• çərşənbə axşamı, 19 mart, 11:42
  • Baku Bakı 8°C

Orqan ver, həyat bəxş et

16.09.17 12:00 4681
Orqan ver, həyat bəxş et
Orqanların transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl qədim Misirdə sınaqdan keçirilmişdir. Xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda, ona digər bir insandan orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşmişdir. İlk köçürülən orqan böyrək olmuşdur. Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülmüşdür. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur.
Birinin həyatını xilas etmək, onu yenidən yaşama qaytarmaq, heç bir qarşılıq gözləmədən onunla orqanını bölüşmək insanlığın çata biləcəyi ən yüksək zirvədir. Bacardığımız qədər daha çox şəxsi bu işə cəlb edib, onların verəcəkləri orqana xəstə insanların nə qədər ehtiyacı olduğunu izah etmək lazımdır. Dünyanın bir sıra ölkələrində artıq bu praktika geniş şəkildə tətbiq olunmağa başlayıb. Belə ki, insanlar hələ yaşayarkən, öldükdən sonra sağlam orqanlarını ehtiyacı olan insanlara vəsiyyət edirlər. Yəni insan düşünür ki, onsuz da öldükdən sonra orqanları ona lazım olmayacaq, heç olmasa kiminsə həyatını xilas etsin. Beyin ölümü keçirən, amma digər orqanları sağlam qalan insanlar çox olur. Onların orqanları donorluq üçün çox lazımlıdır. Təbii ki, vəfat etmiş bir insanın yaxınlarının razılığı olmadan bu işi etmək olmaz. Ona görə də əksəriyyət hələ sağ olan zaman orqanlarının götürülməsini vəsiyyət edir. Və beləcə, neçə nəfərin həyatı xilas edilir, neçə ailəyə xoşbəxtlik bəxş olunur. Məncə, bu barədə bizim də düşünməyə və bu istiqamətdə bəzi işlər görməyə ehtiyacımız var.
Orqan köçürülməsi daim aktual olan məsələlər sırasındadır. Belə ki, son dövrlər məsələ ilə bağlı bir sıra müzakirələr aparılır. Milli Məclisin sentyabr ayının 14-də keçirilən iclasında çıxış edən Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov "Azərbaycanda insan sağlamlığı üçün lazım olan toxumaların hər birinin transplantasiyasına icazə verilməlidir” deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda beyin ölümü keçirmiş insanların orqanlarının transplantasiyası aparılmır: "Bu gün Səhiyyə Komitəsi olaraq beyin ölümü ilə bağlı məsələnin cavabını tapmalıyıq. Bununla bağlı qanunlarımız var, xəstəxanalar, bazalar qurulub, real şəkildə bəzi orqanların transplantasiya əməliyyatları aparılır. Ancaq beyin ölümü keçirmiş insanların orqanlarının transplantasiyası aparılmır. Beyin ölümü məsələsi ilə əlaqədar Səhiyyə Komitəsində Səhiyyə Nazirliyinin, ən əsası ölkənin baş nevropatoloqunun, baş beyin cərrahının və baş reanimotoloqunun iştirakı ilə dinləmələr keçirilməlidir. Burada beyin ölümü diaqnozunun qoyulub-qoyulmamağının səbəbi ilə bağlı məsələyə cavab tapmasaq, insanlara "gedin orqanlarınızı verin” deyə bilmərik. Dinləmələr nəticəsində suallara cavab tapmaqla, bu məsələləri həll edə bilərik”.
Bu məsələni insanların necə qarşılayacağını, hansı nəticələr doğura biləcəyini öyrənməyə çalışdıq.
Bütün bu işlərin hamısı vəsaitə bağlıdır
Millət vəkili Musa Quliyev deyir ki, bu, cəmiyyət tərəfindən tam normal qarşılanacaq: "Meyitdən orqan köçürülməsi bütün dünya təcrübəsində var. Bunun da nəticəsində bir çox insan həyatda qalmaq şansı əldə edir. Həmçinin İslam dini də bunu normal qəbul edir. İstər müsəlman ölkələrində, istərsə də digər ölkələrdə orqan köçürülməsi işi çox yaxşı təşkil olunub. Ölkəmizdə də bu işlə bağlı maarifləndirmə və təbliğat işi aparılarsa, heç bir psixoloji problem yaranmaz. Amma əsas məsələ bu işin təşkilatı, texniki, maliyyə tərəfindədir. Meyitdən orqan köçürülməsi üçün xüsusi klinikaların, həmin klinikada mütəxəssislərdən ibarət komissiyanın yaradılması, ondan sonra götürülən orqanın köçürülmə xərcləri də olduqca böyük vəsait tələb edir. Orqan köçürüldükdən sonra isə həmin insan ömür boyu hər gün dərman qəbul etməlidir. Bu da olduqca bahalı dərmanlarla həyata keçirilir. Demək olar ki, bütün bu işlərin hamısı vəsaitə bağlıdır. Hesab edirəm ki, yalnız tibbi sığorta məsələsi möhkəmlənəndən sonra orqan köçürülməsi işini də geniş şəkildə həyata keçirmək olar. Bu haqda komitədə söhbət getdi. Qərara gəldik ki, bu sahədə dinləmələr həyata keçirdək və ehtiyac olarsa, orqan transplantasiyası haqqında qanuna yenidən baxış keçirib, hüquqi bazanın genişlənməsi zərurəti yaranarsa, onu da edək”.
Müsahibimizdən orqan bankının yaradılması zərurətini də soruşduq: "Əlbəttə, mümkündür. Amma əvvəlcə meyitdən orqan götürülməsi təmin olunmalıdır ki, sonra orqan bankı yaradılsın. Amma onu da deyim ki, orqan bankı qan bankından fərqlidir. Çünki orqanı qan kimi aylarla, illərlə bir yerdə saxlamaq mümkün deyil. Orqan götürüləndən sonra xəstə insana dərhal köçürülməlidir. Bu, artıq sonranın işidir. Hazırda əsas olan odur ki, tibbi sığorta məsələsi işə düşsün və sonra meyitdən orqan köçürülməsi işinə başlanılsın”.
İnsanların bu işə hazır olub-olmamağı da vacib məsələdir
Həkim, hüquq müdafiəçisi Nabil Seyidov bildirir ki, bu məsələyə birmənalı münasibət bildirmək çətindir: "Hər bir məsələ araşdırılmalıdır. Xüsusilə də, insanlar arasında sorğu keçirilməli və onların bu mövzu ilə bağlı fikirləri öyrənilməlidir. Lakin ötən illərdə bu orqan transplantasiyası ilə bağlı çox saylı məlumatlar əhalinin müəyyən bir qisminə çatdırılıb və onlar da bunu normal qarşılayırlar. Amma əlbəttə ki, beyin ölümü olan insanların xarici ölkələrdə olduğu kimi əvvəlcədən donor olmasının müəyyənləşdirilməsi və ya yaxınlarının buna icazə verməsi ciddi maarifləndirmə işi tələb edir. Çünki insanların böyük bir qismi bu sahədə çox məlumatsızdırlar. Ümumiyyətlə, mexanizm olaraq məsələni anlamırlar. Bundan başqa, dini inancların insanlar arasında geniş yayıldığını nəzərə alaraq deyə bilərəm ki, bu məsələnin dini baxımdan da öyrənilməsi lazımdır ki, heç bir insanda mənəvi cəhətdən hansısa bir problem, narahatlıq olmasın. İnsanların bu işə hazır olub-olmamağı da vacib məsələdir. Bunun üçün də təbii ki, müvafiq dövlət qurumları tərəfindən iş aparılmalıdır. Bu, beynəlxalq təcrübədə də var. Düşünürəm ki, sosial əhəmiyyətli bir məsələ kimi bunun tətbiq müsbət nəticələr verəcək, bir çox insanın həyatını xilas etmiş olacağıq. Bunun üçün orqan bankı yaradılmalıdır, orqanın öncə hansı xəstəyə köçürülməsi müəyyən edilməlidir. Bu iş üçün xüsusi komissiya fəaliyyət göstərməlidir. O komissiyada mütləq şəkildə tibbi mütəxəssislərlə yanaşı, ictimai qurumların nümayəndələri olmalıdır ki, insanlar buna inansınlar”.
Bizim insanlar kiməsə kömək etmək məsələsində daha əliaçıqdırlar, humanistdirlər
Psixoloq Elnur Rüstəmovqeyd edir ki, burada ilk olaraq hüquqi baza yaradılmalıdır: "Orqan köçürülməsi ilə bağlı qanuna müəyyən dəyişikliklər olsa, bu prosesdə bir irəliləyiş əldə etmək olar. Hazırda orqan köçürənlərin çoxu xaricə üz tutur. Digər bir məsələ isə təbliğat işinin aparılmasıdır. Ola bilər ölən insan bu qərarı vermək iqtidarında olmasın, amma yaxınları onun orqanının köçürülməsi ilə kiminsə həyatını xilas etməyə razı ola bilərlər. İnsan özü də bunu qabaqcadan müqavilə bağlayaraq edə bilər. Yəni sağ ikən gedib müqavilə imzalayar ki, mən öldükdən sonra sağlam olan orqanlarımdan ehtiyacı olan şəxslər üçün istifadə edilməsinə icazə verirəm. Yəni orqanların torpaqda çürüməyindənsə, bir insanı həyata qaytarmaq daha məqsədəuyğundur. Bizim insanlar kiməsə kömək etmək məsələsində daha əliaçıqdırlar, humanistdirlər. Sadəcə, bu işin ciddi təbliğata və maarifləndirməyə ehtiyac var”.
Qərbdən gələn düşüncə ilə mental düşüncələrimiz toqquşur
Sosioloq Asif Bayramov qərbdən gələn düşüncə ilə bizim milli mental düşüncələrimizin toqquşduğunu deyir: "Bizim milli düşüncəmiz bu günə qədər təbii ki, ölmüş yaxınlarımızın cisminin toxunulmazlığını tələb edir. Bu, bizim o biri dünya haqqında olan təməl prinsiplərimizdən biridir. Ancaq təbii ki, hazırda qərbdən gələn yeni dünyagörüş formalaşır. Bu da bizim düşüncələrimizlə eyni yerə sıxışmır və toqquşur. Ona görə də, bu mövzunu ictimaiyyətə qəbul elətdirmək uzun zaman və prosedur tələb olunur. Bunun üçün də dövlətin özünün maarifləndirmə mexanizmi olmalıdır. Təəssüflər olsun ki, bu sahədə maarifləndirmə işi zəif gedir. Yəni kütləvi informasiya vasitələri hələlik bu barədə ciddi bir təbliğat işi aparmır. Mən düşünürəm ki, belə bir mexanizm normativlik səviyyəsində həll olunmalıdır. Məsələyə humanizm aspektindən yanaşanda isə bu addıma haqq qazandırmaq olur. Amma məsələ Azərbaycan reallığı üçün olduqca ziddiyyətlidir. Bunun qanun səviyyəsində həlli üçün isə parlamentdə kompleks şəklində normativ hüquqi sənədlər hazırlanmalıdır. Qanunverici baza əsas məsələdir. Bu baza hazır olduqdan sonra sosial maarifləndirmə işi aparmaq olar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər