Ordunun qarşısına əliyalın çıxan xalq heç vaxt əzilməsinə imkan verməz - Fotolar
19.01.18 19:39
1950
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə
"Qanlı Yanvar gecəsi” olaraq yazıldı. Həmin gecəni nə unutmaq, nə də unutdurmaq
olar. O qanlı Yanvar gecəsi yaddaşlarda elə bir iz qoydu ki, illərdir həmin
gecəni dərin ehtiram və hüznlə anırıq. İllərin keçməsinə baxmayaraq, sağalmayan
bir yara kimi köksümüzdə qalan 20 Yanvar faciəsi bu gün də hamımızın gözlərini
yaşla doldurur. O gecəni daim xatırlamaq və indiki gəncliyə o hadisələrin
mahiyyətini aşılamaq hər birimizin borcudur.
"Qanlı Yanvar gecəsi”ndən 28 il ötür. 28 ildir ki, Azərbaycan xalqı 20
Yanvar günü Şəhidlər Xiyabanını ziyarət edir, azadlıq şəhidlərinin ruhuna dualar
edib, məzarları qarşısında dərin ehtiramla baş əyir.
20 Yanvar şəhidlərini anmaq məqsədilə hər il onların əziz xatirəsinə
həsr olunmuş tədbirlər keçirilir. Xüsusilə də təhsil ocaqlarında keçirilən
tədbirlərin əsas məqsədi şagirdlərə həmin hadisələri olduğu kimi çatdırmaqdır.
Digər tərəfdən isə, şagirdlərin iştirakı ilə hazırlanan səhnəciklər bizləri
müəyyən mənada o dəhşətli gecəyə aparır. Bəzən o balaca uşaqlar rollarını elə
məharətlə, elə içdən ifa edirlər ki, həmin an gözyaşını saxlamaq mümkün olmur. Hiss
olunur ki, onlar həmin gecənin şahidi olmasalar belə, onun ağırlığını, eyni
zamanda qürur dolu olduğunu anlayırlar.
Belə tədbirlərdən biri dünən Kaspi Təhsil Şirkəti tərəfindən keçirildi.
20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar "Kaspi” liseyinin Bakıxanov
filialında təşkil olunmuş tədbir "Əzilsək də, susmarıq!” adını daşıyırdı. Tədbirdə
Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, "Kaspi” liseyinin (Bakıxanov) direktoru
Tural Əliyev, şagirdlər, müəllimlər və valideynlər iştirak edirdi.
Mərasim 1 dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himni
ilə açıq elan olundu. Şagirdlər 20 Yanvar faciəsi haqqında məlumatlar verdikdən
sonra matəm günü ilə bağlı vətənə, şəhidlərə dair mahnı və şeirlər
səsləndirdilər. Sonra "Qanlı Yanvar gecəsi”ni uşaqların dili ilə anladan videoçarx
nümayiş olundu.
Tədbirdə çıxış edən Sona Vəliyeva bildirdi ki, "Qanlı Yanvar gecəsi”
böyük bir faciənin baş verdiyi tarix olmaqla yanaşı, insanlara istiqlal düşüncəsi
gətirən bir gecə oldu: "Həmin gecə yaddaşlardan silinməyəcək iz qoymaqla bərabər,
xalqımıza böyük bir azadlıq düşüncəsi gətirdi. Təhsil ocaqlarının keçirdiyi bu
kimi tədbirlərdən gənclərin aldıqları təəssürat millətimizin kimliyini ortaya
qoyur, tarixi təhlil etməyə imkan verir. Hər şeydən əvvəl bu, bir mübarizə,
qəhrəmanlıq tarixidir. Ordunun qarşısına əliyalın çıxan xalq heç vaxt əzilməsinə
imkan verməz. Bu tarixi faciənin iki səbəb var idi. Bunlardan biri hələ 1988-ci
ildən ermənilərin Azərbaycana qarşı
ərazi iddialarının baş qaldırması, digəri isə o vaxtkı SSRİ rəhbərliyinin
ermənipərəst siyasəti idi. Bu faciənin baş verməsində Azərbaycan xalqının həmin
dövrdə başsız olmasının da böyük rolu vardı”.
Kaspi Təhsil Şirkətinin təsisçisi qeyd etdi ki, belə tədbirlər
şagirdlərin ruhunu oyaq saxlayır: "Siz bu cür tədbirlərin keçirilməsi ilə
tariximizə dərindən bələd olursunuz. Bilirsiniz ki, xalqımızın tarixində bu
kimi hadisələr yaşanıb. Keçmişimizi heç zaman unutmayaq deyə, belə tədbirlər
daim keçirilməlidir. Allah bütün şəhidlərimizi rəhmət eləsin”.
Sonda liseyin direktoru Tural Əliyev çıxış edərək anım tədbirində
əməyi olan şagird və müəllimlərə öz təşəkkürünü bildirdi: "Faciənin üzərindən
28 il ötməsinə baxmayaraq, sanki dünən yaşanıb. Biz bu hadisələr vaxtı
sizinyaşınızda idik. Tankları da gördük, gecə vaxtı avtomatlardan açılan
atəşlərin səsini də eşitdik. Biz daim oyaq olmalıyıq və bu tarixi heç vaxt
unutmamalıyıq. Allah şəhidlərimizə rəhmət etsin”.