Neftin qiymətinin artması hansı iqtisadi perspektiv vəd edir?
Neftin
qiymətində olan artım tendensiyası davam etməkdədir. Təbii ki, bu artım, iqtisadiyyatı
və gəlirlərinin böyük hissəsi neftdən asılı olan ölkələr üçün sevindirici məqamdır. Bu mənada,
ölkəmiz də neft ölkəsi kimi proseslərdən kənarda qalmır. Artıq Azərbaycan neftinin
qiyməti 70 dolları keçib."AzeriLight" markalı neftin 1
barelinin dəyəri 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib. Neft
gəlirlərinin artdığı bir məqamda, bu gəlirlərin düzgün istiqamətə
yönləndirilməsi çox mühümdür. Necə deyərlər, pulu xərclənmək qazanmaqdan daha
çətindir. Çünki post-neft dövründə bunun nə qədər önəmli olduğunu bir daha dərk
elədik. Bəs görəsən indiki məqamda bu gəlirləri necə idarə etmək lazımdır?
Neftdən gələn pullar iqtisadiyyatın hansı sahəsinə yatırılmalıdır ki, daha
faydalı olsun? Ümumiyyətlə, neftin qiymətinin artmasının iqtisadiyyatımıza
hansı faydaları ola bilər?
Millət vəkili Azər Badamov bizimlə
söhbətində bəzi məqamları qeyd etdi: "İndiki məqamda neftin qiymətinin artmasının
Azərbaycan iqtisadiyyatına böyük faydası var. Ölkəyə böyük valyuta daxil olur.
Düzdür, dövlət büdcəsində neftin qiyməti
aşağı qiymətlə, 40 dollarla hesablanmışdı. Büdcə tərtib olunduqdan sonra dünya
bazarlarında qiymətlər artdı. Əlavə gəlirlər Azərbaycanın valyuta ehtiyatlarının
saxlandığı Dövlət Neft Fondunda yığılır. Bu gəlirlər lazım olan istiqamətlərə -
investisiya layihələrinin həyata keçirilməsinə sərf olunacaq. Bu gün iqtisadiyyatımız
daha da inkişaf edir. Ölkədə böyük iqtisadi layihələr icra olunmaqdadır. Təbii
ki, həm sosial, həm də iqtisadi sahədə icra olunacaq hər bir layihə müəyyən
vəsait tələb edir. Bu mənada ölkəyə daxil olan hər bir manat, bu layihələrin
daha uğurla icra olunmasına gətirib çıxaracaq. Düşünürəm ki, indi neft gəlirləri
xüsusi olaraq iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və
qeyri-neft sektorunun inkişafı istiqamətində sərf olunmalıdır. Qeyri-neft
sektorunda icra olunacaq layihələr artıq bəllidir. Burada əsas yatırımlar ölkənin
sənayeləşməsi, kənd təsərrüfatının inkişafı istiqamətində olacaq. Amma təbii
ki, gələn gəlirlərin hamısı xərclənməyəcək. Əlavə gələn gəlirlər Azərbaycanın
valyuta ehtiyatlarını artırır və lazım olan vaxtda ondan istifadə imkanlarımız
genişlənir”.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi
ki, neftin qiymətinin qalxması bizim üçün çox önəmlidir: "Çünki Azərbaycan neft
ölkəsidir. Hətta qeyri-neft sektorunun inkişafı üçün də neft gəlirlərinin
artması vacibdir. Neftin dünya bazarında qiymətinin qalxması dövlət
gəlirlərimizin və ölkəyə daxil olan valyutanın ümumi həcminin artmasına imkan
yaradır. Əvvəlki dövrdə neft gəlirləri daha çox infrastrukturun
formalaşdırılması üçün istifadə olunmuşdu. Hesab edirəm ki, indiki məqamda
birbaşa iş yerləri yaradan sektorların maliyyələşməsi, gəlirlərin bu istiqamətə
yönəldilməsi daha məqsədəuyğundur. Çünki Azərbaycanda infrastrukturun 90 faizi,
eləcə də büdcə gəlirlərinin 60 faizi neftin payına düşür. Nəzərə alsaq ki, neft
sektoru məşğulluğun 7 faizini təmin edir, məşğulluqda payı olan sektorların
neft pulları hesabına dəstəklənməsi faydalı olardı. Bu baxımdan qida, sənaye və
xüsusilə də qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar davam
etdirilməlidir. Bu islahatların fonunda, neftin dünya bazarında qiymətinin
artması, həmin islahatların dəstəklənməsi və həyata keçirilməsi üçün maliyyə
bazası formalaşdırır. Bu da nəticə etibarı ilə imkan verir ki, daha çox
vəsaitin qeyri-neft sektorunun inkişafına istiqamətlənsin, islahatların
aparılması mümkün olsun. Bu baxımdan, neft gəlirlərinin iş yerləri yaradan
sektorlara yönəldilməsinin vacib olduğunu düşünürəm. Gəlirlərin bir hissəsi sahibkarların, xüsusilə
orta və kiçik sahibkarların layihələrinin və biznes planlarının
reallaşdırılmasına yönəldilə bilər. Bununla bağlı sosial komissiya formalaşdırmaq
da olar. Vəsaitlərin şəffaf və səmərəli bölüşdürülməsi üçün beynəlxalq və yerli
ekspertlərin iştirakı ilə komissiyanın yaradılması və bu komissiya vasitəsilə
təkliflərin və layihələrin qiymətləndirilməsinə ehtiyac var. Məşğulluğu təmin
edən sektorlara daha çox vəsaitin ayrılması da məqsədəuyğundur”.
V.Bayramov
deyir ki, Azərbaycan Norveç modelini seçmiş ölkədir: "Strateji yol xəritəsində
nəzərdə tutulduğu kimi, Dövlət Neft Fondundan büdcəyə transferlərlə bağlı qızıl
ortanın müəyyənləşdirilməsi çox vacibdir. Bu, imkan verəcək ki, vəsaitlərin və
transfer həcmlərinin balanslanması mümkün olsun. Post-neft dövründə neft
pullarının idarə edilməsinin daha da təkmilləşdirilməsi üçün baza formalaşdı.
Güman edirəm ki, yeni dövrdə məhz bu
islahatların nəticəsi olaraq, neft gəlirlərinin idarə edilməsində şəffaflığın
və səmərəliliyin artırılması istiqamətində addımların atılması mümkün olacaq”.
Millət vəkili Aydın Hüseynov bildirdi
ki, bu gəlirlər iqtisadiyyatın ən mühüm sahələrinə xərclənməlidir: "Neftdən
gələn gəlirlər Neft Fondunda toplanır. Büdcəmiz ümumilikdə sosial büdcə olduğu
üçün sosial xərclərin maliyyələşməsinə yönəlir. Burada təqaüdlərin artırılması,
qaçqın və məcburi köçkünlərin problemlərinin həlli əsas məqamlardandır. Bütün bunlarla
yanaşı, neft gəlirlərinin real sektora yönləndirilməsi çox vacibdir. Sosial
layihələrlə yanaşı, investisiya layihələrinə diqqət ayrılmalıdır. Bildiyiniz
kimi, investisiya xərcləri və real sektora ayrılan xərclər gələcəkdə ölkə
iqtisadiyyatına gəlir gətirən sahələrə çevrilərək, ümumdaxili məhsulun artımına
gətirib çıxarır. Bu isə son nəticədə ölkə iqtisadiyyatının canlanmasına fayda
verir”.
Şəbnəm Mehdizadə