Bu gün Beynəlxalq Mətbuat Mərkəzində
"İmadəddin Nəsimi və folklor” adlı respublika elmi-praktik konfransının
keçirilməsi ilə bağlı layihə üzrə seminar təşkil olundu. Seminarı AMEA-nın
müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev giriş nitqiylə açıq elan edərək,
gələn qonaqları salamladı. K.Əliyev qeyd etdi ki, bugünkü seminar noyabr ayında
keçiriləcək "İmadəddin Nəsimi və folklor” adlı respublika elmi-praktik
konfransına bir növ hazırlıqdır: "Biz bura ona görə toplaşmışıq ki, konfransda
müzakirə olunacaq məsələləri, mövzuları əvvəlcədən danışaq, veriləcək təklifləri
dinləyək. Düşünürəm ki, bu cür toplantı konfransın xeyrinədir”.
Kamran Əliyev ilk olaraq sözü
AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovaya verdi. O, respublika
elmi-praktik konfransına hazırlığın vəziyyəti barədə çıxış etdi. Daha sonra Fidan
xanım 2019-cu il – "Nəsimi ili”ndə bütün respublika üzrə keçirilmiş bir sıra tədbirlərdən,
onların mahiyyətindən danışdı. Bu konfransın da həmin tədbirlərin bir davamı
olduğunu bildirdi: "İmadəddin Nəsimiylə bağlı nə qədər danışsaq da, yazsaq da,
yenə azdır. Hesab edirəm ki, onun yaradıcılığı yenə də araşdırılmalı, öyrənilməlidir”.
Daha sonra natiq seçilmiş məruzələrdən danışdı. Məruzələrin müxtəlif
universitetlərdən qəbul olunduğunu qeyd edən Fidan xanım, bu işə tələbələrin,
magistrların da qatıldığını, bu konfransın onların gələcək həyatında böyük əhəmiyyət
kəsb edəcəyini vurğuladı: "Konfransa müxtəlif mövzularda məruzələr qəbul
olunub. Mən onlardan bir neçəsinin adını çəkmək istərdim: Akademiyanın müxbir
üzvü Kamran Əliyevin "Folklorumuzda mifologizmlərin Nəsimi şeirinin poetikasına
təsiri”, professor Səhər Orucovanın "Nəsimi yaradıcılığında rəqəmlərin sirri” və
sair. Bu mövzularla tanışlıq zamanı bizə aydın oldu ki, Nəsimi ancaq bir
istiqamətdə deyil, müxtəlif tərəflərdən araşdırılıb. Bu çox sevindirici haldır”.
Daha sonra seminarda AMEA Folklor
İnstitutunun "Folklor və yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru Aytac Abasova çıxış üçün söz aldı. Aytac xanım folklorla
bağlı Nəsimi qəzəlləri və musiqi mövzusunda danışdı. "Biz həmişə Nəsimi adını çəkdikdə,
adətən onun fəlsəfi ideyalarını düşünürük, lirikasını xatırlayırıq. Amma bu gün
bizim araşdırmalarımız daha fərqli, yeni bir formada özünü göstərir. Mənim məruzəm
"Nəsimi və musiqi”dir. Biz araşdırdıqca görürük ki, misraların sətiraltısında həm
humanitar, həm elmi, həm də fəlsəfi fikirlər var. Onun dahi bir insan olduğuna əmin
oluruq. Elm adamlarının araşdırmaları göstərir ki, o həm də xalq yaradıcılığının
yaxşı bilicisi olmuş və bu biliklərini qəzəllərində istifadə etmişdir. Nəsimi
yaradıcılığında folklordan başqa, bir musiqi duyumu da var”. Aytac xanım on beş
muğam adının Nəsiminin qəzəllərində keçməsindən, onun muğamın şöbələrindən, pərdələrdən,
zəngulələrdən danışmasından və xüsusilə də sazın adının çəkilməsindən danışdı.
Qeyd etdi ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan saz bizim
xalq musiqi aləti olduğu kimi, Nəsimi də bizim xalqımızın özünə məxsus olan
milli-mədəni sərvətidir. Onu sevib, qoruyub, indiyə qədər olduğu kimi, bundan
sonra da nəsillərdən-nəsillərə ötürməliyik.
Seminarın davamında çıxış üçün
söz Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin Azərbaycan dili
və ədəbiyyatı müəllimi Aygün Zülfüqarovaya verildi: "Nəsimi elə bir dahi şəxsiyyətdir
ki, bütün türk elləri onu özününküləşdirib. Nəsimi yeganə şairdir ki, həyatı,
yaradıcılığı əfsanəyə çevrilib. Onun haqqında çoxlu rəvayətlər qoşulub. Rəvayətləri
də, bildiyiniz kimi, xalq ancaq sevdiyi adamlara qoşur. Mən düşünürəm ki, Nəsimi
həddindən artıq sevilən bir sənətkardır”. Daha sonra Aygün xanım İmaddədin Nəsimi,
folklor və orta məktəbdə tədrisi məsələləri barədə geniş danışdı. Bu baxımdan
bir sıra problemlərin olduğunu dedi. Müəllim qeyd etdi ki, orta məktəb dərsliklərinə
mütləq şəkildə Nəsimini qavramağa, öyrənməyə, onu daha yaxından tanımağa, sevməyə
vasitə və vəsilə ola biləcək qəzəlləri salınmalıdır: "Onun axıcı, rəvan, diləyatan
beytləri, rahatca yadda qalan gözəl qəzəlləri çoxdur. Qəzəl seçimində məhz bu
cür – məktəblilərin rahat anlaya biləcəyi, oxuyanda anlaşılan qəzəllərə
üstünlük verilməlidir”.
Daha sonra çıxış edən şair İslam
Sadıq Nəsimi yaradıcılığından danışdı: "Nəsimi yaradıcılığı elə zəngin bir xəzinədir
ki, onu oxuduqca oxumaq, öyrəndikcə öyrənmək, araşdırdıqca araşdırmaq, çözələdikcə
çözələmək lazımdır. Niyə? Çünki Nəsimi şeirlərindəki hər sualdan təzə bir sual
doğur. Hər sirrin içindən bir sirr boylanır. Və biz də çalışırıq ki, bu
sualların cavabını tapaq, sirləri açaq. Ona görə də bu il biz şahidi oluruq ki,
doğrudan da Nəsimi yaradıcılığıyla bağlı çox geniş, əhatəli şəkildə
araşdırmalar aparıldı. Ona görə də mən Nəsimi yaradıcılığını araşdıranlara bu
sualların cavabını tapmaq, sirləri açmaq arzusu ilə uğurlar arzu edirəm”.
Seminarda Laçın rayon M.Səfərov
adına Qozlu kənd tam orta məktəbinin X sinif şagirdləri də iştirak edirdilər.
Şagirdlər hazırladıqları "Kimdir Nəsimi?!” adlı ədəbi-bədii kompozisiyanı
seminar iştirakçılarına təqdim etdilər. Kompozisiya zamanı şagirdlərdən birinin
tarda ifasının müşayiəti ilə Nəsiminin "Hardasan?!”, "Mənəm mən”, "Yanaram”,
"Etməgil”, "Ağrımaz”, "Sığmazam” adlı qəzəlləri digər şagirdlərin ifasında səsləndi.
Qeyd edək ki, uşaqlar şeirləri çox böyük şövq və sevgiylə deyir, tarın həzin səsi
isə onlara xüsusi bir gözəllik, həzinlik qatırdı. Əslində, onların Nəsimi
dünyasına bu yaradıcı münasibəti daxillərindəki sevginin, ehtiramın böyük göstəricisidir.
Seminarın sonunda kompozisiyanı təqdim
edən məktəblilərə təşəkkürnamələr verildi.