Peşə standartlarının hazırlanması və tətbiqi ilə bağlı seminar keçirilir
Kadr
hazırlığı sisteminin əmək bazarında ixtisas bilikləri və bacarıqlarına olan tələblərlə
uyğunluğunun təmin edilməsi aparılan islahatların mühüm bir istiqamətini təşkil
edir. Peşə standartlarının tətbiqi isə əmək bazarında həmin tələblərlə bağlı
institutlaşmış informasiya bazası formalaşdıracaq.
Bunu əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə peşə və
kvalifikasiya standartlarının hazırlanması və tətbiqi ilə əlaqədar nazirliklə Avropa
Təlim Fondunun (ATF) birgə təşkil etdiyi "Azərbaycanda peşə və kvalifikasiya
standartlarının inkişafı və tətbiqi: maraqlı tərəflər üçün praktiki təlimatın
hazırlanması” mövzusunda seminarın açılışı zamanı bildirib.
Nazir
müavini diqqətə çatdırıb ki, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin
edilməsində, təhsil proqramlarının (kurikulumların) hazırlanmasında,
qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınmasında,
qeyri-formal məşğulluqla mübarizədə peşə və kvalifikasiya standartlarının
hazırlanması və tətbiqi xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli 3287 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun
qarşısının alınmasına dair Tədbirlər Planı”nında bununla bağlı tapşırıq əksini
tapıb. Həmin tapşırığın icrası olaraq ATF və Avropa İttifaqının dəstəyi ilə müvafiq
işlər aparılır. Bu işlər çərçivəsində "Peşə və kvalifikasiya standartlarının
hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması
Qaydaları”nın təsdiq edilməsi və "Bacarıqların inkişaf etdirilməsi üzrə sahə
komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər
Kabinetinin Qərar layihələri hazırlanıb. Həmin layihələr müvafiq qurumların rəyləri
nəzərə alınaraq təkmilləşdirilib və yaxın vaxtlarda təsdiq edilməsi məqsədilə
hökümətə təqdim olunacaq.
A.Əliyev qeyd
olunan yeni qaydalara uyğun hazırlanacaq standartların ömürboyu təhsil üzrə
Milli Kvalifikasiyalar Çərçivəsinin tətbiqi, təhsil proqramları ilə əmək bazarı
arasında uyğunluğun təmin olunması və s. baxımından əhəmiyyətini qeyd edib.
Seminar aidiyyəti
qurumların, işəgötürənlərin nümayəndələrinin və digər maraqlı tərəflərin, beynəlxalq
ekspertlərin iştirakı ilə peşə və kvalifikasiya standartlarının hazırlanması
üzrə yeni mexanizmin müzakirəsi, istifadəçilər üçün müvafiq təlimat
kitabçasının razılaşdırılması məqsədinə yönəlib. Tədbirin gündəliyinə Türkiyə və
Estoniyadan gəlmiş ekspertlərin bu sahədə öz ölkələrinin təcrübələrini bölüşməsi
də daxildir.