• şənbə, 27 Aprel, 08:19
  • Baku Bakı 12°C

Pambıq var ki, “donu” altı rəng...

26.10.18 10:00 1014
Pambıq var ki, “donu” altı rəng...
Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Toxum Nəzarəti Dövlət Xidmətinin rəhbəri İmran Cümşüdov Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda təcrübə üçün əkilən rəngli pambıqların sortları artırıla bilər. Xidmət rəhbəri bildirib ki, təcrübə üçün Azərbaycanda hələlik iki növ rəngli pambıqlar yetişdirilib: "Bu pambıqlar qonur və açıq qonur rəngdədir. Bu pambığın toxumu Çindən gətirilib. Həmin toxumları hər ölkədə yetişdirmək olmur. Amma Azərbaycanın iqlimi həmin pambıqların yetişdirilməsinə imkan verir. Sortlar Çindən bir şirkət tərəfindən alınaraq təqdim olunub. Bu pambıqlar rəngli və orqanik pambıqlardır. Çinli mütəxəssislərin dediyinə görə, hər bir ölkədə bu sortlardan normal məhsul götürmək mümkün deyil. Mütəxəssislər Azərbaycanda müşahidə aparandan sonra burada həmin sortdan məhsuldarlıq almağı mümkün hesab ediblər. Çünki Azərbaycandakı torpaq münbitliyi bu sortlardan məhsuldarlıq əldə etməyə imkan verir. Bu məqsədlə də, sortların toxumundan təxminən 1 kiloqramdan az götürdük. Həmin toxumları Tərtər bölgə Təcrübə Təsərrüfatında Regional Aqrar Elm İnformasiya Mərkəzinin əkin sahəsində əkdik. Artıq çox yaxşı nəticələr əldə olunur. Hazırda pambıq yetişmə mərhələsindədir, becərmə işləri yüksək səviyyədə aparıldı. Yığım ərəfəsində pambığın məhsuldarlığı və keyfiyyəti barədə geniş informasiya verəcəyik".
Xidmət rəisi bildirib ki, gələcəkdə Azərbaycanda bu pambıqların digər rənglərinin də yetişdirilməsi nəzərdə tutulur: "Hələlik bizdə qonur və açıq qonur rəngli pambıqlar təcrübə üçün yetişdirilir. Amma bu pambığın qırmızı, yaşıl, açıq çəhrayı və göy rəngli sortları da var. Əgər bu sort məhsuldarlığı yüksək versə, gələcəkdə həmin rənglərdən olan pambıq sortları da Azərbaycanda yetişdirilə bilər. Əgər məhsuldarlıq yaxşı olsa, biz bu sortları dövlət qeydiyyatına alacağıq və fermerlərimiz toxumlardan tam istifadə edə biləcəklər. Bu sort pambıqların zərifliyi, keyfiyyəti yerli pambıqlardan üstündür. Rəngli pambıq sortunun, ölkədə 3 il sınaqdan keçiriləndən sonra kütləvi əkininə başlanması məsələsi müzakirə oluna bilər”.
Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlının fikrincə, rəngli pambıq daha çeşidli məhsul istehsalı üçün imkan yaradır: "Rəngli pambıq istehsalı seleksiya elminin müvəffəqiyyətlərindən biridir. Azərbaycanda əvvəllər də yerli şəraitə uyğun müxtəlif növ pambıq sortları yetişdirilib. Amma bu sortlar adətən ağ rəngdə olub. Hesab edirəm ki, rəngli pambıq yetişdirilməsi həm də istehsalın çeşidlənməsinə xidmət edəcək. Bununla həm də, əlavə boyama məsrəflərinə ehtiyac qalmayacaq. Yəqin ki, birdən birə böyük ərazilərdə rəngi pambıq yetişdirilməyəcək. Pilot layihə kimi başlamaq lazımdır. Seçilmiş müəyyən ərazilərdə rəngli pambıq yetişdirilə bilər. Əslində rəngli pambığın yetişdirilməsi elə də çətin deyil. Amma rəngli pambıq sortlarının məhsuldarlığının necə olacağını əvvəlcədən təyin etmək də asan deyil. Həmçinin maya dəyəri klassik ağ pambıqdan baha başa gələrsə, bu pambıq yetişdirilməyəcək. Çalışmaq lazımdır ki, bu tip yeniliklər aqrar sahədə tez-tez tətbiq olunsun. Bu sahənin yeniliyin öyrənilməsinə və dünya təcrübəsinə ehtiyac var. Bu mənada belə bir addımın atılmasını müsbət dəyərləndirmək lazımdır”.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynovbildirdi ki, hələlik rəngli pambıqlar sırf təcrübə məqsədilə Tərtər rayonu ərazisində əkilir: "Buna baxmayaraq, məhsuldarlıq gözlənildiyi qədər olub. Toplanan məhsuldan toxumluq məqsədilə istifadə olunacaq. İlk ildə təcrübə özünü doğrultduğuna görə, növbəti illərdə daha böyük ərazilərdə yerləşən təcrübə stansiyalarında rəngli pambığın əkilməsi gözlənilir. Hələlik bu haqda dəqiq statistik göstəricilər olmasa da, 3-5 hektar ərazidə ikinci dəfə əkiləcək. Yenə də qeyd edim ki, rəngli pambıqlar sənaye deyil, təcrübə məqsədilə əkilir. Pambığın bu sortunun toxumu Çindən gətirilir və Çin mütəxəssislərinin təcrübəsindən istifadə olunur. Əkin zamanı onların da rəyi nəzərə alınıb. Əgər bu təcrübə özünü doğrultsa və yerli şəraitə uyğunlaşdırılsa, növbəti illərdə daha geniş ərazilərdə əkini gözlənilir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər