• şənbə, 27 Aprel, 00:44
  • Baku Bakı 14°C

Ünvanlı sosial yardımlar ünvanına çatacaq

08.11.13 08:53 1981
Ünvanlı sosial yardımlar ünvanına çatacaq
“4 il bundan əvvəl ünvanlı sosial yardım almaq üçün rayonumuzda bu işə baxan mərkəzə müraciət etdim. Dedilər ki, yaşlı anamın və fiziki qüsurlu oğlumun aldığı təqaüd ünvanlı sosial yardım almağa qanunla şərait yaratmır. Sonra tanış tapdım və həmin mərkəzdəki xanımla danışdı. Xanım mənim sosial yardım almağıma kömək edəcəyinə bir şərtlə razı oldu ki, ilk 6 ayı kart onda qalacaq və pulları bankdan o çəkəcək. Buna görə də mən razılaşmadım. Fikirləşdim ki, kartı versəm, heç o biri 6 ayı da qaytarmaya bilər”.
Bu sözləri bizimlə söhbətində Qaradağ rayonunda yaşayan müsahibimiz Həbibə xanım bildirdi. Həbibə xanım deyir ki, yeni əmək və əhalinin sosial müdafiəsi nazirinin işinə ünvanlı sosial yardım sahəsindəki neqativ halları aradan qaldırmağa cəhd etməklə başlaması onda ümid doğurur: “İnanıram ki, bu dəfə müraciətim cavabsız qalmayacaq və mən də sosial yardımdan faydalana biləcəm”.
Artıq tədbirlərə başlanılıb
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ünvanlı sosial yardımların təyin olunması və ödənişi işlərində hər hansı neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması ilə bağlı əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorlarına ciddi tapşırıqlar verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin sözlərinə görə, bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb: “Aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər”.
Xidmət rəisinin jurnalistlər qarşısındakı çıxışı, ümumiyyətlə, yeni nazirin yeni postda gördüyü ilk işin ünvanlı sosial yardımla bağlı olması cəmiyyət tərəfindən ümidlə qarşılandı. Yardıma ehtiyacı olub aylarla süründürməçiliklə qarşılaşan, sonda isə sosial yardım ala bilməyən, ya da aldığı sosial yardımı dövlət məmurları ilə əllinin əlliyə hesabı ilə bölüşən vətəndaşlar sevinc içindədirlər.
Onu da xatırladaq ki, keçmiş nazir Füzuli Ələkbərovun dövründə sosial sahədə ən çox korrupsiya halları ünvanlı sosial yardımla bağlı idi. Bir neçə vəzifəli şəxsin elə vəzifə postundaca həbs edilməsinə baxmayaraq, problem öz həllini tapmamışdı. Bəzi ekspertlərsə hesab edir ki, eks-nazir Füzuli Ələkbərovdan fərqli olaraq yeni nazir Səlim Müslümov daha cəsarətli və mübarizdir. Buna görə də sözügedən sahədə irəliləyişlərin olacağına, rüşvətin kökünə daş atılacağına nəinki sosial yardıma ehtiyac hiss edənlər, ekspertlər də nikbinliklə yanaşırlar.
Yeni nazir ümidləri artırır
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli hesab edir ki, yeni nazirin inzibati qaydalar tətbiq etməsi, bu sahədə göstərişlər verməsi müsbət hadisə kimi qiymətləndirilə bilər: “Yadınızdadırsa, bir sıra rayonlarda ünvanlı sosial yardımla bağlı rüşvət alan vəzifəlilər yaxalandı və hətta birinin otağından 3 minə yaxın vətəndaşın sosial yardım kartı çıxdı. Bunu məmur edirdi və hər ay kartdan çıxardığı pulun yuxarı eşalona ötürülməsi faktının mövcud olmaması mümkün deyildi. Buna görə də düşünürəm ki, əgər yuxarıda oturan məmur korrupsiya halının qarşısını almaqda maraqlı olsa, problem həllini tapa bilər. Düşünürəm ki, yeni nazirin məsələnin üzərinə ciddi düşməsi ümidləri artırır”.
İ.Hüseynli düşünür ki, rayonlarda bir neçə məmuru cəzalandırmaqla bu problem həllini tapmayacaq: “Mən sözügedən sahədə rüşvətin qarşısını almaq üçün dövlət qurumlarının yanında ictimai nəzarət şuralarının gücləndirilməsi və stimullaşdırılmasını təklif edirəm. Düşünürəm ki, məmur ordusunun gəncləşdirilməsi də rüşvət amilini xeyli aşağı salacaq”.
Adminstarativ nəzarət uğursuzdur
Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə, administrativ nəzarətin gücləndirilməsi effekt verməyəcək: “Hesab edirəm ki, öncə əhaliyə sosial yardımın verilməsinə nəzarət edən adamların maaşı onun ailəsini dolandırmağa kifayət etməlidir ki, onun gözü başqasının cibində olmasın. İnsanların vəzifədən çıxarılması, əvəzinə başqa adamların gətirilməsi ilə bu məsələ həll olan deyil. Adminstrativ cəhdlərin uğuruna şübhə ilə yanaşıram”.
S.Məmmədov bildirdi ki, sözügedən sahədə şəffaflığın olması və ünvanlı yardımın ünvanına çatması üçün sosial yardım alan vətəndaşların adlarının ictimaiyyətə açıqlanması və veb səhifələrdə, sosial müdafiə mərkəzilərinin binalarının divarlarında yerləşdirilməsi vacibdir. Bəzən deyirlər ki, bu informasiyaların cəmiyyətə açıqlanması Konstitusiyaya ziddir. Mən bununla razı deyiləm. Çünki söhbət şəxsin başqa qazanclarından deyil, büdcənin ona verdiyi ictimai vəsaitdən gedir. Buna görə də adların açıqlanması və rayonlarda hər yerə yapışdırılmasına ehtiyac var. Qoy hamı görsün ki, onun milyoner, 5 maşını olan qonşusu da ünvanlı yardım alır. Bu zaman bəlkə ictimai qınaq imkanlıları insanları bu işdən çəkindirər. İmkanı ola-ola kasıbın puluna göz dikmək həm dinimizə, həm mənəviyyatımıza, həm də qanunumuza ziddir”.
Heç bir amerikalı...
Müsahibimiz 1999-cu ildə ABŞ-da olarkən qarşılaşdığı bir faktı da bizimlə bölüşdü: “ABŞ-da kilsədə kasıblar üçün ərzaq paylanırdı. Gördüm, hamı sürücülük vəsiqəsini göstərib adını yazdırır və ərzaq götürür. Soruşdum ki, siz hansı kriteriyalarla təyin edirsiniz ki, bu adam kasıbdır. Dedilər ki, “bir kriteriyamız var – o da şəxsin bizə müraciət etməsidir. Çünki heç bir amerikalı ehtiyacı olmadığı halda bizə müraciət etməz”.
Özünü dəstək siyasətinə ehtiyac var
S.Məmmədov ümumiyyətlə, ünvanlı sosial yardımın verilməsinin başqa bir formaya keçirilməsinin tərəfdarı olduğunu dedi: “Yaxşı olar ki, reabilitasiya ola bilməyən əhali qrupu, məsələn, əlillər, ahıllara aylıq ünvanlı sosial yardım verilsin, özü də bu, uzun müddətli, yaxud ömürlük təyin edilsin. Əhalinin digər qrupuna isə özünü dəstək proqramlarına cəlb etmək lazımdır. Çünki hər ay vətəndaşa pul verməklə o, aldığı pulu xərcləyir və kasıbçılığı tərk edə bilmir. Köhnə nazirin dönəmində 300 ailə üçün pilot layihə həyata keçirildi. Həmin layihələrin 200-dən çoxunda QHT nümayəndələri də iştirak etdi. Layihə passiv dəstəkdən aktiv dəstəyə keçmək üçün gerçəkləşdirildi. Layihəyə əsasən, birillik pul əvvəlcədən vətəndaşa verilirdi və vətəndaş bacara biləcəyi işi qururdu. Bununla da o, 1 illik deyil, bir neçə, bəlkə də ömürlük kasıbçılığın daşını atmağa müvəffəq olurdu. Bunu uğurlu göstərici saymaq olardı. Hesab edirəm ki, özünü dəstək siyasəti davam etməlidir”.
Şikayəti olanların zəng etməsi kifayətdir
Onu da qeyd edək ki, Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev görüləcək tədbirlərin daha effektli nəticələr verməsi üçün ünvanlı yardım alacaq 134 mindən artıq ailəyə müraciət edib. O bildirib ki, təyin olunmuş yardımların alınması üçün onlara banklar tərəfindən verilmiş plastik kartları heç bir halda mərkəz əməkdaşlarına verməsinlər: “Çünki bu ünvanlı yardımlar dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılır və onlar bu vəsaitləri öz maddi ehtiyaclarına sərf etməlidirlər. Heç bir əməkdaş vətəndaşları onlara təyin olunmuş yardımı onlarla bölüşməyə təhrik edə, yaxud əks halda onları yardım almaq hüququndan məhrum edə bilməz. Həmin vətəndaşlar əhalinin sosial müdafiəsi mərkəzlərində yardım təyinatı müqabilində onlarla aparılan hər hansı qanunsuz sövdələşmələrə getməməli və belə hallarla üzləşdikləri təqdirdə nazirliyin 142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlara müraciət etməlidirlər”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər