OPEC-in son qərarı icra olunurmu?
Dünya bazarında neftin qiymətləri yenə dəyişməkdədir. Yanvar ayının ilk
günlərində qiymətlərdəki ucuzlaşmanın OPEC ölkələrinin hasilatın müəyyən
olunmuş səviyyədə dondurulması ilə bağlı qərara əməl edəcəklərinə şübhələrin
artması ilə bağlı olduğu bildirlirdi. Lakin ötən həftənin sonundan başlayaraq neftin
yenidən bahalaşması davam edir.
Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə
0,46 dollar və ya 0,86% artaraq 54,22 dollar təşkil edib.ICE London
qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,5 dollar
və ya 0,88% artaraq 57,39 dollar olub. Həftə ərzində WTI markalı neft 0,9%,
Brent markalı neft isə 1% bahalaşıb.Açıqlanan statistikaya əsasən, ötən
həftə ərzində ABŞ-ın neft ehtiyatları 7,05 mln. barrel azalıb. Ekspertlər isə
ehtiyatların 2 mln. barrel azalacağını proqnozlaşdırıb. Bununla yanaşı,
Səudiyyə Ərəbistanı OPEC ölkələri arasında əldə olunan razılaşmaya uyğun olaraq
sutkalıq hasilatı 486 min barrel azaldıb. Bununla da Səudiyyə Ərəbistanı
sutkalıq hasilatını 10,058 mln. barrelə çatdırıb.
Bəs görəsən, OPEC ölkələri Vyana Konqresində əldə etdikləri
razılığa nə dərəcədə əməl edirlər?
Neftin qiymətlərində yenidən ucuzlaşma ola bilərmi? Tərəflər nə etməlidirlər
ki, çətinliklə əldə olunan bu razılıq qüvvədə qalsın? Elə bu suallarla da
iqtisadçı-ekspertlərə müraciət etdik. Onlar bu haqda maraqlı məqamları qeyd
etdilər.
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərovqəzetimizə açıqlamasında bildirdi ki,
hasilatçı ölkələr qiymətlərin nizama düşməsində maraqlıdırlar: "Cari il yeni başlayıb. Yanvarın
1-dən qeyri-OPEC ölkələri də məlum qərarın icrasına qoşulublar. Neftin dünya
bazar qiymətlərinin nizama düşməsində bütün hasilatçı ölkələr maraqlı
görünürlər. Odur ki, OPEC-in hasilatın azaldılması barədə qərarının icrasında
problemlər yaranacağını hələ ki gözləmirəm”.
P.Heydərov qiymətlərin tez-tez
dəyişməsi məsələsinə də aydınlıq gətirdi: "O ki qaldı qiymətlərin arabir yenə
düşməyə meyil etməsinə, bu haqda dəfələrlə demişəm və bir daha qeyd edirəm ki,
bazarda təklif tələbdən genişdir. Amma bu tendensiyanın aradan qalxacağı hələ ki
real deyil. Digər tərəfdən, ABŞ dolları dünya valyutalarına görə möhkəmdir və
möhkəmlənməkdə də davam edir. Dollar indiki kimi möhkəm olmasa idi, OPEC-in
sözügedən qərarına görə, neft indi əslində 60 dolları çoxdan keçmişdi. Yaxın
müddətdə isə ABŞ bazara əlavə neft çıxara bilər. Bu da təklifi bir az da
genişləndirmiş olacaq. Odur ki, qiymətlərin sürətlə yüksələcəyini gözləmək
lazım deyil”.
Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəriİlham
Şaban bildirdi ki, tərəflər hələ ki razılşmaya əməl edirlər: "Ötən həftənin cümə gününə qədər OPEC-in üç ölkəsi -
Küveyt, Səudiyyə Ərəbistanı və İraq OPEC-in
Vyana konqresində qəbul edilən qərarların icrasına başlanılması haqqında rəsmən
elan verib. Bu barədə hətta The Wall Street Journal qəzeti də Səudiyyədəki mənbələrinə
istinadən yazmışdı verib ki, Səudiyyə Ərəbistanı artıq dekabr ayından neft
hasilatını azaltmağa başlayıb və yanvarın ayının 4-nə qədər neft hasilatını 450
min barrelə kimi endirəcək. Bu, faktiki olaraq Səudiyyənin öz üzərinə götürdüyü
öhdəliyi yerinə yetirməsi deməkdir. Bundan əlavə, Küveyt birinci rüb ərzində
neft hasilatının 131 min barel azaldıldılacağını bildirib. Həmçinin İraq hökuməti,
rəsmi Bağdad 2017-ci il yanvarın 1-dən hasilatın azaldılmasını elan edib”.
Ekspert bildirdi ki, bu proses tədricən həyata
keçiriləcək: "Digər tərəfdən, bu gün əldə etdiyim informasiyaya görə,
Qazaxıstan da rəsmi olaraq hasilatın 20 min barelədək azaldılmasına dair qərarın
hökumət səviyyəsində icrasına və mexanizmlərinin tətbiqinə artıq başladıqlarını
elan edib. Rusiyanın dövlət neft şirkəti olan Rostneftin hasilatın cari ay ərzində
azaldılması haqqında mexanizmin tətbiqinə dair məlumatlar qeyd olunsa da, amma
real olaraq bunun tətbiq olunması haqqında hələ bir şey yoxdur. Əslində burada
söhbət yanvar ayı ərzində hansı tərəfin hasilatı nə qədər azaltması mexanizminin
icrasından getmir. Bu heç də önəmli bir məsələ olmayacaq. Əsas məsələ cari il
fevralın 10-11-də OPEC-in özünün yanvar ayı ilə bağlı açıqlayacağı hesabatı ilə
əlaqədar olacaq. Bu hesabatda göstəriləcək ki, məhz yanvar ayında vəziyyət necə
olub. Yəni, burada OPEC ölkələri üzrə hasilatın vəziyyəti nəzərdə tutulur. Bazar
iştirakçıları məhz bu hesabata uyğun olaraq ya pozitiv, ya da neqativ reaksiya
verəcək”.
İ.Şaban bildirdi ki, Vyana sazişini poza da bilərlər:
"Keçən həftə neftin qiyməti 58 dolları ötdü və sonradan korrektə edilərək yenidən
aşağı endi. Qeyd edim ki, Küveytin də Dövlət Neft Şirkətinin rəhbəri açıqlama
verərək bildirdi ki, onlar artıq hasilatın kvotalara uyğun olaraq azaldılmasına
başlayıblar. Əslində belə xəbərlər bazara müsbət təsir bağışlayır və bu xəbərlərə
uyğun olaraq reaksiya verir. Ancaq bazar belə bir şeyin fonunda uzun müddət dayana
bilməz. Çünki neft hər an qiyməti dəyişə bilən bir xammaldır. Vyana konqresində
qəbul edilən razılaşmasının pozulması məsələsinə gəldikdə isə, hesab edirəm ki,
bu mümkündür. Lakin qeyd etdiyim kimi,
fevral ayında OPEC-in ictimaiyyətə açıqlayacağı ilk hesabatın çox böyük önəmi
olacaq. Bu hesabatdan bilinəcək ki, OPEC ölkələri özlərinin sonuncu
konfransında qəbul etdikləri qərara nə dərəcədə sadiqdirlər”.
Şəbnəm Mehdizadə