AZE | RUS | ENG |

“Qadınlığımı sərbəst şəkildə yaşayacağam”

“Qadınlığımı sərbəst şəkildə yaşayacağam”
Səhnəyə çıxanda özünü tək hiss etməyən Bengü əslində çox yalnız olduğunu söyləyir


Türkiyənin tanınmış ifaçısı Bengü “Hodri Meydan” adlı albomu ilə gündəmi zəbt edib. Türkiyə mətbuatına müsahibə verən ifaçı deyir ki, nə qədər tanınmış biri olsa da, indiyə kimi münasib bir namizədlə rastlaşmayıb: “Yaşadığımız dünyada çox yalan və yalançılar var. Buna görə də heç kimi həyatıma daxil etmək istəmirəm. Kənardan çox möhkəm və əzəmətli biri kimi görünsəm də, əslində bu heç də belə deyil. Heç kimin gözünün içinə baxa bilmirəm. Bu xüsusiyyətimlə özümə necə həyat yoldaşı tapa biləcəyəm deyə düşünürəm”.

- Bengü xanım, 35 yaşınız tamam oldu, 15 ildir ki, sənətdəsiniz. Bu illər ərzində həyatınızda nələr dəyişdi?

- Mənim ilk albomum çıxanda 20 yaşım var idi. Gənc qızlıqdan qadınlığa keçən mərhələmdə tamamilə dəyişdim. Belə ki, mənim yaşıdlarım istənilən mövzuda azad olduqları halda daima özümü gərgin hiss edirdim. Bir yandan şöhrəti, məşhurluğu anlamağa, digər yandan isə özümü qorumağa çalışırdım. İçimdəki qadını susduraraq bu günlərə gəldim. Ancaq artıq qadınlığımı sərbəst şəkildə yaşayacağam.

- Və qarşımızda çox seksual bir qadın var.

- Bəli. Amma mənimki “bağırmayan bir seksuallıqdır”. Amma avamlıq və seksuallıq arasında incə bir xəttin olduğunu düşünürəm. 2007-ci ildə “Unut beni” klipimdə qapalı bir paltar geyinsəm də, ayaqlarım çöldə idi. Hər kəs ayaqlarımı çox bəyəndi və onların gözəl olduqlarını dedi. Buna baxmayaraq, həyatım boyu açıq-saçıq geyinməyi xoşlamamışam. Düşünmüşəm ki, bir tərəfim çox açıqdırsa, digər tərəfim qapalı olmalıdır. Tarazlığı qorumaq mənim üçün çox önəmlidir. Yeri gələndə kliplərimdə yaşıl bikini ilə yaşıl almaların arasında da yatdım, dondurma da yedim. Səviyyəli görünəcəyimə inanıramsa, o hərəkət və geyimlərə imzamı atıram.

- Biri gəlib “Bengücüm, yeni klipində dondurma yalayacaqsan” desə, necə reaksiya verərsiniz?

- Təşkilatçı insanı rəzil də edir, vəzir də. Ona görə də hər zaman işinin peşəkarları ilə çalışmağa səy göstərmişəm. Ucuz malın arxasınca düşən insanlardan hər zaman uzaq durmuşam. İndiyə kimi heç bir klip və fotosessiyalarımda peşmançılıq hissi çəkməmişəm.

- Sizcə, pop musiqiçilərimiz kliplərində açıq-saçıqlığa daha çox üstünlük verirlər?

- Biz insanlara mahnılarımızı satırıq. Mən evdə yaşıl bikini ilə gəzmədiyim kimi, digər sənət yoldaşlarım da qırmızı, uzunboğaz çəkmələr və ya bikini geyinərək evdə hərəkət etmirlər. Kliplərimizdə təsəvvürümüzdə canlandırdığımız hər şeyi görüntüləyirik. Mahnını oxuyarkən də hərəkətlərimizlə bir şey canlandırmağa çalışırıq. Mənim yeni mahnımın adı “Hodri Meydan”dır. Mahnının sözlərində birinə müraciət olunmur. Arxamdan gələcək olan kütləyə və onların ruhuna xitab edəcək bir ifadır. İddialı bir şey söyləyərkən biz bunları etməyə məcburuq. Belə etməsək, ulduz ola bilmərik.

- İfaçılar kliplərində belə geyməklə, hərəkətləri ilə kimlərə mesaj göndərirlər? Yoxsa aktrisamı olmaq istəyirlər?

- Əsla. Məqsədimiz ilham vermək və nəyisə canlandırmaqdan ibarətdir. Misal üçün, mən son klipimdə özümü Lara Kroft kimi, kompyuter oyununun bir obrazı kimi gördüm. Təbii ki, orada adamlara təpik atan qadın mən deyiləm. Mən albom hazırlıqlarına başlayanda oradakı qızın səsli olmasını istədiyimi bildirdim. Çünki o qız mən deyiləm. Ya da klipi montaj edərkən rejissora “qızı çox göstərməyək” fikri bildirirəm.

- Nə üçün Türkiyədə bir-birinə ismarıc verən və yanıqlı ifalar daha çox sevilir?

- Bu təkcə Türkiyədə deyil, bütün dünyada belədir. İnsan övladı üsyan etməyi sevir. Xaricdə müğənnilərin əksəriyyətinin repertuarına nəzər salsaq, görərik ki, onların mahnılarının çoxu söyüşlərdən ibarətdir. Musiqi duyğunu zirvəyə qaldırmaqdır.

- Belə getsə, 40 yaşınızdan sonra Sezen Aksu tipli mahnılar ifa edəcəksiniz. Bəyəndiyiniz kişilərə zəng edib onları yeməyə çağıracaqsınız.

- Heç zaman kişi tapmaq üçün küçələrə düşməmişəm. Qismətə, Allahın yazdığı alın yazısına çox inanıram. Hətta yol gedərkən ayağım burxulsa belə, bunun bir qismət olduğunu düşünərəm. Ona görə, əgər biri mənim qəlbimə girəcəksə, bu, vaxtı gəldiyində olacaq.

- Qorxularınız varmı?

- İmza atdığım hər bir yeni layihədə: “Görəsən, bu əvvəlki layihəmdən yaxşı ola biləcəkmi?”-deyə düşünürəm. Bir zamanlar vokalist kimi çalışan Bengü ilə bugünkü Bengü arasında çox fərq olsa da, ancaq hələ də qorxularım var. Özümə güvənim olsa da, ürkək addımlar atıram. Özümü inkişaf etdirmək üçün bir növ çırpınıram. Sadəcə, mahnı ifa etmirəm, həyatı idmançı kimi yaşayıram. Bir gün çölə çıxıramsa, 10 gün evdə otururam.

-Təkbaşına yaşamaqdan bezmədinizmi? Ümumiyyətlə, xoşbəxtsinizmi?

- Böyük bir evdə tək yaşasam da, çox xoşbəxtəm. Dünyada çox yalan və yalançılar var. Ona görə də yeni bir qız tanıyıb, həyatıma yeni bir adam daxil etmək istəmirəm. Kimsənin mənə zərər verməməsi üçün əlimdən gələni edirəm.

- Kimlərsə tərəfindən istifadə edildinizmi?

- Əvvəlki münasibətlərim haqqında danışmağı sevmirəm. Mən kimlərlə sevgili oldumsa, onlarla uzunmüddətli həyat yaşadım. Bəli, hər münasibətdə olduğu kimi, mənim də münasibətlərimdə qadın daha fədakar oldu. Aşiq olduğum bütün kişiləri həyatıma “son kişidir” deyə aldım. Bu fani dünyada münasibətlərimə ləkə gəlməməsi üçün çox çalışdım, amma olmadı, bacarmadım. 4 ildir ki, həyatımda heç kim yoxdur. Hesab edirəm ki, mənim üçün belə daha rahatdır.

- Müsahibələrinizdən birində: “Ağlımı itirməmək üçün ayda bir dəfə doğulduğum torpağa- İzmirə gedib gənc qızlıq otağımda yatıram”-kimi fikirlər səsləndirmisiniz. Ağlınızı itirmənizə qədər sizə təsir edən nüanslar nədən ibarətdir?

- Ötən gün evdə təkbaşına idim və ağlamağa başladım. Axşamı da səhnəyə çıxıb 15 min nəfərə konsert verdim. Səhnəyə çıxanda özünü tək hiss etmirsən. Amma əslində çox yalnızsan. Böyük alqış, möhtəşəm tamaşaçı kütləm... Hətta tamaşaçıların sevgisindən küçədə gəzə bilmirsən. Bunlar çox gözəl hisslərdir. Olan bu qədərdir. Ondan sonra isə səssizlikdir. Bu səssizliklə böyük sevgi ziddiyyətinin arasında qalmaq çox çətindir. Belə olan halda İzmirə gedib məktəb yoldaşlarımla görüşürəm. Oradakı evimiz mənim ruhumu sakitləşdirir. Keçən il Bodruma və digər ölkələrə getmədim. Ancaq İzmirdə qaldım. Ana yeməklərinin, ata kabablarının yerini heç nə vermir. Onlar məni bir ulduz kimi görmürlər. Yəni valideynlərim məni normal gördükləri üçün mən də onların yanında rahat oluram. İstanbulda gənc bir qadın necə yaşayırsa, mən də elə yaşamağa çalışıram. Alış-verişə gedirəm. Bazarlığımı özüm edirəm. Adi həyat yaşayıram.

- 2012-ci ildə böyük bir avtomobil qəzası keçirdiniz...

- Bəli. Ümumiyyətlə, mən həyatımı iki hissəyə bölürəm. Qəzadan əvvəlki və sonrakı həyatım. Həyatda yaşadığımız hər şeyin – yaxşı və pisin bir mesaj olduğunu düşünürəm. O hadisədən sonra bir il özümə gələ bilmədim. Həqiqətən də o, böyük bir travma idi. Hadisədən sonra yaşamaq ümidimi itirmişdim. Hətta alnım da parçalanmışdı.

- Qəzadan sonra özünüzü necə toparladınız?

- Sevdiyim işlə məşğul idim. Bu müddət ərzində insanlara “yox” deməyi öyrəndim. Artıq ölümdən başqa hər şeyin çarəsinin olduğunu dərk etdim. O gündən etibarən hər dəfə güzgü qarşısına keçəndə özümə “Mən kiməm?” deyə sual etməyə başladım. Üslubumu dəyişdim, tərzimi formalaşdırdım. Artıq saçlarımı boyamıram. Əvvəllər hər ay solyariyə gedərdim. İndi getmirəm. Üzümü təbii gül suyu ilə təmizləyirəm. O hadisədən sonra sanki özümü tapmışam və Bengünü bu halı ilə çox bəyənirəm.

- Sizcə, sənətçi eqosu deyilən şey nədir?
- Eqo restoranda əyləşərkən “Mənim şorbam niyə soyuqdur?” – deməkdirsə, mən onlardan deyiləm. Əksinə, sırf müğənni olduqdan sonra “bu qız qudurdu” deməsinlər deyə, o supu içər, hesabını ödəyərəm. Üstəlik, “Əllərinizə sağlıq, çox gözəl olub” deyib, həmin məkanı tərk edərəm. Çünki mən ailə tərbiyəsi almışam. Sonradan görənlərdən deyiləm. Qarşıma məqsəd qoydum və ona görə İstanbula gəldim. Hədəflərim bəlli idi. Atam mənə yoxluğun nə olduğunu göstərmişdi. İstanbula gələndə ən bahalı yerdə ev tuta biləcəyim halda, adi, kiçik, balaca bir tələbə evində də qaldım.

Tərcümə etdi: Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779