ki, əks proseslərin vüsət almasına, bölgədə əməkdaşlıq yerinə qarşıdurmanın yaranmasına gətirib-çıxarıb”.
N.Məmmədovanın sözlərinə görə, son proseslərin təhlili göstərir ki, bölgədəki vəziyyəti üç liderin razılaşması həll edə bilər - Əliyev, Ərdoğan və Putin: "ABŞ-da seçkilər, Tramp administrasiyasının postsovet məkanında, Ukrayna istisna olmaqla digər bölgələri Rusiyaya güzəştə getmək siyasəti bu ölkəni neytral qalmağa, proseslərə aktiv müdaxilə etməməyə üstünlük verir. Fransa isə Azərbaycan, Türkiyə və Rusiya tərəfindən təcrid edilib. Belə bir şəraitdə bölgənin gələcəyi Azərbaycan - Türkiyə - Rusiya tərəfindən şəkilləndiriləcək. Rusiyanın mövqeyində də müəyyən güzəşt meyli hiss olunur. Sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsində inadkarlıq nümayiş etdirməkdə israrlı olan Putin Rusiyanın Ermənistan və Azərbaycan arasında balansı saxlamağa çalışır, eyni zamanda
Azərbaycan ordusunun qələbələri nəticəsində yaranmış status- kvonu nəzərə almaya bilmir. Təmas xəttinin aradan qalxması Rusiya və digər həmsədrlər tərəfindən artıq reallıq kimi qəbul edilir. Prezident Əliyevin aradan qaldırdığı təmas xətti Türkiyə Prezidenti Ərdoğanın həmkarı Putinlə telefon danışığında vurğuladığı "qırmızı xətt” məsələsi ilə əvəz olunub ki, bu da Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Putinin Ərdoğanla söhbətində qarşılıqlı anlaşma şəraitinin olması nəzərdən qaçmamalıdır və bu, bizə ümid verir ki, Putin Suriya, Liviyada Türkiyənin mövcudluq haqqını inkar etmədiyi kimi, Cənubi Qafqazda da Azərbaycanla etnik bağlardan doğan iştirak haqqını qəbul edə bilər. Rusiya artıq SSRİ kimi super güc deyil, böyük dövlət statusuna enib və anlayır ki, keçmiş SSRİ ərazisinə, o cümlədən Cənubi Qafqaza təkbaşına nəzarət edə bilməz. Region bir sıra xarici güclərin maraq dairəsindədir və kondominium prinsipi əsasında idarəetməni qəbul etməyə məcburdur. ABŞ və Fransadansa, Türkiyənin tərəfdaşlığı Rusiya üçün hazırda daha qəbulediləndir.
Onu da qeyd edək ki, Qərblə Rusiyanın münasibətlərində yenə də gərginlik azalmır, əksinə, artmağa doğru gedir. ABŞ-da seçkilərdə Rusiyaya yumşaq yanaşma siyasəti sərgiləmiş Trampdan fərqli olaraq, Ukraynada özünün və oğlunun biznes maraqları olan demokrat Baydenin seçilməsi Moskvanın nəinki Qafqazda, eləcə də Ukrayna istiqamətində ABŞ-la daha sərt qarşıdurmasına səbəb ola bilər. Halbuki, artıq Putin və Ərdoğanın Astana formatında, eləcə də ikitərəfli qaydada birgə işləmək təcrübəsi formalaşıb və bəzi istisnaları çıxmaq şərtilə, bu, ümumilikdə konstruktiv əməkdaşlıq hesab oluna bilər. Üstəlik, ABŞ və Fransadakı erməni diasporunun hakimiyyətə gətirdiyi Paşinyanın anti-Rusiya mövqeyindən təngə gəlmiş Putin Ermənistanı güzəştlərə məcbur edərək, Nikolun devrilməsinə zəmin hazırlamaq istəyir. Paşinyanın Fransanı və digər ölkələri münaqişədə daha fəal iştiraka təhrik etməyə çalışması Rusiyanı narazı saldı. Bununla belə, Putinin çıxışındakı 5+2 formatı Lavrov planının hələ də qüvvədəqalmasını ifadə edir ki, bu da Rusiyanın reallığı tam qəbul etmədiyini göstərir. Azərbaycan həmsədrlərin vasitəçiliyi olmadan işğal olunmuş torpaqlarımızın müəyyən bir hissəsini azad edib və 5+2 formatı keçmişdə qalıb. Azərbaycan hərbi uğurları ilə həm Lavrov planını kölgədə qoydu, həm də Prezident İlham Əliyevin dediyi kimi BMT-nin 4 qətnaməsini implementasiya etdi. Artıq nə İlham Əliyevin, nə də Putinin çıxışlarında status məsələsindən söz açılmır, bu da, o deməkdir ki, ermənilərlə danışıqlar limiti bitib. Rusiyanın son məqsədi regiona sülhməramlıların gətirilməsidir ki, Putin Dağlıq Qarabağda rejim məsələsinə toxunarkən bunu nəzərdə tutmuş ola bilər. Eyni zamanda, Rusiya Prezidenti Minsk qrupu həmsədrləri ilə yanaşı, qrupun digər üzvlərinin də danışıqlar masasına oturmasını məqbul hesab etdiyini bildirib. Həmin üzv Türkiyədir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Prezident İlham Əliyev tərəfindən bir sıra dövlətlərə xitabən müharibə dövründə tutduqları mövqe ilə bağlı ismarış göndərməsi kifayət qədər ciddi bəyanatdır: "Düşünürəm ki, bu bəyanata xüsusilə qonşu dövlətlər diqqətlə yanaşmalıdırlar. Məsələ ondadır ki, bizim apardığımız müharibə 1828 və 1920-ci illəri əhatə edən Cənubi Qafqazdakı geosiyasi düzəni, konfiqurasiyanı pozmağa istiqamətlənib. Artıq iki əsr idi ki, bölgədə erməni məsələsi adı altında ayrı-ayrı dövlətlər tərəfindən geosiyasi maraqlar həyata keçirilirdi. Ermənistan hər 10 və ya 20 ildən bir öz ərazilərini genişləndirməklə məşğul idi”.

Z.Məmmədov vurğuladı ki, Azərbaycan indiki halda haqq yolundadır, ədalət ölkəmizin yanındadır: "Belə olan təqdirdə təbii ki, biz baxırıq, görürük kimlər Ermənistanı himayə edir, pulsuz şəkildə silahlandırır. Kimlər Gəncə, Bərdə terror olaylarında susmağa üstünlük verir. Bütün bunlar birmənalı şəkildə gələcəkdə Azərbaycan rəhbərliyinin xarici siyasətdəki davranışında mühüm nəticələr çıxarması ilə özünü göstərəcək. Kimlər Ermənistanın yox, Azərbaycanın yanında olubsa, təbii ki, müharibənin nəticələrindən irəli gələrək yaranmış yeni düzəndən yararlananlar ilk növbədə həmin dövlətlər olacaqdır. Ona görə də Ermənistanın havadarları başa düşməlidirlər ki, artıq regionun taleyi, siyasi coğrafiyası dəyişir. Yaxşı olardı ki, onlar haqqın-ədalətin yanında olsunlar, şərin yanında olmasınlar”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər