“Qazprom” “Şimal axını-2”nı təkbaşına maliyyələşdirəcək
Rusiyanın neft-qaz nəhəngi "Qazprom” Transbaltik qaz kəməri - "Şimal
axını-2”
layihəsinin inşası ilə bağlı maliyyələşməni təkbaşına həyata keçirməli olacaq.
Səbəb layihənin avropalı tərəfdaşlarının öz planlarından imtina etməsi olub. Bu
barədə "Qromadskye telebaçenyya” nəşri "Der Standard” nəşrinə istinadən xəbər
yayıb. Nəşr yazır ki, "Qazprom”un avropalı tərəfdaşların "Şimal axını-2” layihəsinə cəlb etmək planı
ən azı yaxın gələcək üçün puç olmuş olub. Məlumatda qeyd olunur ki, Engie, OMV,
Shell, Uniper və Wintershall kimi şirkətlər layihənin maliyyələşməsindən imtina
ediblər. Bu səbəbdən "Qazprom” layihənin
reallaşdırılmasına 1,75 milyard avro ödəməli olacaq. Bu da planlaşdırılan
vəsaitdən iki dəfə çoxdur. Halbuki, Rusiyanın qaz nəhəngi - Qazprom "Şimal
axını-2”
layihəsinin avropalı tərəfdaşları ilə birgə (50-nin əlliyə) inşa etməyi
planlaşdırırdı. Yeri gəlmişkən, ABŞ-ın yeni administrasiyasının layihəyə
münasibəti də maraq doğurur.
Bəlli olduğu kimi, ABŞ Maliyyə Nazirliyi 100-dən
artıq rus şirkətini "qara siyahı”ya daxil edib. Onların sırasında "Qazprom”un
törəmə müəssisələri də var. Qərb mediası iddia edir ki, sanksiyalar "Qazprom”un
planlarına - o cümlədən Rusiyadan Almaniyaya Baltik dənizinin dibi ilə gedəcək
qaz nəqlini nəzərdə tutan "Şimal axını-2” layihəsinə mane ola bilər. "Şimal axını-2” layihəsinin reallaşması
istiqamətində ciddi problemlər ötən ilin avqustunda yaranıb. Layihə ilə bağlı
beynəlxalq konsorsiumun yaradılması planları da pozulub. Polşanın UOKiK
antimonopoliya nizamlayıcı şirkəti bəyan edib ki, "Şimal axını-2” layihəsi reallaşarsa, bu,
Polşada Rusiyanın monopolist mövqeyini daha da gücləndirmiş olacaq. Bundan
sonra Rusiya Polşa şirkəti ilə sazişi dayandırıb. Polşanın çağırışına
birdən-birə altı Qərb şirkəti də reaksiya verib. Lakin Rusiya rəsmiləri bəyan
edirlər ki, bu, heç də konsorsiumun sonu demək deyil və layihənin reallaşmasına
heç nə mane ola bilməz. Qərb analitikləri bu qənaətdədirlər ki, Rusiyanın
əlində əvəzsiz bir qüdrətli silah var. Əsas arqumentləri də odur ki, "Şimal
axını-2”
layihəsi ən böyük həcmdə və bir mənbədən Rusiya qazının Avropaya nəqlini
nəzərdə tutur.
Yeri gəlmişkən, başıbəlalı "Şimal axını-2” layihəsi ilə bağlı qalmaqal
tək bununla bitmir. Polşanın nüfuzlu "Rzeczpospolita” qəzeti "Şimal
axını-2”
layihəsinin iqlim üçün təhlükəli olması barədə məqalə dərc edib. Müəllif yazır
ki, Polşanın və digər Şərqi Avropa ölkələrinin etirazlarına baxmayaraq, Baltik
dənizinin dibi ilə inşa ediləcək yeni qaz kəməri reallaşmağa başlayır. Avropa
Komissiyasının sırf biznes kateqoriyasından baxdığı bu layihə ilə bağlı gəlinən
qənaət budur ki, yeni qaz kəməri tək Avropanın enerji təhlükəsizliyinə və
enerji bazarının rəqabətliliyinə deyil, həm də ətraf mühit və iqlimə də
təsirsiz ötüşməyəcək. Polşa rəhbərliyi də bununla bağlı Avropa məhkəmələrinə
müraciət edib. Məhkəmə də müəyyən edib ki, iddiaya baxılana qədər Avropa
Komissiyasının qərarının icrası dayandırılır.
Məqalədə qeyd edilir ki, "Şimal axını-2” layihəsi Rusiyanın Kurqal
ehtiyatları adlanan ərazisindən keçəcək. Bu daətraf mühitin qorunması
üzrə beynəlxalq öhdəliklərin pozulmasıdır. Rusiya tərəfi isə deyir ki, ekoloji
problemləri həmin yerlərə investisiya qoyuluşu ilə həll edəcək. "Qazprom”un
İdarə Heyətinin sədr müavini Aleksey Miller bildirib ki, layihə ətraf mühitə
karbon qazlarının buraxılmasını azaldacaq. Nəşr isə belə bir sualla çıxış edir
- bu necə mümkündür? Məlumata görə, qaz kəməri Avropaya il ərzində 55 mlrd. kubmetr
qazın nəqlini nəzərdə tutur. Nəşrin apardığı hesablamalara görə, bu qədər
həcmdə qazın işlənilməsi ətraf mühitə ciddi ziyan vurur. Arqumentlər aşağıdakı
kimidir – qazın yandırılması zamanı kömürdən iki dəfə çox karbon buraxılır. İldə
55 mlrd. kubmetr qazın yandırılması atmosferə ildə 106 milyon karbohidrogen
tullantılarının atılması deməkdir. Müəllifin gəldiyi qənaət bundan ibarətdir
ki, qaz ən təmiz enerji mənbəyi deyil. Və qeyd edilir ki, ildə 106 mln. ton
karbohidrogen tullantıları həddən artıq çoxdur. Əlavə edilir ki, Avropa
getdikcə qaza az ehtiyac duymağa başlayıb. Bu yanacaq növünə tələbatın getdikcə
azaldığı iddia edilir. Son 10 ildə Avropa Komissiyası Avropa İttifaqının qaza
olan tələbatının proqnozlarını 23 faiz azaldıb. Beynəlxalq Enerji Agentliyinin
məlumatına görə, 2030-cu ildə qaza olan tələbat 30 faiz azalacaq. Öz növbəsində
Kembricdə fəaliyyət göstərən "Intitute forSustainable Leadership” qeyd
edir ki, hazırda təbii qazın sıxılması üzrə mövcud terminalların üçdə birindən,
boru kəmərlərinin isə 60 faizindən istifadə olunur. Bunun tam şəkildə işə
düşməsi isə ekoloji fəlakət olacaq. Böyük Britaniyanın E3G analitik Mərkəzi də
bu qənaətə gəlib.
Beləliklə, Qərbin nüfuzlu iqlim mərkəzləri "Şimal-2” layihəsinin ətraf mühitə
ciddi zərbə vura biləcəyi barədə xəbərdarlıq edirlər. Hətta Paris iqlim
razılaşması hər il istixana qazlarının ətraf mühitə vurduğu zərərin həcmini
açıqlayır. Və nəticələrin şokedici olduğu vurğulanır. Rusiyanın yeni
layihəsinin Avropanın enerji və iqlim siyasətinə ciddi zərbə vuracağı xüsusi
vurğulanır. Bildirilir ki, bu layihə Avropanı ikiyə bölməklə yanaşı, ətraf
mühitə ciddi zərbədir. Şərqi Avropa dövlətləri bu investisiya layihəsinin dayandırmağı,
Avropa Komissiyasını ətraf mühitin qorunması və rəqabət məsələlərində ikili
standartlar tətbiq etməkdə günahlandırırlar. Faktlar belədir ki, Avropa
İttifaqının Rusiya qazından olan asılılığı 40 faizi ötüb. Müəllif yazır ki,
"Şimal axını-2”
layihəsi Avropa İttifaqı xalqlarının eyni zamanda enerji, həm də iqlim
təhlükəsizliyinə zərbə vuran azsaylı layihələrdən biridir. Bu investisiya
layihəsinə reaksiya isə Avropa institutları, vətəndaş cəmiyyəti, Aİ-yə üzv
ölkələr üçün sınaq rolunu oynamış olacaq. Polşa hökumətinin "Şimal axını-2” layihəsi ilə bağlı Avropa
Komissiyasına qarşı qaldırdığı iddia isə çox mühüm bir addım kimi göstərilir.
Və ümid var ki, bu iddia Avropanın ekologiya dairələrinin də dəstəyini
qazanacaq.
Azər