AZE | RUS | ENG |

NATO və Rusiya Azərbaycana etibar edir - Fotolar

NATO və Rusiya Azərbaycana etibar edir - Fotolar
Qlobal güc mərkəzlərinin hərbi rəhbərliyi danışıqların aparılması üçün məkan olaraq məhz paytaxt Bakını seçirlər

Müasir Azərbaycan dünya birliyinin ən layiqli üzvü, beynəlxalq tədbirlərin, o cümlədən idman və musiqi yarışlarının, qlobal forumların keçirildiyi sabit ölkə kimi tanınıb. Qütbləşən dünyada müstəqil siyasəti ilə diqqət çəkən Azərbaycan böyük güclərin dialoq məkanına da çevrilib. Buna misal olaraq, amerikalı və rusiyalı generalların dialoq aparmaq üçün paytaxt Bakıda bir neçə dəfə görüşməsini göstərmək olar. Belə ki, hələ 2017-ci il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford paytaxtımızda bir araya gəliblər. Həmin görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər. 
 


Elə həmin il sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda yenidən görüşüblər. Generallar Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. 2018-ci ilin yanvar ayında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general V.Gerasimov ilə Bakıda yenidən görüşüblər. Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olub. Beləliklə də NATO və Rusiya generallarının Azərbaycanda davamlı görüşləri baş tutub. 


Xarici medianın yaydığı məlumata görə, iyunun 3-də Rusiya SQ Baş Qərargahının rəisi V.Gerasimov və  NATO-nun Avropada Birləşmiş Qoşunlarının baş komandanı Tod Uolters arasında telefon danışığı olub. Bu telefon danışığından az müddət sonra isə məlum olub ki, Rusiya SQ Baş Qərargahının rəisi V.Gerasimov yenidən Azərbaycanda NATO-nun Avropada Birləşmiş Qoşunlarının baş komandanı Tod Uolterslə görüşəcək. V.Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə də görüşləri planlaşdırılıb. Hər şeydən öncə qeyd edək ki, NATO ilə Rusiya arasında danışıqların aparılması üçün Azərbaycanın seçilməsi ölkəmizin onların görüşə biləcəyi yeganə məkan olması ilə əlaqədardır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. 

Digər tərəfdən, belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil. Amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir. Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Azərbaycan Şərqlə Qərb arasında mühüm körpüdür. Ona görə də NATO və Rusiya Azərbaycan etibar edir, danışıqların aparılması üçün də məkan olaraq həmişə paytaxt Bakını seçirlər. 
 


Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan Millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib ki, sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. Onun sözlərinə görə, bu gün dünyada yeni qütbləşmə tendensiyalarının baş verdiyi zamanda Rusiya SQ Baş Qərargahının rəisi V.Gerasimov və  NATO-nun Avropada Birləşmiş Qoşunlarının baş komandanı T.Uoltersin yenidən Bakıda görüşməsi bir daha Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq platforması kimi özünü beynəlxalq münasibətlərdə təsdiq etməsinin ifadəsidir: "Hazırkı beynəlxalq nizamın istiqamətlərinə və tendensiyalarına nəzər salsaq görəcəyik ki, qloballaşan dünyada hegemon güc mərkəzlərinin dialoq məkanı kimi seçəcəyi ünvanların sayı hər ötən gün bir qədər də azalır. Çünki, bəzi qlobal məsələlər ayrı-ayrı milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi mövcud siyasi reallıqları və gerçəklikləri nəzərə almaqla müxtəlif qütblərə doğru itələməyə başlayıb. Bu tendensiya beynəlxalq münasibətlərin gələcəyi baxımından çox da xoş deyil. Belə bir situasiyada çox mürəkkəb geostrateji coğrafi ərazidə yerləşməsinə baxmayaraq, Azərbaycanın tərəfdaşlıq məkanı kimi çıxış etməyi bacarması, öz maraqlarını müxtəlif güc mərkəzlərinin maraqları ilə uzlaşdırma qabiliyyətinin olması diplomatiya tarixində ekstraordinar hadisə kimi qiymətləndirilməlidir”.
 
 

Politoloq bildirib ki, bu hadisələr Azərbaycanın ümummilli maraqları kontekstində baş verir və həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edir: "Biz dünyada, o cümlədən postsovet məkanındakı müxtəlif respublikalarda baş verən hadisələri izləyərkən görürük ki, nəinki bütünlüklə regionda və ya Avrasiya qitəsində, hətta keçmişdə müttəfiq olan respublikaların özündə belə, tərəfdaşlıq münasibətlərində ciddi problemlər var. Bu isə həmin ölkələrin ərazi bütövlüyü, öz təhlükəsizliyini təmin etməsi ilə bağlı məsələlərdə yaxşı perspektivlər vəd etmir. Amma ABŞ və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridir. Digər həmsədr dövlət isə Fransadır və NATO çərçivəsində Vaşinqton və Paris hərbi əməkdaşlığı, müttəfiqliyi mövcuddur. Məsələni bir də bu aspektdən dəyərləndirəndə görərik ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi üçün hər iki güc mərkəzinin etimadını da qazanmalıdır və bu, olduqca vacib məsələdir. Bütün parametrlər üzrə qiymətləndirmə apararaq onu deyə bilərik ki, Gerasimov və Uoltersin Bakıda yenidən bir araya gəlməsi fonunda Azərbaycanın nüfuzlu beynəlxalq aktor kimi meydana çıxması görünür. Bu, eyni zamanda Azərbaycana olan böyük etimadın göstəricisidir”.
 


Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın dünyada etibar qazanması nəticəsində ölkəmiz bir sıra qlobal əhəmiyyətli siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilib. Onun fikrincə, ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq tədbirlərin yüksək təhlükəsizlik şəraitində baş tutması Azərbaycana olan inamı daha da artırır: "Dünyada böyük güclər arasındakı uzun müddətdir şiddətlənən gərginlik Orta Şərq, Latın Amerikası, Şərqi Avropadan bilavasitə bizim sərhədlərimizə - Cənubi Qafqaz regionuna keçib. Qonşu Ermənistan və Gürcüstanda vaxtaşırı alovlanan iğtişaşlar, hakimiyyət böhranları bunu deməyə əsas verir. Bu gərginliklərin getdikcə daha da artması labüddür. Üstəlik, cənub sərhədlərimizdə İranla ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri arasındakı gərginlik fonunda ölkəmizin zərər görməməsi üçün bu proseslərdən müdrikcəsinə təcrid olunması, prezident İlham Əliyevin sabitlik adası kimi səciyyələndirdiyi Azərbaycanda iki böyük dünya nəhənginin - NATO və Rusiya generallarının görüşməsi ölkəmizə olan hərtərəfli etimaddan xəbər verir”.
 


N.Məmmədova Bakının qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəblərinə də toxunub: "2014-cü ilin aprelində Rusiya və NATO arasında münasibətlərin gərgin həddə çatması nəticəsində birbaşa əlaqələr dondurulmuşdu. Lakin sonradan NATO-da əsas söz sahibi olan ölkənin - ABŞ Pentaqon xəttilə Rusiya ilə əlaqələrin davam etdirilməsi qərarına gəldi və Alyansla Rusiya Baş Qərargah rəhbərliyi arasında keçiriləcək görüşlərin əlverişli məkanı kimi Bakı seçildi. Bakının seçilməsi təbii ki, ilk növbədə Azərbaycan paytaxtının dünya miqyaslı strateji şəhər statusu qazanması ilə bağlıdır. Bir zamanlar MDB məkanında bu qəbildən olan görüşlərin keçirilməsi üçün Belarusun paytaxtı Minsk seçilirdisə, artıq uzun müddətdir ki, estafet Bakıya ötürülüb. Azərbaycanın bir çox güc mərkəzləri ilə normal münasibət qurmağı bacarmış uğurlu xarici siyasət kursu yeridən ölkə olması, NATO ölkələri ilə tərəfdaşlıq münasibətlərini yüksək səviyyədə qoruyub-saxlaması, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərində olması hər iki tərəfi görüşü məhz Bakıda keçirməyə sövq edir”.
 
 
 
Politoloq İlqar Vəlizadə də bizimlə söhbətində bildirib ki, Azərbaycan NATO və KTMT üzvü deyil və bu qurumlara inteqrasiya siyasətində iştirak etmir. Bununla belə, o, Azərbaycanın Yaxın Şərqə və Avropaya yaxın ölkə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla həm KTMT üzvü olan ölkələrlə, həm də NATO üzvü olan dövlətlərlə sıx iqtisadi, bəzi hallarda isə hərbi-siyasi əlaqələrə malikdir: "Ona görə də hər iki quruma üzv olan dövlətlər üçün etibarlı tərəfdaş sayılır. Məhz bu amilə görə ABŞ, NATO və Rusiya hərbi rəhbərliyində təmsil olunan şəxslərin mütəmadi olaraq Azərbaycanda – paytaxt Bakıda görüşləri keçirilib, onlar bir sıra vacib məsələlər ətrafında müzakirələr aparıblar. İlk növbədə bu, onu göstərir ki, Azərbaycan strateji mövqelərini regional və dünya siyasətində qoruyub saxlayır. Unutmaq olmaz ki, Azərbaycan hərbi-siyasi baxımdan strateji coğrafi ərazidə, regionda yerləşir.  Bu amil də dialoq məkanı kimi Bakı şəhərinin seçilməsində özünəməxsus rola malikdir. Tərəflərin müzakirələri Avropa qitəsində, Yaxın Şərqdə cərəyan edən prosesləri əhatə edir. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir, ölkəmizin yaxşı logistikası – nəqliyyat imkanları, infrastrukturu var. Bu kimi amillər də ayrı-ayrı qütbləri təmsil edən güclərin dialoq, fikir mübadiləsi, müzakirə aparmaq üçün məhz Azərbaycanı seçməsində vacib rol oynayır. Xüsusilə qeyd edilməlidir ki, təhlükəsizlik məsələsi mühüm əhəmiyyət kəsb edir. Belə görüşlərdə hər zaman hansısa təxribat baş verə bilər. Bu isə beynəlxalq səviyyədə gərginliklə nəticələnər. Təcrübə göstərir ki, hər iki tərəf Azərbaycanın, onun paytaxtının imkanlarına bələdddir və buna arxalanırlar. Bütün bu səbəblərə görə də danışıqlar aparmaq üçün məkan olaraq daim Bakı seçilir”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946