AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Prezidentimiz çox sərt və qətiyyətli bəyanatlar verib"

Cəmiyyət
22 Fevral 2020, 17:30 656
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri çox böyük nümayəndə heyəti ilə müşaiyət olunur. İtaliya Avropanın ən inkişaf etmiş dörd ölkəsindən biridir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.
Deputatın sözlərinə görə, İtaliya Azərbaycanla çox yaxın strateji əməkdaş dövlətlərdən biridir: "Bizim İtaliya ilə çoxtərəfli və ikitərəfli formatda çox yaxın əlaqələrimiz var. Hümanitar, siyasi, mədəni və s. bütün sahələrdə çox sıx əlaqələrimiz var. Təbii ki, bu əlaqələrimiz ildən-ilə daha da sürətlənir. Bildiyiniz kimi İtaliya Prezidenti də Azərbaycanda olmuşdu. Sevindirici haldır ki, İtaliyada "Azərbaycan ili” elan olunub. Prezident İlham Əliyev səfəri çərçivəsində fevralın 19-da Romadakı məşhur "Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etdi. Ölkə başçımızın İtaliya səfərində onu müşaiyət edən dövlət rəsmilərinin də iştirakı ilə müxtəlif sahələr üzrə sənədlər imzalandı. İki ölkə başçısının birgə keçirdiyi mətbuat konfransında çox önəmli məsələlərə toxunuldu. Bu gün Azərbaycan üçün əsas olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir və Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalçılarından azad olunmasıdır. Bu məsələni cənab Prezident bütün səviyyəli görüşlərində, tədbirlərində, bu yaxınlarda isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərində dilə gətirib. Prezidentimiz çox sərt və qətiyyətli bəyanatlar verib".