• şənbə, 27 Aprel, 01:45
  • Baku Bakı 14°C

Ordumuzun Ermənistanda təşviş yaradan təlimləri - Video - Fotolar

19.05.20 15:00 5332
Ordumuzun Ermənistanda təşviş yaradan təlimləri - Video - Fotolar
İşğalçı ölkə görməli və anlamalıdır ki...

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusu mayın 18-dən genişmiqyaslı əməliyyat-taktiki təlimlərə başlayıb. Mayın 22-dək davam edəcək təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qisimlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılır. Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi həyata keçirilir. Eyni zamanda müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri də yoxlanılır.


Düşmənin kəşfiyyat-diversiya hərəkətinə sarsıdıcı zərbə

Naxçıvan Qarnizonu Qoşunları da təlimlərə start verib. "Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi başlayıb. Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılıb. Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetirilir. Mayın 22-dək davam edəcək təlimdə düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir.

Ermənistan Azərbaycanla heç zaman ayaqlaşa bilməz

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində, mütəmadi olaraq Ordumuzun arsenalına ən müasir silah və texnikaların daxil edilməsi, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının güclənməsi, peşəkarlığının daha da artması, hərbi potensialın, hələlik, məhdud çevrədə - yalnız hərbi təlimlərdə nümayiş etdirilməsi işğalçı Ermənistanda hər zaman narahatlıq doğurmaqdadır. Bu dəfə də belə olub. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin mayın 18-dən başlatdığı və bu ayın 22-dək davam etdirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimləri düşmən ölkədə təşviş yaradıb.
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən politoloq Elxan Şahinoğlu il boyu Azərbaycan Ordusunun bir neçə dəfə hərbi təlimlər keçirdiyini, bəzən bu hərbi təlimlərin müttəfiqimiz Türkiyə ilə birgə baş tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu hərbi təlimlərin çox böyük əhəmiyyəti var: "İşğalçı ölkə görməli və anlamalıdır ki, Azərbaycan işğalla barışmayacaq. Azərbaycan, ordunun gücünü ona görə artırır ki, sülh danışıqları nəticə verməyəcəyi halda, istənilən anda torpaqlarımızı işğaldan müharibə yolu ilə azad edə bilək. İşğalçı Ermənistan tərəfi bunu anlamalıdır. Azərbaycan silah və texnikanın alınmasına hər il milyardlarla dollar xərcləyir. Ermənistan bununla heç bir zaman ayaqlaşa bilməz. Düşmən tərəfi də bundan qorxur və çəkinir. Hərbi təlimlərin keçirilməsinin digər əhəmiyyəti ondan ibarətdir ki, biz aldığımız hərbi texnika və sursatı sınaqdan keçiririk. Bunu da düşmən görür və qiymətləndirməyə çalışır ki, buna qarşı necə cavab versin. Amma cavab verməyə gücü çatmır. Ermənistan son anda Rusiyadan silah və hərbi texnika dilənir. Lakin Azərbaycan müxtəlif dövlətlərdən silahı, qazandığı pulla əldə edir. Həmçinin bu hərbi təlimlər müxtəlif istiqamətlərdə həyata keçirilir. Bununla da biz işğalçıya göstəririk ki, istənilən istiqamətdə, istənilən hərbi əməliyyatı həyata keçirməyə, torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq”.


Münaqişənin həlli dondurulmuş qalır

Siyasi şərhçi Məhəmməd Əsədullazadəisə qeyd edib ki, Azərbaycanın keçirdiyi irimiqyaslı hərbi-taktiki təlimlər Ermənistanda təhdid kimi qəbul olunur. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqların dalana dirəndiyi bir vaxtda Azərbaycan Ordusunun hərbi-taktiki təlimləri, əsasən ərazilərin işğaldan azad edilməsi planına uyğun olaraq keçirilir və Ermənistana birbaşa xəbərdarlıq xarakteri daşıyır. Təlimlərin regionda genişmiqyaslı olduğunu deyən politoloq qeyd edib ki, sözügedən təlimlər müharibə oyunları müstəvisindədir və ordunun döyüş qabiliyyətinin nümayişidir: "Ermənistanın baş naziri və xarici işlər naziri Qarabağ münaqişəsinin həllində danışıqlar prosesində həll variantlarını inkar etsələr də, danışıqlarda maraqlı olduqlarını söyləyirlər. Bu, rəsmi Yerevanın siyasi manevridir və atəşkəsin qorunmasına hesablanıb. Ermənistan tərəfi yenidən danışıqlara başlamaqla spekulyasiyaya əl atacaq. Çünki münaqişənin danışıqlar yolu ilə həllinə Paşinyanın siyasi iradəsi çatmır. Birincisi, öz xalqını sülhə hazırlaşdırmır. İkincisi, əldə olunan razılaşmalara ziddi olaraq nə əsirləri dəyişir, nə də həll variantlarını qəbul edir. Belə olan təqdirdə münaqişənin həlli dondurulmuş qalır. Rusiya rəhbərliyi də hazırkı Ermənistanın Qarabağ siyasətindən razıdır. Rəsmi Moskvanın baxışı nə sülh, nə də müharibədir”.


İşğalçıya güclü zərbələr vurmaq

M.Əsədullzadə vurğulayıb ki, münaqişənin həlli yalnız Azərbaycanın siyasi iradəsini ortaya qoymasından və işğalçıya güclü zərbələr vurmasından asılıdır. Onun fikrincə, ATƏT-ın Minsk qrupu özünü tükəndirib və formal xarakter daşıyır: "Minsk qrupunun həmsədrləri Azərbaycanın hərbi təlimlərinə görə Ermənistanın xahişi ilə xarici işlər naziri Elmar Məmmədyarovla videokonfrans keçirib, danışıqlar aparıblar. Xarici işlər nazirlərinin qısa zamanda görüşü razılaşdırılıb. Xarici işlər nazirlərinin görüşündə isə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü razılaşdırıla bilər. Amma bununla belə, düşünürəm ki, Ermənistan tərəfi bu danışıqlara, prosesləri yola vermək xətrinə qatılacaq. Həmçinin Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakını yenidən masaya daşıyacaq. Növbəti görüş baş tutarsa, rəsmi Bakı yüksək səviyyədə, birmənalı şəkildə Qarabağa səfərlərin qarşısını alacağını və burada infrastruktur layihələrin reallaşdırılmasına imkan verməyəcəyi ultimatumunu çatdırmalıdır. Konkret olaraq Ermənistan rəhbərliyinin Qarabağa səfərinə yol verməyəcəyini diqqətə çatdırmalıdır”.


Geosiyasi proseslərdə Ermənistan izolyasiya olunur

Politoloq deyib ki, Azərbaycan tərəfinin hərbi təlimləri Minsk Qrupunun həmsədr dövləti olan Rusiyada da diqqətlə izlənilir: "Rusiya prezidenti Vladimir Putin Türkiyə Prezidenti ilə telefon danışıqlarından sonra Azərbaycan Prezidentinə zəng etdi. Tərəflər arasında danışıqların rəsmi xülasəsi deyilsə də, bu telefon danışığında Azərbaycan tərəfinin keçirdiyi hərbi təlimlərin və Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirə olunduğu istisna deyil. Bir neçə gün bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da Azərbaycan və Ermənistana iki dəfə telefon açıb. Görünür, Rusiyanın bu telefon zəngləri müəyyən narahatlıqdan irəli gəlir. Burada iki səbəb ola bilər. Birincisi, rəsmi Moskva Azərbaycanın Türkiyə ilə müəyyən hərbi hazırlığından narahat ola bilər. Ona görə də, Putin Ərdoğanla danışıqdan sonra Prezident İlham Əliyevə zəng etdi. Çünki Türkiyə Suriyada və Liviyada uğurlu hərbi əməliyyatlar aparır. Rəsmi Ankaranın növbəti geosiyasi marağı Cənubi Qafqaz ola bilər. Rusiya hazırkı vəziyyətdə Türkiyə ilə nə Suriyada, nə də Liviyada qarşı-qarşıya gəlmir. Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə təbrik məktubunda suverenliyi və iki dövlət arasında sıx əməkdaşlığı vurğulaması, rəsmi Vaşinqtonun tam dəstəyini ifadə edib. Göründüyü kimi, davam edən geosiyasi proseslərdə Ermənistan izolyasiya olunur. Azərbaycan bu prosesi uğurla davam etdirir. Lakin Rusiya faktoru, hələlik Qarabağ məsələsində müəyyən problem olaraq qalır. Bir müddətdən sonra Rusiya Ermənistandan çıxa bilər. Regional şərtlər bunu diktə edəcək. Rusiya məcbur qalıb Azərbaycan və Türkiyə ilə birgə yeni siyasi konfiqurasiyaya gedə bilər. Bu kimi səbəblərdən Azərbaycan irimiqyaslı hərbi təlimlərini davam etdirməli və bunu cəbhəyə yaxın məsafədə reallaşdırmalıdır ki, işğalçı Ermənistan açıq təhlükəni görsün”.

Rufik İSMAYILOV




banner

Oxşar Xəbərlər