• çərşənbə axşamı, 19 mart, 13:48
  • Baku Bakı 8°C

Müxalifətin növbəti dezinformasiyası - Fotolar

12.11.19 18:22 2366
Müxalifətin növbəti dezinformasiyası - Fotolar
Radikallar əlilliyi olan şəxsin durumundan öz siyasi maraqları üçün yararlanmağa çalışırlar
Radikal müxalifət xalq tərəfindən dəstəklənmədiyi üçün zaman keçdikcə elektoratını, sosial bazasını itirir, tamamilə zəifləyir. Onların çağırışlarına, "liderlər”in verdiyi vədlərə barmaqla sayılacaq qədər şəxs inanır. Həmin adamlar da radikalların qohum-əqrəbası, dost-tanışlar ancaq olar. Bunu radikal müxalifətin indiyə qədər keçirdiyi müxtəlif aksiyalara toplaşanların sayından da müşahidə etmək mümkündür. Özlərini əsa müxalifət hesab edənlərin təşkil etdiyi mitinqlərə 10 milyonluq Azərbaycan xalqının çox cüzi bir hissəsi qatılır. Məhz buna görə də radikallar ən müxtəlif vasitələrlə gündəmdə qalmağa, siyasi səhnədən silinməməyə can atırlar. Bu zaman dezinformasiya ilə silahlanıb ictimai rəydə yanlış təsəvvür yaratmaq, "problemlər” uydurmaqla insanları hakimiyyətdən narazı salmağa cəhdlər etmək onların ən çox istifadə etdiyi üsuldur. AXCP sədri Əli Kərimli və dəstəkçilərinin timsalında, həmçinin onların ruporuna çevrilmiş "Azadlıq” qəzetinin onlayn versiyasının və sosial şəbəkədəki səhifələrinin nümunəsində bunu aydın müşahidə etmək mümkündür.

Bu günlərdə həmin resurslarda daha bir belə addım atılıb. 9-10 noyabr tarixlərində Göyçayda keçirilən "Nar Bayramı”nda iştirak edən əlilliyi olan şəxsin fotosu paylaşılıb. Əynində hərbi mundir, çiynində baş çavuş rütbəsi, əlil arabasında olan həmin şəxs "Qarabağ qazisi” kimi təqdim edilib. Ardınca da qeyd edilib ki, guya "Qarabağ qazisi” acınacaqlı vəziyyətdədir, uşaqlarını məktəbə göndərməyə, dərmanlarını almağa pul tapmır, ona görə də günəbaxan tumu satmağa məhkum olub. Bu cür təqdimatla insanların həssaslığından, əlilliyi olan şəxsin durumundan mənsub olduğu siyasi düşərgənin xeyrinə yararlanmağa çalışıb. Fotodakı şəxsin "Qarabağ qazisi” olduğuna inanan sosial şəbəkə istifadəçiləri də onun halına acıyıb, "qaziyə” qarşı belə münasibəti sərt tənqid ediblər.

Bu hadisə diqqətimizi çəkdiyi üçün dəqiqləşdirmə aparmaq qərarına gəldik. İcra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazidairəsi üzrə nümayəndəsi Rəşad Şükürovla telefon əlaqəsi (020 274-33-19) saxladıq. Söhbət əsnasında öyrəndik ki, sosial şəbəkədə fotosu yayılan və "Qarabağ qazisi” kimi təqdim edilən Göyçay sakini 1976-cı il təvəllüdlü Aydın Qədirovdur. İcra nümayəndəsinin sözlərinə görə, A.Qədirov anadangəlmə əlilliyi olan şəxsdir: "Aydın hərəkət məhdudiyyətli, fikrini ifadə etməkdə çətinlik çəkən rayon sakini, buna rəğmən olduqca vətənpərvər vətəndaşımızdır. O, Vətəninə sevgisindən, hərbçilərimizə hörmətindən dolayı hərbi mundir geyinir. Təbii olaraq, hərəkət məhdudiyyətli olduğu üçün nəinki Qarabağ müharibəsində, ümumiyyətlə hərbi xidmətdə olmayıb. Oturduğu və onun vasitəsilə hərəkət etdiyi əlil arabasında daim üçrəngli Azərbaycan bayrağını gəzdirir. Bu səmimiyyətinə, Vətənə olan məhəbbətinə, insanlara olan mehribançılığına görə Göyçayda hər kəs ona hörmətlə yanaşır. Əlilliyi olan şəxs kimi dövlət tərəfindən ona sosial müavinət təyin olunub, vaxtlı-vaxtında alır. İcra hakimiyyəti də Aydın Qədirova biganə qalmır. Qanun və səlahiyyətimiz çərçivəsində Aydına nə kömək və ya yardım etmək mümkündürsə onu vaxtında edirik. Edilənləri dilə gətirmək doğru olmasa da yalnız bir faktı qeyd edim ki, onun müraciəti anındaca nəzərə alınaraq iki dəfə əlil arabası verilib. Ona qarşı heç zaman ayrı-seçkilik nümayiş etdirilməyib. Rayon sakinlərindən də imkan daxilində ona maddi-mənəvi dəstək olanlar var”.
İcra nümayəndəsi R.Şükürov əlilliyi olan şəxs A.Qədirovun günəbaxan tumu satmasına, guya imkansızlıqdan uşaqlarını məktəbə göndərə bilməməsinə də münasibət bildirib: "Rayonda keçirilən bayram tədbirlərində, mərasimlərdə, eləcə də ayrı-ayrı şəxslər qurban kəsəndə birinci Aydının payını ayırırlar. Bunu hər kəs səmimi şəkildə, içdən gələrək edir. Kimsə ona hansısa formada bir yaxşılıq edəndə, yardım edəndə bundan zövq alır, mənən rahat olur. Aydının özündən başqa 3 qardaşı da var. Onlardan biri də anadangəlmə əlilliyi olan şəxsdir. Aydın özü ailəlidir, övladı var. Onun guya imkansızlıqdan övladını məktəbə göndərə bilməməsi barədə deyilənlər yalandır. O ki, qaldı günəbaxan tumu satmasına, hələ sovetlər birliyi dövründən onun anası tum qovurub satıb, indiki yanaşma ilə yanaşsaq, xırda sahibkarlıqla, ticarətlə məşğul olub, maddi qazanc əldə edib. İndi Aydın da bu işlə məşğul olur, əlavə qazanc əldə edir. Burada pis olan nədir ki? Onun əlilliyini, sosial durumunu nəzərə alıb kimsə ona bu işinə görə maneə yaratmır, azad, müstəqil şəkildə işi ilə məşğul olur. Aydın dilənçilik etmir, əksinə, ticarətini edir, halal ruzisini qazanır”.

89 saylı Göyçay-Ağdaş seçkidairəsindən Milli Məclisə deputat seçilən millət vəkili Elman Nəsirov da bildirdi ki, radikal müxalifətin, eləcə də onların nəzarəti altında olan media qurumlarının, sosial şəbəkələrdəki səhifələrin ortaya qoyduğu "mövqe” həqiqətdən uzaq olmaqla yanaşı, mənəviyyata da sığmır: "Göyçayda keçirilən "Nar Bayramı”nda iştirak edərkən rayon sakinləri, digər vətəndaşlar, seçicilərimlə görüşmək, onlarla söhbətləşmək imkanım oldu. Orada keçirilən tədbirlərdə iştirak etdim. Deyə bilərəm ki, hər şey yaxşı təşkil olunmuşdu. "Nar Bayramı”nda öz bağının məhsulunu nümayiş etdirən sakinlər bundan qazanc əldə edir, öz maddi vəziyyətini yaxşılaşdırırdı. Bunun üçün onlara hər cür şərait yaradılmışdı. Lakin təəssüflər olsun ki, radikal müxalifət bütün bunlara da qara yaxmaqdan geri qalmayıb. Sosial şəbəkədən izlədim ki, bu tədbirdə iştirak edən, əlil arabasında gəzən, hərbi mundir geyinən bir nəfər "Qarabağ qazisi” kimi təqdim edilir, onun ətrafında dəqiqləşdirmə aparmadan müzakirələr təşkil olunur. Bununla əlaqədar dəqiqləşdirmə aparanda isə məlum oldu ki, həmin adam Qarabağ qazisi deyil, sadəcə əlilliyi olan şəxsdir. Adam xırda ticarətlə məşğul olur, maddi qazanc əldə edir. Bu adamı məqsədli şəkildə "Qarabağ qazisi” kimi qələmə vermək, guya qazilərin sosial durumunun ümumən pis olması barədə yanlış rəy formalaşdırmaq siyasi şou elementindən başqa bir şey deyil. Təəssüf ki, radikal müxalifət əlilliyi olan şəxslərin durumundan da öz məqsədləri naminə yararlanmağa can atır, hakimiyyəti nələrdə isə ittiham etmək üçün saxta məlumatlar yayırlar”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər