Novruzun zəfər boyaları

"Müharibəli Novruz” rəngkarlıq tablosu bayrama həsr
olunmuş sənət nümunələrinin ən təsirlisidir
Ölkəmizin müstəqillik qazanmasından sonra qeyd
olunan bayram günləri nə qədər çox olsa da, bir milyondan çox ölkə əhalisinin
baxışlarından duyulan yurd həsrətinə dörd ay əvvəl son qoyulmasının, builki Novruz
bayramına xüsusi və əvəzolunmaz rəng qatması danılmazdır. Bu mənada
rəssamlarımızın zaman-zaman yaratdıqları Novruz ünvanlı rəngkarlıq və qrafika
əsərlərinin estetikasına yeni-duyulası nikbin baxışda, onun xəyalən həm də çeşidli
və təsirli Zəfər boyalarına bələndiyini
vurğulamaq istərdik...
Novruz bayramının qeyd olunması qədim tarixə malik
olsa da, onun ənənələrinin insanlara bəxş etdiyi sevinc hisslərinin bədiiləşdirilməsinə
çox gec – sovet dönəmində başlanıb. Rəssamlıq məkanımızda milli kadrların
azlığı qabarıq duyulduğu ötən əsrin otuzuncu illərində bu addımı Xalq rəssamı
Əzm Əzimzadə atıb. Heç şübhəsiz, bu, bərqərar olduğu gündən milli dəyərlərin
qorunmasına və təbliğinə dolayısı maneələr yaradan Kreml ideoloqlarının xoşuna
gəlməsə də, o zamanlar təsviri sənətimizin şəriksiz lideri olan görkəmli
karikatura ustası milli bayramımızın
ənənələrinin bədiiləşdirilməsini həm də özünün vətəndaş borcu saymışdı. Bayramın
çoxsaylı ənənələrinin mövcudluğu, rəssama bu mövzuda sözün əsl mənasında
silsilə əsərlər yaratmağa imkan vermişdir. Bu mənada "Novruz bayramı” (1930 və
1938), " Kos-kosa oyunu” (1930),
"Kəndirbaz” (1935 və 1938), "Tonqal üstündən tullanmaq” (1937), "Şeytan,
təlxək və keçəl” (1939) əsərləri adət-ənənələrimizin qorunması və gələcək
nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
"Novuz
bayramı” (1930) əsərində rəssam
Novruzun gəlişini davranışlarında əks
etdirən Bakı əhalisini görüntüyə gətirmişdir. Qədim məkanda cərəyan edən süjetə
daxil edilmiş çoxsaylı insan obrazları o hərəkətləri ilə bayram ovqatını
əyaniləşdirmişlər. Ümumi kompozisiyanı yaxın-uzaq və orta plana bölən
rəssam, onlar arasında axıcı-ritmli əlaqə yaratmaqla, son nəticədə
əsərin bədii bütövlüyünə nail olmuşdur.
Zamanında paytaxtın hər bir məhəlləsində peyda
olması ilə ətrafına çoxlu tamaşaçı toplayan kəndirbazlara iki qrafik lövhə
(1935 və 1938) həsr edən rəssam, bu əsərlərində onların insanlara bəxş etdikləri
sevinc hisslərinin ifadəsinə çalışmışdır. "Kos-kosa oyunu”nu (1930)
bədiiləşdirən görkəmli fırça ustası
Novruz bayramında əhalinin sevə-sevə izlədiyi əyləncənin məzmununu
və nikbin ovqat daşıyıcılığını göstərmək
istəmişdir.
"Od üstündən tullananlar”
(1937) əsərində də daha bir bayram
ənənəsinin bədiiləşdirilməsinə şahidlik edirik. Dünyamızın yaranmasında
duyulası rolu olduğuna inamı olan insanların
Novruzun gəlişi ilə odu xatırlamaları da təsadüfi deyil. Rəssam, bu
mərasimə uşaqlarla yanaşı yaşlıların da münasibətini əyaniləşdirməklə, çox
cəlbedici bir lövhənin yaradılmasına nail olmuşdur.
Sovet
dönəmində - ötən əsrin altmışıncı illərində Novruzun ümumxalq bayramı kimi qeyd
olunmasına nail olunandan sonra, onun tarixinə
rəssamlarımızın müxtəlif nəsillərinin bədii münasibətini şərtləndirmiş oldu. Bunun nəticəsində xalqımız üçün çox əziz olan
bu bayramın tarixini, onun qan yaddaşımızda əbədiləşdirməsinə səbəb olan
ənənələrini əks etdirən əsərlərdən ibarət bədii "Novruz ensiklopedyası” yarandı.
Bu,
çox əhəmiyyətli bədii saxlancda Xalq
rəssamı Səttar Bəhlulzadənin yaratdığı "Azərbaycan nağılı” tablosu xüsusi yer
tutur. Onun 1970-ci ildə çəkdiyi monumental tutumlu "Azərbaycan nağılı” tablosu
bu vaxta kimi bu mövzuda yaradılmış ən yaddaqalan əsər sayılır. Bu lövhədə
süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirən rəssam,
kompozisiyanın kifayət qədər təsirliliyinə nail olmuşdu. Doğrudan da zirvəsi
qarlı dağların ətəyində təsvir olunmuş başı xonçalı qız-gəlinlərin, budaqları
qaranquşlu gül açmış ağacların və ön planda təsvir olunmuş bayram xonçasının
vəhdətini özündə əks etdirən iri tabloda Novruzun nikbin və ovqatyaradıcı
ruhunu duymaq mümkün idi. Onun mavi, zümrüdü, çəhrayı və bəyaz rənglərlə ifadə
etdiyi xoş əhval-ruhiyyə cəlbedici və yaddaqalan idi...
S.Bəhlulzadə sonrakı illərdə də bu mövzuya marağını azaltmamış və
bir-birindən maraqlı əsərlər yaratmışdı. Onun bahar ətirli lövhələrində, həm də
bu mövzunun tükənməzliyini görmək mümkündür. Rəssamın "Bahar nəğməsi”, "Yaşıl
xalı”, "Xonçalar”, "Gəlin guşəsi”, "Bahar gələndə”, "Oyanış”, "Lalələr”,
"Piti”, "Yaşıl xalı”, "Nərgizlər”, "Heyva çiçəkləyəndə” lövhələri bunu
təsdiqidir...
Etiraf
edək ki, ötən əsrin son qərinəsində və yeni yüzilliyin arxada qalan iyirmi
ilində Novruz ünvanlı çoxsaylı əsərlər yaradılsa da, ənənəvi mövzuya yeni baxış çox az hallarda
müşahidə olunmuşdur. Bu mənada tanınmış qrafika ustası, Xalq rəssamı Arif Hüseynov
və Ağəli İbrahimovla yanaşı, çoxlarının tanımadığı Nəcməddin Hüseynovun
yaratdığı unikal tutumlu əsərinin adını çəkmək istərdik.
Arif Hüseynovun
yaratdığı "Novruz” qrafik silsiləsini, sözün əsl mənasında bayramın bədii
ensiklopediyası hesab etmək olar. Belə ki, burada neçə - neçə bayram oyunu -
əyləncəsi yer almışdır. Rəssamın "Kəndirbazlar”, "Qulaq falı”, "Yumurta
döyüşdürənlər”, "Novruzda”, "Əjdaha ili” və s. əsərlərində Novruz bənzərsiz
ruhunu duymaq mümkündür. Bu qrafik nümunələrin bədii həllində miniatür
estetikasından yaradıcılıqla istifadə, həmin əsərlərə özünəməxsus milli ruh
bəxş etmişdir desək, həqiqəti söyləmiş olarıq. Onun Novruz ünvanlı əsərləri bu
günlərdə Azərbaycan Milli Xalça Muzeyində təşkil olunmuş fərdi sərgisində
nümayiş etdirilmişdir.
Xalq rəssamı Ağəli
İbrahimovun 1984-cü ildə çəkdiyi çoxfiqurlu rəngkarlıq tablosu zamanında bədii
məkanımızda hadisə kimi dəyərləndirilmişdi. Qədim bayramı, əsərində el
sevincinə çevirməyi bacaran rəssamın kompozisiya daxili estetikanı milli ruha
bələyə bilməsinin sayəsində, iri ölçülü tablonu cəlbedici və yaddaqalan mənəvi
dəyər daşıyıcısına çevirə bilmişdi...
Qənaətimizcə, Qazax rayonunda yaşayan Nəcməddin
Hüseynov tərəfindən ərsəyə gətirilən "Müharibəli Novruz” rəngkarlıq tablosu
bütün dövrlərdə bayrama həsr olunmuş sənət nümunələrinin ən təsirlisidir. Burada Qarabağ cəbhəsindəki əsgərlərimizin
bayram süfrəsi təsvir edilmişdir. Cəbhədəki gərgin vəziyyət əsgərlərə səməni
göyərtməyə imkan vermədiyindən, onlar yaşımtıl rəngə çalan döyüş güllələrinin belinə
qırmızı parça zolaq bağlamaqla, onu "səməni”yə döndərmiş, rəngli yumurtaları isə iki döyüş qumbarası
ilə əvəzləmişlər. Bu, doğrudan da obrazlı bədii ifadəsinə görə çox
gözlənilməz və təsirli bir
kompozisiyadır...
Gənc və istedadlı fırça ustası Cavid İsmayılovun
"Novruz axşamı” və "Novruz” əsərlərində əziz bayramın aşıladığı nikbin hiss və
duyğuların ümumiləşdirilmiş təqdimatı yaddaqalandır. Bədii təfsirlə ifadə
olunan bu süjetlərdəki rəng və yaxı ritminin yaratdığı cəlbedicilik, ilk
növbədə yüksək müəllif sənətkarlığının görüntüsüdür.
Görkəmli qrafika ustası, Xalq rəssamı Altay
Hacıyevin ("Bahar qızı”, "Novruz oyunları” və "Novruz duyğuları”), Xalq rəssamı
Fərhad Xəlilovun ("Bayramda”), tanınmış rəngkar Vaqif Ucatayın ("Novruz
süfrəsi” və Novruz Pəhləvan”), Xalq rəssamı Rasim Babayevin ("Bayramda”,
"Novruz” və "Bayram yükü”) və Xalq rəssamı Sakit Məmmədovun ("Bahar qızı”)
əsərlərində bayram sevinclərinə tutulan "bədii güzgü” duyulası nikbinliyi ilə yadda qalır.
Rəssamlarımızın Novruz qayğılarına həsr olunmuş
əsərləri də etnoqrafiyamızın zənginliyini əks etdirən qürurverici mənəvi qaynaq
hesab etmək olar. Xalq rəssamları Elmira Şahtaxtinskayanın "Bayrama hazırlıq”,
Cəmil Müfidzadənin "Bayram yaxınlaşanda”, Elbəy Rzaquliyevin "Novruz bayramı”,
Xalidə Səfərovanın "Novruz”, Tofiq
Ağababayevin "Bayramınız mübarək”, Mayis Ağabəyovun "Nağıllı Novruz”, Əməkdar
rəssam Ələkbər Rzaquliyevin "Gəlinə bayram hədiyyəsi aparırlar”, Arif
Ələsgərovun "Kəndirbazlar”, eləcə də Günay Mehdizadənin "Bahar qızı”, Vüqar Əlinin
"Novruz qaranquşları”, Orxan Hüseynovun "İçərişəhərdə bayram” və b. əsərləri bu
qəbildəndir.
Dekorativ-tətbiqi sənət ustalarımız da xalqımız
əziz bayramına öz yaradıcılıq töhfələrini vermişlər. Bu mənada görkəmli xalça
ustası, Xalq rəssamı Eldar Mikayılzadənin, keçəçi Rauf Əbdülhüseynoğlunun,
keramika ustası Nailə Sultanın və rəssam Sənubər Səmədovanın adını çəkmək olar.
Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi,
professor
