AZE | RUS | ENG |

Qapıya gəlib pul istəyən MKTB əməkdaşlarına nə deyək?

Qapıya gəlib pul istəyən MKTB əməkdaşlarına nə deyək?
Ekspertlər deyir ki, qanuni əsaslı bütün ödənişlər elektron qaydada həyata keçirilməlidir

Bu günlərdə redaksiyamıza bir məsələ ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) nümayəndəsinin ona qəbz təqdim edərək, mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqına, məişət tullantılarının yığılması və daşınması, o cümlədən digər xidmətlərin göstərilməsi üzrə haqlarla bağlı ödəniş etməsini istəyib. Vətəndaş bu ödənişi elektron qaydada etmək istədiyini söyləsə də, həmin şəxs bunun mümkün olmadığını bildirib. Bəs görəsən qurum işçilərinin təqdim etdiyi bu qəbz nə dərəcədə etibarlıdır? Ümumiyyətlə, onlara edilən ödəniş hara xərclənir? Bu, qanunla düzgündürmü? 
 
 

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Xəyal Bəşirov deyir ki, əslində göstərilən xidmətlərlə bağlı vətəndaşlardan pul tələb etmək qanuna ziddir: "Çünki qanuna əsasən, onların gördüyü işi bələdiyyələr həyata keçirməlidir. Yeni tikilən binalarda mənzil istismar idarələri müqavilə bağlayır. Köhnə binalarda isə "JEK”-lər fəaliyyət göstərir. Təəssüflər olsun ki, onların fəaliyyəti də  sual altındadır. Bu sahədə konkret tənzimlənmə yoxdur. Yəqin ki, yaxın vaxtlarda bu idarələr ləğv olunacaq. Sakinlərdən yığılan pul heç bir qanuni əsasla tənzimlənmir və nəyə xərcləndiyi məlum deyil. Əslində, bu idarələr icra hakimiyyətlərinin tərkibində fəaliyyət göstərdiklərinə görə, pul onların balansına köçürülməlidir. Bu ödəmələri elektron şəkildə etmək mümkün deyil. Çünki onlar elektron qaydada ödəniş qəbul etmirlər. Nağd şəkildə ödənilən məbləğin rəsmi ödəniş sənədi təqdim edilməlidir. Əgər bu ödəniş qanunidirsə, onun elektron forması da mövcud olmalıdır”. 

İqtisadçı-ekspert Rəşad Həsənovbildirdi ki, əslində, yığılan bu vəsait binanın saxlanılması üçün lazım olan xərclərə yönəldilməlidir: "Amma bunun nə dərəcədə yerinə yetirildiyi sual altındadır. Dövlətin nəzdində olan binalarda fəaliyyət göstərən mənzil-istismar idarələrində tariflər dövlət tərəfindən müəyyənləşdirilir. Belə binalarda xidmətin keyfiyyəti də qaneedici deyil. Adətən belə binalardan yığılan vəsaitlərin rəsmi uçotu aparılmır. Vətəndaşlar rəsmi qəbzlərlə təmin olunmayıb. Ona görə də, bu, qeyri-qanuni iqtisadiyyatın predmetinə çevrilib. Yığılan vəsaitlərin hesabatlılığı da olmur. Əslində sakinlərdən yığılan bu pul binalara müvafiq xidmətlərin edilməsi üçün nəzərdə tutulur. Özəl sektor tərəfindən inşa edilən çoxmənzilli binalarda xidmətlərin strukturu dəyişir. Buna baxmayaraq, yığılan xidmət haqları ilə bağlı rəsmi qeydiyyatın aparılması və hesabatların verilməsi məcburidir. Amma adətən mənzil-istismar idarələri bu öhdəliklərini yerinə yetirmir. Digər problem isə odur ki, mənzil-istismar idarələrinin ləğvi ilə bağlı qanun qəbul edilib. Amma hələlik bu qanunun real tətbiqi mümkün olmayıb. Çünki alternativ mexanizm tam olaraq hazırlanıb istifadəyə verilməyib. Ona görə də, sakinlər arasında böyük narazılıqlar var. Mənzil-istismar idarələri hazırda qeyri-qanuni fəaliyyət göstərən qurum hesab olunur”. 

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimlibildirdi ki, "JEK” adlanan mənzil-istismar idarələri binaların təmizlik və digər işlərinə nəzarət edir: "Bu pul, məhz o məqsədlə yığılır. Amma ev pulu bələdiyyələr tərəfindən yığılır. Hər bir çoxmənzilli yaşayış binası qanunla özünü idarə edən qurum yaratmalıdır. Yaxud da həmin məhəllədəki bütün binalar yığışıb birlikdə bir qurum yaratmalıdır. Yəni qanunun tələbi budur. Ümumilikdə götürdükdə isə "JEK” işçiləri binanın həyətinin təmizliyinə nəzarət edirlər. Bu pul məhz o məqsədlə yığılır”.

Hüquqşünas Ellada Bayramovabildirdi ki, yaxın müddətdə "JEK”lərin səlahiyyətlərinin "ASAN xidmət”ə təhvil verilməsi gözlənilir: "Heç bir "JEK” işçisinin vətəndaşdan pul almağa ixtiyarı yoxdur. Bu, qeyri-qanuni bir şeydir və uzun illərdir ki, belə də davam edir. Bu problem insanların öz hüquqlarını bilməməyindən irəli gəlir. Əksəriyyət, qapıya gəlib deyə, pul istəyənlərə ödəniş edir. Bu pulun hara xərcləndiyi də məlum deyil. Əgər qanunidirsə, ödənişlər elektron qaydada həyata keçirilməlidir. Və əgər mən pul ödəyirəmsə, bunun rəsmi hesabatı olmalıdır. Ümumiyyətlə, bu pulun hara xərcləndiyi vətəndaşlara bildirilməlidir. Qapını döyüb sizdən ev pulu, zibil pulu tələb edirlərsə, bunun heç bir qanuni əsası yoxdur. Həmin şəxsə, buna ixtiyarının olmadığını demək lazımdır”.

Şəbnəm 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989