• cümə, 29 Mart, 18:04
  • Baku Bakı 14°C

Qarşıdakı aylarda Azərbaycan neftinə tələbat artacaq - TƏHLİL + VİDEO

05.03.21 23:30 1046
Qarşıdakı aylarda Azərbaycan neftinə tələbat artacaq - TƏHLİL + VİDEO
"Ötən ilin noyabr ayından başlayaraq dünya neft qiymətlərində artım dinamikasının müşahidə edilməsi, fundamental bazar şərtlərinə uyğun deyildi. Yəni həm stasionar anbarlarda, həm də üzən anbarlarda neft həcminin tədricən azalması və bu sahədə dinamikanın davam etməsi, həm neftə, həm neft məhsullarına, həm də neft-kimya məhsullarına olan tələbatın artması bazarın düzgün tənzimlənməsini tələb edirdi".
Bunu"Report"a açıqlamasında enerji məsələləri üzrə ekspertZəfər VəliyevOPEC+ sazişinin uzadılmasına dair yeni qərarı şərh edərkən deyib.
OPEC+un son 14-cü sesiyası ərəfəsində belə bir informasiya yayılırdı ki, hasilatın artırılması gözlənilir, bəzi mənbələr 500 min barel, bəzi mənbələr 1,4 milyon barel iddia edirdi. Lakin bazar dinamikasını, bazardan gələn siqnalları nəzərə alaraq, eyni zamanda neftin ağırlıq mərkəzində itmələrin mövcud olduğunu nəzərə alaraq əlavə neft kəsintilərinə getmək olmaz. Əlavə neft kəsintiləri fiziki bazarları çox qısa müddətdə təhdid altına ala bilər.
Hasilat həcmlərinin, yəni hasilat tavanlarının əvvəlki səviyyədə saxlanması bazarın tənzimlənməsinə əlavə təkan verəcək. Çünki qarşıdakı aylarda da neft emalı zavodlarının yüklənməsində böyük bir problem var. Çünki pandemiyadan əvvəl həm Asiyada, həm Avropada neft emal güclərinin xammalla yüklənməsi 85-90 % və yaxud ABŞ-da normalda 93 % idisə, indi ortalamada 75 %-dir.
İster ABŞ-da, istərsə də Çində, Avropada emal gücləri yaz mövsümünün gəlişi ilə əlaqədar texniki baxışa dayanacaq. Bu o deməkdir ki, emal gücləri xammalla yükləməni ortalama 25-30 % aşağı salacaq. Nəticədə qısa müddətdə neftə tələbat aşağı düşəcək. Bu baxımdan hasilat həcmlərinin indiki səviyyədə, yəni kəsintilərlə bağlı hasilat tavanının indiki səviyyədə aprel ayına kimi saxlanması doğru, düzgün addım idi. Burda istisnalar da var idi, Rusiya və Qazaxıstan üçün. Çünki hər iki dövlətdə stateji və kommersiya neft ehtiyyatları mövcud deyil, bu, mövcüd olmadığı təqdirdə bvazara elə də ciddi təsir etmək imkanı yoxdu. Baxmayaraq ki, pandemiyadan əvvəl Qazaxıstanın sutkalıq neft hasilatı 1,9 milyon barelə çatmışdı, Rusiyada sutkalıq neft hasilatı, qaz kondensatı ilə birgə 11 milyon barel çivarında idi və artımda müşahidə edilirdi.
Həm Qazaxıstan, həm də Rusiyanın qiymət meyarı və bazar foksu Körfəz ölkələri ilə daban-dabana ziddir. Səudiyyə Ərəbistanı, Kuveyt və Birləşmiş Ərəb Əmirliklərində həm kommersiya ehtiyatları mövcuddur, həm də lazım gəldikdə strateji neft ehtiyatların da formalaşdıra bilirlər. Rusiyanın isə belə bir imkanı yoxdur. Çünki istər Rusiyanın, istərsə də Qazaxıstanın hasil etdiyi neftin böyük bir hissəsi, təxminən 50 %-dən çoxu emal güclərinin xammalla yüklənməsinə yönəldilir, yəni ölkə daxilində təlabatı dayanıqlı saxlamaq üçün hər iki dövlət hasil olan neftin böyük bir hissəsini emala yönəldir.
Son iki ildə həm Qazaxıstanda, həm də Rusiyada mövsümlə əlaqədar müxtəlif regionlarda neft məhsullarının qıtlığı müşahidə olunur. Məsələn Rusiyanın şərq vilayətlərində, xüsusi ilə Vladivostok, Xabarovski, Komsomolski, Amurda açıq ödənişli neft məhsullarının qıtlığı müşahidə edilir. Ona görə də hər iki dövlətə istisnaların tətbiqi başa düşüləndir və bu istisnalar son anda neft bazarlarına elə də ciddi təsir etməyəcək.
Müşahidələrə əsasən, qarşıdakı aylarda, II rübdən başlayaraq neftin qiymətlərində 2-ci bir dinamika müşahidə ediləcək. Bu da əsasən Asiya bazarlarında baş verəcək. OPEC katibliyinin, eyni zamanda texniki komitənin və digər bazar iştirakçılarının proqnozlarına görə, neftə olan tələbat ilin sonuna qədər gündəlik 97 milyon barel çivarında olacaq. Bu göstərici arta da bilər, ancaq hazırkı bazar siqnallarını analiz etsək, görərik ki, qarşıdakı aylarda neftə olan təlabat artacaq. Buna paralel olaraq neft emalı zavodlarının xammalla yüklənməsində artım müşahidə olunacaq, neft-kimya məhsullarına olan tələbat artan xətlə davam edir, bazar vektoru artıq yüksəlişə doğru gedir və ilin sonuna neftə olan təlabat indikindən çox olacaq. Hazırda neftə olan gündəlik tələbat 94 milyon bareldir. Bu tədarük həcmlərinin 75-80 %-i zavodların gündəlik xammalla yüklənməsinə, digər hissə isə strateji və kommersiya ehtiyatlarının formalaşmasına yönəldilir.
Bu baxımdan OPEC-in və Vyana sazişinin iştirakçısı olan dövlətlərin hasilat tavanı indiki səviyyədə saxlaması düzgün addımdır.
2014-cü ildən sonra neft bazarlarında çox güclü dalğalanmalar müşahidə olunur. Bu enerji dəyişikliyi, eyni zamanda enerji müxtəlifliyinin vüsət aldığı dövrdədir. Hesab edirəm ki, hazırda bazara süni nəfəsin ötürülməsi və yaxud bazarı süni şəkildə qızdırmaq amilləri sonda neft qiymətlərinin artımına səbəb ola bilər. Bu qiymət artımı bazarları çox qısa müddətdə alt-üst edə bilər.
Çünki son 3 ildə müşahidə etdiyimiz nəticə bundan ibarətdir ki, yüksələn neft qiymətləri fonunda alternativ və bərpa olunan enerji mənbələrində çox güclü dinamka müşahidə olunur. OPEC və müttəfiq dövlətlər bu tendensiyanı qabaqlamaq üçün neft bazarlarında tarazlığın bərpa olunmasında maraqlı idi .
Çünki neftin qiymətinin təyin edilməsində iki faktor var. Birincisi, tələb-təklif balansının qorunub saxlanması, İkincisi isə, maliyyə bazarlarıdır. Artıq 1980-ci illərdən fyuçers bazarlarına beynəlxalq maliyyə qurumlarının, investiya fondlarının, aparıcı bankların daxil olması neft qiymətlərinin təyin olunmasında adı çəkilən təşkilatların rolunu artırıb. Yəni OPEC-in 2016-cı ildə müttəfiq dövlətlərlə enerji xartiyasının əsas qayəsi neft qiymətlərinin təyin edilməsində maliyyə bazarlarının rolunu artırmaqdır. Xartiyanı imzalayan ölkələrin ikinci hədəfi dünyanın dəyişən enerji balansında neftin əsas kompanent rolunu artırmaq və onu təxminən 2040-cı ilə qədər rolunu qoruyub saxlamaq. Bu baxımdan indiki qərar tamamilə perspektivə hesablanmış addımdır və bunun alternativi yox idi. Azərbaycan, digər Vyana sazişi ölkələri kimi bu strategiyasını, hasilat siyasətini dəstəkləmələri, neft bazarlarının qarşıdakı aylarda ağırlıq mərkəzinin bərqərar olmasına hesablanmış addımdır.
Son 30 ildə dünyanın neft biznesində, neft-qaz sənayesində hasilatçı dövlətlərin birgə bazarın tənzimlənməsi ilə bağlı əməkdaşlıqlarında Vyana sazişi ən uğurlu variantdır və bunun alternativi yoxdur. Qarşıdakı dövrdə bu istiqamətdə əməkdaşlıq davam edəcək, çünki bazrı düzgün tənzimləmək istəyirlərsə, mütləq informasiya mübadiləsinə ehtiyac var. Tələb-təklif və balansın qorunub saxlanması ilə bağlı birgə addım atmağa ehtiyac var. O cümlədən Azərbaycan da bu sahədə aparıcı mövqedədir. O dövlətlərin neft bazarlarına təsir etmək bacarığı var ki, onun normal ixrac gücü olsun, eyni zamanda neft ixrac edən terminalları olsun. Bu neft biznesində, neft satışında əsas şərtlərdən biridir. Bu komponentlər mövcud olduğu müddətdə, neft hasil edən dövlətin dünyanın neft siyasətinə, eyni zamanda neft qiymətlərinə təsir imkanları artır.
Qarşıdakı aylarda yüngül neftə olan tələbat artacaq, çünki pandemiyanın yaratdığı fəsadlarla bağlı atılan addımlar, peyvənd kampaniyalarının aparılması bir çox ölkələrdə iqtisadi perspektivləri yaxşılaşdırır. Bura əsasən dünyanın inkişaf etmiş ölkələri aiddir.
Gələcək aylarda yol-nəqliyyat yanacağının növlərinə tələbat müşahidə olunacaq. Amma tələbatı Azərbaycan nefti ödəmək qabiliyyətindədir. Bəzi bazar iştirakçıları iddia edirlər ki, əsasən Avropa bazarlarına tələbatdan artıq yüngül neftin daxilolma ehtimal var, ancaq bu elə də inandırıcı görünmür. Çünki həm Liviyada, həm Anqolada, həm də Nigeriyadakı vəziyyət o şərtləri tamamilə alt-üst edir.
Hesab edirəm ki, qarşıdakı aylarda Azərbaycan neftinə də tələbat artacaq. Bu, ötən ildə müşahidə olunurdu, Asiya bazarlarında Hindistan, Çin, Tayvan Azərbaycan neftinin tədarükünü davamlı olaraq davam etdirdilər", - ekspert qeyd edib.
banner

Oxşar Xəbərlər