• bazar, 05 May, 09:10
  • Baku Bakı 16°C

Politoloqlar bayramı necə keçirəcəklər?

28.12.16 11:30 2015
Politoloqlar bayramı necə keçirəcəklər?
2016-cı ilin son günlərini yaşayırıq və qarşıda bizi gözləyən 5 günlük məzuniyyət var. 2016-cı ilin ağır il olduğu heç kimə sirr deyil. Bu il istər siyasi, istərsə də, iqtisadi baxımdan çətinliklərlə yadda qaldı. Bəs ağır ilin siyasi məsələləri ilə bağlı tez-tez narahat etdiyimiz politoloqlar bu ilin yorğunluğunu necə çıxarmağı planlaşdırırlar? Yeni ili qarşılamaq və istirahət etmək üçün nə kimi planlar cızıblar?

Politoloq Arzu Nağıyev "Kaspi”yə açıqlamasında dedi ki, yeni ili atası ilə birgə keçirmək istəyir. Buna görə də Tovuza yollanmağı qərarlaşdırıb: "Bayramları hər zaman ailəmlə birgə keçirməyə çalışıram. Bu dəfə də ata ocağına toplaşacağıq. Rayonumuzda dostlarımla, qohum-əqrəbamla görüşəcəyəm. Düzdür, mən Tovuzla əlaqəni kəsmirəm, amma yenə də, bir müddətdir görmədiyim dost-tanış var, onlarla görüşəcəyəm. Həmçinin, sinif yoldaşlarımla bir yerə toplaşacağıq. Qar olsa, dağ tərəflərə gedəcəyik. Mütləq şəkildə, rəhmətə gedən yaxınların, əzizlərin qəbirlərini ziyarət edəcəyik”.

A.Nağıyev onu da bildirdi ki, xaricə getmək kimi bir fikri yoxdur: "2016-cı ildə yarımçıq qalan bəzi işlərimi 2017-ci ildə tamamlamağa çalışacağam”.

Politoloq Natiq Miri bildirdi ki, Dünya azərbaycanlılarının Həmrəylik günü onun üçün daha dəyərlidir, nəinki il sonu bayramı: "Çünki bayram dediyimiz Yeni il bizə xristian dünyasından sırınmış bir yalan və vərdişdən başqa bir şey deyil. Əslində, ilin sonu dekabrın 31-də gəlmir və yeni il yanvarın 1-də başlamır. Bu, xristian dünyası üçün bir Milad bayramıdır ki, bu da, İsa peyğəmbərin doğumu ilə əlaqəlidir. O ki qaldı bayramların keçirilməsinə, mən bayramların daha çox ailə çərçivəsində qeyd olunmasına üstünlük verirəm. Çünki ailə mətbəxində hazırlanan ləziz yeməklər ən gözəli, ən təmizi olur və səmimi şəkildə hazırlanır. Bu cür bayramlar ailədə birləşdirici xarakter daşıdığı üçün çox əhəmiyyətlidir. Bu il də dəyişiklik olmayacaq və ailəcə bir yerdə bayramları qeyd edəcəyik. Hamının bayramları mübarək olsun”.

Siyasi şərhçi Vüqar Zifəroğlu da bayramı evində, ailəsilə birgə keçirəcək: "2016-cı ili xoş, rahat bir il kimi xarakterizə etmək mümkün deyil. 2016-cı il ağır oldu və bir çox sınaqlarla yadda qaldı. Bu ili "mübarizə ili” adlandırıram. Ölkə daxilində baş verənlər hər kəsə müxtəlif dərəcədə təsir etdi. İqtisadi durum və başqa məqamlar ürəkaçan olmadı. Amma bu il bizi mübarizəyə səsləyən bir il də oldu. İnamlı, mübariz olmağı aşılayan bir il kimi yadda qaldı. Gələn ilin isə daha yaxşı və daha rahat bir il olmağını istəyirəm. Arzu edirəm ki, Qarabağ problemimizin həlli istiqamətində konkret həlledici addımlar atılsın. Həmçinin, iqtisadi durumla bağlı müsbət dönüşlər arzulayıram. Çünki bu, hər birimizin həyatına, ailəsinə birbaşa təsir edən məqamdır”.

V.Zifəroğlu qeyd etdi ki, 2016-cı il onun üçün şəxsi uğurları ilə əlaqədar, yaddaqalan olub: "Rəhbəri olduğum təşkilatın kitabı nəşr edildi və o, maraqla qarşılandı. Araşdırmaçı alim kimi, müəyyən uğurlarım oldu. 2016-cı ildən müəyyən gözləntilərim var idi ki, onlar doğruldu. Gələn ildən daha çox gözləntilərim var. Bayrama gəldikdə, həmişə evdə ailəmlə, yaxınlarımın əhatəsində keçirirəm. Ələlxüsus da, Yeni il və Novruz bayramını. Ən yaxın adamlar bir yerə toplaşaraq bayramı qeyd edirik. Bu Yeni ili də ənənəmizə sadiq qalacağıq. Düşünürəm ki, ailə ortamından dəyərli heç nə yoxdur”.

Politoloq İlqar Vəlizadə də Yeni ili evində, ailəsi ilə birgə qarşılayacaq. Gecə saat 12-yə qədər gəzməyə çıxacaq, qohum-əqrəbanı ziyarət edəcəklər: "Saat 12-də evdə olmalıyıq. Buna görə çalışacağıq ki, hamı ilə görüşməyi çatdıraq. Marşrut quracağıq və ziyarətlərə daha yaşlı olanlarla görüşməkdən başlayacağıq. Təbii ki, bayram sovqatı aparacağıq. Ola bilsin ki, yaxın rayonlardan birinə üz tutaq. Xarici ölkələrə getməyəcəyik. Əvvəlki illərdə Yeni ildə xaricə getmişik. Amma bu il belə planımız yoxdur”.

Politoloq Elxan Şahinoğlu bildirdi ki, 45 yaşı var və hələ istirahət haqqında düşünmür. Bütün günü ölkə daxilində və xaricində hadisələri diqqətlə izləyir, bunun əsasında analizlər hazırlayır: "Ayrıca, rəhbəri olduğum "Atlas” Araşdırmalar Mərkəzinin həftəlik bülletenlərinin hazırlanması prosesinə də nəzarət edirəm. Hər həftə bülletenlərimiz abunəçilərə çatmalıdır. İstirahətə çox vaxt ayırsam, işim yarımçıq qalacaq. Bundan başqa, həftə içində konfrans və seminarlarda iştirak edir, gün ərzində isə jurnalistlərin müxtəlif suallarına cavab verirəm. Bu səbəbdən, uzun müddətli istirahətə vaxt qalmır. Daima mühərrik kimi işləmək məcburiyyətindəyəm. Doğrudur, hərdən gərək mühərrikə də fasilə verəsən, ancaq siyasi analitika peşəsi elədir ki, bir gün prosesləri izləməsən, beynini çalışdırmasan, bu, sənin faydalı iş əmsalına mənfi təsir edəcək. Bu baxımdan, İsrailin mərhum dövlət başçısı Şimon Peresin gənclərə ünvanlanan məşhur sözlərini unutmuram - Daima işləyin, yaradın, istirahət haqqında düşünməyin. Mən də bu prinsipdən çıxış edirəm. Ona görə də Yeni il, Novruz və digər bayramlarda özümə ancaq bir gün istirahət verə bilərəm. 4-5 gün dincəlmək mənlik deyil. Hətta avqust ayında şəhərdən və ölkədən kənara çıxdıqda da, kompyuterim yanımda olur ki, yazı-pozu işini davam etdirim. Həm də hara getsəm, onsuz da jurnalist dostlarım məni tapacaqlar (gülür). Ona görə də uzunmüddətli istirahət mənlik deyil. Əgər bu peşəni seçmişəmsə, demək işləmək lazımdır”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər