AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qanuni oğru” tituluna qarşı qanun?

“Qanuni oğru” tituluna qarşı qanun?

Cəmiyyət
27 Fevral 2021, 10:00 786
Ekspertlər ada yox, əmələ görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını vacib hesab edirlər
 
"Rusiya, Ukrayna və Gürcüstanda "Qanuni oğru” statusu daşımağa görə cinayət məsuliyyəti və sanballı cəza nəzərdə tutulan qanunların qəbul edilməsi postsovet məkanının digər ölkələrində cinayətkar aləmin liderləri arasında qarşıdurmanı şiddətləndirə bilər” – bu sözləri keçmiş rusiyalı kriminal avtoritet və qanqster Mixail Orskiy ura.ru saytına açıqlamasında deyib. Eyni zamanda bildirib ki, Rusiya, Ukrayna və Gürcüstandan "qanuni oğru”lar bu statusa görə cinayət məsuliyyətinin nəzərdə tutulmadığı ölkələrə, xüsusən də Ermənistana və Azərbaycana qaçırlar.
Bu açıqlama özlüyündə narahatlıq doğurur. Bəs bu cəhətdən Azərbaycan üçün təhlükə varmı? Ümumiyyətlə, təhlükə olmaması üçün güc strukturları hansı tədbirləri görməlidirlər? Ölkəmizdə də "qanuni oğru” status daşımağa görə cinayət məsuliyyəti və cəza tədbirlərinin olmasına ehtiyac yarana bilərmi?
 
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda "qanuni oğru”lar ayrıca titul, status kimi dövlət tərəfindən tanınmır ki, onu ləğv, yaxud qadağan edək: "Sadəcə "qeyri-qanuni” adlandırmadır. Burda ümumi bir ad var, o da cinayətkarlıq. Buna qarşı da dövlət mübarizə aparır. Cinayət törətmiş adam özünü istər "Bağdad xəlifəsi” adlandırsın, istər "qanuni oğru”, fərqi yoxdur, o, cinayətkardır. Dövlət buna qanunvericilik vasitəsilə yanaşır. Biri özünü "İngiltərə kralı” da adlandıra bilər. Biz onu hansısa ada görə yox, konkret cinayət əməlinə görə məsuliyyətinə cəlb edirik, məhkəmə qarşısında cəzasını alır. Həbsxanada 5 nəfərin yanında özünə nə deyirsə, bu, dövlətin verdiyi titul deyil ki,  onu qadağan etsin. Kimsə qanunsuz şəkildə dövlətin hansısa titulunu özünə götürür, yaxud vəzifəli şəxsin səlahiyyətini mənimsəyirsə, dövlət onu qadağan edə bilər. Çünki bu zaman cinayət tərkibi olur”.
 
F.Mustafa deyir ki, qeyd edilən ölkələrdən "qanuni oğru”lar Azərbaycana axın etsələr, burda daha tez həbs ediləcəklər: "Son illər hansısa "oğru razborkası”, yaxud hansısa "kriminal razborka”nın Azərbaycanda səs-küy yaratdığını görən olubmu? Əvvəllər ola bilsin ki, belə hallara rast gəlirdik, amma son illərdə bu istiqamətdə hər hansı narahatedici hadisə baş verməyib. Çünki buna imkan verilmir. "Qanuni oğru”lar onlar üçün hansı ölkənin əlverişli olacağına özləri qərar verirlər. Amma bir şeyi bilməlidirlər ki, Azərbaycanda onlar daha çox sıxıntı yaşayacaqlar. Çünki bizim hüquq-mühafizə orqanları bu işlərlə ciddi şəkildə məşğul olurlar, kriminal fəaliyyətlərə, oğru qanunlarının baş alıb getməsinə imkan tanımırlar. Onlar Azərbaycana gəlsələr, daha tez həbs olunacaqlar”.
 
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyir ki, Azərbaycanda cinayətkarlığın vəziyyətinə yetərincə nəzarət edildiyi üçün narahatlığa əsas yoxdur: "Hüquq-mühafizə orqanlarımız yüksək peşəkarlıqla bu işi həyata keçirirlər. Polislərimizin peşəkarlığı nəticəsində Azərbaycanda hər hansı oğrular cəmiyyətinin, iyerarxiyasının fəaliyyət göstərməsi mümkünsüzdür. Hüquq-mühafizə sistemi bunun qarşısını tam alır. Ona görə, bu istiqamətdə hər hansı təhlükə, təhdid yoxdur. Kütləvi informasiya vasitələrində yayılan məlumatlardan aydın olur ki, oğru, cinayətkar aləmin üzvləri hansısa yığıncaqlar keçirməyə cəhdlər ediblər və qarşısı da çox sərt alınıb. Ona görə, bizdə hər hansı problem yoxdur”.
 
"Qanuni oğru” adına görə məsuliyyətin müəyyən edilməsinə gəlincə, Ə.Nuriyev bildirdi ki, bu, cinayət hüququnun təməl prinsiplərinə zidd məsələdir: "Hansısa şəxslərə özlərinin cəmiyyəti nə isə bir ad verir. Əlbəttə ki, oğrubaşı və yaxud necəsə adlandırırlar. Bu, tamam başqa subkulturadır - mədəniyyətdir. Bu mədəniyyətlə mövcud ənənəvi mədəniyyət ziddiyyətdədir. Ənənəvi mədəniyyət həmişə onu qəbul etmir. Bu da doğrudur. Çünki ənənəvi mədəniyyət mənəvi normalara söykənən mədəniyyətdir və cəmiyyətin özünün müəyyən etdiyi birgəyaşayış, əxlaq qaydaları burda önəm daşıyır. Hamı ona əməl etməlidir. Bir də hüquq tərəfindən məcburi qüvvəyə malik olan normalar var ki, onlara əməl edilməlidir. Kim olmasından, özünü nə adlandırmasından asılı olmayaraq, qanunsuz əməl törədənlər hər zaman cəzalandırılmalıdır. Yəni edilmiş əmələ, cinayətə görə cəzanın labüdlüyü prinsipi hər zaman icra olunmalıdır. Əgər əməl, o istiqamətdə hərəkət yoxdursa, sırf ada görə tədbir görmək necə yanaşmadır axı. Sırf ad cəhətdən yanaşanda, burada cinayət tərkibinin bütün elementlərini görmürəm”.
 
Ə.Nuriyev qeyd etdi ki, bəzi ölkələrdə, sadəcə ada görə cəza tədbirlərinin olması, həmin adı daşıyanların ölkədən köç etməsinə gətirib çıxarır, qanunvericilikdə qadağa olmayan ərazilərə getməsini təşviq edir. Bu isə müvəqqəti effekt verə bilər: "Belə köç ola bilər. Amma gec-tez, həmin qanunlar işləməyəcək, yenidən əvvəlki vəziyyətə qayıdacaq. Yəni bu tədbir müvəqqəti effekt verə bilər. Azərbaycanda bununla bağlı qanunvericiliyə hər hansı dəyişiklik edilməsinə zərurət görmürəm”.
 
Aygün