AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

QARABAĞ HƏQİQƏTLƏRİ CİZGİLƏRİN İŞIĞINDA

QARABAĞ HƏQİQƏTLƏRİ CİZGİLƏRİN İŞIĞINDA

Cəmiyyət
31 Oktyabr 2020, 13:39 187
            
   Xalq rəssamı Arif Hüseynovun yeni qrafik silsiləsi haqqında

Azərbaycan təsviri sənəti çoxəsrlik tarixə və zəngin ənənələrə malik olsa da, nədənsə sənətkarlarımız xalqımızın zaman-zaman tuş gəldiyi taleyüklü hadisələrə bədii münasibət bildirməyiblər. Yalnız XX əsrin əvvəllərində görkəmli fırça ustası Bəhruz bəy Kəngərli yaratdığı "Qaçqınlar” silsiləsi ilə "Hər bir sənətkar öz dövrünün aynası olmalıdır” deyimini əyaniləşdirmişdir. Sovet dönəmində -  incəsənətin məcburi ideoloji vasitəyə çevrildiyi zamanlarda isə rəssam və heykəltəraşlarımızın yaradıcılığında nə gizli, nə də açıq şəkildə uzaq-yaxın keçmişimiz, o cümlədən ADR-ın tarixi, görkəmli şəxsiyyətlərin ömür yolu və milli-mənəvi dəyərlərimizi bədii əksini tapmayıb.  Yalnız müstəqillik dövründə fırça və tişə ustalarımızın ən müxtəlif nəsillərinin nümayəndələri (N.Məmədov, X.Əhmədov, V.Ucatay, A.Rüstəmov, A.İbrahimov və b.) öz əsərlərində  şərəfli tariximizi əbədiləşdirə bilmişlər. Bu mənada Xalq rəssamı, professor Arif Hüseynovun ərsəyə gətirdiyi sənət nümunələri diqqətə layiqdir. 
Ötən illərdə M.Ə.Sabirin "Hophopnamə”sinə verdiyi orijinal bədii yozumla bədii məkanda şöhrət tapan Arif Hüseynov, sonrakı illərdə bu vaxta qədər bədiiləşdirilməyən Azərbaycan həqiqətlərini sərgi salonlarının bəzəyinə çevirməklə sənətsevərlərin duyulası rəğbətini qazanmışdır. Onun son bir-neçə illik yaradıcılıq axtarışlarının nəticəsi olan "Qarabağnamə - tarixin səhifələri”  qrafik silsiləsini isə sözün əsl mənasında çox aktual - "ictimai sifariş”in nəticəsi hesab etmək olar. Qarabağ probleminin beynəlxalq status almasından sonra bu mövzu üzərində işləməyə başlayan rəssam, son nəticədə, yaddaqalan bədii-tarixi tutumlu qrafik əsərlər yaratmağa nail olmuşdur...
 


Azərbaycan xalqının uzaq-yaxın keçmişinə cəlbedici və yaddaqalan "bədii güzgü” tutan bu silsilə, say etibarilə 50 qrafik lövhədən ibarət olsa da, əslində məna-məzmun yükünə görə bütöv – bir əsər kimi baxılır. Bu silsilənin inandırıcı tutumda gerçəkləşdirilməsi üçün Arif Hüseynov əvvəlcə Qarabağ və onu başqaları üçün göz dağına çevirən səbəblər barəsində kifayət qədər material toplamışdır. Respublikamızın tanınmış tarixçiləri, politoloqları, etnoqrafları və sənət tədqiqatçıları ilə görüşlərdən sonra nə edəcəyini bilən rəssam, qarşısında duran yaradıcı vəzifənin həllinə başlamışdır.

Yaradılan hər bir əsəri, rəssam düşüncəsi ilə cəmiyyət arasında körpüyə bənzədən Arif Hüseynov üç il ərzində baş-başa qaldığı Qarabağ mövzusunu – yaşanmaqda olan torpaq itkisinin ağrılarını fərdi yaradıcı təxəyyülünə bələməklə, düşmənin məkrini ifşa edə biləcək çox təsirli bədii-tarixi mənəvi qaynaq yaratmağa nail olmuşdur. Ağ-qara cizgilərdən "boylanan” bu bədii görüntülərin bənzərsiz dəyərə malik olması, ilk növbədə onların daşıdığı qürurdoğurucu və ifşaedici tarixiliyin təkzibolunmaz faktlara əsaslanmasıdır. Bu mənada tanınmış qrafika ustasının ensiklopedik tutuma malik olan "Qarabağnamə”sini bədii duyğulandırma gücünə görə hər birimizin mübarizə himninə çevrilən, ruhumuzu qidalandıran "Qarabağ şikəstəsi” ilə müqayisə etmək olar. Belə ki, Arif Hüseynovun Azərbaycan – Qarabağ tarixinin qabarıq görünən, bəzən də az təbliğ olunan səhifələrinə tutduğu obrazlı – sərt "bədii güzgü”də yer almış düşündürücü bədii məqamlar, məşhur şikəstədə olduğu kimi mübarizə ruhludur...
 


Daima milli mövzulara müraciət etməsi ilə fərqlənən Arif Hüseynovun yaradıcılığında yeni səhifə sayılacaq bu silsilə, həm əhatəli bədii-tarixi tutumuna, həm də özünəməxsus şərhinə, bədii xüsusiyyətlərinə görə seçilir. Belə ki, say etibarilə əvvəlki silsilələrini duyulası dərəcədə üstələyən bu qrafik əsərlər məcmusu, mahiyyətcə sənədli-bədii tutumludur. Rəssam bu əsərlərdə qədim Albaniya dövründən Xocalı faciəsinə-Aprel döyüşlərinə qədər  davam edən təzadlı tariximizə işıq salmışdır. Qarabağ tarixinə bu bədii yanaşmada, demək olar ki, onu hər şey maraqlandırıb. Rəngarəng tutumlu qrafik lövhələrdə Qarabağla bağlı müxtəlif uzaq-yaxın hadisələrin, onun qədimiliyinə dəlalət edən memarlıq tikililərinin, maddi-mədəniyyət nümunələrinin, musiqiçilərin və sənətkarların yaradıcılığının əksi də bunu təsdiqləyir. Qrafik cizgilərin özünəməxsus ritmində görüntüyə gətirilən "I Pyotrun məktubu”, "Türkmənçay müqaviləsi”, "Gəncəsər monastırı”, "Alban abidələrinin erməniləşdirilməsi”, "Daşnakların "Böyük Ermənistan” xülyası”, "Güllələnmiş heykəllər”, "Qarabağ müharibələri”, "Pənahəli xan”, "Xalq musiqiçiləri”, "Kəlbəcər qadınları”, "Qarabağ atları” və s. lövhələrdə tarixi sənədlərin-həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən, Azərbaycan və ingilis dillərində yazılmış mətnlə tamamlanan təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandır.

Ermənilərin təcavüzkar xislətini ifşa edən bu əsərlər, yüksək bədii dəyəri ilə yanaşı, həm də tarixi əhəmiyyət daşıyır. Rəssamın hər bir kompozisiyada obrazı və yaxud abidəni, eləcə də süjeti aid olduğu dövrün müxtəlif hadisələri ilə vəhdətdə təqdim etməsi, Azərbaycan qrafika sənəti üçün yeni olmaqla bərabər, həm də bədii görüntünün daha əhatəli olmasını şərtləndirmişdir. Silsiləyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ölçüyəgəlməz xidmətləri olan dövlət və ictimai xadimlərin obrazlarının daxil edilməsi, onun daşıdığı məna-məzmun yükünü daha da zənginləşdirmişdir, desək, yanılmarıq. Əlavə edək ki, "Qarabağnamə- tarixin səhifələri” silsiləsi əvvəlcə sərgi (2019), sonra isə kitab (2020) şəklində ictimaiyyətə təqdim olunmuşdur.

XXI əsrin əvvəllərində yaradılan Arif Hüseynovun "Qarabağnamə”sinin bədii tutumunu, təsir miqyasına görə XX əsrin başlanğıcında Bəhruz bəy Kəngərlinin yaratdığı və böyük vətənpərvərlik nümunəsi sayıla biləcək "Qaçqınlar” silsiləsi ilə müqayisə etmək olar. Hər bir yaradıcıya şərəf gətirəcək bu dəyərləndirməyə rəğmən, qətiyyətlə demək olar ki, Arif Hüseynovun bədii-tarixi "Qarabağnamə”sini, sözün əsl mənasında, yeni əsrin milli təsviri sənət məkanında bədii hadisə saymaq olar. Qənaətimizcə, bu əsərlərin məna-məzmun yükü ilə təmasda olan hər bir tamaşaçının, sonda "Qarabağ – Azərbaycandır!”  sözünü dilə gətirəcəyi birmənalıdır...

Ziyadxan ƏLİYEV,
Əməkdar incəsənət xadimi