• cümə, 26 Aprel, 17:57
  • Baku Bakı 23°C

Qazlı təhlükə...

02.05.14 12:38 1853
Qazlı təhlükə...
Qonşumuz Mədət dayı deyir ki, həkim ona qazlı su içməyi qadağan edib: “Soruşuram ki, ay həkim, bunun nə ziyanı var axı? Mədəm ağrıyanda içirəm, sakitləşdirir məni, necə içməyim bu mərəti? Deyir ki, Mədət kişi, sən bir dəfə insult olmusan, qazlı su içməyin çox ziyanlıdır, ikinci dəfə də ola bilərsən. Sən demə, qazlı su içmək təzyiqi yuxarı olan, şəkərli diabetdən əziyyət çəkənlərə də qadağandı. Yəni deyirlər ki, yıxıl öl”.
Qonşunun narahatlığını bölüşməklə yanaşı, eyni zamanda, qazlı suyun nə kimi zərərləri ola bilər deyə bir suala cavab axtarmaq qərarına gəldim. Araşdırmalar göstərir ki, qazlı su insan bədənində insult yaradır. Dünyanın bir çox ölkələrində araşdırma aparan alimlər bu qənaətə gəliblər ki, belə suların insan orqanizminə bir sıra zərərləri olmaqla yanaşı, qan təzyiqinə də mənfi təsir göstərir. Belə ki, aparılan laborator araşdırmalar sübut edir ki, şəkərli və qazlı su içən insanların qan təzyiqi çox vaxt yüksək olur. Hətta bir qədər artıq istifadə edildikdə, bu, insulta da səbəb ola bilir. Üstəlik, qazlı su şəkərli-diabet xəstələrində şəkərin artmasına səbəb olan içkidir və bu səbəbdən də şəkər xəstələrinə qadağan edilir.
Tibb elmləri doktoru Adil Qeybulla isə hesab edir ki, qazlı su hər zaman insult yarada, yaxud təzyiqi qaldıra bilməz. Onun sözlərinə görə, haqqında söhbət gedən qazlı su içilməklə həzm prosesi vasitəsilə bədənə daxil olan sulardır. Həmsöhbətimizin sözlərinə görə, orqanizmə daxil olan qazlı suları iki yerə bölmək olar – həzm prosesində sovrulan və birbaşa venaya yeridilən qazlı sular: “Azonlaşmış mayelər də, yəni, tərkibcə qana yaxın olan və qanəvəzedici maddələr azonlaşdırılaraq birbaşa qana vurula bilər. Azon qanda yaxşı həll olduğuna görə, orada problem yaranmır. Dünyada bu üsul bədənin oksigenləşməsi üçün istifadə olunan bir üsuldur. Siz deyən məsələdə daxilə qəbul edilməklə bədənə gedən qazlı suların embolizasiya yaratmağı nəzərdə tutulur. Qazlı su təzyiqi qaldıra bilər, amma bu da təzyiqi qaldıran mexanizm kimi izah oluna bilməz. Həzm zamanı qazın xeyli hissəsi buxarlanır, maye sovrularkən də divaryanı həzm prosesi, sovrulma gedir. Bu, molekulyar səviyyədə gedən prosesdir. Orada o qədər qaz toplanmalıdır ki, gəlib embol yaratsın və insulta çevrilsin”.
Həkim bildirir ki, daxilə qəbul edilən qazlı su qana diffuziya eləmir. Təzyiqin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz və böyrəklərdə gedən iltihabi proseslərdir: “Qan damarlarının daralması ilə qanda xolesterinin ara məhsullarının çökməsi, qan damarlarının daralması nəticəsində təzyiq artır. Buna hipertoniya deyilir. Bu, bir xəstəlikdir və əsas səbəbləri bilinmir. Ateroskleroz da burada bir fon xəstəliyi kimi çıxış edir. Yəni, yardımçı olan bir xəstəlikdir. Hipertoniyada genetik faktorun böyük bir rolu var. Belə baxanda, qazlı suyu hamı içir, amma hipertoniya xəstəliyində genetik meyillilik daha güclüdür. Araşdırma aparan dünya alimlərinin fikrinin nəyə əsaslanması barədə birmənalı söz deyə bilmərəm. Hər halda, zaman-zaman bu cür araşdırmalar, elmi iddialar olub. Amma bunun elmdə təsdiqlənib-təsdiqlənməyəcəyini zaman göstərəcək”.
“Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədovun da sözlərinə görə, insan orqanizminə daha çox saxta hazırlanmış qazlı sular mənfi təsir göstərir ki, bu işə də yerli icra hakimiyyətləri və bələdiyyələr səviyyəsində nəzarət həyata keçirilməli, tətbiq olunan cərimələrin miqdarı çoxaldılmalıdır: “Hər il havalar istiləşdikcə işbazlar, saxta su istehsal edən insanlar öz fəaliyyətlərini genişləndirməyə başlayırlar. Onlar saxta suları əsasən heç bir sanitar normalara uyğun olmayan zirzəmilərdə, bağlarda və s. yerlərdə istehsal edirlər və etiketlərə müxtəlif dağ, bulaq kimi yer adları yazaraq butulkaların üzərinə yapışdırırlar. Bunlar hamısı sanitar normalara uyğun olmayan sulardır və insan orqanizmi üçün çox təhlükəlidir. Saxta suların satış yerləri də əsasən yol kənarları, kiçik kafelər, yeməkxanalar olur. Bundan əlavə, bağlar massivində, dəniz kənarlarında da satılır. Bu məsələ hər il təkrar olunur, danışılır. Lakin heç bir ölçü götürülmür”.
Ekspertin fikrincə, ölçü götürülməməsinə də səbəb odur ki, bu məsələ yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə atılmamalıdır: “Belə halların qarşısını əslində, yerli qurumlar almalıdırlar. Düşünürəm ki, saxta su, limonad və s. istehsal edən şəxslərə qarşı cəza tədbirlərini artırmaq lazımdır. Gürcüstanda saxta su, sənaye malları istehsal edən insanlara birbaşa 5 il həbs cəzası verilir. Bizdə də cərimələr artırılmalıdır. Ən azından 2000-5000 manat civarında cərimə qoymaq lazımdır ki, ayrı-ayrı şəxslər bu işlə məşğul olmasınlar”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər