Qanlı Yanvar hadisələri haqda SSRİ mətbuatında ilk obyektiv məqalənin müəllifi
01.10.19 19:27
711
Bir neçə gündür ki, Azərbaycan ədəbiyyatının gözəl bilicisi
və ədəbi mühitinin köhnə dostu kimi tanınan məşhur rusiyalı yazıçı, publisist,
tərcüməçi Lyudmila Lavrova ölkəmizdə qonaqdır. Dünən "Kaspiy” qəzetinin
redaksiyasında bu məşhur xanımla görüş keçirildi.
Qonaq barədə məlumat verən "Kaspiy” qəzetinin baş
redaktoru İlqar Hüseynov bildirdi ki, Lyudmila Lavrova 1979-cu ildən 2000-ci
ilə kimi dünyaca məşhur "Literaturnaya qazeta” qəzetində redaktor, sonra isə
SSRİ xalqlarının ədəbiyyatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Məhz onun
təşəbbüsü ilə Azərbaycan yazıçıları qəzetin redaksiyasında keçirilən ədəbi
tədbirlərə, dialoq, dəyirmi masa və müzakirələrə cəlb ediliblər. Bundan əlavə,
rusiyalı məşhur qələm adamı Azərbaycanın görkəmli yazıçı və şairlərinin
əsərləri barədə çoxsaylı məqalə və resenziyaların müəllifi kimi tanınır.
Lyudmila Lavrovanın müracət etdiyi yazarlar sırasında Anar, Elçin, Yusif
Səmədoğlu, Natiq Rəsulzadə, Afaq Məsud, Kamal Abdulla, Maqsud və Rüstəm
İbrahimbəyovlar və başqalarının əsərləri olub. Ən önəmlisi isə odur ki,
rusiyalı yazar Azərbaycan xalqının tarixinə qara hərflərlə düşən 20 Yanvar
hadisələri ilə bağlı obyektiv və ətraflı məlumatı dünya ictimaiyyətinə çatdırması
ilə yadda qalıb. Bəlli olduğu kimi, həmin günlərdə İttifaq mətbuatı hadisələr
barədə qərəzli və qeyri-dəqiq məlumatlar yayması ilə seçilirdi. Azərbaycan
xalqı guya başkəsən, ermənilərə qarşı qarət və qətllərə yol verən, sovet
əsgərlərinə atəş açan, qəddar kimi təqdim edilirdi. Lyudmila Yevgenyevna
Lavrova çalışdığı "Literaturnaya qazeta”nın əməkdaşı kimi "Qara Yanvar” hadisələrindən
bir müddət sonra ölkəmizdə olub və çox böyük maneələrə baxmayaraq, hadisələr
barədə obyektiv məlumatı qəzetin çoxmilyonluq oxucularına çatdırıb. Onun "Ümidlər
baharı” başlıqlı məqaləsi 1991-ci ildə dərc edilib və faciəvi hadisələr barədə
ilk obyektiv məqalədə kimi yadda qalıb. Mərkəzi mətbuatda dərc olunan məqalə o
zaman geniş rezonans doğurmuş, ermənilərin etirazı ilə qarşılanmışdı. Ən
önəmlisi o idi ki, bu məqalə o zaman xarici mətbuat səhifələrinə də gedib çıxmışdı.
Xalqımızın dostu kimi tanınan bu xanım SSRİ
dağıldıqdan sonra bir müddət zəifləyən ədəbi əlaqələrə baxmayaraq, ölkəmizlə
münasibətləri qoruyub saxlayıb, Rusiya-Azərbaycan ədəbi və mədəni əlaqələrinə
öz töhfəsini verib. Var qüvvəsi ilə bu münasibətləri qoruyub saxlamağa cəhd göstərən
yazar hesab edirdi ki, iki xalqı tarixi və mədəni əlaqələr bağlayır və bunların
üstündən xətt çəkmək mümkün deyil. "Literaturnaya qazeta”nın səhifələrində rus
oxucusuna müasir dövr Azərbaycan yazarlarının əsərlərini çatdırmaqda davam
edirdi. Ötən əsrin 90-cı illərində "Literaturnaya qazeta”nın səhifəsində yazıçı
Anarın "Otel otağı”, "Gecə fikirləri” əsərlərindən bəzi hissələr dərc olunur.
Daha sonra o, Afaq Məsudun əsərlərini, Kamal Abdulla ilə müsahibələr, müasir və
gənc Azərbaycan şairlərinin şeirlərini dərc edir.
Lyudmila Lavrova Kamal Abdullanın "Sehrbazlar
vadisi” əsərinin də tərcüməçisidir. Bu əsər qəzetdə dərc olunanda, Rusiya ədəbi
mühitində geniş oxucu kütləsinin marağına səbəb olmuş, tərcümə işi yüksək
qiymət almışdı. O, Kamal Abdullanın rus dilinə tərcümə etdiyi "Cənab yollar”
əsərinə yazdığı ön sözdə iki ölkə arasında ədəbi münasibətlərin inkişaf
etdirilməsinin zəruriliyindən bəhs edib.
L.Lavrova "Xarici ədəbiyyat” jurnalında
azərbaycanlı yazarın əsərinin müzakirəsini də təşkil edib. Bundan əlavə, K.Abdullanın
"Yarımçıq əlyazma” kitabının da rus dilinə tərcüməsini həyata keçirib. Bu
yaxınlarda isə yazıçının "Unutmağa kimsə yox” kimi iri romanının da artıq
tərcüməsini başa çatdırıb. Rusiyalı məşhur ədib bundan əlavə, Afaq Məsud və
Günel Rzayevanın nəsr əsərlərinin rus dilinə tərcüməsinin redaktorluğunu həyata
keçirib. Dəfələrlə Bakı Slavyan Universitetinin tələbələri qarşısında
mühazirələrlə çıxış edib.
2005-ci ildə onun yazıçı Anarın həyat yolu və
yaradıcılığına həsr olunan fundamental "Tanış naməlum” adlı kitabının təqdimat
mərasimi baş tutub. L.Lavrovanın təşəbbüsü və yaxından iştirakı ilə "Aktual
proqnozlar elçisi” jurnalında prezident İlham Əliyev haqqında yazılar, Bakı
Slavyan Universiteti barədə materiallar, Rəsul Rzanın Moskvada qeyd olunan
yubileyi barədə reportaj dərc edilib.
Bütün bunlarla yanaşı, Lavrova Ümumrusiya Azərbaycanlıları
Konqresinin Moskvada keçirilən tədbirlərində fəal iştirak və qoyulan mövzularla
bağlı çıxışlar edib. Dəfələrlə Moskva Dövlət Linqvistik Universitetində
fəaliyyət göstərən Azərbaycan Mədəni Mərkəzində Azərbaycan ədəbiyyatı,
mədəniyyəti barədə mühazirələr söyləyib.
Tədbirdə çıxış edən "Kaspiy” qəzetinin baş
redaktoru İ.Hüseynov qeyd etdi ki, "Literaturnıy Azərbaycan” jurnalı və
"Kaspiy” qəzetləri Lavrova tərəfindən yazılan və Rusiyada yaşayan tanınmış
azərbaycanlılar barədə portret məqalələri dərc ediblər. Onların arasında
R.Abutalıbov, A.Axundov, Ç.Hüseynov, Ə.İsgəndərov və başqaları var.
Son vaxtlar Lavrova mühacirətdə yaşayıb fəaliyyət
göstərən bir sıra tanınmış azərbaycanlılar barədə dərc olunan əsərlərin
tərcüməsi ilə məşğuldur. O, R.Abutalıbovun
"Məhəmməd Əmin Rəsulzadə və Qafqaz Konfederasiyası”, "Azərbaycan
Demokratik Respublikası” əsərlərini, eləcə də 20-ci əsrin iki məşhur
azərbaycanlısı - M.Ə.Rəsulzadə və Ə.B.Topçubaşovun yazışmalarını da tərcümə
edib. L.Lavrova MDU-nin tarix fakültəsində Topçubaşovun yubileyinə həsr olunan
konfransda hesabatla da çıxış edib. Ən önəmli faktlarda biri də budur ki, rusiyalı
yazar Bakıda Məmməd Səid Ordubadinin "Qanlı illər”, Qurban Səidin əsərlərinin
tərcüməsini, eləcə də italyan və alman dillərindən Lenin və ikinci Nikolay
haqında əsərlərin tərcüməsini tərcüməsini həyata keçirib. H.Hüseynovun Qafqazda
erməni işğalçılıq siyasətindən ətraflı bəhs edən tarixi-publisistik romanı "Odlu
günəş”in ədəbi redaktoru da məhz Lyudmila Lavrovadır. Bu əsərə görə rusiyalı
yazar Azərbaycan Mətbuat Şurasının Nəcəf Nəcəfov mükafatına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin fəxri
üzvü olan L.Lavrova, bir sıra kəskin süjetli romanların da müəllif kimi
tanınır. Eləcə də o, Qırğızıstanın keçmiş prezidenti Askar Akayev barədə bioqrafik
romanın müəllifidir.