• cümə axşamı, 28 mart, 15:29
  • Baku Bakı 16°C

Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu göstərir

23.02.20 17:15 942
Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu göstərir
Bu gün dünya ölkələrinin bir çoxunda ictimai-siyasi həyatda hökm sürən gərginliyin, kütləvi etiraz aksiyalarının və münaqişələrin artdığının, hətta bəzi dairələrin dini amildən bir vasitə kimi istifadə edərək sülhə və təhlükəsizliyə təhdid törətdiyinin şahidi oluruqsa, belə bir çətin şəraitdə Azərbaycanın sözün həqiqi mənasında əsl tolerantlıq nümunəsi olduğunu görürük.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, məhz bu amilin əks-sədası ölkəmizin sərhədlərini aşaraq, dünyanın bir çox dövlətlərində də geniş rezonans doğurur:
"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşündə Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünün, xalqımızın rifah halında yaşadığının səsləndirilməsi bu faktı bir daha sübut edir. Görüş zamanı Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunarkən Azərbaycanın bu sahədəki səylərini yüksək dəyərləndirib. Elə bunun bariz nümunəsidir ki, Azərbaycan bu istiqamətdə bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Heç çəkinmədən deyə bilərik ki, bu gün Azərbaycan bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına öz mühüm töhfəsini verir və elə bu baxımdan da dünyaya nümunədir. Ölkəmizin dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində ölkəmiz səylərini durmadan davam etdirir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında hökm sürən harmoniya bu gün daha da möhkəmlənib. Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti üçün yaradılan şərait də olduqca yüksək səviyyədədir".
Politoloq vurğulayıb ki, Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məhz dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun bariz nümunəsidir.
banner

Oxşar Xəbərlər