“Pulun yoxdursa, ideyan yaxşı olmalıdır”
Nəsibə Məmmədzadə:
Terraruium sahəsində ölkəmizdə nömrə bir olmağı bacardım
Ötən il 8 Mart
Beynəlxalq Qadınlar Günündə anasına terrarium hədiyyə etmək istəyir. Ancaq
bazarda qiyməti görəndə, fikrindən daşınır və anası üçün evdə özü də bunu
hazırlaya biləcəyini düşünür. Cəhdi uğurlu alınır və sonra "niyə də bu sahədə
öz işimi qurmayım?” deyir. Beləliklə, bir ildən çoxdur ki, həmin işi davam
etdirir. Müsahibimiz terrarium sahəsində "Nessys Garden”
biznesini quran Nəsibə Məmmədzadədir.Qeyd edək ki,
N.Məmmədzadənin 24 yaşı var. Azərbaycan Dövlət İqtisad Universitetində
sertifikatlaşdırma və standartlaşdırma ixtisası üzrə təhsil alıb.
- Nəsibə, söhbətə öz işini qurmaq fikrinin yaranması
ilə bu işə start verməyin arasındakı vaxtla başlayaq.
- Universitetin
birinci kursunda məndə müəyyən biznes ideyaları yaranmağa başlamışdı. Həmişə də
qeyi-adi, kreativ ideyaları reallaşdırmaq istəyirdim. Bu zaman uğur qazanma
ehtimalının daha çox olduğunu fikirləşirdim. Təəssüf ki yetərincə vəsaitim
olmadığına görə, o ideyalar elə ideya olaraq da qalırdı. Ancaq yetərincə təcrübə
yığandan sonra, universiteti bitirəndə, artıq öz işimi qurdum. Deyim ki, işi
quranda da əlimdə yetərincə vəsait yox idi (Gülür).
- Yəni o qənaətə gəldiniz ki, öz işini qurmaq üçün əsas
olan pul deyil?
- Mən tələbə
vaxtı işləyirdim və bu təcrübələr mənə öyrətdi ki, biznes qurmaq üçün heç də həmişə
əlində böyük məbləğ olmasına ehtiyac yoxdur. Bəzən yavaş-yavaş, xırda-xırda nələrsə
edərək də iş qurmaq mümkündür. Mən aldığım maaşdan az-az ayırıb işi qurmağa
başladım. 150 manatla başladım, əlimdə böyük məbləğ yox idi. Ancaq deyim ki, bəzi
sahələrdə iş qurmaq üçün büdcə lazımdır. Ümumiyyətlə, əgər pulun yoxdursa,
ideyan yaxşı olmalıdır.
- Tələbə vaxtı işlədiyinizi dediniz. Bu, təhsil
aldığınız ixtisasla bağlı idi?
- Mən birinci
kursdan işləmişəm. Bilirsiniz, elə insanlar var ki, yaradıcı işləri görməyi
sevirlər, elələri də var ki, sənədlərlə işləmək onlara xoşdur. Sənədlərlə işləmək
mənə çəkici gəlmirdi. Cəhd etdim, gördüm ki, mən özümü orda çox da görmürəm.
Yaradıcı sahəni ona görə seçdim ki, özümü burda daha yaxı hiss edirəm.Tələbə vaxtı
çalışdığım işlərə gəlincə, sosial media meneceri, rəqəmsal marketinq sahələrində
çalışırdım. Bir çox istiqamətdə fəaliyyət göstərən şirkətlərdə işlədim. Tədris
mərkəzləri, yanğın söndürən balonlar satışı, təmizlik şirkətləri və s. Öz işimi
quranda, SMM kimi fəaliyyət göstərirdim.
- Adətən biznes ideyası olsa da, başlamaq üçün nə isə
təkanverici bir hadisə də baş verir. Başlamaq qərarı verməyiniz necə oldu?
- Ötən il 8
Martda anama terrarium hədiyyə etmək istədim. Maraqlandım, qiyməti çox baha
oldu, fikirləşdim ki, bunu anam üçün özüm də hazırlaya bilərəm. Hazırladım,
yaxşı da alındı. Sonra qərara gəldim ki, bunu bir iş olaraq da qura bilərəm. Həmin
ərəfədə 4-5 fərqli şirkətdə frilans olaraq işləyirdim. Onlardan gələn pulla əvvəlcə
qab aldım, sonra bitki və s. Yavaş-yavaş materialları əldə edib işləməyə
başladım.
- Emalatxana götürdünüz, yoxsa evdə işləyirdiniz?
- Apreldə
başladım, iyunun ortalarına kimi evdə hazırladım. Çünki tələbi öyrəndikdən
sonra ayrıca emalatxana tutmaq fikrindəydim. Hazırlayıb satırdım, yenə o pula
material alıb yeni işləri görürdüm. Terrariumların içərisindəki təbii bitkilərdir
və onlar torpağa əkilir. Torpaqla evdə rahat işləmək olmurdu. Ona görə
emalatxana götürdüm. Qarşıma münasib qiymətə bir məkan çıxdı, fikirləşdim ki,
qazancım olmasa da, o biri işlərdən aldığım gəlirlə kirayəsini ödəyərəm. Həmin ərəfədə
satış az sayda idi, amma risk edib yer götürdüm.
- Tək idiniz, yoxsa kömək edənlər oldu?
- Tək
başlamışam. Bu işin alınacağına inanmayan insanlar var idi, amma mən özümə güvənirdim.
Sonra ən böyük dəstəyi bacım göstərib. Sənədləşmə və s. işlərdə o mənə çox dəstək
olur. Ailəmdən kömək görürəm.
- Ad seçiminiz də maraqlıdır...
- Yaxınlarım məni
həmişə Nesi deyə çağırıblar. Ona görə mən də ad seçimini bu cür etdim. Tərcümədə
Nesinin bağçası anlamına gəlir.
- Böyük şirkətlərdən korporativ sifarişlər
alırsınız. Nə qədər vaxt sonra artıq bu cür sifarişlər almağa başladınız?
- Yeni
başladığımızda "Synergy” şirkətindən 20-yə yaxın sifarişimiz oldu. Qısa zamanda
biz korporativ sifarişlər aldıq. "Socar”, "Avrora”, Azərbaycan Banklar
Assosasiyası və s. bizə sifariş veriblər.
- Qısa zamanda bunların olmasının səbəbi nə idi?
- Hamısı reklam,
əl işinin diqqət cəlb etməsi nəticəsində olub. Özüm sosial media ilə bağlı işlədiyim
üçün müştərilərin nə istədiyini daha tez anladım. Müştərilərlə düzgün danışıq
qabiliyyətim artıq formalaşmışdı. Kimin büdcəsi üçün nə hazırlamaq lazım
olduğunu da bilirdim. Sosial şəbəkədə ödənişli reklama qoyduq, bloggerlər vasitəsilə
də reklam etdik. Təbii ki, bir də müştəri müştəri gətirirdi. Bir müştəri
sifariş verirdi, sonra tanışları da bizə müraciət edirdi. İndiyə kimi işimdən
narazı qalan müştəri olmayıb. Bunlar hamısının işimizin reklamı üçün böyük rolu
oldu.
- Bütün işləri özünüz görürsünüz?
- Bəli. İstər kənarlarındakı
rəngli qumlar olsun, istər içərisindəki suvenirlər - özüm hazırlayıram. Bəzi
suvenirlər hazır olur, bəzilərini taxtadan düzəldirəm. Bəzən kiçik maketlər də
yığıram.
- Sifariş çox olanda, bu, sizi yormur?
- "Socar”ın 180
terrarium sifarişini bir həftə ərzində çatdırdım. 2-3 gün materialları toplamağa
getmişdi. 4-5 günə o qədəri özüm tək hazır etmişəm. Hətta xırda süvenirləri
hazırlamağa bacım və dostlarım kömək ediblər, amma işləri özüm edirəm. Həmin ərəfədə
işə səhər saat 7-də gəlib, gecə 3-4-ə qədər ayaq üstə işləmişəm. Yorğunluq
olur, amma çox büruzə verməmişəm. Çünki insanın sevdiyi iş olandan sonra zəhmətini
çəkməyə hazırdır.
- Müştərilərin istəyini kiçik şüşə qaba yerləşdirə
bilirsiniz?
- (Gülür)
Terrariumu şüşə içərisində kiçik bağça adlandırırıq. Sifarişlər fərqli olur.
Kimsə sevgilisinə hədiyyə edəcəksə, istəyi fərqli olur. Məsələn, ikisinin bir
yerdə ağacın altında, yaxud dəniz kənarında suvenirini görmək istəyir. Kiminsə
övladı dünyaya gəlir, körpəyə uyğun nəsə istəyir. Kimsə ailə üçün nəsə etməyimizi
istəyir. Biz bunları şüşə qabın içərisinə yerləşdirə bilərik.
- Terrariumların hazırlanması üçün lazım olan məhsulları
tapmaqdan da danışaq.
- Çox çətin
olur. İndi bir çox şeyləri hardan alacağımı bildiyim üçün elə çətinlik
yaşamıram. Amma yenə də sayının az olması üzücüdür. Məsələn, bitkilər hamısı
Hollandiyadan və digər ölkələrdən, üstəlik də məhdud sayda gəlir. Hər növdən
bir-iki ədəd gəlir. Sifarişi hazır edib, şəklini paylaşanda, sabah müştəri həmin
bitkidən istəyəndə, bizdə qalmaya bilir. Digər ölkələrə nisbətən o bitkilərin
qiyməti bizdə çox bahadır. Qabları da xarici ölkələrdən gətiririk. Bəzi şüşə
qabları özümüz hazırlayırıq. Mamırları Yaponiyadan, suvenirləri Türkiyə,
Yaponiyadan gətiririk. Bu səbəbdən məhsulları tapmaqda bir az çətinlik çəkirik.
- Dediniz ki, ananıza terrarium hədiyyə etmək istəyəndə,
qiyməti baha olduğu üçün almamısınız. Maraqlıdır, indi sizdə qiymətlər necədir?
- (Gülür) Anam
üçün hədiyyə axtaranda, bir səhifədə gördüm, mənə 150 manata dedilər. Düşündüm
ki, nə vaxtsa bunu etsəm, hər büdcəni nəzərə alacam. Formasından, dizaynından fərqli
olaraq qiymətlərimiz 15-250 manat arası dəyişir. 200-250 manata olanların ölçüləri
böyükdür. Bir yox, bir neçə nəfərin adından hədiyyə verildikdə, bunu alırlar.
- Bu hədiyyələrin ömrü nə qədər olur?
- Terrariumların
fərqli növləri var. Bizdə əsasən florarium və mossariumlardır. Təbii
florariumların ömrü bir ildir. Mossariumlar təbii və ya stabilizə edilmiş
mamırdan hazırlanır. Stabilizə edilmiş mamırın qalıcılığı 3-5 ildir. Mən dediyim
müddət aşağı bir rəqəmdir, düzgün baxım olduqda, o vaxt uzanır.
- Bir ildə öz işini idarə etmək təcrübəsi sizə nə
öyrətdi?
- Çox şey öyrəndim.
Buna əsasən işini qurmaq istəyən gənclərə kiçik tövsiyələrim də olacaq. İşə
başlayırlarsa, özlərindən başqa heç kimə güvənməsinlər. Düşünsünlər ki, bunu mən
edəcəm. Heç kəs sənin işinə özün kimi can yandırmır. Heç kəsdən heç nə gözləmək
lazım deyil. Əgər bir işdə uğur qazanacağını düşünürsənsə, vaz keçməməlisən. Elə
olub ki, bir ayda bircə sifariş də olmayıb. Ancaq heç vaxt həvəsdən düşməmişəm.
- Hazırda sırf bu işlə məşğulsunuz?
- Yox, digər işlərdən
uzaqlaşmadım. Hazırda yenə də frilans olaraq fərqli şirkətlərdə SMM işində
çalışıram.
- Bundan sonra hədəfləriniz nələrdir?
- Terraruium sahəsində
ölkəmizdə nömrə bir olmağı bacardım. İlk etdiyimizi demirəm, amma fərqlilik gətirən
biz olduq. Hazırda mağaza yoxdur, onlayn satışdır. Hazırkı əsas hədəfim böyük
ticarət mərkəzlərindən birində stendimin olmasıdır. İndi o istiqamətdə
çalışıram. Növbəti hədəfim brendimi hər kəsin tanımasına nail olmaqdır.
Aygün Asimqızı