• çərşənbə axşamı, 19 mart, 14:18
  • Baku Bakı 8°C

Paşinyan Trampla görüşə bilməyəcək

16.08.19 17:17 13427
Paşinyan Trampla görüşə bilməyəcək
Erməni mediası bu dəfə baş nazir Nikol Paşinyanın ABŞ-a planlaşdırılan səfərini tənqid atəşinə tutub. Baş nazir bu günlərdə bəyan edib ki, sentyabrın 22-də Los-Ancelesdə çıxış edəcək. Rəsmən təsdiqlənməsə də, böyük ehtimalla, səfər BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək növbəti sessiyası ilə bağlıdır. Oradan isə Los-Ancelesə yollanacaq. "1in.am” yazır ki, istisna deyil ki, onun görüşləri ilə bağlı dəqiqləşdirmələr aparılır və səfər ərəfəsində məlumat veriləcək. Portal ardınca da dərhal xatırladır ki, Nikol Paşinyan ötən ilin sentyabrında da Nyu-Yorkda olub və Baş Assambleyanın sessiyasında iştirak edib. "Paşinyanın bu səfəri mahiyyət etibarilə rüsvayçı idi. Hər yerdə "məxməri inqilab”dan dəm vurur, Ermənistanı dünyaya inqilabın prizmasından təqdim etməyə çalışsa da, mahiyyət etibarilə buna heç bir reaksiya daxil olmadı. Erməni tərəfinin, prezident Donald Trampla heç olmasa BMT Baş qərargahının dəhlizlərində görüşünün keçirilməsi təşəbbüsü iflasla nəticələndi. Erməni lobbisinin bu təşəbbüsə demokrat konqresmenləri cəlb etmək istəkləri də nəticəsiz qaldı”, - deyə məqalədə qeyd edilir.
Müəllif yazır ki, "məxməri inqilab”dan sonra Ermənistan-ABŞ siyasi və iqtisadi münasibətlərinin gündəliyi böhran mərhələsini yaşayır. Bunu sübut edən əsas faktlardan biri də qondarma DQR rejiminə, Ermənistanın özünə ayrılan yardımların kəsilməsidir: "Lakin bu yalnız səth qatdır. Ermənistan-ABŞ münasibətlərinin indiki böhranının daha dərin qatları mövcuddur. Bunu bu günlərdə amerikalı analitik Pol Stronski də Suriya böhranın şərh edərkən erməni kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib. Bu iki detal Ermənistan-ABŞ münasibətlərindəki böhranın əsas və başlıca səbəbləri olub. "Amulsar” probleminin həll edilməməsi tam şəkildə Ermənistan-ABŞ iqtisadi münasibətlərini dayandırmış oldu. Hazırda bu münasibətlər sıfır səviyyəsindədir. Rusiyaya xoş gəlmək üçün Suriyaya hərbi kontingent göndərilməsi addımı isə iki ölkə arasında siyasi münasibətləri daha da dərinləşdirmiş oldu. ABŞ tərəfindən hətta belə bir töhmət də səslənir ki, ABŞ vəsaitləri hesabına təlim keçən hərbçilər, bu gün Birləşmiş Ştatların əsas rəqibləri Bəşər Əsəd və Rusiyaya dəstək verməklə məşğuldurlar”, - deyə müəllif yazır.
Əlavə edilir ki, belə bir mürəkkəb, çoxqatlı və mübahisəli kontekstdə Nikol Paşinyanın Birləşmiş Ştatlara səfəri reallaşacaq. O da qeyd edilir ki, Nikol Paşinyan və bütövlükdə Ermənistan hakimiyyət orqanları Ermənistan-ABŞ münasibətlərindəki yüklənmədən problem yaşayırlar. "Onlar elə bir aşağı hədd vəziyyətinə gətirilib ki, artıq hər şeyi təmiz vərəqdən başlamaq gərəkdir. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyət orqanları ABŞ-Ermənistan münasibətlərindəki keçmiş standart və formal hallardan çıxmalı və yeni alqoritmlərin əsasını qoymalıdırlar. Ermənistan hakimiyyət orqanları Birləşmiş Ştatların məzəmmətedici ölkə rolundan çıxmalıdır. Söhbət ilk növbədə Ermənistanın regional və beynəlxalq siyasətdə yeni rolundan, bu kontekstdə mümkün ABŞ-Ermənistan qarşılıqlı münasibətlərindən gedir. ABŞ və Ermənistan arasında münasibətlər yalnız qarşılıqlı maraqlar əsasında inkişaf edə bilər. O zaman bu münasibətlərdən tək Ermənistan deyil, Birləşmiş Ştatlar da fayda götürə bilər. Bu, xüsusən də Tramp administrasiyasının praqmatik siyasət yürüdəcəyi halda özünü parlaq büruzə ver bilər”, - deyə erməni yazar vurğulayıb.
Müəllif əlavə edir ki, Nikol Paşinyanın budəfəki səfəri zamanı heç olmasa, ABŞ administrasiyasının yüksək rütbəliləri ilə görüşü yaxşı olardı: "Bir də xüsusi qeyd edilir ki, bu görüşlər adidən olmamalıdır. Mütləq gündəlik olmalıdır. Əgər belə gündəlik olmasa, onda bu görüşlərin yeganə nəticəsi Nikol Paşinyanın ABŞ prezidenti ilə növbəti selfisindən ibarət olacaq”.
Yeri gəlmişkən, Birləşmiş Ştatların Ermənistana marağının azalmasına "Regnum” da toxunub. Qeyd edilir ki, Nikol Paşinyan "məxməri inqilab”dan sonra xarici siyasət kursunu dəyişsə idi, Qərbin də münasibəti fərqli olacaqdı. Nəşr yazır ki, onun dövlət sistemində həyata keçirdiyi dəyişikliklər Qərbdə, hətta Rusiyada güclü maraq doğurmur. Düzdür, Rusiya lideri bir neçə dəfə Paşinyanla görüşsə də, baş nazir belə bir şərəfə Tramp tərəfindən layiq görülməyib. Baxmayaraq ki, Konqresdə erməni kokusun həmsədri Frenk Palloun elan edib ki, "Ermənistan özlüyündə bir qərb ölkəsidir, demokratiya, bazar münasibətlərinə inanır. Bu səbəbdən də ABŞ-la strateji münasibətlərə malik olmalıdır”. Onu da qeyd edək ki, bu yaxınlarda ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills də bildirmişdi ki, BMT Baş Assambleyasının Nyu Yorkda keçiriləcək sammiti çərçivəsində Tramp və Paşinyan arasında görüş nəzərdən keçirilir. O, hər iki tərəfin görüşün keçirilməsində maraqlı olduğunu bildirib: "Lakin prezidentin görüş cədvəli zəngindir, uyğun bir variant axtarırıq. Hələlik isə bu, mümkün görünmür”
Yeri gəlmişkən, Paşinyan hökuməti tək xarici siyasətdə deyil, daxildə də ciddi böhran keçirir. Baş nazir gözlənilmədən baş müşavirləri Arsen Qasparyan, Aram Qəribyan və köməkçisi Mqer Saakyanı vəzifələrindən azad edib.
Arsen Qasparyan bundan öncə dəfələrlə Rusiya mətbuatının təzyiqlərinə məruz qalıb. Mətbuat Qasparyanı Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə ittiham edib. Qəribyan bundan öncə 7 il müddətində Serj Sarkisyanın baş müşaviri kimi çalışıb.
Nikol Paşinyanın özünün baş müşavirləri və köməkçisini qovması siyasət kulisində şayiələrin yayılmasına səbəb olub. Bu məlumatı "Qraparak” qəzeti yayıb. Qəzet Paşinyanın xüsusilə baş müşaviri Arsen Qasparyanı investorlara görə qovduğunu bildirib: "Qasparyan 1999-cu ilə qədər Ermənistan Xarici İşlər Nazirliyində çalışıb, sonra isə Rusiyaya gedib, oradan ABŞ-a yollanıb. O, ölkəyə 2018-ci ildə məxməri inqilabdan sonra dönüb. Onun istefaya göndərilməsi bir sıra suallar yaradıb. Bizim mənbələrimizə əsasən, Qasparyan investorlara layiqli münasibət bəsləmədiyi üçün vəzifəsindən azad edilib. Hökumətdə investorların məhz Qasparyanın bu hərəkətləri ucbatından Ermənistanı tərk etdiklərinə dair şübhələr mövcuddur”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər