Ortaq düşmənə qarşı mübarizədə birlik formulu
Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dünyanı lərzəyə salan COVİD-19
pandemiyası dövrünə təsadüf etdi. Azərbaycan prezidenti İlham Əliyev ötən
aylarda hər iki qurumun ayrılıqda onlayn zirvə toplantılarını təşkil edərək
pandemiya mövzusunu və yardımlaşmanı müzakirəyə çıxartdı. Buna qədər heç bir
beynəlxalq təşkilat və liderlər pandemiyanın onlayn zirvə toplantısının müzakirəsini
təşkil etməmişdi. Azərbaycan ilkə imza atdı. Ancaq bununla kifayətlənmək
olmazdı.
İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının üzvlərinə və Qoşulmama Hərəkatının
120 üzv ölkəsinin dəstəyinə güvənərək yeni təşəbbüslə çıxış edib: BMT
Baş Məclisin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı
mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilsin. Artıq təşəbbüsə dünyanın
130-dan çox dövlətindən dəstək gəlib.
Belə
bir sessiyanın keçirilməsi realdırdmı və əsas təkliflər nədən ibarət olmalıdır?
Birincisi, tək elə Qoşulmayan Hərəkatının, eyni zamanda
BMT-nin 120 üzvü bu ideyanı dəstəkləyərək eyni çağırışla çıxış etsələr, BMT Baş
Məclisi pandemiya ilə mübarizəyə həsr edilmiş sessiya keçirməlidir. Bu BMT
Nizamnaməsinə də uyğundur. İlham Əliyev artıq Qoşulmayanlar Hərəkatı ölkələri
adından BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi
Antonio Quterreşə müraciət ünvanlayıb. BMT-yə üzv ölkələrin çox hissəsi, yəni 97-nin
təşəbbüsə dəstək verməsi kifayətdir ki, xüsusi
sessiya təşkil olunsun. Azərbaycan prezidentinin təklifini dəstəkləyən ölkələrin
sayı isə 97-ni xeyli aşır. Deməli, onlyan sessiyanın baş tutacağını vurğulamaq
olar.
İkincisi, bundan sonra reallaşacaq onlayn sessiyanın gündəliyini
tərtib etmək lazım gələcək. Aydındır ki, onlayn konfrans dünyanı bürüyən bəlaya
çarə tapmayacaq. Ancaq indiki ağır vəziyyətdə pandemiya ilə mübarizə mövzusunun
ortaq müzakirə edilməsi, liderlərin yeni ideyalarla çıxış etməsi də vacibdir. Məsələn
müxtəlif ölkələrin laboratoriyalarında
peyvənd və dərman üzərində çalışmalar sürətlənib. Bu işin koordinasiyasına
ehtiyac var. Çünki bəllidir ki, hansı ölkə ilkin olaraq peyvəndi və dərması
icad etsə və onun effektivliyi sübut olunsa icadı ilə başqa dövlətlərlə paylaşmalı
olacaq. Bu halda istər-istəməz koordinasiyaya ehtiyac duyulacaq. Həmin peyvəndin
və dərmanın hər yerə çatdırılması və insanların xilası isə zaman alacaq. Bu
zamanı qısaltmaq üçün həmin dərmanın istehsalının həcminin böyütmək və
milyardlarla dollara ehtiyac olacaq. Bu isə yalnız bir ölkənin görəcəyi iş
deyil. Ona görə də BMT-yə üzv dövlətlərin indidin müzakirələrə, koordinasiyaya
və ortaq məxrəcə gəlmələrinə ehtiyacı var ki, gələcəkdə zaman itirmədən peyvəndin
və dərmanın gərəkli bütün ölkələrə çatdırılması təmin edilsin. Bəşəriyyət vahid
düşmənlə mübarizə apardığından birgə fəaliyyətə ehtiyac var. Bu mənada BMT
prosesdən kənarda qala bilməz.
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri