“Pianoçu”nu dünyaya tanıdan ssenarist
O, teatr
səhnəsinə həm aktyor, həm də rejissor kimi çıxıb
Britaniyalı dramaturq və ssenarist Ronald Harvud 85 yaşında vəfat edib.
Yazıçı ötən həftə Sasseks şəhərindəki evində dünyasını dəyişib. Ölümünün
səbəbləri haqqında isə mətbuata məlumat verilməyib. Harvud 2003-cü ildə məşhur
"Pianoçu” filminə görə "Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyası üzrə
"Oskar” mükafatına layiq görülüb. O, 2008-ci ildə "Skafandr və kəpənək”
filminin ssenarisinə görə isə BAFTA mükafatını qazanıb. 2010-cu ildə Ronald
Harvuda ssenari müəllifi kimi "Cəngavər” titulu verilib. Ronald Harvud
Britaniyanın müharibədən sonrakı ən böyük dramaturqlarından biri kimi qəbul
edilirdi. Görkəmli yazıçı
20-dən çox pyesin, 10 kitabın, 40-dan çox kinossenarinin müəllifi kimi tanınıb.
Amma onun ən böyük həvəsi həmişə teatrla bağlı olub. O, teatr səhnəsinə həm
aktyor, həm də rejissor kimi çıxıb. Bir çox əsərləri teatrlar üçün
səhnələşdirilib.
Harvurd karyerasına Donald Vulitin Şekspir teatrında
kostyumçu kimi başlayıb. Bu sənət ocağı dünyanın bir çox teatrlarında yüzlərlə
tamaşa səhnələşdirib. Məhz pərdə arxasındakı yaşadığı, üzləşdiyi məqamlar
1983-cü ildə Piter Yetsin rejissoru olduğu "Kostyumçu” filmində meydana çıxıb.
"Aktyorlar onun pyesini çox sevirdilər. Çünki Harvudun,
teatrı güclü hiss etmək duyğusu vardı. Onun üçün ironiya ilə dərin zəriflik
hissinin harmoniyası böyük məna kəsb edirdi. Bu mənanın kökündə insan, onun
həyatı və sevgisi dayanırdı” - deyə teatr tarixçisi, professor Aleksey
Bartoşeviç bildirir: "Ronald Harvud dünya, o cümlədən rus mədəniyyətinə böyük
maraq göstərib. Hətta Çexovun yaradıcılığından tərcümələr edib. 90-cı illərdə
Moskvada səhnələşdirilən əsərlərinin təqdimatında özü də iştirak edirdi. O,
teatr bilicisi idi. Təkcə teatrın tarixini və ya səhnədə baş verənləri deyil,
həmçinin hadisələrin qabaqcadan tamaşaçıda hansı təsir yaradacağını intuitiv
olaraq anlayırdı. Zənni heç vaxt onu aldatmırdı. Böyük sənətin insanlara bəxş
etdiyi estetikanı yüksək səviyyədə, uzaqgörənliklə təqdim və təlqin etməyi
bacırırdı”. Tarixçi xatırlayır ki, Harvudun gəlişi Rusiya mediasında əsas
mədəniyyət xəbəri kimi təqdim olunub: "Mənim onunla çox yaxın münasibətim
vardı. Biz birlikdə nahar etdik. Onda qeyri-adi yumor hissi vardı. Bu, əsil
yəhudisayağı yumor hissi idi”- deyə Bartoşoviç danışır: "Harvuda 2003-cü ildə
"Pianoçu” filminə görə "Oskar” veriləndə, güldü. Bu, onun illərlə çəkdiyi
gərgin zəhməti, həyəcanlarını və sənətə sonsuz sevgisini ifadə edirdi. O,
ingilis və dünya ədəbiyyatını diqqət və həvəslə oxuyurdu. Düşüncələri və
faktlar arasında həmişə lazımı balans tapmağı bacarırdı. Bu keyfiyyətlər hər
yazıçıda olmur. Harvudu fərqləndirən də dərin intuisiyası və müşahidələri idi”.
Yəhudi
soyadının çətinliyi
Ronald Xorvic Harvud Cənubi
Afrikada, Keyptaunda, Polşa emiqrantlarının ailəsində doğulub. 1951-ci ildə
aktyorluq sənətini öyrənmək və oxumaq üçün Londona gəlib. Soyadını isə ingilis
müəlliminin məsləhəti ilə dəyişib. Müəllimi ona başa salır ki, Britaniya
səhnəsində emiqrant yəhudilər çoxdur və bu, çoxlarına xoş gəlmir. "Horviç
soyadı çox xarici və yəhudisayağı səslənir. Bu soyad sənə maneçilik yarada
bilər”.
O, Kral Dramatik Sənət
Akademiyasında təhsilini başa vurduqdan sonra Donald Vulfitin teatr truppasına
qoşulur. 1952-ci ildən 1958-ci ilədək rejissorun şəxsi kostyumçusu olur.
Sonralar təcrübəsi əsasında "Cənab Donald Vulfit, Britaniya İmperiyasının
komandiri: onun həyatı və dəbdə olmayan teatrda işi” avtobioqrafiyasını
yazır. Vulfitin teatrdan gedişindən
sonra bir mövsüm aktyor kimi çalışır.
1960-cı ildə isə Ronaldın
yazıçılıq karyerası başlayır. Bir il sonra onun ”Eyni kölgələr altında” adlı
əsəri çapdan çıxır. Daha sonra "Sıravi Potter” filmi üçün ilk ssenarisini
yazır. Çox keçmədən o, məhsuldar yazıçı kimi tanınır. Kinorejissorlar Harvudun
əsərlərini bəyənirdilər. London tənqidçiləri onları ağırçəkili əsərlər kimi
dəyərləndirirdi. O, teatr, aktyorlar, onların həyatları haqqında yazmağı
xoşlayırdı. Yazıçının kitabları böyük
uğur qazanır. "Ev” romanı 1994-cü ildə bədii ədəbiyyat sahəsində mükafata layiq
görülür. Bundan əlavə, o, 16 ssenari yazır. Eyni zamanda, kino üçün süjetləri
nadir hallarda ortaya çıxarır.
Müharibənin
dəhşətləri filmlərdə
Harvudun yaradıcılığında
İkinci Dünya müharibəsi mühüm yer tutur. Hətta kino tənqidçiləri bunu yazıçının
yaradıcılığında əsas səhifə adlandırır. Müharibə mövzusu onun "Günəşin doğması
əməliyyatı”, "Danışıq”, "Pianoçu”, "Tərəflərin rəyi” və s. filmlərində yer
alıb. Bu filmlərin əsasında real hadisələr durur. Son iki əsərindəki əsas
personajı isə musiqiçi kimi müharibənin ağır zərbələrinə məruz qalır. 2008-ci
ildə yazdığı "İngilis faciəsi” pyesi isə Britaniya faşisti Con Amerinin
həyatından bəhs edir. Harvud, həmçinin "Brauninqin versiyası” və "Teatr”
filmləri üçün ssenarilər yazır. "Pianoçu” filminin ssenarisi ona "Oskar”
qazandırır. Bu filmə qədər isə yazıçı artıq "Kostyumçu” filminə görə
mükafatlanmışdı. 2007-ci ildə Harvud
Jana-Dominik Bobinin memuarları əsasında
"Skafandr və kəpənək” filminin ssenarisinə görə 3-cü dəfə "Oskar” nominantı
olur. Bu işinə görə o BAFTA mükafatı və bir sıra nüfuzlu mükafatlara layiq
görülür.
"Pianoçu” filmi ekranlara
çıxanda tamaşaçılar yəhudi millətinin soyqırımına məruz qalması səhnələrini
ürək ağrısı ilə izlədilər. Milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu
Vladislav Şpilmanın (Edrien Broudi) həyatından bəhs edən film, musiqiçinin
Polşadayaşadığı 7 il ərzində başına gələn hadisələr əsasında
çəkilib.Filmin ilk nümayişi böyük maraq və səs-küyə səbəb oldu. 2003-cü ildə
ekran əsəri "Ən yaxşı kişi rolu”, "Ən yaxşı rejissor” (Roman Polanski), "Ən
yaxşı ssenari” (Ronald Harvud) üzrə "Oskar” mükafatını qazanır.
Bu film yaradıcı heyətə
dünya şöhrəti qazandırdı, onlara saysız-hesabsız mükafatlar gətirdi. "Çox az film tapılar
ki, həm "Qızıl Palma Budağı”, həm də ən əsas nominasiyalarda "Oskar”a sahib
çıxsın. "Pianoçu” məhz belə filmlərdəndir” - deyə dünya mətbuatında film
haqqındakı yazılarda qeyd olunurdu. Filmdə Şpilman rolunu oynayan aktyor
"Oskar”a layiq görülən ən gənc namizəd idi. O, bu nüfuzlu mükafatı əlinə alanda
29 yaşı vardı. Filmin çəkilişləri üçünsə o, 13 kq arıqlamışdı. Həmçinin Fridrik
Şopenin əsərini çalmağı öyrənmişdi. Alman zabiti ondan piano çalmağı istəyəndə
Şpilman bəstəkarın "Ballada”sını ifa edir.
Əgər onlar
yaşasalar...
Harvud ingilis PEN klubunun
prezidenti idi. Və 1989-cu ildə
Beynəlxalq PEN-kluba üzv seçilmişdi. O, həmçinin Kral Ədəbi Cəmiyyətinin sədri
və 2005-ci ildə Kral Ədəbiyyat Fondunun
prezidenti kimi çalışırdı.
Yazıçı 2006-cı ildə Serbiya
Elm və İncəsənət Akademiyasının dil və ədəbiyyat şöbəsinin üzvü, 2007-ci ildə
Çiçester Universitetinin fəxri üzvü seçilir. Britaniya kitabxanası onun
əlyazmaları daxil olmaqla, sənədlərini və haqqında mətbuatda yazılan
materialları əldə edib. 2014-cü ildə o, Yəhudi Milli Teatr Fondunun mükafatına
layiq görülür. 2017-ci ilin mayında isə Harvud haqqında "Mənim haqqımda yaxşı”
avtobioqrafik kitabı çap olunur. Əsər, yazıçının uşaqlığından, gəncliyindən,
teatra, kinoya marağının yaranmasından, müharibə dövrünün taleyinə yazdığı
çətinliklərdən və qocalığından bəhs edir. "Mən hadisələrə həmişə real baxmağa
çalışmışam. Haqqımda yazılan kitabda da şişirdilən heç bir məlumat yoxdur. Bu,
mənim həyatımdır. Nəyisə dəyişsəm yaddaşıma ziyan vermiş olacağam. Keçmiş
xatirələr çox qiymətlidir. Onlar yaddaşda elə kök salır ki, onları dəyişmək
olmaz. Mən bioqraf üçün həyatımı detalları ilə vərəqləmişəm. Elə bilirəm, bu
əsər haqqımda gələcək nəsillərə, mənim yaradıcılığımı öyrənmək istəyən
insanlara, ümumən, teatrı, kinonu və ədəbiyyatı sevənlərə çox şey deyəcək”.
Harvud 1959-cu ildə Nataşa
Rixllə ailə qurub. Onların Entoni, Debora və Aleksandra adlı üç övladları var.
Nataşa 2013-cü ildə dünyasını dəyişib. Onun ölümündən sonra Harvud özünü tənha
və kədərli hiss edib: "Biz bir-birimizi təkcə sevməmişik, həmçinin dost və
sirdaş olmuşuq. Nataşa mənim ilk oxucum və rəyçim idi. Yazdıqlarım və işlərim
haqqında ilk məsləhətçim o idi. Əgər "yaxşıdır” deyirdisə, mən bunu uğurun
təminatı sayırdım. Nataşanın ölümü ilə mən təkcə yaxın dostumu deyil, həm də ən
gözəl oxucumu itirdim. Özümü yalnız hiss edirəm” - deyə Harvud arvadının
ölümündən sonra dostlarına kədərini bölüşüb. Harvud həmişə özündən soruşurmuş:
"Mənim pyeslərim özümdən sonra yaşayacaqmı?” Sonra özü də cavab verirmiş: "Əgər
onlar yaşasalar, çox xoşbəxt olacağam”. Ronald Harvudun pyesləri nəinki yaşadı,
hətta onun adını dünyanın ədəbiyyat və incəsənət tarixinə əbədi yazdı...
Rusiya
mətbuatından tərcümə etdi
Təranə
Məhərrəmova