• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

Pakistandan Azərbaycana verilən dəstək

31.10.20 15:40 1146
Pakistandan Azərbaycana verilən dəstək

Muslim İnstitutunun direktoru Sahibzadə Sultan Ahmad Ali "Alfaqr” telekanalında Qarabağ həqiqətlərini çatdırıb
Pakistan İslam Respublikasının İslamabad şəhərində yerləşən Muslim İnstitutunun direktoru, professor Sahibzadə Sultan Ahmad Ali "Alfaqr” telekanalında Azərbaycanın haqlı mübarizəsində və torpaqlarımızın Ermənistan işğalından təmizləməsinin reallaşdığı önəmli tarixi günlərdə Pakistan xalqına müraciət edərək xalqımıza və ölkəmizə olan sevgi və qardaşlıq hissini bir daha ifadə etmişdir. "Armenian aggressive design against Azerbaijan: Facts and Role of the Muslim Countries” adlı çıxışda Sahibzadə Sultan Ahmad Ali Dağlıq Qarabaq münaqişəsinin tarixi, beynəlxalq müstəvidə sözügedən problemə münasibət, Azərbaycanın haqlı mövqeyi haqqında bir sıra vacib məqamlara diqqət yetirmişdir: "Dağlıq Qarabağ həm tarixi baxımdan, həm də beynəlxalq qərarlara, BMT qərarlarına uyğun olaraq Azərbaycanın bir parçasıdır. Qarabağ yenidən savaşın sancılarını yaşayır. Ermənistan Azərbaycan torpaqlarını ələ keçirmək üçün minlərcə canı riskə atmış və onları yox etmək istəyir. Bölgədə, artıq neçə illərdir ki, müsəlmanlara yönəlmiş etnik təmizləmə aparılmaqdadır. Dağlıq Qarabağ bölgəsində Azərbaycan və Ermənistan arasındakı müharibənin kökləri Sovetlər Birliyinə gedib çıxır. Modern dünya tarixində gördüyümüz bütün böyük faciələr müəyyən şəkildə Qərbdə savaş çılğınlığı olan müstəmləkə dönəmilə bağlıdır. Müstəmləkə ölkələr harda olurlarsa, faciələrə yol açırlar. Dağlıq Qarabağ problemi məhz Sovetlər Birliyinin müstəmləkəçi ekspansionist siyasətinə görə bu gün də davam etməkdədir”.
Sahibzadə Sultan Ahmad Ali Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra münasibət qurduğu ilk ölkələr arasında Pakistanın da olduğunu məmnuniyyətlə qeyd edib: "Azərbaycan təbii sərvətləri, nefti və ecazkar təbiəti ilə seçilən bir ölkədir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik elan etdikdən sonra onu tanıyan ilk ölkə Türkiyə, ikinci ölkə isə Pakistan olmuşdur. Bu zamandan etibarən Azərbaycan və Pakistan arasında səmimi münasibətlər davam etməyə başladı”.
Ermənistanın terrorçu siyasəti və fəaliyyəti nəticəsində Azərbaycan torpaqlarında yaşanan faciələr, soyqırımı və qətliamlar Sahibzadə Sultan Ahmad Alinin ürək ağrısı ilə ifadə etdiyi məsələlərdir: "Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır. Ermənistanın haqsız olaraq iddia etdiyi bu torpaq uğurundakı savaşda təxmnən 30.000 insanın öldürüldüyü və milyonlarca azərbaycanlının qaçqın olduğu böyük faciələr yaşanmışdır. 25-26 fevral 1992-ci ildə erməni ordusu Xocalıda müsəlmanları çox böyük sayda qətl etdi. İtkin düşən insanlar, şəhid olan qadın və uşaqlar oldu və dünyada Xocalı soyqırımı başqa bir metaforası, başqa bir hekayəsi olan soyqırımı kimi tanınır, dünyada meydana gələn ən böyük soyqırımlardan biridir. Dağlıq Qarabağ, erməni ordusunun müsəlmanlar üzərində etnik təmizləmə apardığı yerdir. Burada yüzlərlə kədərli hekayə var, burada qurban getmiş insanların hekayələri var, insan o hekayələri oxuduqda bir neçə sətirdən artıq oxuya bilməz, insan buna dayana bilməz, çox üzücü hekayələrdir. Bütün bu gerçəklər əsasında danışsaq, hind ordusunun özünü hüququn fövqündə gördüyü kimi, Ermənistan da işğalçı siyasətini dünyanın bütün qanunlarının üzərində görmüş və dünyanın sistemi uzun müddət bu qədər işğalçı ordular qarşısında "çarəsiz” qalmışdır”.
Ermənistanın Azərbaycanın tarixi torpaqlarında törətdiyi qırğınları Sahibzadə beynəlxalq cinayət kimi qiymətləndirir və Kəşmir problemi ilə müqayisəyə gətirir: "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlı qaçqın oldu. Beynəlxalq hüquq baxımından yanaşsaq, bunlar bir cinayətdir. Ermənistanın məqsədi Azərbaycan xalqını ortadan qaldırmaq və bölgədən çıxarmaq idi, Kəşmirdə və digər uyğun bölgələrdə olduğu kimi. Lakin tarixi nöqteyi-nəzərdən baxsaq, müsəlman türklər ən qədim zamanlardan orada yaşamışlar. Ermənistanın məqsədi müsəlman türkləri oradan çıxarmaq olmuşdur”. Sahibzadə söyləyir ki, "Dağlıq Qarabağ və Kəşmir kimi mövzularda danışmaq bütün dünyanın məsuliyyətidir, ancaq dünya qəribə bir istiqamətə doğru gedir. İqtisadi maraqlar həmişə insanlardan üstün tutulur. İndi baxsanız, bu haqsızlığı həmişə müsəlman bölgəsi ilə bağlı görəcəksiniz”.
Sahibzadə Pakistan xalqına müraciətində terrorçu dövlət olan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qərarlarını da yerinə yetirmədiyini xüsusi vurğulamışdır: "BMT Təhlükəsizlik Şurasının qərarlarını pozan Ermənistan, Azərbaycanın mülki əhalisinə qarşı terror aktlarını davam edir. Baş Assambleyanın 2008-ci il tarixli 62/243 saylı qətnaməsində Azərbaycana qarşı güc tətbiq edilməsi və ərazilərinin Ermənistan tərəfindən işğalı qətiyyətlə pislənilir. Azərbaycanın bütövlüyü, müstəqilliyi, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsi beynəlxalq sənədlərdə öz əksini tapsa da, Ermənistanı onları dəfələrlə pozmuş və pozmaqdadır”.
Azərbaycanın haqlı savaşında qardaş Türkiyə və Pakistanın dövlətimizin və xalqımızın yanında olmasını, dəstəyini böyük məmnuniyyətlə dilə gətirən Sahibzadə Sultan Ahmad Ali müsəlman ölkələrinin birliyinin zəruriliyinə diqqət çəkmişdir: "Türkiyə və Pakistan Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyən iki ölkədir. Bəlkə də, bir çox pakistanlı bilmir ki, Pakistan hələ Ermənistanı tanımayan yeganə ölkədir. Pakistan işğalçı ölkələrə və zülmə qarşı qorxmadan və maddi maraqları olmadan səsini ucaldan dövlətdir. Bu, ehtimal ki, 8 il əvvəl idi, Pakistan dövlət başçılarından biri Azərbaycana səfər edərək Azərbaycan parlamentində Ermənistanın Azərbaycana hücum edəcəyi təqdirdə, Pakistan ordusunun Ermənistana hücum edəcəyini elan etdi. Biz də azərbaycanlı qardaşlarımızı müdafiə edəcəyik”.
Sahibzadə Azərbaycana olan səfərlərini xatırlayır və ölkəmizdə gördüyü xoş münasibəti səsləndirməkdən qurur duyur: "Azərbaycanı ziyarət edəndə, ordakı müsəlman qardaşlarımızın reaksiyası möhtəşəm idi. Getdiyim hər yerdə köynəyimə yaşıl bayraq, Pakistan bayrağı taxırdım. İnsanlar ona uzaqdan baxanda çox sevgi və hörmət göstərirdilər. Bu, Pakistanın oradakı məşhurluğunun və sevgisinin göstəricisidir və tarixi ənənələrə dayanır. Pakistan Ermənistanı Azərbaycana görə tanımadı. Yəni indi də Azərbaycanın sosial mediasına baxsanız, bir tərəfində Azərbaycan bayrağı, bir tərəfində Türkiyə bayrağı, digər tərəfində isə Pakistan bayrağı olan üç bayraq görərsiniz. Bir çox yerdə bu üç ölkənin bayraqları dalğalanır; Azərbaycan, Türkiyə və Pakistan. Eynilə sahib olduqları dövlət idarələri, orada yaşayan insanlar evlərindən bu üç ölkənin bayraqlarını dalğalandırırlar. Yəni bu, bizim qardaşlığımızdır. Bütün müsəlman ümmətinin içində olması lazım olduğunu düşündüyüm ruh budur”.
Hər zaman məsələnin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edən Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etmək üçün hərbi gücə də malik olduğunu və Azərbaycan Prezidentinin qətiyyətli fikirlərini Sahibzadə Pakistan xalqına da çatdırır: "Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş nazirinin Azərbaycandan rəsmi olaraq üzr istəməsi və qoşunlarının Dağlıq Qarabağdan geri çəkilmə tarixini elan etməsi şərti ilə atəşkəsə çağırdı”.
Çıxışının sonunda Sahibzadə Sultan Ahmad Ali müsəlman ölkələrini mövcud problemlərə qarşı birlik və həmrəyliyə dəvət edir, Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu bir daha vurğulayır: "Bu dövrdə müsəlmanlar həmrəylik göstərməlidirlər. Hüquqlarınız üçün ayağa qalxın. Müsəlman ölkələrinin iqtisadiyyatı və insan resurslarını gücləndirmək üçün potensiallarından istifadə etmək hüququ var, belə böyük dəniz ticarət yolları, bu mineral ehtiyatlar, neft ehtiyatları və digər təbii sərvətlər... Müsəlmanlar əsas problemlərini həll etmək üçün bunlardan istifadə etmək hüququna malikdirlər.
Dağlıq Qarabağın Azərbaycanın bir parçası olduğunu təkrar söyləyirik və erməni ordusu işğal etdiyi Azərbaycan torpaqlarından şərtsiz çıxmalıdır”.
Bəsirə Əzizəli
banner

Oxşar Xəbərlər