Neft bolluğu yaranan bazar
Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və
olmayan neft hasilatçıları avqustun 7-8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)
Abu-Dabi şəhərində təcili iclas keçirəcək. Bu barədə OPEC məlumat yayıb. Məlumatda deyilir ki,
iclasa Küveyt və Rusiya nümayəndələri sədrlik edəcəklər. Əsas müzakirə obyekti
təşkilata üzv ölkələrin öhdəliklərini tam yerinə yetirməməsi məsələsi olacaq.
İclasa dəvət olunan ölkələrin hamısı hələ ki, iştirak edəcəklərini təsdiqləməyiblər.
OPEC-in monitorinq komitəsinə üzv olan Əlcəzair və Venesuela böyük ehtimalla,
iclasa qatılmayacaq. Beynəlxalq Energetika Agentliyinin (İEA) məlumatına görə,
bu iki ölkə öz öhdəliklərinə orta hesabla, müvafiq olaraq 70% və 39% əməl edib.
Digər problemli ölkələr isə İraq və BƏƏ-dir ki, onlar da öhdəliklərini müvafiq
olaraq 29% və 60% yerinə yetiriblər. İEA-dan verilən məlumatda həmçinin
bildirilir ki, iyun ayında OPEC+ neft hasilatının azaldılması anlaşması üzrə
öhdəlik ümumiyyətlə, 78% yerinə yetirilib. May ayında bu göstərici 95% təşkil
edib.
Bəs görəsən nöbəti
görüşün nəticələri neft bazarına necə təsir edəcək?
Neft Araşdırmaları Mərkəzinin
rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şaban"Kaspi”yə
açıqlamasında bildirdi ki,bu görüş monitorinq
komitəsinin iclasıdır: "Bu komitə OPEC-in konfransda çıxardığı qərarlara ümumi
nəzarət edir. Komitədə Vyana konqresində OPEC-in dəyişilən kvotalarına nəzarət
edilir. Çünki sözügedən kvotalar
Nigeriya və Liviya kimi ölkələrə şamil edilməyib və 2017-ci ilin ilk 6 ayında onlar öz
hasilatlarını kifayət qədər artırdılar. Mayın 25-də keçirilən konfransda da həmin
dövlətlərə hər hansı bir limit tətbiq edilmədi. Bu da həmin ölkələrin iqtisadiyyatına dəyən zərərlərlə bağlı idi.
Çünki Liviyada münaqişə baş vermişdi, Nigeriyada isə etnik münaqişə nəticəsində
hasilat kəskin azalmışdı. Həmin ölkələrin neft şirkətlərinin infrastrukturu
dağıdıldığından hasilat dayandırılmışdı və bu işin bərpası gedirdi. Ona görə də təşkilat bu qərara
etiraz etmədi”.
İ.Şaban bildirdi ki, qiymətlər
cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz
artıb: "Başqa bir məsələ isə bunkerlərdə saxlanılan neftin bazara çıxarılaraq satışıdır. Digər tərəfdən, sazişə razılıq verən ölkələrin özlərinin hasilat həcmi haqqında
verdiyi açıqlamalar reallıqdakı satış rəqəmləri ilə uzlaşmır. Ona görə də neft bazarı ümumiyyətlə,
şəffaflıq baxımından kifayət qədər qəliz olan xammal bazarına çevrilib. Bu gün
bazarda nə qədər neftin realizə olunması, rəsmi və real rəqəmlər bir qədər mürəkkəb
məsələyə çevrilib. Düzdür, tələb-təklif
məsələsində həmişə müəyyən uyğunsuzluqlar olur. Lakin istənilən halda, OPEC-in
monitorinq komitəsi nizam-intizam məsələsini gücləndirməlidir. Çünki hazırda
İraqda hasilat artımı məsələsi də gündəmdədir. Vyana konfransının şərtlərinə
razılıq verən qeyri-OPEC ölkələri də reallıqda, hasilatı artırıblar. Lakin
onlar deyilən kvotaya sadiq olduqlarını bildirirlər. Məsələn, Qazaxıstan böyük
Kaşalan yatağını işə saldıqdan sonra hasilatı 100 min barrel artırıb. Amma
Qazaxıstana keçən il 20 min barrelə qədər hasilatı azaltmaq kvotası qoyulmuşdu.
Yəni kartelə üzv olmayan ölkələr də paktın şərtlərinə heç də tam əməl etmirlər.
Həmçinin, ABŞ da ötən illə müqayisədə 800 min barrelədək neft hasilatını
artırıb. Bu o deməkdir ki, reallıqda OPEC bu hasilat çərçivəsində qarşısına
qoyduğu məqsədlərə yəni, neftin qiymətinin
55-60 dollar civarında dəyişməsinə nail ola bilməyəcək. Çünki bazarda kifayət qədər
neft bolluğu var”.
Neft-qaz məsələləri
üzrə mütəxəssisZəfər Vəliyev bildirdi ki, Abu-Dabidə
planlaşdırılan görüşdə əsas məqsəd Vyana
paktının icra vəziyyətinin bir daha müzakirə edilməsidir: "Görüşdə bu pakta imza atan dövlətlərin sazişin müddəalarına
və şərtlərinə nə dərəcədə əməl etdikləri bir daha müzakirə ediləcək və lazım gələrsə,
bu sahədə əlavə tədbirlər görüləcək. Lakin məsələ burasındadır ki, tədbir ərəfəsində
mətbuata kartelin aparıcı üzvlərinin
Vyana sazişinin şərtlərinə heç də gözlənilən
səviyyədə əməl etmədiyinə dair məlumatlar sızır. Neftin qiymətində nəzərə
çarpacaq dəyişikliyin olmamasının əsas səbəblərindən
biri də məhz bu amildir. Belə ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilat həcmlərinin
azaldılması ilə bağlı imzaladıqları sazişə əməl etməməyi və sazişin effektiv fəaliyyət
göstərməməyi qiymətlərin artımına mane olur. Ona görə də nəzarətedici komitə
ixrac həcmlərinə nəzarət etməlidir. Əgər həcmlərdə azalmalar olmasa, beynəlxalq
enerji bazarlarında tarazlığın bərqərar olmasını təmin etmək olduqca çətin
olacaq. Bu baxımdan, keçən il imzalanan və bu ilin yanvar ayından qüvvəyə minən
Vyana sazişinin şərtləri ilə ixrac həcmlərində azalmalar olduğu müddətdə,
effektiv nəticə əldə etmək olar. Məsələn, tarazlığın bərqərar olmasına ən
iddialı dövlətlərdən biri olaraq Səudiyyə Ərəbistanının iyun ayında sutkalıq ixrac həcmləri 7 milyon
800 min barreldən yuxarı olub. İyul ayında isə bu rəqəm 7 milyon 200 min olub.
Avqust ayında Səudiyyə Ərəbistanı
hasilatı daha bir milyon azaldaraq 6,6 milyon barrel həcmində planlayır.
Əslində Səudiyyə Sankt-Peterburq görüşündən daha əvvəl bir milyon barrel azalma nəzərdə tutsa da, nə
iyun, nə də iyul ayında buna əməl etməyib. Burada iki əsas məqsəd var. İlk növbədə
ABŞ-a yönələn ixrac həcmlərini azaltmaqla onun kommersiya ehtiyatlarının
azalmasına nail olmaq və ikinci növbədə,
yay mövsümündə neftə olan daxili tələbatı qarşılamaqdır. Çünki yayda Səudiyyə
Ərəbistanında xam neftə olan tələbat qış və payızla müqayisədə sutkalıq 300 min
barrel artır”.
Ekspert qeyd etdi ki, son dövrlərdə
neftin qiymətində müəyyən sıçrayışların olması heç də fundamental amillərlə
bağlı deyil: "Burada əsasən ABŞ-ın kommersiya ehtiyatlarının azalması, qazma
aktivliyinin zəifləməsi, həmçinin Çinin istehsal sektorunda işgüzar aktivlik
indeksinin artması və s. amilləri nəzərə
almaq lazımdır. Son dövrlərdə neftin qiymətindəki dəyişikliklər yumşaq mütəhərrik
faktorlarla bağlıdır. Məsələn, dövriyyəyə buraxılan spekulyativ bəyanatlar müəyyən vədlər və bazarda möhtəkir
addımlar qiymətlərə təsir göstərir. Görüşdə əsas müzakirə olunası məsələlərdən
biri də OPEC və qeyri OPEC dövlətlərinin
özlərinin ixrac həcmlərində azalmalara getməsidir. Lakin heç kim bu azalmalara
getmək fikrində deyil. Çünki heç kim əlində olan real bazarı itirmək istəmir. OPEC
və ya qeyri -OPEC ölkələrindən heç biri
ixracatın azalması, yeni
bazarların fəth edilməsi və ya illərlə əllərində olan bazarın saxlanılması məsələsində
heç kim güzəştə getmək istəmir. Ona görə də qarşıdakı aylarda neftin qiymətində
ciddi artım müşahidə olunmayacaq. Hazırda neftin qiyməti əsasən ABŞ-dan gələn
informasiya ilə bağlıdır. Yəni neft bazarı ABŞ-dan gələn informasiyalara o qədər
aludə olub ki, oradan gələn istənilən informasiya bazara ciddi təsir edir. Əgər
növbəti aylarda ABŞ bazarlarında hasilat həcmlərində azalma müşahidə edilərsə,
neftin qiymətində müəyyən artımlar olacaq”.
Şəbnəm
Mehdizadə