• cümə axşamı, 28 mart, 22:26
  • Baku Bakı 13°C

Necə film çəkəsən ki, festivala təqdim edə biləsən?

14.11.19 10:00 941
Necə film çəkəsən ki, festivala təqdim edə biləsən?
Müəllifin öz fikri, unikal yanaşma tərzi, üslubu hiss olunmalıdır ki...
Ölkəmizdə daha bir beynəlxalq film festivalı başa çatdı. Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalında 21 ölkədən 48 film yarışdı. Dünyanın dörd bir yanından paytaxtımıza axışıb gələn rejissorlar, animatorlarla tanış olmaq imkanı qazandıq. Beynəlxalq festivallarda iştirak edən gənclərin həyata baxışı, hazırladıqları filmlər insanlar tərəfindən böyük maraq kəsb etdi. Bu gün elə Azərbaycanda da festival üçün film çəkən rejissorlar kifayət qədərdir. Hansı ki, onların filmləri heç də kino industriyasının güclü inkişaf etdiyi ölkələrin filmlərindən seçilmir. Sevindirici haldır ki, onların içərisində gənclər üstünlük təşkil edir. Bu gün o gənclər beynəlxalq arenaya çıxaraq, kino sahəsində yaranan yeniliyin şahidinə çevrilirlər. Bəzən isə rejissor film çəkərkən ona ünvanlanan "filmi kommersiya, yoxsa festival üçün çəkirsən” sualını eşidirik. Kinoteatr üçün çəkilən, kassaya hesablanmış, pul qazanmaq məqsədi ilə ərsəyə gələn filmlər var ki, onlar festival üçün nəzərdə tutulmur. Yeni çəkilən komediya filmləri buna ən bariz nümunədir. Ancaq festival üçün çəkilən filmlərin ayrı üslubu, dəsti-xətti var. Bu filmlərdə rejissorun yanaşması, tamaşaçıya ötürdüyü mesaj daha ön plana çəkilir. Hansı ki, bu filmləri satışa çıxarsan, kinoteatrlarda izləyicisi az olacaq, pul gətirməyəcək. Çünki o filmlərin müəllif yanaşması çox az insana bəlli olacaq. Tamaşaçı bəzən o filmlərdən zövq ala bilmir. Elə bu səbəbdəndir ki, həmin filmlər o qədər də pul gətirmir. Ancaq festivallara çıxarsan, beynəlxalq kinoşünaslar filmin alt qatını açmağa çalışacaq. Bir sözlə, "zər qədrini zərgər bilər” prinsipi burda ön plana çıxır. Bu gün gənclər "görəsən necə bir film çəkək ki, festivallarda yer tutsun” düşüncəsi ilə yaşayırlar. Biz də mütəxəssislərdən, beynəlxalq festivallarda hansı janrlı filmlərin üstünlük təşkil etdiyini, bu filmlərin özündə hansı məna kəsb etməsinin vacibliyini xəbər aldıq. Fikirlər isə fərqli oldu.
Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev deyir ki, məsələnin kökünə baxanda festival filmlərini kommersiya filmlərindən ayırmağa xüsusi bir ehtiyac görmür: "Beynəlxalq festivalda iştirak edən film, ilk növbədə keyfiyyətli olmalı və özündə maraq daşımağı bacarmalıdır Belə ki, müasir dövrün bədii keyfiyyətlərini özündə daşıma gücünə malik olması əsas məsələlərdəndir. Digər tərəfdən isə festival filmləri daha çox yeniliyin və yeni söz deməyin tərəfdarıdır. Beynəlxalq festivallar yeni fikir ortaya qoyan filmləri daha çox qəbul edir və bu tip filmlər festival proqramlarına daha tez düşmək şansına malik olur. Elə filmlər var ki, onlar elə də böyük bir festival həyatı yaşamayıblar. Ancaq həmişə insanlar tərəfindən böyük həvəslə baxılıb, qarşılanıb və sevilib. Bunlar heç də kommersiya filmləri olmayıb. Festival filmlərinin mahiyyətində maraqlı hadisələrdən daha çox, insan amili dayanır”.
F.Şamıyev deyir ki, 1990-cı illərdən sonra dünya kinosunda da ciddi filmlərinin əksəriyyətində portret, hər hansı insan həyatının xarakterini əks olunması halları çoxaldı: "Festivallar üçün daha çox, insanın şəxsi keyfiyyətlərinə, xarakterinin açılmasına xidmət edən filmlərin istehsalı başlayıb. O, insanın xarakterini qabartmaq festival filmlərində öz əksini tapır. Ümumilikdə götürsək, festival filmlərində maraqlı hadisələrdən daha çox, insan faktoru, insanın iç dünyasını göstərmək üçün hər hansı formalardan istifadə olunması məsələsi dayanır. Son illər bütün "A” və "B” kateqoriyalı festivallarda bu tipli filmlər proqrama daha çox daxil edilir. Dünya kinematoqrafiyasında hadisələrdə mövzu və yaxud da süjetlər eynidir. Sadəcə, süjetlər içərisində insanın özünün hansı hallara düşməsi, məsələlərə necə münasibət göstərməsi önəmli vasitə hesab edilir”.
Beynəlxalq festivallarda iştirak edən rejissor Oktay Namazov festivalda iştirak edən filmlərdə ilk növbədə onun müəllif filmi olub-olmadığına baxıldığını qeyd etdi: "Bu o deməkdir ki, artıq dəfələrlə haqqında film çəkilmiş mövzunu yenidən eyni formada, heç bir yenilik olmadan, sadəcə modern aparatura ilə çəkmək festivalda iştirak etməyə kifayət etmir. Ona görə də, müəllifin öz fikri, unikal yanaşma tərzi, üslubu hiss olunmalıdır. Bu, ən önəmli faktordur. Müəllif təkrara yol verirsə, festivallar o filmə diqqət ayırmayacaq. Bundan əlavə, mütləqdir ki, çəkilən film keyfiyyət standartlarına da cavab versin. Yəni çəkiliş vaxtı kameranın düzgün istifadəsi, səsin düzgün yazılması, düzgün dizayn edilməsi, rənglərin bas-ayaq olmaması və s. amillər nəzərə alınmalıdır. Təbii ki, sənədli film janrında müəyyən tolerantlıq var. Sənədli film bir az başqadır deyə, vəziyyəti, çəkiliş şərtlərini nəzərə alaraq müəllifin zəhməti dəyərləndirilir. Ancaq əvvəldə qeyd etdiyim kimi, filmin texniki tərəfdən zəifdirsə, heç olmasa, ideya, hekayənin izah edilməsi sağlam olmalıdır ki, münsiflər digər məsələlərdə tolerant davrana bilsinlər. Bundan əlavə də bir məsələ daha var ki, xarici festivallarda iştirak etmək üçün müəyyən keyfiyyətə cavab verən filmlər kifayət deyil. Acı bir həqiqətdir ki, prestijli festivallarla əməkdaşlıq edən prodüser və ya ümumiyyətlə, əlaqələri yaxşı olan "dostunuz” yoxdursa, bu proses daha da çətinləşir. Çünki minlərlə film arasından ilk 15 və ya 45 fil sırasına düşmək çox qəliz məsələdir”.
O.Namazova festivallarda daha çox hansı mövzuda filmlərin çəkildiyini soruşduqda, bildirdi ki, belə bir mövzu və format tələbi yoxdur: " Hər bir mövzuda və formatda festivallar keçirilir. Son dövrlərdə daha çox miqrasiya, müharibə qaçqınları, qadın mövzuları və başqa mövzularla bağlı keçirilən festivallara şahidlik edirik. Belə festivallarda keyfiyyətsiz filmlərin qalib olması söz məsələsi belə olmaz. Onlar bu festivallarda iştirak belə edə bilməzlər. Rəqiblərindən açıq şəkildə geri qalan filmlər festivalda iştirak etmir. Yüksək keyfiyyətli festivallarda zəif filmlərin iştirakı tanışlıqla da mümkün deyil. Tanışlıqla qalib olma hallarına yalnız 3 və 4-cü dərəcəli kiçik festivallarda rast gəlinir”.
Gənc rejissor Kamal Yaşar deyir ki, film çəkərkən onun tamaşaçıya ötürdüyü mesajın daha önəmli olması vacib faktordur: "Film çəkərkən hər hansı bölgü aparılmır. Rejissor düşünmür ki, hansısa standartlara uyğun film çəksin. Kommersiya xarakterli filmlə festival üçün çəkilən film arasında çox zərif fərq var. Kinoteatr üçün çəkilən filmlər bir qədər daha çox məşhur olur. Festival filmləri adətən müəllif filmləri olduğu üçün o qədər də tanınmır. Həmin filmlərdə müəllif yanaşması olur. Bəzən kommersiya filmləri də festivallara yol tapa bilir. Məsələn, indi deyirlər ki, yeni çəkilən, dünyaca məşhur olan "Joker” filmi "Oskar” da əla nəticə verəcək. Ancaq halbuki "Joker” filmi festival üçün nəzərdə tutulmamışdı. Bu film kommersiya xarakterli bir filmdir. Bəzən belə hallarla da rastlaşırıq. Bir çox filmlər var ki, kommersiya üçün çəkilsə də, ciddi festivallarda da qəbul olunur və uğur qazanır”.
Rejissor deyir ki, festival üçün daha orijinal filmlər çəkilir: "Beynəlxalq festivalların öz tendensiyaları var. Hər bir festivalın öz qanunları var, misal üçün, bir festivalda bu gün qadın haqları, homoseksuallıq trenddirsə, sabah miqrasiya məsələləri daha məşhur olur. Bu, mövsümlük olaraq dəyişir. Festivala istənilən mövzu ilə bağlı film təqdim etmək olar. Yetər ki, orda müəllif yanaşması olsun. Bu yanaşma olduqda, istənilən mövzudan yaxşı film çıxartmaq mümkündür”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər