Problemli kreditlər yenidən gündəmə qayıdır
Manatın məzənnəsi düşdükdən sonra dollarla olan
kreditlərin ödənilməsində problemlər yaranmağa başladı. Bu isə öz növbəsində
problemli kreditlərin sayını artırdı. Xeyli vaxtdır ki, bu istiqamətdə hər
hansı addım atılacağı gözlənilsə də, rəsmilərin cavabı elə də ümidverici
olmurdu. Lakin bir neçə gün öncə
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındaMaliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib ki, hökumət
artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin
institusionallaşdırılmasını müzakirə edir. O bildirib ki, müvafiq hesabat artıq
Prezident Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası bunun üzərində
çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq.
Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən
mövcud bank qanunvericiliyi, o cümlədən "Banklar haqqında" qanuna əlavələrin
layihəsi hazırlanıb: "Bu, imkan verəcək ki, bankların problemli aktivləri və
öhdəliklərini bir-birindən ayıraq, sağlam aktivləri mövcud banklara keçirək,
problemləri bir çətir altında birləşdirib həll edək”.
Palata sədrinin bu fikirlərindən sonra hər kəs problemli kreditlərlə bağlı
yardım ediləcəyini deyir. Bəs R.Aslanlının bu fikirlərinin əsasında nə durur?
Problemli kreditlərin həlli ilə bağlı hansı addımların atılması gözləniləndir?
Aktivləri idarəetmə şirkəti yaradıla bilər
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli deyir ki, bu məsələ ilə bağlı KİV-də mütəxəssislər tərəfindən fikirlər
səsləndirilsə də, rəsmi olaraq ilk dəfə
bu haqda açıqlama verilir: "Uzun müddətdir aktivləri idarəetmə şirkətinin yaradılması ilə bağlı mətbuatda
mütəxəssislər tərəfindən fikirlər səsləndirilir. Daha əvvəl də bu məsələ gündəmə
gətirilmişdi. Burada söhbət ondan gedir ki, banklarda olan mövcud problemli
aktivlər bankların bu gün idarə olunmasında ciddi problemlər yaradır. Məncə, həm
bankların kapitala olan tələbi üzərindəki təzyiqi azaltmaq, həm likvidliyi
artırmaq üçün düşünülən mexanizm odur ki, problemli aktivləri idarəetmə şirkəti
yaradılır. Əvvəllər bununla bağlı bəzi ölkələrdə təcrübə olub. Həmin banklarda
olan problemli kreditlər aktivləri idarəetmə şirkətinə yönəldilir. Aktivləri idarəetmə
şirkəti problemli aktivləri idarə edəcək, yığılan vəsaitləri bankların
likvidliyinin artırılması üçün sərf edəcək, yaxud da əgər dövlət əvvəldən banklara
likvidlik verəcəksə, problemli aktivləri satın alacaqsa, bu vəsaitlər də geri –
dövlətə qayıtmış olacaq”.
C.İbrahimlinin sözlərinə görə, sadə dillə danışsaq, aktivləri idarəetmə şirkəti
yaradılır, bankların problemli aktivləri oraya götürülür, banklara onun
qarşılığında vəsait verilir və banklar öz işlərinə davam edirlər. Problemli
aktivlər də sağlamlaşdırıldıqca, vəsaitlər geri qayıtdıqca yığılan vəsaitlər
dövlətə köçürülür: "Banklara bu vəsaitin büdcə və ya Mərkəzi Bank tərəfindən
verilməsi müzakirə olunacaq məsələlərdir. Amma dünya təcrübəsində bu var”.
Bütün hallarda kreditlər ödəniləcək
Ekspert deyir ki, bu şirkətin yaradılması banklarla yanaşı, əhalinin
kreditlərini rahat ödəmələrinə şərait yaradacaq: "Əhalidə və iqtisadi subyektlərdə
olan vəsaitlər geri qayıtmadığı üçün problemli kreditlər yaranıb. Əgər aktivləri
idarəetmə şirkətinə verilib, banklara bunun qarşılığında kifayət qədər vəsait
veriləcəksə, banklar bir az rahatlayacaqlar. Bu durumda aktivləri idarəetmə şirkəti
daha rahat şəkildə bu vəsaitlərin idarəetməsini yönəldə bilər. Burada kreditlərin
müddətinin uzadılması, yaxud da faizlərə, kurs fərqində yaranan fərqlərə də
baxıla bilər. Hesab edirəm ki, müəyyən dəyişikliklərin vətəndaşa da xeyri ola
biləcək. Əslində bu gün yaranan problemlərin kökündə dayanan səbəblərdən biri
bankdırsa, digəri də kreditləri istifadə edən iqtisadi subyektlər və fiziki şəxslərdir.
Onlar öhdəliklərini icra edə bilmədikləri üçün banklarda bu problemlər görünür.
Problemlərə bir çətir altında baxılırsa, vətəndaşın rahatlıq məsələsinə də
baxıla bilər. Onsuz da banklar bu vəsaitləri qaytarmaqda çətinlik çəkirlərsə, aktivləri
idarəetmə şirkəti şərtlərdə heç bir dəyişiklik etmədən, eynilə bankların tələbi
ilə vətəndaşın qapısına gedəcəksə, yenə burada müsbət nəticə əldə etmək mümkün
olmayacaq. Aktivləri idarəetmə şirkəti yaradılırsa, bu kreditin ödəniş və geri
qaytarılma prosedurunda da bir az yumşalma, şərtlərdə dəyişikliklər etmək
lazımdır. Əks halda burada effekt almaq çətindir”.
C.İbrahimli onu da bildirdi ki, problemli kreditlərlə bağlı hansısa addımın
atılacağını demək bu kreditlərin ödənilməyəcəyi anlamına gəlməməlidir: "Birinci
devalvasiyadan əvvəl də bu fikri demişdim, bu gün də o fikirdəyəm. İqtisadi
subyektlər və fiziki şəxslər kreditlərini götürdükləri valyutada da ödəyəcəklər.
Bunun başqa yolu çətindir. Qanun çıxacaq, çətir altında birləşəcək, problemli
kreditlər banklardan alınacaq və vətəndaş krediti ödəməyəcək deyə bir şey
yoxdur. Yanlış anlaşılmalar olmasın. Məncə, bu kimi məsələlər heç vaxt müzakirə
mövzusu olmayacaq. Kredit şərtləri yumşaldılmaqla, müddəti uzadılmaqla və ya
faizdə müəyyən, kursda cüzi güzəştlər olaraq nəticə etibarilə bunlar ödəniləcək.
Başqa cür bu işin içərisindən çıxmaq çətin məsələdir. Çünki burada çox ciddi vəsaitdən
söhbət gedir”.
"Onların problemlərinə ayrı-ayrılıqda yanaşmaq
düzgün deyil”
İqtisadiyyat Nazirliyinin İqtisadi
İslahatlar Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov hesab edir ki, ölkədə bütövlükdə bank sektorunda instutisuonal dəyişikliklərə,
islahata və yeniliklərə ehtiyac var: "Bu həm qanunvericilik sahəsində, həm də təşkilati
istiqamətdə həyata keçirilməlidir. Bunsuz bir sıra mühüm problemləri həll etmək
mümkün olmayacaq. O cümlədən problemli kreditləri də. Çünki bankların vəziyyəti
elədir ki, onların problemlərinə ayrı-ayrılıqda yanaşmaq düzgün də deyil,
mümkün də.... Belə ki, bank sektorunda hazırki böhranlı vəziyyətin kökləri,
yaranma səbəbləri eynidir. Odur ki, çıxış yolları da ümumi xarakterdə
olmalıdır. Bu, xüsusən də problemli kreditlərə dair yanaşmada hökmən vacibdir.
Hesab edirəm ki, bütün banklar üçün bu məsələnin ümumi və yekdil həlli yolu -
mexanizmi yaradılmalıdır. Elə Rüfət Aslanlının da qeyd etdikləri bu mənada başa
düşülməlidir”.
Ekspert deyir ki, vəziyyətə ümumi yanaşmaq tələb
olunur: "Banklara fərdi olaraq deyil, ümumi sektor fonunda yanaşmaq lazımdır.
Ona görə də onların problemləri ümumiləşdirilməlidir”.
Aygün Asimqızı