AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib

Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib

Cəmiyyət
05 İyul 2020, 09:30 240
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya şəraitində Azərbaycanın dünyadakı nüfuzu durmadan artır. Ölkə başçısı pandemiyaya qarşı mübarizə ilə bərabər, həm qlobal, həm də regional səviyyədə layihələrə ev sahibliyi edir, beynəlxalq əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Ölkə rəhbəri İlham Əliyevin diplomatik və siyasi dühası ətrafda bütün ölkələrlə ortaq nöqtələrin tapılmasına, əməkdaşlıq mühitinin inşasına, qarşılıqlı faydaya dayanan əlaqələrin qurulmasına gətirib çıxarıb. Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşü bu baxımdan böyük əhəmiyyət daşıyır.

Bu sözləri millət vəkili Tamam Cəfərova deyib.
 
Deputat qeyd edib ki, bu gün Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir. Yerləşdiyi əlverişli coğrafi mövqe, eyni zamanda yürüdülən siyasətə geopolitik spesifikaları da qatan Azərbaycan regional və qlobal proseslərdə güc mərkəzi kimi unikal rol oynamağa davam edir. Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana yeni dividendlər qazanmaq şansı yaratmışdır.
 
Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək, bundan həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.
 
Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi siyasəti, dövlətin 1993-cü ildən xarici iqtisadi və geosiyasi əlaqələr sahəsində həyata keçirdiyi iki əsas strateji xətdən biri olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 17 ildə neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş, yaxud hazırda qurulur. XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan "İpək Yolu” (TRASEKA) layihəsinə əlavə dəstək olaraq, Azərbaycanın təşəbbüsü-liderliyi ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirmiş, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası işi başa çatdırılmışdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası və s. mühüm infrastruktur layihələri Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynamışdır.
 
Hazırda dünayda, beynəlxalq sistemin formalaşma prosesi gedən nöqtələrdən biri Orta Asiyadır. Bu region bizim üçün təkcə türkdilli respublikalarla zəgin olması deyil, dünyanın ən vacib enerji bazası, Çinə, Hidistana, Rusiyaya, İrana və digər vacib məntəqələrə uzanan nüfuz qurşağını, mühüm ticarət yollarını təşkil edir və bu yolun tən ortasında - Asiyadan Avropaya keçiddə Azərbaycan Respublikası yerləşir.
 
İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşündə 3 dövlət arasında əməkdaşlığın strateji cəhətdən önəmli məsələlərinə dair fikir mübadiləsi aparılmış, xüsusilə nəqliyyat və kommunikasiya sahəsində tərəfdaşlığ məsələləri müzakirə edilmişdir.
 
Görüş bir daha göstərdi ki, Azərbaycan siyasi coğrafiyanı müsbət dəyərləndirməklə qalmayıb, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv dövlətlərdən, eləcə də Əfqanıstandan böyük dəstək əldə edib. Əfqanıstan Prezidenti Azərbaycanın regionda və dünyada oynadığı rolu, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüslərini, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında rolunu, həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Əfqanstanın prezidentinin yatırılan sərmayələrə görə, iqtisadi layihələrə görə və COVİD – 19-a qarşı yürütdüyü birgə səylərə görə Azərbaycan rəhbərinə təşəkkür etməsi mühüm mesajları özündə ifadə etdi.
 
Lapis Lazuli dəhlizi kontekstində enerji, tranzit, ticarət və investisiya məsələləri barədə Orta Asiyaya həyat qazandıran addımları atan Azərbaycan rəhbəri bildirdi ki, "2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola "Dəmir İpək yolu” deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir”.

Cənab Prezident həmçinin vurğuladı ki, Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir. Bütövlükdə Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir.
 
Görüşdə Prezident İlham Əliyev Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirdiyini bildirib. Dövlət başçıları səviyyəsində həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlər bu əlaqələrin inkişafına mühüm töhfə verib. Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyirlər.
 
Tamam Cəfərova həmçinin bildirib ki, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır. Onun sözlərinə görə, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlığı daha da inkişaf edirib. "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilmişdir.
 
Alpər TURAN