• cümə, 29 Mart, 08:48
  • Baku Bakı 5°C

Nə yoğurdu, nə yapdı, hazırca yazı tapdı...

22.06.19 10:30 1573
Nə yoğurdu, nə yapdı, hazırca yazı tapdı...
Son bir neçə ildir ki, dövlət qurumları, onların media nümayəndələri, eləcə də müxtəlif layihələrin təşkilatçılarının ümumi bir "yaralı yeri” var – press-reliz jurnalistikası. Belə ki, tədbirlərə, media-turlara, təqdimatlara gedən gənc media nümayəndələri tədbirin sonunda təşkilatçılara yaxınlaşıb press-reliz istəyirlər. Hazır press-relizi isə sonradan çalışdıqları media orqanında olduğu kimi dərc edərək, sonda imzanı qoymaqla kifayətlənirlər. Təşkilatçılar tədbirə dəvət olunan jurnalistin öz fikirlərinin, məsələyə yanaşma tərzinin və yaradıcılığının olmamasından gileylənirlər. "Keçirdiyimiz tədbir mətbuatda öz press-relizimizlə işıqlandırılacaqsa, bəs media nümayəndələrini niyə dəvət edirik?” - deyə fikirlər səsləndirirlər.
Həqiqətən də son dönəmlər hər hansı tədbir, açılış, yubiley mərasimləri haqda xəbərin saytlarda və qəzetlərdə, demək olar ki, eyni şəkil, eyni başlıqla dərc olunmasının şahidinə çevrilirik. Hazır yazılar media nümayəndələrini tənbəlləşdirir, imzalar yoxa çıxır. Hətta bir çox hallarda saytlar, informasiya agentlikləri artıq müxbir imzasından imtina edir, xəbər, sadəcə mənbə kimi sayt və ya agentlik göstərilməklə, təqdim olunur.
Bəlkə yeni dövrün mətbuatında imzaya, imzalı jurnalistikaya ehtiyac yoxdur?Müəllif yazıları, şərhlər, münasibətlər, təhlillər, araşdırmalar, müsahibələr, özəl xəbərlərin günü-gündən azalmasında jurnalistə hazır təqdim olunan press-relizlərin rolu varmı?
"Jurnalist həm özünə, həm də oxucusuna əzab verməməlidir”
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyevbizimlə söhbətində bildirdi ki, bu mövzu son dövrlərin çox ciddi problemlərindən biri olsa da, faciəvi deyil: "Müşahidələrimiz onu deməyə əsas verir ki, az da olsa tədbirlərə ümumi deyil, fərqli yanaşan həmkarlarımız var. Amma o da faktdır ki, tədbirlərdə və ya səfərlərdə iştirak edən müxtəlif saytların, qəzetlərin əməkdaşları ya təşkilatçıların hazırladığı ümumi tezislərdən, press-relizlərdən kənara çıxa bilmirlər, ya da elə onların əvvəlcədən yazıb hazırladıqları materiallardan istifadə etməklə kifayətlənirlər. Əlbəttə, bu da təkrarçılığa, hazırlanan materialların hamısının sanki "bir toyuğun altından götürülən yumurtalara” bənzəməsinə səbəb olur”.
N.Niftiyev qeyd edir ki, xəbərə, reportaja bu cür yanaşmadan həm təşkilatlar, həm də jurnalistlər yayınmalıdırlar: "Hər jurnalistin mövzuya yanaşma tərzi, reportajı və ya xəbəri hazırlama üslubu fərqlidir. Hamı eyni düşünə, danışa, yaza bilməz. Bundan başqa, hər bir saytın, agentliyin informasiya siyasəti var və bu da normalıdır. Bu cür yanaşma hər iki tərəfə ziyanlıdır. Əvvəla, tədbiri, səfəri təşkil edən insanlar başa düşməlidirlər ki, jurnalistləri vahid tezislərlə yönləndirməklə cəmiyyətə özləri haqqında heç nə çatdıra bilməyəcəklər. Jurnalistlər isə yaradıcılıq qabiliyyətlərini, potensiallarını inkişaf etdirə bilməyəcəklər. Hazırda müxtəlif sayt və qəzetlərdə kifayət qədər peşəkar gənc həmkarlarımız çalışır. Təəssüf ki, onların da bəziləri özlərini çətinə salmaq istəmirlər. Ya agentliklərin xəbərlərinin üstündə işləyir, ya "sən yaz, mənə də göndər” ənənəsini davam etdirir, ya da press-relizlərin "əl-ayağına sığal çəkməklə” işlərini bitmiş hesab edirlər. Belə jurnalistlərdən bizdə də var. Görürəm ki, əməkdaşlar agentliyin elektron poçtuna daxil olan xəbərlərin bəzən heç başlığını belə dəyişmirlər. Və yaxud da dövlət qurumlarının saytlarında yerləşdirilən xəbərləri olduğu kimi sayta yerləşdirirlər. Hətta nazirin qəbul etdiyi qonağı salamlamasından tutmuş, digər protokol qaydalarına qədər hamısını xəbərin içində görə bilirik. Anlamaq lazımdır ki, dövlət və ya özəl qurumların göndərdikləri press-relizlər Quran ayələri deyil. Biz iki səhifəlik press-relizi xəbər formasına salıb, 3-4 cümlə ilə də verə bilərik. Jurnalist həm özünə, həm də oxucusuna əzab verməməlidir”.
"Təhlil yazılarının yazılması, araşdırmaların aparılmasında maraqlıyıq”
Mədəniyyət Nazirliyininİnformasiyavə ictimaiyyətlə əlaqələrşöbəsininİctimaiyyətlə əlaqələr və mətbuatlaiş sektorunun müdiriTürkan Cəfərova deyir ki, keçirilən bütün tədbirlərin press-relizi öncədən hazırlanır və tədbir çərçivəsində media nümayəndələrinə paylanılır: "Bəzi tədbirlərdə xüsusi çıxışlar, müzakirə mövzuları var ki, onlar ətrafında təhlil yazıları yazılmalıdır. Tədbirlərin bu hissəsini yazmaq isə media nümayəndələrinin öhdəliyinə düşür. Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərlə bağlı informasiya agentlikləri, saytların nümayəndələrinə press-relizlərimiz təqdim olunsa da, çalışırıq ki, geniş, ətraflı, əhatəli yazılar dərc olunsun. Yəni, tədbirimizə gələn media nümayəndəsi, sadəcə press-relizi yayımlamaqla kifayətlənməsin. Bəzən tədbirə gəlib iki cümlə yazmaqla kifayətlənirlər. Belə hallarda onlardan nə istədiyimizi, hansı istiqamətdə yazıların yazılmasını istədiyimizi bildiririk. Təəssüf hissi ilə qeyd edim ki, bir çox saytlardan tədbirlərimizə əməkdaşlar gəldikləri halda, sonradan ancaq press-relizlərdən istifadə edirlər. Biz təhlil yazıların yazılmasında, araşdırmaların aparılmasında maraqlıyıq. Bu istiqamətdə yazılara ehtiyac olduqda, təşkil etdiyimiz press-turlarda bunu diqqət mərkəzində saxlayırıq. Tabeliyimizdə olan müəssisələrdə mətbuat nümayəndələri ilə görüşlər keçirir, onlara tövsiyələrimizi bildiririk. Bu yöndə həm nazirlik, həm də nazirliyin müəssisələri olaraq iş aparırıq”.
T.Cəfərli deyir ki, bu gün mədəniyyət sahəsində təhlil yazıları yazan, araşdırmalar aparan kifayət qədər mətbuat nümayəndələri var ki, onlarla sıx əməkdaşlıq edirlər. Jurnalistlərin reportajlar, araşdırmalar üçün istənilən suallarına cavab verməyə isə hər zaman hazırdırlar.
"Press-relizi öz mənafeyimizə uyğun hazırlayırıq”
"HünərGroup" şirkətinin PR və marketinq departamentinin direktoruNəsimi Paşayev deyir ki, onun mediaya gəldiyi dönəmlərdə jurnalistlər daha çox araşdırmalar edir, reportajlar hazırlayırdılar, indi isə vəziyyət bir qədər fərqlidir: "Bu gün "press-reliz” jurnalistikası ən asan və rahat üsuldur. Jurnalistlərin işlədiyi qurumun rəhbəri, baş redaktoru özəl bir xəbərə görə onlara əlavə qonorar, mükafat vermirsə, hansısa bir reportaj hazırlamağa gedəndə ona müəyyən bir məbləğ ödəmirsə, onun yol, telefon, ərzaq xərclərini ödəmirsə, əlbəttə ki, bunu etmək jurnalistə sərf etməyəcək. Jurnalist deyəcək ki, rahat ofisdə oturub maaşımı alıram və xəbərin özü ayağıma gəlir. Bir də burada vicdan məsələsi də var. Əgər söhbət hər hansı bir qurumun mənafeyindən gedirsə, press-reliz həmin qurum üçün çox önəmlidir. 2004-cü ildən bu sahədə çalışıram və biz bütün təqdimatlarda, tədbirlərdə, mətbuat konfranslarında əvvəlcədən press-relizlər hazırlamışıq. Bunu ona görə edirik ki, burada hər hansı bir yanlışlığa yol verilməsin. Jurnalistlər bizim mənafeyimizə uyğun xəbər hazırlasın. Biz prsess-relizi öz mənafeyimizə uyğun hazırlayırıq. İstəyirik ki, nəyin işıqlandırılmasını arzulayırıqsa, jurnalist onu olduğu kimi versin. Press-reliz bizim bu missiyamıza xidmət edir. Mən metropolitendə işləyəndə, hətta press-relizi məqalə formasında yazırdım. Jurnalist, sadəcə onu götürüb, başlığını dəyişməklə kifayətlənirdi, təbii ki, bu da bizi qane edirdi. Bəziləri heç onu da dəyişmirdi. Nəticədə metropolitenin maraqları müdafiə olunurdu. İstədiyimiz informasiyanı istədiyimiz şəkildə verməyə nail olurduq. Jurnalist də çox rahat formada "yazı yazmış” olurdu”.
N.Paşayev press-relizlərin hazırlanmasını vacib hesab edir: "Məsələyə bir jurnalist və bir də qurumun mətbuat xidməti tərəfindən baxıram. Hesab edirəm ki, press-relizlərin hazırlanması jurnalistlərin işinin asanlaşmasına xidmət edir. Həmin press-relizlər qurumun maraqlarını güdməlidir. Təsəvvür edin ki, xəbər radio və televiziyada yanlış gedirsə, onu düzəltmək mümkün deyil və bu da həmin müəssisənin imicinə mənfi təsir göstərir. Ona görə press-relizin hazırlanması mütləqdir. Qurumun rəhbəri istəyir ki, onun xəbəri ictimaiyyətə onun istədiyi şəkildə ötürülsün, press-relizin də missiyası bundan ibarətdir”.
"Bizdə jurnalist kasadlığı var”
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin məsələyə yanaşması bir qədər fərqlidir. Deyir ki, press-reliz xəbər deyil, yalnız tədbir haqqında məlumatdır. Belə ki, qurumların mətbuat xidmətləri tərəfindən jurnalistlərə göndərilir ki, mətbuat nümayəndələrinin tədbir haqqında ümumi məlumatı olsun: "Press-relizin olduğu kimi köçürülməsi qəti yolverilməzdir. Bu, jurnalistika deyil, əgər jurnalist tədbirdə iştirak edirsə, mütləq özəl yazısı olmalıdır. Jurnalist özünə uyğun tərəfi aydınlaşdırmalı, müsahibələr almalı, üslub tərzi olmalıdır. Bu da bizə onu deməyə əsas verir ki, bizdə jurnalist kasadlığı var. Bizim KİV orqanlarında işçilər azlıq təşkil edir. Çox zaman tədbirlərə göndərməyə işçiləri olmur, buna görə də email ünvanlarına gələn press-relizi işıqlandırmağa məcbur olurlar. Bəzən jurnalistlər tədbirin birinci hissəsinə gəlib, iki-üç cümlə yazıb tədbiri tərk edirlər. Tədbirin sonuna qədər qalmaq, onun nəyə həsr olunması ilə bağlı ciddi bir yazı yazmaq istəmirlər”.
Y.Məmmədli press-relizlərdə tədbirlərin əsas qayəsinin verilmədiyini bildirir: "Belə olduğu halda, hər şey boz görünür. Qurumların istədiyi press-relizlər mətbuata ötürülür. Bizim xəbər portallarının çatışmayan cəhətləri ondadır ki, tədbir haqqında öncədən məlumat verilmir. Press-reliz bu missiyanı daşıyır. Ona görə ki, jurnalist tədbirə gedərək öz gözü ilə görüb yazmır. Bunların hamısı maliyyəyə bağlı olan məsələlərdir. Nəticədə mətbuatın verdiyi xəbər keyfiyyətsiz olur. Ona görə deyirik ki, bizi oxumur, görmür, eşitmirlər. Çünki bizim məhsulumuz keyfiyyətsizdir”.
"Oxucu araşdırmalara, geniş reportaja çox da meyl etmir”
SalamNews İnformasiya Agentliyinin əməkdaşı, gənc jurnalist Orxan Kərimov deyir ki, son illər əsasən online mediada press-relizlərə daha çox yer verilir: "Araşdırma yazılarına çox az sayda rast gəlinir. Mənim fikrimcə, bunun bir neçə səbəbi var. İlk olaraq jurnalistin təmsil olunduğu media qurumu geniş reportajlar, araşdırma yazılarının verilməsində maraqlı olmalıdır. Bunun üçün də bu sahəni bilən peşəkar jurnalistləri işə cəlb etmək lazımdır. Peşəkar jurnalisti işə cəlb etmək üçün isə həmin jurnalisti qane edəcək qonorar və ya maaş təyin edilməlidir. Təəssüf ki, bizdə bunu azsaylı media qurumları edir. Demək olar ki, günü-gündən də onların sayı azalır. Bununla yanaşı, Azərbaycanda xəbər saytlarının sayı getdikcə çoxalır. İstənilən adam bir domen alıb, sayt açır və 1-2 nəfərlə həmin saytı idarə edir. Həmin saytlar da araşdırma yazı verilməsində maraqlı deyirlər. Ümumiyyətlə saytların statistikasına baxdıqda, ən çox ölkədə və dünyada baş verən kriminal və şou-biznes xəbərləri oxunur. Oxucu araşdırmalara, geniş reportaja çox da meyl etmir. Bu səbəbdən də xəbər saytları oxucu kütləsini nəzərə alaraq lakonik xəbər verməklə kifayətlənirlər. Digər səbəb də bəzi dövlət qurumlarının ancaq press-reliz yaymaqla öz işini bitmiş hesab etməsidir. Yəni həmin dövlət qurumları jurnalistlərin araşdırma yazı hazırlamasında maraqlı deyirlər. Sadəcə, ümumi məlumatın verilməsini istəyirlər. Getdikcə daha az hallarda araşdırma yazılarına rast gələcəyik”.
Söhbət etdiyimiz digər gənc media nümayəndələri də press-relizlərin həm onu yayan qurumların, həm də jurnalistlərin işinə yaradığını deyirlər. Bəziləri isə onlara gün ərzində 20 xəbər işləmək həvalə olunduğunu, bu xəbərlərin hər birinin arxasınca düşməyə zaman olmadığını bildirirlər. Etiraf edək ki, onlar da haradasa haqlıdırlar.
Amma press-reliz jurnalistikasının vüsət almasının həm onu hazırlayan maraqlı qurumlar, həm onu olduğu kimi təqdim etməklə yaradıcılığı unudan jurnalistlər və ən əsası da, monoton xəbərlərin son ünvanı olan oxucular üçün müsbət tendensiya olmadığı etiraf edilməlidir.
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunur.
banner

Oxşar Xəbərlər